Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-855/2020 28.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyriyaşayış sahəsinə hesablanmış 41776 manat borcun silinməsi və qaz təchizatının kəsilməsi nəticəsində dəymiş 103000 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyriyaşayış sahəsinə hesablanmış 24496 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 41776 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 41776 manat borcun silinməsi və qaz təchizatının kəsilməsi nəticəsində dəymiş 103000 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. Həmin sayğac cavabdehə məxsus yarımstansiyada yerləşir. 2019-cu ilin dekabr ayının əvvəlində Sumqayıt Şəhəri İcra Hakimiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyriyaşayış sahəsinin ətrafında abadlıq işləri aparılırdı. Abadlıq işləri aparılarkən iddiaçıya məxsus qaz xəttinə zərər yetirilmişdir və bunun nəticəsində qaz xəttində kəskin sızma baş vermişdir. Kəskin sızma nəticəsində qazdan istifadə etmək mümkünsüz olmuş və buna görə də yanacaqdan istifadə edilmişdir. İddiaçı bununla bağlı dəfələrlə Sumqayıt X9 müraciət etsə də, 20 gündən sonra, yəni dekabr ayının sonunda qaz xətti bağlanılmışdır. Elə həmin müddətdən də yanacaqdan istifadə edilmişdir. Buna baxmayaraq, yanvar ayı üçün 24.496,00 manat borc hesablanmışdır. Qeyd olunanlardan göründüyü kimi, digər şəxslərin təqsiri üzündən qaz xəttində sızma baş verdiyindən, iddiaçı tərəfindən qaz xəttindən istifadə edilməsi mümkünsüz olduğundan, qazdan sərfiyyat olaraq 24.496,00 manat məbləğində borc hesablanması əsassız hesab olunmalıdır. Qanunvericilik normalarına əsasən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən borc heç bir əsas olmadan tamamilə qanunsuz və əsassız şəkildə hesablanmışdır. Buna görə də, həmin borc əsassız hesab olunduğundan silinməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2020-ci ilin yanvar ayının əvvəlində qaz xətti yenidən istifadəyə verilsə də, istifadə etmək mümkün olmamışdır. Buna dair müraciət etdikdən sonra, xx.xx.2020-ci il tarixdə yenidən qaz xətti bağlanılmışdır. Həmin xətdən istifadə etmək mümkün olmadığı üçün iddiaçının hesabına yeni xətt çəkilmişdir. Həmin yeni xətdən istifadə isə xx.xx.2020-ci il tarixdə mümkün olmuşdur. Lakin bu qeyd olunanlara, yəni yanvar ayında qaz xətdindən istifadə etmək mümkün olmamasına baxmayaraq, 2020-ci ilin yanvar ayı üçün 17.340 manat borc hesablanmışdır. Buna görə də, həm dekabr, həm də yanvar ayında iddiaçıya hesablanmış borc əsassız olduğundan silinməlidir. Bundan əlavə xx.xx.2020-ci il tarixdə müəssisəyə gələn qaz təminatı cavabdeh tərəfindən heç bir xəbərdarlıq edilmədən dayandırılmışdır. Nəticədə obyektə külli miqdarda ziyan dəymiş, istehsalat sahəsinin fəaliyyəti dayanmışdır. İstehsalat sahəsindəolan avadanlıq sıradan çıxmış, xammalları məhv olmuşdur. İddiaçı müstəqil qiymətləndirici ilə müqavilə bağlayıb dəymiş ziyanı qiymətləndirmiş, “xxxx” MMC-nin rəyinə əsasən qaz təchizatının dayanması nəticəsindəobyektə 103000 manat ziyan dəymişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddia tamamilə əsassızdır. Qaz təchizatının dayandırılması ilə bağlı sübut yoxdur. Cavabdeh tərəfindən qaz xətdində olan sızma ilə bağlı iddiaçıya dəfələrlə xəbərdarlıq edilmişdir. Çünki sızmanın olduğu qaz kəməri iddiaçının balansında olduğundan sızma iddiaçı tərəfindən aradan qaldırılmalı idi. Eyni zamanda sızma ilə bağlı yanğın təhlükəsi ilə əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinə də müraciət olunmuşdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxxxx 2020-ci il tarixli 5785/25307 saylı hesab fakturanın surətindən görünür ki, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə iddiaçıdan 20759,32 manat borc, 3736,68 manat ƏDV olmaqla cəmi 24496 manat borcun ödənilməsi tələb olunmuşdur. İddiaçının məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli 46 saylı məktubunun surətindən görünür ki, 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında qaz təchizatının olmaması səbəbindən metal əritmək mümkün olmadığına görə iddiaçı fəaliyyət göstərməmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin QR166 saylı qiymətləndirmə rəyinin surətindən görünür ki, qazın kəsilməsi səbəbindən iddiaçıya məxsus avadanlıqlara dəymiş ziyanın dəyəri 103000 manat müəyyən edilmişdir. Abonentin saldosunun surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2019cu ilin dekabr ayına 24496 manat, 2020-ci ilin yanvar ayına 17340,20 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 01/02- HY06-1467 saylı məktubun surətindən görünür ki, müəssisənin qaz sayğacından sonra yerləşən yeraltı qaz xəttində sızma aşkar edilmiş və sızmanın qısa vaxt ərzində aradan qaldırılması xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, qaz kəmərində güclü qaz sızması aşkar edilmiş və sızmanın aradan qaldırılması üçün tədbir görülməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin Sumqayıt regional Dövlət X6 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 01/EH.09.62 saylı məktubun surətindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, şəhər qəbristanlığına gedən yolda, “xxxx” fabrikinin yaxınlığında qaz sızmasının olması ilə əlaqədar, həmin əraziyə texniki baxış keçirilərkən ərazidə müəssisələrə gedən (’’Delta qrup” MMC, “X12" LTD, İddiaçı (MİS zavodu), “xxxx” MMC, “xxxx”) qaz kəmərlərində sızma aşkarlanmışdır. Müəssisələrə məxsus qaz kəmərlərində aşkarlanmış sızmanın aradan qaldırılması barədə müəssisələrə xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd olunan ərazidə X1 məxsus kabel-kanalizasiya quyularına gözə çarpacaq dərəcədə qaz dolması barədə X2 Qovşağının rəhbərliyi tərəfindən X9 telefonoqrama ünvanlanmışdır. Odur ki, baş verə biləcək hər-hansı yanğın hadisənin qarşısının alınması məqsədilə, həmin ərazinin nəzarət altında saxlanılması xahiş edilmişdir. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının surətindən görünür ki, iddiaçının xx xxxx 2020-ci il tarixə təbii qazdan istifadəyə görə qalıq borcu 63438,33 manat təşkil edir. İddiaçının əritmə sexi üzrə ustası, usta köməkçisi və fəhləsi tərəfindən tərtib edilməklə təsdiq edilmiş xx xxx 2020-ci il tarixli aktdan görünür ki, xx xxx 2020-ci il tarixində heç bir bildiriş və ya rəsmi xəbərdarlıq olmadan müəssisənin qaz təchizatı qəflətən kəsilmiş və bunun da nəticəsində istehsal prosesi (mis əritmə) dayanmış, əritmə sobaları sıradan çıxmış və sobalardakı mis xammal yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaqismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.8-ci bəndinə əsasən baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra - qazlaşdırılmış obyekt) daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün istehlakçı qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxmalı və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratmalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ətrafda aparılan təmir-tikinti işləri nəticəsində iddiaçının qaz sayğacından sonra yerləşən yeraltı qaz xəttində sızma aşkar edilmiş və qaz sızmasına görə iddiaçı 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında fəaliyyət göstərməmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin dekabr ayına 24496 manat, 2020-ci ilin yanvar ayına 17340,20 manat, ümumilikdə 41836,2 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbinin borcun silinməsi hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçıya məxsus müəssisəyə gələn qaz xəttində sızma olmuş, iddiaçının fəaliyyəti məhz qaz təchizatından asılı olduğundan sızma səbəbindən iddiaçı 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında fəaliyyət göstərməmişdir. Yəni iddiaçı 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında qaz istehlak etməmişdir. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçının istehlak etmədiyi təbii qaza görə ona borc hesablana bilməzdi. Bundan əlavə, məhkəmə iclasında cavabdehin nümayəndəsinin qaz xəttində baş vermiş sızmanın iddiaçı tərəfindən aradan qaldırılmalı olması barədə dəlilini məhkəmə qanunvericiliyə əsasən əsassız hesab edir. Belə ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqısatqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyən “Qazdan istifadə Qaydaları”nda qaz xətlərində baş vermiş sızmaların istehlakçı tərəfindən aradan qaldırılması nəzərdə tutulmamışdır. Əksinə, həmin Qaydaların 2.9-cu bəndinin tələbindən göründüyü kimi qaz sızmasının qarşısının alınması üçün istehlakçının üzərinə qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxması və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratması vəzifəsi qoyulmaqla, həmin nöqsanın aradan qaldırılması vəzifəsi isə qaz paylayıcısının üzərinə qoyulmuşdur. Məhkəmə iddia tələbinin maddi zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, müəssisənin fəaliyyətinin dayanmasını məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri zamanı onlara məxsus qaz xətti zədələnmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, maddi zərərlə bağlı iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 41776 manat borc silinməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun 8,65 manat məbləği cavabdehdən, qalan 21,35 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən «B.M.İ» məhdud məsuliyyətli cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 41776 manat borc silinsin. Dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun 8,65 manat məbləği Cavabdehndən, qalan 21,35 manat məbləği isə «B.M.İ» məhdud məsuliyyətli cəmiyyətindən tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-855/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-855/2020
28.09.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver