Məhkəmə qərarları › İş №e-2-2(115)-230/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-230/2023

23.05.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-230/2023 23.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndələri X3 və X1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və enerjinin bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Goranboy rayon Elektrik Şəbəkəsini, X11 RETSİ qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşlarının tərtib etdikləri 07 iyun 2022-ci il tarixli 047260 saylı, 13 iyun 2022-ci il tarixli 047262 saylı, 20 iyun 2022- ci il tarixli 047264 saylı, 23 iyun 2022-ci il tarixli, 23 iyun 2022-ci il tarixli, 07 iyul 2022-ci il tarixli 047302 saylı, 07 iyul 2022-ci il tarixli 047303 saylı, 08 iyul 2022-ci il tarixli 047304 saylı,18 iyul 2022-ci il tarixli 047310 saylı, 18 iyul 2022-ci il tarixli 047308 saylı aktların etibarsız hesab edilməsi, 54220,8 manat borcunun ləğv edilməsi, Goranboy rayon Subartezian Quyularının istismarı idarəsinin inzibati binasına nasos təmir sexinə, Goranboy şəhəri ərazisində ünvanlarda yerləşən GRR-118 VƏ GR- 067 reper saylı 2 ədəd subartezian quyularına elektrik enerjisinin verilməsinin bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində cavabdeh kimi Goranboy rayon Elektrik Şəbəkəsi, X11 RETSİ göstərilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Nizamnaməyə 2 nömrəli Əlavənin 2.6-ci bəndində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan X14 Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) - Mingəçevir, Goranboy, Naftalan, Tərtər, Bərdə, Yevlax, Ağdaş, Ucar, Göyçay və Ağsu rayon elektrik şəbəkələri) hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, həmin təşkilatlar "xxxx" ASC-nin regionlardakı bölmələridir və onlar hüquqi şəxs olmadığından məhkəmədə tərəf ola bilməzlər. Əsl olmayan tərəfin əvəz edilməsi məsələsinə o halda baxılır ki, əvəz edilən tərəf hüquqi şəxs statusuna malik olsun, lakin onun mübahisə ilə bağlılığı olmasın, onun əvəzinə prosesə cəlb edilən isə hüquqi şəxs olmaqla prosesdən kənarda qalmış olsun. "xxxx" ASC iddia ərizəsində cavabdeh kimi göstərildiyindən, tərəf kimi əvvəldən prossesdə olduğundan və əsl tərəf hesab edildiyindən cavabdeh kimi işə onun iştirakı ilə baxılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-230/2023 saylı qərardadı ilə iddia tələbinə aktların etibarsız hesab edilməsi hissəsi üzrə xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə 05 yanvar 2022-ci il tarixdə bağlanan elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən istifadə etdiyi elektrik enerjisinin dəyərini cavabdehə ödəyir, cavabdeh isə müqavilənin şərtinə görə İddiaçı elektirk enerjisi ilə təmin etməlidir. Cavabdeh İddiaçınə məlumat vermədən onların nümayəndəsinin iştirakı olmadan idarəyə məxsus su nasoslarının işlədiyi yerlərə gələrək aktlar tərtib etmişlər. Bununla da “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərini pozmuş və idarəyə əsassız borclar hesablamışlar. İddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin İddiaçı Nizamnaməsinin: 1.2-ci bəndinə əsasən idarə Cəmiyyətin tabelyində olmaqla müstəqil struktur vahiddir. İdarə üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş Cəmiyyətin və idarənin adı göstərilmiş möhürə, müvafiq ştampa və blanklara malikdir. 1.3-cü bəndinə əsasən idarə hüquqi şəxs statusuna malik olmaqla, onun istehsalattəsərrüfat fəaliyyəti büdcədən və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilir. Göründüyü kimi İddiaçı hüquqi şəxs statusuna malikdir. Məhkəmədə tərəf kimi çıxış edə bilər. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onlar dəfələrlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına sayğacların sıradan çıxması barədə məlumat vermişlər və iştirakları ilə sayğaclara baxılaraq müvafiq akt tərtib edilməsini bildirmişdirlər. Lakin, onların iştirakları olmadan sayğaca baxış keçirib müvafiq aktlar tərtib edilmişdir. Borc real hesablanmamışdır. Belə ki, iddiaçının nümayəndəsinin iştirakı olmadan sayğaca baxış keçirilib və heç bir aktda audio-video aparılması qeyd edilməmişdir. Onlar borcları vaxtı-vaxtında ödəmişdirlər və heç bir borcları yoxdur. Yazılmış borc əsassızdır. Aktlar üzrə bir ay yazılan borcu qəbul edirlər. Sayğacdankənar xəttin çəkilməsi barədə yazılmış aktları isə qəbul etmirlər. Qoşulma olsa da, ancaq sayğacdan kənar xətti onlar qoşmamışdırlar. Həmin vaxtdan uzun müddət keçdiyindən audio çəkiliş ərazidə olan kameraların yaddaşında qalmadığından həmin görüntülərin əldə edilməsi mümkün olmamışdır. İddiaçının digər nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, cavabdeh tərəfindən sayğacdankənar xətdən istifadə olunduğuna görə iki akt üzrə müvafiq hesabat aparılmışdır. Belə ki, on akt üzrə ümumilikdə 54220,8 manat borc hesablanmışdır. Onlardan səkkiz akt sayğacdan keçən enerjini qeyd etmədiyinə görə yazılıb və sayğac qeyd etmədiyi enerjinin dəyəri bərpa olunub. İki akt isə sayğacdankənar qoşulma olduğuna görə tam əsaslı olaraq 210 gün bir akt üzrə, 200 gün isə digər akt üzrə hesablama aparılmışdır. Həmin aktlar tərtib edilən zaman Talıb adlı şəxslə telefon vasitəsilə əlaqə saxlanılıb və həmin şəxs gəlməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında aşağıda göstərilən şahidlərin ifadələri dinlənilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, sayğaca baxış keçirən zaman müəyyən etmişdir ki, artezian işləyir, amma sayğac işləmir. Sonradan artezianın sayğacının açılaraq elektrik xəttinə birbaşa qoşulduğunu müəyyən edildi. Digər arteziana da baxış keçirilən zaman onun da eyni qayda ilə sayğacdan ayrılaraq birbaşa qoşulduğu müəyyən edilmişdir. Bununla bağlı satış rəisinə və aparıcı mühəndisə məlumat vermiş və müvafiq akt tərtib edilmişdir. Akt tərtib olunan zaman Talıb adlı şəxsə zəng etmişlər və işi çox olduğundan gələ bilmədiyini bildirmişdir. Müşviq adlı şəxs su istismar birliyinin işçisidir, həmin artezianlara nəzarət edir və kənar xətt qoşmaq onun marağında ola bilərdi. Həmin ərazidə müşahidə kameraları var, iddiaçı tərəfindən ora nəzarət olunur və pozuntunun qarşısını ala bilərdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 bildirmişdir ki, X8 ilə birlikdə ərazidə sayğaca baxış keçirən zaman müəyyən etmişdirlər ki, sayğac işləmir ancaq artezian işləyir. Sonradan artezianın sayğacının qutusu açılarkən xəttə birbaşa qoşulduğunu müəyyən etmişdirlər. Kənar xətt aşkarlandıqdan sonra Talıb Əliyevə məlumat vermişdirlər, lakin gəlməmişdir. Hesabat hər ayın on dördü, on beşi, on altısı, on yeddisi və on səkkizi aralığında olur. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 bildirmişdir ki, nəzarət mühəndisinin məlumatı əsasında artezian quyularına baxış keçirilmiş və iki yerdə sayğacdan kənar xətt olduğu müəyyən edilmişdir. Ayrıca transformatorun özündə olduğundan kənar şəxs tərəfindən onun şəbəkədən ayrılaraq artezianın kənar xəttə qoşulması mümkündür. Müşviq adlı şəxsin qeyd edilən məsələnin həlli ilə bağlı onlara müraciəti olmuşdur. Hesabat hər ayın on beşində aparılır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli aktdan görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğac qısaqapanma nəticəsində tamamilə yanmışdır. P=32 kvt. Tələb hissəsində qeyd edilmişdir ki, sayğac yenisi ilə əvəz edilərək möhürlənsin. xx.xx.2022-ci il tarixli 047262 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğac tamamilə yanmışdır. Nasosun gücü P=32 kvt. Tələb hissəsində qeyd edilmişdir ki, yeni sayğac quraşdırılsın və möhürlənsin. xx.xx.2022-ci il tarixli 047264 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın göstəricisi oxunmur. Tələb hissədində qeyd edilmişdir ki, yeni sayğac quraşdırılsın və möhürlənsin. xx.xx.2022-ci il tarixli 047267 nömrəli akdan görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın alt yuvası yanaraq sıradan çıxmışdır. Nasosun gücü P=32 kvt. Tələb hissəsində qeyd edilmişdir ki, yeni sayğac quraşdırılsın və çıxan sayğac laboratoriya şəraitində yoxlanılsın və rəy verilsin. xx.xx.2022-ci il tarixli 047265 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq sayağaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın göstəricisi oxunmur. Sayğac keçən enerjini qeyd etmir. Nasosun gücü P=32 kvt. Tələb hissəində qeyd edilmişdir ki, yeni sayğac quraşdırılsın və möhürlənsin. Çıxan sayğac laboratoriya şəraitində yoxlanılsın və rəy verilsin. xx.xx.2022-ci il tarixli 047303 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğac tamailə yanıb. Heç bir parametr oxunmur. Nasosun gücü P=45 kvt. Tələb hissəsində qeyd edilmişdi ki, yeni sayğac quraşdırılsın və möhürlənsin. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, EEİQ-nə uyğun olaraq sayğaca baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğac tamamilə yanıb heç bir parametri oxunmur. Nasosun gücü P=45 kvt. Tələb hissəsində qeyd edilmişdir ki, yeni sayğac quraşdırılsın və möhürlənsin. xx.xx.2022-ci il tarixli 047308 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın giriş çıxış xətlərini açıb, birbaşa şəbəkəyə qoşublar. Nasos işlək vəziyyətdədir. Nasosun gücü P=32 kvt. Tələb hissəsində qeyd edilmişdir ki, sayğac uçot dəsti şəbəkəyə qoşulsun və TM-nin şitiləri möhürlənsin.\ks halda şəbəkədən açılsın. xx.xx.2022-ci il tarixli 047310 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın giriş və çıxış xətlərini açıb, subartezian nasosunu birbaşa şəbəkəyə qoşublar. Nasosun gücü P=32 kvt. Tələb hissəində qeyd edilmişdir ki, sayğacın yoxlanıb şəbəkəyə qoşulsun. TM-nin şiləri möhürlənsin. Əks halda şəbəkədən açılsın. xx.xx.2022-ci il tarixli 047302 nömrəli icra vərəqəsindən görünür ki, “sayğacın alt qapaq möhürü yoxdur” qüsuru qeyd edilmişdir. Qeyd hissəsində qeyd edilmişdir ki, sayğac yenisi ilə əvəz edilsin. (P=32 kVt, W=32 kVt x 24 s x10 g=7680 Kvts. 7680 kVts X0,10=768 man.cəmi=768 manat) xx.xx.2022-ci il tarixli 047260 nömrəli icra vərəqəsindən görünür ki, “sayğac yanıb” qüsuru qeyd edilmişdir. Qeyd hissəsində sayğacın yenisi ilə əvəz edilməsi qeyd edilmişdir. (P=32 kVt, W=32kVtx24sx30g=23040 Kvts. 23040 kVts x 0,10=2304 manat, cəmi=2304 manat) xx.xx.2022-ci il tarixli 047262 nömrəli icra vərəqəsindən görünür ki, “sayğac yanıb” qüsuru qeyd edilmişdr. Qeyd hissəində qeyd edilmişdir ki, sayğac yenisi ilə əvəz edilsin.(P=32 kVt, W=32 kVt x 24 s x50 g=38400 Kvts. 38400 kVts x 0,10=3840 manat, cəmi=3840 manat). xx.xx.2022-ci il tarixli 047264 nömrəli icra vərəqəsindən görünür ki, sayğacın göstəricisi oxunmur qüsuru qeyd edilmişdir. Qeyd hissəində qeyd edilmişdir ki, sayğac yenisi ilə əvəz edilsin. (P=32 kVt, W=32 kVt x 24 s x 90 g =69120Kvts. 69120 kVts x 0,10=6912 manat, cəmi=6912 manat) xx.xx.2022-ci il tarixli 047265 nömrəli icra vərəqəsindən görünür ki, “sayğacın göstəricisi oxunmur” qüsuru qeyd edilmişdir. Qeyd hissəsində qeyd edilmişdir ki, sayğac yenisi ilə əvəz edilsin.( P=32 kVt, W=32 kVt x 24 s x30 g=23040 Kvts. 23040 kVts x 0,10=2304 manat, cəmi=2304 manat) xx.xx.2022-ci il tarixli 047267 nömrəli icra vərəqəsindən görünür ki, sayğacın alt qapaq yuvası yanaraq sıradan çıxıb. Qeyd hissəsində qeyd edilmişdir ki, sayğac yenisi ilə əvəz edilsin.( P=32 kVt, W=32 kVt x 24 s x30 g=23040 Kvts. 23040 kVts x 0,10=2304 manat, cəmi=2304 manat). xx.xx.2022-ci il tarixli 047304 nömrəli icra vərəqəsindən görünür ki, “sayğac yanıb” qüsuru qeyd edilmişdir. Qeyd hissəində sayğacın yenisi ilə əvəz edilməsi qeyd edilmişdir.( P=32 kVt, W=32 kVt x 24 s x 28 g=21504 Kvts. 21504 kVts x 0,10=2150,40 manat, cəmi=2150,40 manat. xx.xx.2022-ci il tarixli 047303 nömrəli icra vərəqəsindən görünür ki, “sayğac yanıb” qüsuru qeyd edilmişdir. Qeyd hissəsində qeyd edilmişdir ki, sayğac yenisi ilə əvəz edilsin.(P=32 kVt, W=32 kVt x 24 s x28 g=21504 Kvts. 21504 kVts x 0,10=2150,40 manat, cəmi=2150,40 manat). xx.xx.2022-ci il tarixli 047308 nömrəli icra vrəqəsindən görünür ki, “kənar xətt” qüsuru qeyd edilmişdir. Qeyd hissəsində qeyd edilmişdir ki, sayğacdan kənar xətt ləğv edilsin.( P=32 kVt, W=32 kVt x 24 s x200 g=153600 Kvts. 153600 kVts x 0,10=15360 manat, cəmi=15360 manat). xx.xx.2022-ci il tarixli 047310 nömrəli icra vərəqəsindən görünür ki, “kənar xətt” qüsuru qeyd edilmişdir. Qeyd hissəsində qeyd edilmişdir ki, sayğacdan kənar xətt ləğv edilsin.( P=32 kVt, W=32 kVt x 24 s x210 g=161280 Kvts. 161280 kVts x 0,10=16128 manat, cəmi=16128 manat) Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı 12 saylı Ərazi Vergilər İdarəsidə vergi uçotuna alınmışdır. Vergi məlumatlarından çıxarışdan görünür ki, İddiaçı fəaliyyət növü suvarma kanallarının istismarıdır. xx.xx.2022-ci il tarixli elektrik enerjisindən istifadəyə görə üzləşmə aktından görünür ki, 2022-ci il ərzində istifadə edilmiş elektrik enerjisinə görə İddiaçı 698320,03 manat debitor borcu vardır. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 400 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan audio-video yazıya məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilən zaman iddiaçıya məxsus iki artezian quyusunda kənar xəttdən istifadə olunması müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı balansında olan atrezian quyularına quraşdırımış su nasoslarının sayğaclarına baxış keçirilmiş və bu barədə 10 akt tərtib olunmuş aktlara görə icra vərəqələri yazılaraq borc hesablanmışdır. Tərtib edilmiş aktlar əsasında ümumilikdə 54220 manat məbləğində borcun borc hesablanmışdır. 047308 nömrəli və 047310 nömrəli aktlar və icra vərəqələri sayğacdankənar xəttlərlə bağlı olmuşdur. Digər aklar və icra vərəqələri sayğacın nasazlığı və yenilənməsi ilə bağlı olmuşdur ki, 047264 nömrəli icra vərəqəsi üzrə hesablama 90 gün 047262 nömrəli icra vərəqəsindən görünür ki, 50 gün üçün aparılmışdır. Halbuki, “Elektrik enerjisindən istifadə qaydaları”nın: 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Göründüyü kimi iki akt üzrə hesablama bir aydan artıq müddətə aparılmışdır. Məhkəmə həmin aktlar üzrə hesablamanı 28 gün müddətinə qədər azaldılmasını mövcud qaydalara uyğun sayır. 28 gündən artıq müddətə hesablanan məbləğ hər iki akt üzrə cəmi 6452 manat təşkil edir ki, məhkəmə həmin məbləği əsassız sayır. Məhkəmə 047308 nömrəli və 047310 nömrəli aktlar və icra vərəqələri sayğacdan kənar xəttlərlə bağlı hesablamaya aid onu qeyd edir ki, sayğacdan kənar xəttin olması sübutlarla təsdiqini tapmışdır. İddiaçı kənar xəttin başqa şəxslər tərəfindən çəkilə biləcəyinin mümkünlüyünü qeyd etmişdir. İşə baxılarkən müəyyən olunmuşdur ki, artezian quyularının ərazisinə nəzarət kameraları quraşdırılmışdır. Belə olan vəziyyətdə kənar xəttlərin kənar şəxslər tərəfindən çəkilməsini əks etdirən kamera görüntülərinin təqdim edilməsi iddiaçıya təklif edilmişdir. İddiaçı tərəfin nümayəndəsi uzun müddət keçdiyindən görümtülərin silindiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, müddət ötdüyündən görüntülər hal-hazırda olmasa da, görüntüləri vaxtında aşkar edib elektron daşıyıcıya köçürməklə hal-hazırda təqdim etmək olardı. Bu, iddiaçının sübutetmə vəzifəsindən irəli gəlir. “Elektrik enerjisindən istifadə qaydaları”nın: 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə cavabdehin apardığı yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla keçirilməsi məsələsinə dair onu qeyd edir ki, qanun sahibkarlıq subyektlərində aparılmış yoxlamalara şamil edilir. “Sahibkarlıq Fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri göstrilmişdir. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə xx.xx.1996-cı il tarixli 492 nömrəli Fərmanın 6-ci bəndinə əsasən müəyyən edilmişdir ki, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində, 13-cü maddəsində, 16-cı maddəsinin ikinci hissəsində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci hissəsində, 26-cı maddəsinin ikinci hissəsində və 27-ci maddəsinin birinci və üçüncü hissələrində nəzərdə tutulmuş “meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının” funksiyalarını Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyəti həyata keçirir. Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin İddiaçı Nizamnaməsinin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006cı il tarixli 372 nömrəli Fərmanı ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanına Meliorasiya və X18 Səhmdar Cəmiyyəti yaranmış və onun strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2006-cı il 149 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bu qərarla İddiaçı Cəmiyyətin strukturuna daxil edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, qanunvericiliyə əsasən Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyəti müvafiq icra hakimiyyəti orqanının funksiyalarını həyata keçirir. İddiaçı də Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin strukturuna daxildir. Qeyd olunanlar onu deməyə əsas verir ki, İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən subyekt hesab olunmur. Bu baxımdan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin aparmış olduğu yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq dairəsinə aid deyildir. Məhkəmə iddia tələbinin enerjinin bərpa edilməsi hissəsinə aid onu qeyd edir ki, elektrik enerjisinin verilməsinin dayandırılması halı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Elektrik enerjisindən istifadə qaydaları”nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 6452 (altı min dörd yüz əlli iki) manat borc ləğv edilsin. Cavabdeh "xxxx" ASC-dən 84.52(səksən dörd manat əlli iki qəpik) manat dövlət rüsumu utularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar