Məhkəmə qərarları › İş №e-2-2(113)-848/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-848/2021

08.01.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-848/2021 08.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı iddianın verilməsi ilə bağlı İddiaçı Kiçik Müəssiəsi tərəfindən dövlət rüsumu ödənilməmiş və iddiaçı dövlət rüsumunu ödəməməsinə əsas kimi istehlakçıların hüquqlarının müdafiəsinə dair iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad edilməsinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə uyğun olaraq məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun ödənilmə əsasları, qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən olunmuşdur. Həmin qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 24-cü bəndinə görə nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. Hazırkı işin hallarından isə görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı Kiçik Müəssiəsi elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun silinməsi tələbini irəli sürmüşdür. Göründüyü İddiaçı silinməsini tələb etdiyi borc məbləği iddiaçının istehlakçı kimi şəxsi tələbatı üçün deyil, sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi elektrik enerjisinə görə yaranmışdır. Belə olan halda isə İddiaçı Kiçik Müəssiəsi mübahisəli hüquq münasibətlərində istehlakçı qismində çıxış etmədiyindən “Dövlət rüsumu haqqında” AR qanunun 9.1.5-ci maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsi üçün heç bir əsas yoxdur. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə əsasən iddia ərizəsinə həmin ərizənin cavabdehə çatdırılmasını təsdiq edən sənəd əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar