Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-764/2024 05.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Kürsəngi kəndində yerləşən iddiaçıya məxsus obyektin elektrik sayğacında elektrik sərfiyyatına görə 707,89 manat borcun iddiaçıya aid olmadığı üçün onun adından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə yaşadığı Salyan rayonu Kürsəngi kəndində yerləşən əvvəllər yeməkxana kimi istifadə olunmuş obtekti açıq hərrac yolu ilə almış və DƏDRX-dən ******* nömrəli çıxarış almışdır. Kürsəngi kənd sakinləri X1 və X2 iddiaçıya məxsus obyektdən çıxmaqdan imtina etdiklərindən iddiaçı məhkəməyə müraciət etmiş və Salyan Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin olunmuş və həmin şəxslərin iddiaçıya məxsus obyektdən çıxarılması qət edilmişdir. Uzun sürən məhkəmə cəkişmələri və onların qanunsuz iddialarına baxmayaraq, nəhayət 04 fevral 2022-ci il tarixində həmin şəxslər iddiaçıya məxsus obyektdən çıxarıldılar. İddiaçı obyektində olan elektrik sayğacını öz adına rəsmiləşdirmək məqsədi ilə Salyan Rayon Elektrik Şəbəkəsinə müraciət etdikdə iddiaçıya bildirmişlər ki, əvvəllər həmin obyektdə borc olduğundan həmin borc ödənilmədən sayğac iddiaçının adına rəsmiləşdirilməyəcəkdir. İddiaçı bu anlaşılmazlığın aradan qaldırılması məqsədilə "xxxx" ASC-yə rəsmi müraciət ünvanlamış və bununla bağlı Salyan Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə 23 iyun 2022-ci il tarixdə iddiaçıya məxsus obyektdə quraşdırılmış elektrik sayğacının iddiaçının adına rəsmiləşdirilməsini "xxxx" ASC-nin üzərinə vəzifə olaraq qoymuşdur. Həmin qətnamə 26 iyul 2022-ci il tarixdə qüvvəyə minmişdir. xx.xx.2022-ci il tarixdə **********1 nömrəli abunə kodu olan elektrik saygacı iddiaçının adına keçirilmiş, lakin elektrik sayğacında elektrik enerjisi sərfiyatına görə borc silinməmişdir. Obyektə 2015-ci ildə Smart tipli sayğac qoyulmuşdur. Həmin borc Smart tipli sayğac qoyulan vaxta qədər olan borcdur. Həmin borcun silinməsi məqsədi ilə iddiaçı xx.xx.2023-cü il tarixində yenidən "xxxx" ATSC-yə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində Bakı 12 saylı Mediasiya Təşkilatı iddiaçıya ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təqdim etmişdir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
4. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində İddiaçı ilə icraçı qismində "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə 01187/23 saylı xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçi ünvan 2ində sifarişçiyə məxsus qeyriyaşayış obyektinin elektrik şəbəkəsinin avadanlıqİarında texniki xidmətlərin göstərilməsi və avadanlıqların quraşdırılması üçün tapşırır, icraçı isə xidmətlərin göstərilməsinə dair qiymətlərin razılaşdırılması protokolunda göstərilən işlərin görülməsini və avadanlıqların quraşdırılmasını öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin imzaladığı texniki baxış aktı ilə müəyyənləşdirilir. Sifarişçi icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə sifarişçi ilə razılaşdırılmış şərtlərlə xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən xidmətlərin həcmi müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə qeyd edilmişdir.
7. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixdə 01187/23 saylı xidmət göstərilməsi haqqında müqaviləyə 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adları qeyd olunmuş xidmətlərin (xəttin operativ açılma-quşulma əməliyyatları, kabel xəttinin quraşdırılması və s.) qiyməti (ümumilikdə 202,37 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir.
8. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 27-01/07/D- 010/3/7671 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanında fəaliyyət göstərən yeməkxananın **********1 abunə kodunun adınıza keçirilməsi ilə bağlı (xx.xx.2022-ci il tarixli, D-010/3 nömrəli) müraciətinizə “Azərişıq" ASC-də baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, təqdim etdiyiniz sənədlər əsasında **********1 abunə kodu adınıza keçirilmişdir.
9. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-13/2-2/17-D- 8513-5/2023 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 2ində yerləşən qeyri-yaşayış sahəsinin elektrik enerjisindən istifadəyə görə yaranmış borcun araşdırılması ilə bağlı ünvanladığınız (13-13/1-D-8513-5/2023 nömrəli, xx.xx.2023-cü il tarixli) müraciətə "xxxx" ASC-də baxılmışdır. Bununla əlaqədar olaraq bildiririlir ki, **********1 saylı kod üzrə abunə vərəqi "xxxx" ASC-nin əməkdaşları tərəfindən araşdırılmışdır. Qeyri-yaşayış sahəsinin elektrik enerjisi istifadəsinə görə 709 manat məbləğində borc "xxxx" ASC-nin fəaliyyəti dövründə yaranmışdır. Müraciətə əsasən xx.xx.2023-cü il tarixdə 709 manat mövcud borcun tələb olunmayan qrafasına aid edilmiş, aktiv dövriyyədən çıxarılaraq abunə hesabınızda dürüstləşdirmə aparılmışdır.
10. "xxxx" ASC və İddiaçı arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli elektrik enerjisindən istifadəyə görə üzləşmə aktından görünür ki, İddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə qalıq debet - 706,79 manat, xx.xx.2023-xx.xx.2023 dövrü ərində debet - 1,10 manat olmaqla, xx.xx.2023-cü il tarixinə ümumilikdə debet – 707,89 manat məbləğində borcu vardır. Üzləşmə aktı hər iki tərəfin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir.
11. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, İddiaçı mülkiyyətində olan və Salyan Rayon Kürsəngi kəndində 0,16461 ha torpaq sahəsində yerləşən 510,0 kv.m qeyri-yaşayış binasında quraşdırılmış elektrik sayğacının onun adına quraşdırılması "xxxx" ASC-nin üzərinə vəzifə olaraq qoyulmuşdur.
12. "xxxx" ASC tərəfindən tərtib edilmiş **********1 nömrəli hesabın abunə haqqında məlumatından görünür ki, iddiaçının sayğac üzrə göstəricisi 3447,24 manat, aktlar üzrə 742,51 manat, ödəmələrin məbləği isə 3479 manat olmuş, qalıq borc 710,75 manat təşkil edir.
13. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 707,89 manat borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Məhkəmənin mövqeyi
16. İddia tələbi İddiaçı **********1 saylı abonent hesabından 707,89 manat (yeddi yüz yeddi manat səksən doqquz qəpik) məbləğində borcun silinməsindən ibarətdir.
17. İşin hallarından göründüyü kimi, Salyan Rayon Məhkəməsi 23 iyun 2022-ci il tarixində Salyan rayonu Kürsəngi kəndində yerləşən obyektdə quraşdırılmış elektrik sayğacının iddiaçının adına rəsmiləşdirilməsini "xxxx" ASC-nin üzərinə vəzifə olaraq qoymuşdur. İddiaçı ilə icraçı qismində "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə 01187/23 saylı xidmət göstərilməsi haqqında müqavilə bağlanmış, müqavilə üzrə öhdəliklər müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə **********1 nömrəli abunə kodu olan elektrik saygacı iddiaçının adına keçirilmiş, lakin elektrik enerjisi sərfiyatına görə 707,89 manat qalıq borc silinməmişdir. İddiaçıya həmin borcun "xxxx" ASC-nin dövründə yaranan borc olması bildirilmişdir. Həmin hal "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-13/2-2/17-D-8513-5/2023 nömrəli məktubla öz təsdiqini tapır. Belə ki, həmin məktubda qeyri-yaşayış sahəsinin elektrik enerjisinin istifadəsinə görə 709 manat məbləğində borcun "xxxx" ASC-nin fəaliyyəti dövründə yarandığı qeyd olunur.
18. Məhkəmənin qənaətinə əsasən həmin borc iddiaçının abonent hesabından silinməlidir.
19. Belə ki, əvvəla, istehlakçı enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini ödəmək vəzifəsi daşıyır. Hazırkı halda isə mübahisələndirilən məbləğdə elektrik enerjisinin iddiaçıya verilməsi, iddiaçının mübahisələndirilən məbləğdə borcu ödəmək öhdəliyinin olması müəyyən olunmur. Digər tərəfdən həmin borcun yaranma mənbəyi, dövrü, eləcə də iddiaçıya aidiyyatının olması müəyyən deyil.
20. Eyni zamanda həmin borc ona görə silinməlidir ki, göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli elektrik enerjisindən istifadəyə görə üzləşmə aktında İddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə ümumilikdə 707,89 manat məbləğində qalıq borcunun olduğu qeyd olunur. İddiaçı həmin aktı imzalasa da, göründüyü kimi, həmin məbləği mübahisələndirmiş və ona aid olmayan borcun silinməsini xahiş etmişdir.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı **********1 saylı abonent hesabından 707,89 manat məbləğində borc silinməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********1 saylı abonent hesabından 707,89 manat (yeddi yüz yeddi manat səksən doqquz qəpik) məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova