Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1720/2025 26.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçı (istifadəçi) İddiaçı əsassız olaraq hesablanmış 2286,36 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mağazasında MP-106 tipli **********87 seriya nömrəli sayğac quraşırılmışdır. xx.xx.2025-ci ildə "xxxx" ASC-nin "Qərb" RETS-nin əməkdaşları R.Hüseynov, E.Qociyev elektrik sayğacına baxış keçirmiş və sayğaca müdaxilə edilməsi barədə akt tərtib edilmişdir. Həmin aktda qeyd olunur ki, iddaçı istehlakçı elektrik sayğacına daxil olan naqilin giriş xəttində tamlığı pozaraq 2x4 mlm-lik kabelə müdaxilə etmişdir. Nəticədə iddiaçıya 2286,36 manat borc yazılmışdır. Tərtib olunmuş akt qərəzli olmaqla həqiqəti əks etdirmir. Faktiki olaraq qeyd olunan sayğaca giriş xəttinə müdaxilə edilməyib və üzərində olan naqilin tamlığı pozulmayıb. Həmçinin aktda qeyd olunanlar texniki cəhətdən mümkün deyil. Belə ki, kənar müdaxilə olsaydı elektrik müqavimətləri qarşılıqlı toqquşması nəticəsində elektrik sayğacı sıradan çıxardı. Bu hal texniki baxımdan da mümkün deyil. Bundan əlavə elektrik sayğacının nəzarət möhürü qırılmayıb, heç bir müdaxilə olunmayıb ve mağazaya kənar xəttdən elektrik naqilinin daxil olması halı yoxdur. Aparılan çəkiliş mağazadan kənarda aparılıb. Kənar müdaxilə olunmuş naqilin qeyd olunan mağazaya heç bir adiyyatı yoxdur. Real olaraq onun mağazanın içərisinə mütəxəssislər tərəfindən baxış keçirilmiş, heç bir yerdə əlavə elektrik xəttinin daxil olması müşahidə edilməmişdir. Qeyd olunanlarla əlaqədar heç bir sübut yoxdur. Cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən hər ayda iki dəfə elektrik sayğacına baxış keçirilmiş və heç bir müdaxilənin olması faktı müəyyən edilməmişdir. Hər ay istehlakçı kimi istifadə etdikləri elektrik enerjisinin haqqı ödənilmişdir. Tərtib olunmuş AKT-R № 067296 nömrəli aktın onların mağazası ilə heç bir elaqəsi yoxdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinə etiraz verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iş üzrə toplanmış sənədlərlə təsdiq olunur ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin Qərb RETSİ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən mağazaya **********31051 abunə kodu əsasında quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacının giriş xəttini zədələyərək bir başa kənar xətt götürmüşdür. Obyektə daxil olan kənar xətt 2x4 mm kabel vasitəsilə çəkilmişdir. Yükü qeyd etmək mümkün olmamışdır. Aşkar edilmiş enerji pozuntusuna dair əməkdaşlar tərəfindən “X2 Qaydaları”nın tələbinə uyğun olaraq AKT-R № 067296 nömrəli xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən 365 gün üçün hesabat dövrü verilmiş sərfiyyat (7920 kvt.s x 0,125) nəzərə alınmaqla dəyəri 2768,70 manat təşkil edən 7920 kvt.s miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılmışdır. Tərtib olunmuş həmin akta əsasən enerji təchizatı müəssisəsi tərəfindən iddiaçı barəsində maddi hüquq normasının tələbinə görə yenidən hesablama aparılmışdır. Bundan başqa sözügedən obyekdə sayğacdan kənar xətt aşkarlanmış və iddiaçıya xx.xx.2020-ci il tarixində 034921 nömrəli akt tərtib edilmiş və hesablanmış 2286,36 manat abonent tərəfindən ödənilmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixdə eyni qüsura görə kənar xəttdən istifadə aşkarlanmış və 2768,70 manat cərimə hesablanmışdır. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli protokolun surətindən görünür ki, EEİQ-nin pozulmasına dair 070816 nömrəli akt tərtib olunmuş, sayğacın sıxacı qızmadan yanmışdır. Üzərində 25 manat kredit pul olmuşdur. Hesablanan və ödəniləcək məbləğ 381,63 manat təşkil etmişdir. Sayğac yeni sayğacla əvəz edilmişdir. Nəzərə çatdırılır ki, bir obyetdə iki dəfə kənar xətdən istifadə aşkar olunmuş, məhkəmə prosesi davam etdiyi vaxt üçüncü dəfə sayğac qızmadan yanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, 2025-ci il tarixli akta əsasən hesablanmış 2286 manat borcu mübahisələndirirlər. Hesablanmış 2286 manat borc cavabdehin əməkdaşları tərəfindən qəsdən yazılmışdır. Belə ki, iddiaçı tərəfindən sayğaca, işıq xətlərinə heç bir müdaxilə edilməmişdir, işıq xətlərinin tamlığı pozulmamışdır. Cavabdehin əməkdaşları iddiaçının mağazasının üstündən keçib digər mağazaya məxsus elektrik xəttinə baxmaq istəmişlər, iddiaçı da buna icazə vermədiyi üçün qəsdən belə bir cərimə yazmışlar. Hesablanmış məbləği iddiaçının istifadə etdiyi elektrik enerjisinə çevirəndə 3 il ərzində istifadə etdiyi elektrik enerjisinin puluna bərarbər gəlir. Həmin sayğac ancaq 23 kv.m mağazaya xidmət edir. Bundan başqa həmin obyekdə Seymur Salmanov adlı şəxs yoxdur, icarədar İddiaçı, icarəçi Şahiddur. Təqdim edilmiş video görüntülərin mağaza ilə əlaqəsi yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək izahatında göstərdi ki, obyektin içində ümumi sayğaclar vardır, yoxlama zamanı iddiaçıya məxsus pozuntu aşkar edilmişdir. Akt xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Video çəkiliş aparılmışdır. X4 Tənzimləmə Agentliyinə müraciət edilmişdir, ancaq qərar mövcud deyildir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı mağazanı icarəyə verən şəxsdir. Həmin şəxslə aralarında icarə müqaviləsi vardır. İcarə müqaviləsi onun adına olsa da müdiri Elnur adlı şəxsdir və Türkiyədə yaşayır. Sayğac mağazadan çöldə, üzü yola tərəf quraşdırılmışdır. Axşam saat yeddinin yarısı idi, işıq idarəsinin işçiləri gəlmiş, ona demişlər ki, yol verilsin, qonşunun məhləsinə keçsinlər. O da bildirmişdir ki, mağazanın damının üstünə çıxmaq olmaz, çünki damı əzəndə ordan mağazaya su damır. Gedib başqa mağazanın üstündən dama çıxmışlar və sonra gətirib ona kənar xətt yəni, ağ rəngli şunurun mağzaya girməsinə dair video göstərmişlər. Hansı ki, həmin videonu onun mağazasından üç mağaza sonra yerləşən mağazanın üstündə çəkmişlər. Daha sonra onlara məxsus sayğacı da yoxlamışlar. Heç bir nöqsan aşkar edilməmişdir. Ağ şunurun onlarınn mağazasına getdiyini bildirmişlər. Həmin video ayaqqabı mağazasının üstündə çəkilmişdir. Həmin ağ şunur ayaqqabı mağazasına daxil olur. Ayaqqabı mağazasından sonra başqa bir mağaza yerləşir, daha sonra ətir mağazası yerləşir, ondan sonra da onlara məxsus mağaza yerləşir. Ətir mağazası ilə aralarında da keçid var. Ağ rəngdə şunurun onların mağazasına daxil olması görünmür. Videodakı dam onlara məxsus mağazanın damı deyildir. Təzəlikcə sayğacda problem yaranmış və yanmışdır. Sayğac yanandan sonra tərtib edilmiş aktdan məlumatı yoxdur. İş materiallarında olan 21 aprel 2025-ci il tarixli RQ 067296 nömrəli aktdan görünür ki, EEİQ-nə uyğun olaraq elektirik sayğacına baxış keçirən zaman məlum oldu ki, abonent sayğacın giriş xəttini zədələyərək bir başa kənar xətt götürmüşdür. Obyektə daxil olan kənar xətt 2x4 mm2 kabel vasitəsilə çəkilmişdir. Ampermasa vasitəsilə ölçü aparmaq istədikdə abonent obyektə kənar xətt vasiəsilə qoşulan yükü çıxartmışdır. Bu baxımdan yükü qeyd etmək olmamışdır. İş materiallarında olan 16 may 2025-ci il tarixli icra vərəqindən görünür ki, bonentə 2768,70 manat sərfiyyat hesablanmışdır İş materiallarında olan xx.xx.2019-cu il tarixdə çıxarılmış abonentin saldosundan görünür ki, xx.xx.2025-ci il tarixdə 1778,70 manat, xx.xx.2025-ci il tarixdə 990 manat cərimə qeyd olunmuşdur. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il atrixli KY252303080 saylı çıxarışdan görünür ki, "xxxx" ASCnin əməkdaşları tərəfindən xx.xx.2025-xx.xx.2025-ci tarixlərdə X1 yoxlanılması reyestrdən qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Rodi Cins maşazasının giriş hissəsi və sayğac quraşdırılan yer çəkilmişdir. İş materiallarında olan audio-video diskdən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən çəkiliş aparılır, çəkiliş zamanı ağ rəhgdə şunur göstərilir, həmin şunurun aşağı hissəyə daxil olması qeyd edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin qaydaların 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin qaydaların 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus obyektin elektirik sayğacına xx.xx.2025-ci il tarixdə baxış keçirilmiş, obyektə məxsus elektirik sayğacının giriş xəttinin zədələnməsi aşkar edilməsi qeyd edilməklə həmin tarixdə RQ 067296 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında xx.xx.2025-ci il tarixdə icra vərəqi verilmiş, abonentə 2768,70 manat sərfiyyat hesablanmışdır. Məhkəmə bildirir ki, enerji təchizatı müəssisəsi sayğaca və qeyri-yaşayış sahsəinə baxış zamanı sayğaca İddiaçı və ya istifadəçi tərəfindən müdaxilə edilməsini, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə kənar xətt çəkilməsini təsdiq edə bilməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Həmçinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16cı bəndindən görünür ki, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, enerji təchizatı müəssisəsinin əməkdaşları akt tərtib etsə də aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün göndərməmiş, müvafiq orqanın qərarını almadan abonenti təqsirli bilərək borc hesablamışdır. Ona görə 21 aprel 2025-ci il tarixli akta əsasən 16 may 2025-ci il tarixli icra vərəqi əsasında iddiaçıya hesablanmış 2768,70 manat borc məbləğinin 2286,36 manat hissəsi abonentin hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 42 manat dövlət rüsumu ödənilmişdir. Lakin dövlət rüsumunun tutulması ilə bağlı tələb olmadığından dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 21 aprel 2025-ci il tarixli AKT RQ 067296 nömrəli akta əsasən 16 may 2025-ci il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 2286 (iki min iki yüz səksən altı) manat 36 (otuz altı) qəpik borc məbləği **********31051 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1720/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1720/2025
26.11.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver