Məhkəmə qərarları › İş №e-2-2(113)-853/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-853/2021

12.04.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-853/2021 12.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2020-ci il tarixli 007611 saylı Akt əsasında iddiaçıya əsassız olaraq hesablanmış 27.479,43 manat borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 007611 saylı Aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya əsassız olaraq hesablanmış 27.479,43 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə, iddianın, iddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 007611 saylı Aktın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 1 ünvanında fəaliyyət göstərir. İddiaçıya 18989551 saylı müqavilə əsasında cavabdeh tərəfindən Zavoda bütövlükdə baxış keçirildikdən sonra su sayğacı quraşdırılmış və hər-hansı kənar müdaxilə də aşkar edilməmişdir. Bundan sonra isə, hər ay müvafiq olaraq cavabdehin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və borclar hesablanmışdır ki, həmin borclar da iddiaçı tərəfindən vaxtı-vaxtında ödənilmişdir. Cavabdehin vəzifəsi hər ay sayğaca baxış keçirərək hər hansı müdaxilənin olmasını vaxtında aşkar etməklə istehlakçıya bu barədə məlumat verməkdir ki, iddiaçıya da bu barədə heç bir məlumat verilmədən əsassız olaraq 27.479,43 manat borc hesablanmışdır. Hal-hazırda iddiaçının sudan istifadəyə görə hər hansı borcu qalmamışdır. İddiaçı istifadə etmədiyi suya görə hər hansı ödəniş etməyə borclu deyildir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçı barəsində 007611 saylı akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, guya obyektin su təchizatına baxış zamanı sayğacdan keçməyən d = 50 mm boru vasitəsi ilə sudan qeyriqanuni istifadə olunma aşkar olunmuşdur. Cavabdeh iddiaçıya heç bir xəbərdarlıq etmədən barəsində akt tərtib edərək qanuni əsaslar olmadan şişirdilmiş bir məbləğdə cərimə yazmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı tərəf izahatında heç bir kənar xəttin olmadığını bildirmiş, lakin cavabdehin əməkdaşları xx xxxxxxx 2020-ci ildə həmin ünvanda su təchizatı və kanalizasiya sisteminə baxış keçirmişlər. Bu da cavabdehin öz vəzifəsidir və hər ay nəzarət xarakterli bu baxış keçirilir. Həmin baxış zamanı məyyən olunmuşdur ki, iddiaçı həmin ünvanda qanunsuz xətlə su təchizatı sisteminə qoşulmuşdur və qeyri-qanuni olaraq sudan istifadə müəyyən olunmuşdur. Həmin qeyri-qanuni istifadə aktına əsasən dəymiş ziyan hesablanmış, həmin dəymiş ziyan da sudan istifadə qaydalarına əsasən hesablanmışdır. Sudan istifadə qaydalarına əsasən qanunsuz qoşulmanın müddətini müəyyən etmək mümkün olmadıqda 1 il müddətinə həmin hesabat getməlidir və borunun N kəsiyinə əsasən sərfiyyat hesablanır. Burda da borunun N kəsiyi 50 mm olduğu üçün belə bir hesabat aparılmışdır ki, 13374 manat içməli suya görə, 13374 manat çirkab sularına görə ümumilikdə 27468 manat dəymiş ziyan hesablanmışdır. Yoxlama reyestrdə qeydə alınmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2020-ci il tarixli 007611 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən obyektə baxış keçirilən zaman sayğacdan keçməyən d=50mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatının surətindən görünür ki, iddiaçı d=50mm-lik su xəttindən qeyri-qanuni istifadə etməklə 13734 kub.metr miqdarında 27468 manat dəyərində cavabdehə ziyan vurulmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəklilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26cı maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.9-cu bəndinə əsasən suyun verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 8.1.2-ci və 8.1.9-cu yarımbəndləri istisna olmaqla) STKM tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən obyektə baxış keçirilən zaman sayğacdan keçməyən d=50mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunması aşkar edilərək xx.xx.2020-ci il tarixli 007611 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 007611 saylı akta əsasən 27468 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan və cavabdehin nümayəndəsinin izahatından müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi akta əsasən iddiaçıya 27468 manat məbləğində borc hesablandığından iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli 007611 saylı Akt əsasında iddiaçıya hesablanmış 27.468 manat borc silinməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli 007611 saylı Akt əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 27.468 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. Dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar