Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2015/2022 27.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4 cavabdeh “X3“ Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun geri qaytarılması tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X5 cavabdeh “X3” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X3” Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülmüş 17212 manat məbləğində pulun X2 X6 fonduna və 200 manat ödənilmiş dövlət rüsumunun isə iddaçının bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış Kredit Sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “M-2 Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi (km 00+000-km 130+150) həyata keçirilir. Həmin layihə çərçivəsində dövlət ehtiyacları üçün tələb olunan əmlaklara görə kompensasiya məbləğinin hesablanması və ödənilməsinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. “Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi” avtomobil yolunun “Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin” tikintisi layihəsi çərçivəsində tikinti altına düşən ağac və kol bitkilərinin kənarlaşdırılması zərurəti yarandığından müvafiq rəy verilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlanmış və həmin müraciət əsasında Nazirliyin aidiyyəti struktur bölmələrinin mütəxəssisləri tərəfindən layihə üzrə tikinti altına düşən ağacların, kolların sayı və növləri müəyyən edilmişdir. Layihə altına düşən 4243 ədəd ağacın köçürülməsinə, 940 ədəd ağacın həqiqi bərpa dəyəri ödənilməsi şərti ilə kəsilməsinə dair Dövlət Ekspertiza İdarəsinin 04 oktyabr 2019-cu il tarixli ER-22/472 nömrəli ekoloji ekspertiza rəyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilmişdir. Sözügedən rəyin icrası ilə bağlı qeyd olunan ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Departamentinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının nəzarəti ilə götürülmüş və 217512 manat məbləğində həqiqi bərpa dəyərinin “X2 X7”na ödənilməsi təmin edilmişdir. Həmin layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kadastr planı və müstəqil qiymətləndiricinin hesabatına əsasən dövlət mülkiyyətində olan və “X3” ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin tikinti altına düşən hissəsində 210 ədəd nar kolunun olması müəyyən edilmiş və həmin nar kollarının götürüləsi ilə bağlı “X3” ASC-yə 17212 manat vəsait ödənilmişdir. Sözügedən məbləğin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən düzgün hesablanmadığı barədə “X3” ASC tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müraciət əsasında aparılmış araşdırma zamanı tərtib edilmiş aktda 210 ədəd nar kolu üçün hesablanmış 17212 manat vəsaitin “X2 X6 Fondu”na deyil, “X3” ASC-yə ödənildiyi, habelə həmin yaşıllıqlara dəymiş ziyanın 17212 manat deyil, 33600 manat təşkil etdiyi qeyd edilmiş və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən Agentliyə daxil olan Təqdimatda “X3” ASC-nin istifadəsində olan torpaq sahəsində layihə altına düşən 210 ədəd nar koluna görə dəymiş ziyanın müəyyən edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 X6 fondunun müvafiq bank hesabına köçürülməsi, bunun üçün həmin yaşıllıqların götürülməsi ilə bağlı “X3” ASC-nin hesabına köçürülmüş 17212 manat məbləğində pulun geri çəkilməsinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. Bununla bağlı yaşıllıqlara görə dəymiş ziyanın X2 X7na tam ödənilməsinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə ünvanlanmış 22 iyun 2022-ci il tarixli ********* məktubla “X3” ASC-yə ödənilmiş 17212 manat məbləğində pulun X2 X7na ödəniləcəyi ilə bağlı aidiyyəti məhkəmə instansiyasında iddia qaldırılacağı bildirilmiş və yaşıllıqlara görə dəymiş ümumi ziyanın qalan hissəsinin, yəni 15788 manat vəsaitin aidiyyəti üzrə ödənilməsi üçün X2 X7nun bank hesabının təqdim olunması xahiş edilmişdir. Bununla bağlı X1 Xidmətindən Agentliyə daxil olmuş 24 iyun 2022-ci il tarixli 17/225 nömrəli məktuba əsasən 15788 manat vəsaitin təqdim edilmiş bank hesabına ödənilməsi təmin olunmuşdur. Bundan başqa, həmin yaşıllıqlara görə “X3” ASC-yə ödənilmiş 17212 manat məbləğində pulun X2 X7nun bank hesabına ödənilməsi üçün həmin ASC-yə 21 iyun 2022-ci il tarixli ********* nömrəli məktub göndərilmiş, lakin “X3” ASC tərəfindən vəsaitin ödənilməsi könüllü təmin olunmamışdır. Sözügedən məsələ ilə bağlı yaşıllıqlara dəymiş zərərin ödənilməsilə bağlı Agentlik tərəfindən zəruri tədbirlərin görülməsi nəzərə alaraq, cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğuna görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qərar qəbul edilmişdir. Hazırda yaşıllıqlara dəymiş zərərin tam olaraq ödənilməsinin təmin edilməsi məqsədilə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kadastr planından çıxarışa əsasən qeyd olunan layihə çərçivəsində “X3” ASC-nə məxsus tikinti altına düşən ağac və kol bitkilərinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, torpaq sahəsi cavabdehin istifadəsindədir. Cavabdeh “X3“ Açıq Səhmdar Cəmiyyəti Gəncə Kommersiya Məhkəməsinə etiraz ərizəsi ünvanlayaraq iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4 cavabdeh “X3“ Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun geri qaytarılması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə də işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (Mülki Prosessual Məcəllənin 31.1 və 31.2-ci maddələri). Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsindən bəhs edən Azərbaycan Respublikası Konstitusiyanın 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun məhkəmə aidiyyətinə riayət edilməsindən bəhs edən 15-ci maddəsində qeyd olunmuşdur ki, İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 nömrəli qərarında qeyd olunur ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmçinin qərarda qeyd edilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X5 inzibati orqandır və tərəflər arasında olan mübahisə ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir. İddia tələbi iddiaçının ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti ilə bağlı olduğundan hazırki mübahisə subyekt tərkibi və mübahisənin irəli gəldiyi hüquq münasibətinin xarakterinə görə inzibati mübahisədir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.3-cü maddəsinə əsasən həmin Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati icraat qaydasında inzibati məhkəmə tərəfindən baxılmalı olduğundan iddiaçıya aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-nin 261-263, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4 cavabdeh “X3“ Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun geri qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2015/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2015/2022
27.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver