Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-802/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu, Masazır qəsəbəsi, M.S. Ordubadi ev 5 ünvanında yerləşən avtoyuyucu avtoservisə (F/S İddiaçı ********** VÖEN) məxsus 132619 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 16416 AZN (on altı min dörd yüz on altı manat) manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Müştəri Xidməti Departamentinin əməkdaşları Abşeron Rayonu, Masazır qəsəbəsi, M.S. Ordubadi ev 5 ünvanında yerləşən, abonent kodu 132619 obyektə gələrək araşdırma aparmış, araşdırmanın nəticəsində həmin restoranın sudan və kanalizasiya şəbəkəsinin qeyriqanuni istifadə etdiyini əsas gətirərək 16416 AZN (on altı min dörd yüz on altı manat) manat cərimə hesablanmışdır. Bu hal iddiaçıya yalnız suyu kəsildikdən sonra məlum olmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanunsuz yoxlamaları nəticəsində iddiçıya cəmi olaraq 16416 AZN (on altı min dörd yüz on altı manat) borc məbləği hesablanmışdır. Abşeron Rayonu, Masazır qəsəbəsi, M.S. Ordubadi ev 5 ünvanında (F/S İddiaçı ********** VÖEN) sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, sayğacdan kənar xətt aşkar olunmuş və bununla bağlı akt tərtib edilmişdir. Kənar xəttin olması ilə bağlı video görüntülər mövcuddur lakin, məhkəməyə təqdim etmək mümkün olmamışdır. İddiaçı aktı imzalamaqdan imtina etmiş və həmin akt əsasında pul hesablanmışdır. Aparılmış yoxlama qeydiyyatdan keçirilməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Cavabdeh ASC-nin Müştəri Xidmətləri Departamentinin möhürü ilə təsdiq edilmiş 10502 nömrəli MXD seriyalı inventar aktında İddiaçı məxsus Masazır M.S.Ordubadi ünvanında yerləşən pivə istehsalı obyektinin su təchizatı və kanalizasiya sisteminə 14 noyabr 2018-ci il tarixdə baxış keçirilməsi, sudan D=20 mm-lik boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni istifadə olunması,kənar xəttin kəsilərək ləğv edilməsi göstərilmişdir. X3 İdarəsinin mühəndisi Qabil Cabbarov, nəzarətçilər Elnur İbişov, Orxan Paşayev, Nicat Quliyev qeyd edilməklə imzalanmış İddiaçı imtina etdiyi qeyd edilmişdir. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabtında 2052 m3 miqdarında 16.416 manat dəyərində sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə ziyan vurulduğu qeyd edilmiş, hesabat müştəri xidmətlər departamentinin rəis müavini Cabbar Cabbarlı qeyd edilməklə imzalanmış və möhürlə təsdiq edilmişdir. İddiaçı məxsus abonent haqqında məlumatdan çıxarışdan məlum olur ki, 2019-cu ilin mart ayında qeyd olunan sayğaca cəmi 16.416 manat məbləğ hesablanmışdır. xx.xx.2022 tarixli MŞB/6-6623 saylı mediasiya arayışına əsasən 200 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; -1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; -5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, 16.416 manat məbləğində hesablanmış məbləğ silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus 132619 nömrəli abonent hesabına hesablanmış 16.416 (on altı min dörd yüz on altı manat) manat həmin hesabdan silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş 200 (iki yüz manat) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-802/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-802/2023
14.04.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver