Məhkəmə qərarları › İş №e-2-2(113)-922/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-922/2021

12.04.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-922/2021 12.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ-da yerləşən İddiaçınə (kod:01/3-0759) itirilmiş elektrik enerjisinin bərpa edilməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDQ 008417 saylı aktın ləğv olunması və hesablanmış 11.292,84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ-də yerləşən müəssisədə fərdi sahbkarlıqla məşğul olur. Qeyd olunan müəssisədə (kod: 01/3-0759) “xxxx” ASC tərəfindən quraşdırılmış sayğac vasitəsilə X2 olunur. Müəssisə təxminən 14 ildir fəaliyyət göstərir. Muəssisə fəaliyyət göstərməyə başladığı ilk günlərdən hazırkı günə qədər, hazırkı ildə isə təxminən 4-5 dəfə “xxxx” ASC-nin əməkdaşları tərəfindən dəfələrlə KTP-də yoxlamalar aparılmış, lakin heç bir nöqsan aşkar edilməmişdir. Lakin cavabdehin əməkdaşları tərəfindən bunu təsdiq edilən akt tərtib edilməmiş, hər şeyin qaydasında olduğu bildirilmişdir. Lakin sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə Nəzarət Departamenti və Satışa Nəzarət İdarəsinin əməkdaşları müəssisənin sayğacına baxış keçirərək B fazasında sayğaca gərginlik gəlmədiyindən sayğac sərf olunan elektrik enerjisini düzgün qeyd etmədiyi, B fazasında normal gərginliyin olmadığı qeyd edilməklə NDQ № 008417 saylı akt tərtib edilmişdir. Daha sonra sayğac quraşdırma və uçot nəzarət idarəsinin əməkdaşları xx xxxxxx 2020-ci il tarixdə № 209958 saylı akt tərtib etməklə nöqsanın aradan qaldırıldığını və sayğacın normal işlədiyini bildirmişlər. Bu aktların tərtib edilməsində iddiaçının heç bir nümayəndəsi iştirak etməmişdir. Daha sonra isə “xxxx” ASC xx xxxxxx 2020-ci il tarixdə ünvana hesab ödəniş vərəqəsi göndərərək enerji sərfiyyatına görə borcun yarandığını, tərtib edilmiş akta əsasən 125476 kvts, yəni 11.292,84 manat məbləğində hesabat verildiyi bildirilmiş və xx.xx.2020-ci il tarixə saat 11:00-a kimi ödəniş həyata keçirilmədiyi təqdirdə elektrik təchizatının dayandırılacağı bildirilmişdir. Bundan sonra müvafiq qurumlara müraciət edərək sözügedən aktların bir nüsxəsini əldə etmişdir. “xxxx” ASC-nin 11292, 84 manat məbləğində əlavə sərfiyyatı necə hesablaması iddiaçıya hələ də məlum deyildir. Müəssisənin aktiv enerji sərfiyyatı xx.xx.2020-ci il tarixdə 30960, xx.xx.2020-də 19800, xx.xx.2020-də 16560, xx.xx.2020-də 12240, xx.xx.2020-də 11160, xx.xx.2020 - də 11160, xx.xx.2020-də 14400, xx.xx.2020-də 15840, xx.xx.2020-də 15480, xx.xx.2020-də 18380, xx.xx.2020-də 19440 olmuşdur. Təxminən 1 ilə yaxın müddətdə pandemiya ilə bağlı olaraq Nazirlər Kabinetinin müvafiq qərarları, qadağaları əsasında digər müəssisələr kimi onlarında müəssisəsi tam, əvvəlki iş rejimində işləmədiyi halda necə ola bilər ki, bu qədər enerji sərfiyyatı, itkisi olsun. Göründüyü kimi “xxxx” ASC büdcədə olan kəsiri bu cür əsassız hesablanmış cərimələr, borclar ilə doldurmağa çalışmışdır və etdiyi şikayətlərə əsasən hələ də bu məbləğin hansı formada hesablanması ona məlum olmamış, mütəxəssislərdən ibarət qrup yaradılmamış, hesablanmanın ekspertizası aparılmamış, cərimənin hansı dövrü əhatə etməsi hər ay üçün ayrılıqda nə qədər məbləğ təşkil etməsi qeyd edilməmiş və vurulmuş zərərin hesablanmasına dair akt tərtib edilməmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi qəbul olunana qədər Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ-da yerləşən İddiaçınə (kod: 01/3-0759) elektrik enerjisinin verilməsinin bərpa edilməsi və elektrik enerjisinin verilməsinin dayandırımasına yönələn bütün hərəkətlərin “xxxx” ASC-yə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ-da yerləşən İddiaçınə (kod: 01/3-0759) eleketrik enerjisinin verilməsi bərpa edilmiş və iddiaçıya elektrik enerjisinin verilməsinin dayandırılması cavabdeh “xxxx” ASC-yə qadağan olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - xx.xx.2020-ci il tarixli, NDQ 008417 saylı aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İddiaçındə elektrik enerjisi uçotu və “X2 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış zamanı B fazasından sayğaca gərginlik gəlmədiyindən sayğacın sərf olunan elektrik enerjisini düzgün qeyd etmədiyi məlum olmuşdur. - xx.xx.2020-ci il tarixli, NDQ 008417 saylı akt əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli İcra Vərəqindən görünür ki, abonentə 125476 kvt sərfiyyata görə 11.292,84 manat tələb edilməsi qərara alınmışdır. -“Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” barədə 209958 saylı aktdan görünür ki, NQD 008417 saylı akt əsasən müəyyən edilir ki, zədələnmiş G/t yenisi ilə əvəz olunmuşdur. Sayğac sxemi yoxlanılmış, c/t və G/t olan hissəsinin qapısı yenidən möhürlənmişdir. Sayğac sxeminin normal olduğu qeyd edilmişdir. -İddiaçı abunə haqqında məlumatından görünür ki, abonent İddiaçı xx xxxxxx 2020-ci il tarixdə “X2 Qaydaları”nın pozulmasına görə NDQ 008417 saylı akta əsasən 11.292,84 manat məbləğində borc hesablanmışdır. - xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, müəssisə tərəfindən xx.xx.2020-ci il tarixli NDQ 008417 saylı aktın ləğv olunması və hesablanmış 11.292,84 manatın qısa müddət ərzində silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -X1 oğlu məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, “xxxx” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsində aparıcı mühəndis vəzifəsində işləyir. İddiaçındə xətlərə baxış keçirən zaman qüsur aşkar edilmişdir. Belə ki, “B” fazasının qoruyucusu yanmışdır. Buna görə də sayğac X2yə görə sərfiyyatı olduğundan tam qeydə almamışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, cavabdeh “xxxx” ASC mübahisəli borcun hesablanmasını İddiaçı KM-yə məxsus elektrik enerjisi sayğacının texniki nasazlıq – fazanın qoruyucunun yanması ilə əlaqədar elektrik enerjisi sərfiyyatını düzgün qeydə almaması, bunun nəticəsində “xxxx” ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, mübahisəli sayğacın elektrik enerjisi sərfiyyatını düzgün qeydə almaması, eləcə də düzgün qeydə almadığı halda elektrik enerjisi itkilərinin nə qədər təşkil etməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş qüsurun aşkar edilməsi barədə xx.xx.2020-ci il tarixli 008417 saylı akta və qüsurun aradan qaldırılması barədə 209958 saylı akta münasibətdə məhkəmə əvvəla qeyd edir ki, həmin aktlar abonentin nümayəndəsi qismində M.Ağakişiyev adlı şəxs tərəfindən imzalansa da, cavabdeh “xxxx” ASC tərəfindən həmin şəxsin abonenti təmsil etmək səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə sözügedən aktlar cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərəfindən tərtib edildiyindən qüsurun həqiqət də mövcud olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8. 34-cü bəndinə görə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi “xxxx” ASC elektrik enerjisi ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “xxxx” ASC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2020-ci il tarixli 008417 saylı akta və xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən hesablanmış 11.292,84 manat (on bir min iki yüz doxsan iki manat səksən dörd qəpik) məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2020-ci il tarixli 008417 saylı akta və xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən hesablanmış 11.292,84 manat (on bir min iki yüz doxsan iki manat səksən dörd qəpik) məbləğində borc silinsin. İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar