Məhkəmə qərarları › İş №e-2-2(115)-2084/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2084/2022

24.11.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2084/2022 24.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 1 iyul-1 noyabr 2021-ci il tarixlərini əhatə edən dövr üçün qaz sərfiyyatına görə artıq (əsassız) hesablanmış 1799,07 manat debitor borcun onun **********00006 nömrəli abonent hesabından silinməsinə və mediasiya xidmətinə görə dövlət rüsumu olaraq ödədiyi 60 manatın cavabdehdən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ona məxsus olan kağız sexi vardır. Sexin qaz təchizatı Cavabdeh Tərtər X2 İdarəsi ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli qaz palayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqaviləyə əsasən həmin idarə tərəfindən həyata keçirilir. Cavabdeh İB-nin X3 İstismar İdarəsi tərəfindən ona məlumat verilmişdir ki, xx.xx.2022-ci il tarixə Cavabdehnə 3403,27 manat debitor borcu vardır və həmin borc 2 gün müddətində ödənilməliidr. Qeyd edilən məbləğdə debitor borcun olması abonent hesabında da göstərilmişdir. Pretenziya və debitor borcun məbləği ilə qətiyyən razı deyil. Belə ki, debitor borcu əsassız olaraq 2339,47 manat həcmində şişirdilmişdir. Bunun da səbəblərindən biri 2021-ci ilin 1 iyul tarixindən həmin ilin 1 noyabr tarixədək olan müddətdə obyektində istifadə edilmiş qazın 1 m3-nin qiymətinin 20 qəpikdən deyil, qanunsuz olaraq 25 qəpikdən hesablanması, bununla da debitor borcunun məbləğinin 1799,07 manat həcmində əsassız olaraq şişirdilməsidir. Cavabdeh rəsmi surətdə olmasa da, qeyri-rəsmi surətdə ona bildirmişdir ki, kağız sexi sənaye obyekti hesab edilmir, digər sahə hesab edildiyi üçün 1 iyul 2021-ci il tarixindən obyektin qaz sərfiyyatı 1 m3 25 qəpik hesabı ilə hesablanmalıdır. Bu əsassız arqumentlə razı deyil. Cavabdeh Tərtər X2 İdarəsi məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Tərtər X2 İdarəsi ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2021-ci ilin iyul ayının qaz sərfi 9240 m3, sərfin məbləği 1770, avqust ayının qaz sərfi 7117, sərfin məbləği 1779,25, sentyabr ayının qaz sərfi 8030 m3, sərfin məbləği 2007,50, oktyabr ayının qaz sərfi 5967 m3, sərfin məbləği 1491,75, noyabr ayının qaz sərfi 12979 m3, sərfin məbləği 3244,75 göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 30 iyun 2021-ci il tarixli 8 saylı qərarından və qərar əlavə edilmiş təbbi qazın ölkədaxili tariflərindən görünür ki, qeyri əhali olan sənaye və kənd təsərrüfatı sahələri üçün ƏDV ilə min m3 qazın sərfiyyat məbləği 200 manat, digər sahələr üzrə min m3 qazın sərfiyyat məbləği 250 manat müəyyən olunmuş, qərarın 1 iyul 2021-ci il tarixdən qüvvəyə minməsi qərara alınmışdır. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 saylı qərarından və qərar əlavə edilmiş təbbi qazın ölkədaxili tariflərindən görünür ki, qeyri əhali olan sənaye və kənd təsərrüfatı sahələri üçün ƏDV ilə min m3 qazın sərfiyyat məbləği 220 manat, digər sahələr üzrə min m3 qazın sərfiyyat məbləği 250 manat müəyyən olunmuş, qərarın 1 noyabr 2021-ci il tarixdən qüvvəyə minməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ünvan 1 ünvanında ona məxsus olan kağız sexini işlətdiyini, 2021-ci ilin iyul ayından noyabr ayına kimi sərf etdiyi qazın sənaye olaraq bir m3-nin məbləğinin 0,25 qəpikdən deyil, 0,20 qəpikdən hesablanmalı olmasını, lakin onun sərf etdiyi qazın məbləğinin digər sahələr kimi nəzərə alaraq əsassız olaraq bir m3-nin məbləğinin 0,25 qəpikdən hesablandığını qeyd etmişdir. Lakin iddiaçı istehsalçı olaraq fəaliyyəti ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etmədiyi və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməsi və onun tərəfindən 60 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar