Məhkəmə qərarları › İş №e-2-2(113)-753/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-753/2023

27.02.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-753/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus, ünvan 1 ünvanda yerləşən avtoyuma obyektinə dair tərtib edilmiş 007256 nömrəli cərimə aktı əsasında hesablanmış 2196 manat cərimənin qanunsuz və əsassız olduğundan, 2196 manat cərimənin silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus, ünvan 1 ünvanda yerləşən avtoyuma obyektinə dair tərtib edilmiş 007256 nömrəli cərimə aktını və həmin akta əsasən hesablanmış 2196 manat cəriməni qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus, ünvan 1 ünvanda yerləşən avtoyuma obyektinə dair tərtib edilmiş 007256 nömrəli cərimə aktı əsasında hesablanmış 2196 manat cərimənin qanunsuz və əsassız olduğundan, 2196 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sudan istifadə ilə əlaqədar cavabdeh ilə iddiaçı arasında 19210211 kodla 091903 nömrəli müvafiq müqavilə bağlanmışdır. Cavabdehin tabeliyində olan Bakı şəhəri, Nərimanov rayon Su-kanal idarəsinin nümayəndələri, mühəndislər Kəlbəliyev Aqşin, Abbasov Zaur və Mahmudov Vüsal xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus, ünvan 1 ünvanda yerləşən avtoyuma obyektinə gələrək obyektin su təchizatına baxış keçirmiş və sudan qanunsuz istifadə faktının aşkar edilməsi barədə həmin tarixli, 007256 nömrəli akt yazmışlar. Aktda göstərilmişdir ki, “obyektin su təchizatına baxış keçirilən zaman məlum oldu ki, abonent qanunsuz olaraq sayğacdan kənar (d=15mm) xətdən rezin boru vasitəsi ilə obyektə məxsus olan su çəninə su doldurur.” Lakin iddiaçı həmin baxış keçirilməsinə dəvət olunmamışdır, buna baxmayaraq akt onun barəsində yazılmışdır və təbii ki, iddiaçı orada olmadığından akta imza etməmişdir. Buna baxmayaraq, aktı tərtib etmiş mütəxəssislər qeyd etmişlər ki, guya o aktı imzalamaqdan imtina etmişdir. İddiaçı obyektin mülkiyətçisi olaraq həmin aktı əldə etdikdən sonra Bakı şəhəri, Nərimanov rayon Su-kanal idarəsinin işçiləri bildirmişlər ki, qeyd olunan aktla iddiaçıya 2196 manat cərimə yazılmışdır. Nərimanov rayon Su-kanal idarəsinin təqdim etdiyi hesab-fakturaya əsasən xəttə qanunsuz qoşulma nəticəsində 2020-ci ilin sentyabr ayında 1098 kub metr su, 1098 kub metr çirkab su israf olunaraq hər kub metri 1 manat olmaqla iddiaçıya 2196 manat cərimə hesablanmışdır. İddiaçı həmin cərimə məbləği ilə razılaşmamış və hesab edir ki, yazılmış və hesablanmış cərimənin miqdarı əsassız olaraq artıq hesablanmışdır. Bununla əlaqədar olaraq yaranmış zərurətlə bağlı Bakı şəhəri, Nərimanov rayon Su-kanal idarəsinin təqdim etdiyi hesab fakturada əks olunan 2196 manat cərimənin hesablanma əsaslarına və qaydalarına dair sənədlərin (akta əlavələrin) təqdim edilməsi barədə cavabdehə müvafiq vəkil sorğusu verilmişdir. Cavabdehdən alınmış xx.xx.2020-ci il tarixli, 01/4/01-7/6/14995 saylı məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh 2196 manat cərimənin hesablanmasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının 7.9-cu bəndini əsas götürmüş, qanunsuz sudan istifadə müddətini sutkada 5 saat, bütün dövrü isə 12 ay kimi qəbul etmişdir. Lakin cavabdehin həmin hesablamaları tamamilə əsassızdır. Belə ki, həmin dövrdə koronavirusla əlaqədar karantinlə bağlı avtomaşın yuduzduranların sayı tək-tək olmaqla yuma məntəqəsi nadir hallarda işləmişdir və bu zaman məntəqədəki su çəninə kənardan su doldurmaqla işləmişlər. Cavabdeh isə akta əsassız olaraq göstərmişdir ki, guya məntəqədə qanunsuz su xəttindən istifadə edilmişdir. Cavabdeh nəzərə almamışdır ki, COVİD-19 Pandemiyası ilə bağlı obyekt uzun müddət işləməmiş, təsadüfdən-təsadüfə iş olduqda isə sutkada cəmi 1-2 saat işləmişdir. Eyni zamanda, cavabdeh obyekti müqavilədə şərtləşdirilmiş qaydada müntəzəm olaraq və lazımi miqdarda su həcmi ilə təmin etmədiyindən obyekti faktiki işlədən Hafiz Nəsibov məcbur qalaraq yaxın qohumunun istifadəsində olan su çənili avtomaşınla obyekti su ilə təmin etməli olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, borc iddiaçıya məxsus obyektdə əlavə xəttin qoşulması ilə bağlı yazılmışdır. Hesab edir ki, iddia əsassızdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2020-ci il tarixli 007256 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasında (yuyucu) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, baxış zamanı qanunsuz olaraq sayğacdan kənar (d=15mm) xətdən rezin boru vasitəsi ilə obyektə məxsus olan su çəninə su doldurması aşkar olunmuşdur. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli 007256 saylı akta əsasən 2196 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; Həmin Qanunun 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasında (yuyucu) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, baxış zamanı qanunsuz olaraq sayğacdan kənar (d=15mm) xətdən rezin boru vasitəsi ilə obyektə məxsus olan su çəninə su doldurması aşkar olunaraq xx.xx.2020-ci il tarixli 007256 saylı akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli 007256 saylı akta əsasən 2196 manat məbləğində borc hesablanmışdır. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində su sayğacına baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlama nəticəsində Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir. Belə ki, suyun təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Bununla bağlı məhkəmə izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənildiyindən iş üzrə 41,96 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə X2 məxsus, ünvan 2 ünvanında yerləşən avtoyuma obyektinə dair tərtib edilmiş 007256 nömrəli akt əsasında hesablanmış 2196 manat cərimə silinsin. 41,96 manat məbləğində dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar