Məhkəmə qərarları › İş №e-2-2(115)-35/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-35/2021

24.05.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-35/2021 24.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Quşqara Bələdiyyəsinin ərazisində ona məxsus olan istixana kompleksində istifadə olunmuş təbii qaza görə Cavabdeh tərəfindən hesablanmış 179719 manat 80 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Quşqara Bələdiyyəsinin ərazisində ona məxsus 8 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 2 hektarında istixana kompleksi quraşdırmışdır. Respublikanın digər yerlərində olduğu kimi onunla “Cavabdeh" İB arasında bağlanmış müqaviləyə əsasən ona sayğac quraşdırılmış və sərf etdiyi təbii qazın dəyərini ödəyərək ondan istifadə etmişdir. Qısa müddət ərzində təbii qazdan istifadəyə görə xeyli məbləğdə pul ödəmişdir. Lakin sonradan o, quraşdırıılmış qaz sayğacının faktiki işlənən qazdan daha çox yazdığını müşahidə etməyə başlamışdır. Belə ki, onun qonşuluğunda yerləşən digər istixanaların hər birində eyni miqdarda qaz işlətmələrinə baxmayaraq, onun sayğacından dəfələrlə az yazır. Ona görə də dəfələrlə şəxsən Cavabdeh İB-nin Regional Satış İdarəsinin rəisi Qədir müəllimə müraciət etmişdir ki, sözügedən istixanada quraşdırılmış sayğacı ekspertizadan keçirərək onun düzgün işləyib-işləməməsini yoxlasınlar. Lakin hər dəfə müxtəlif vədlər verilsə də, heç bir nəticəsi olmamışdır. Hazırda isə Cavabdeh İB onu məhkəməyə verərək düzgün işləməyən sayğac əsasında hesablanmış pulu ondan tələb edir. Hesab edir ki, bu tamamilə qanunsuzdur və onun təbii qazdan istifadəyə görə hər hansı bir borcu yoxdur. Bu səbəbdən də hesablanmış 179719 manat 80 qəpik borc silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddianı təmin tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Quşqara Bələdiyyəsinin ərazisində ona məxsus olan istixanaya verilən təbii qazın dayandırılmasını cavabdehə qadağan edərək təbbi qazın verilməsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 2-2(115)-826/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, Göygöl rayonu, Quşqara Bələdiyyəsinin ərazisində yerləşən İddiaçı məxsus istixanaya təbii qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mövcud borcun 193735 manatdan artıq sərfiyyat kimi 136036 manatın silinməsini qalan 57720 manatın onun tərəfindən ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 2018-ci ildən başlayaraq istixananı işlətməyə başlamışdır. Yüzlük borudan çıxan qaz birbaşa sayğaca, daha sonra isə tənizməyiciyə daxil olub. Bu da sərfiyyatın süni şəkildə artmasına səbəb olmuşdur. Ona məxsus istixananın sayğacının qurğuları düzgün quraşdırılmamışdır. Əvvəlcə qaz tənzimləyicinin quraşdırılması əvəzinə sayğac quraşdırılıb. Bu da artıq hesablamaya gətirib çıxarmışdır. Onun istixanası ilə eyni ölçüdə olan digər istixanalarda isə daha az sərfiyyat olur. 23 avqust 2020-ci il tarixdə sayğacla tənzimləyicinin yeri dəyişdirilmişdir. Həm sayğac quraşdırıldıqdan sonra, həm də əvvəl müraciət etməyinə baxmayaraq Cavabdeh İB tərəfindən sayğacla tənzimləyicinin yerinin dəyişdirilməsi məsələsinə heç bir reaksiya verilməmişdir. Nəticədə ikiqat hesablama əmələ gəlmişdir. Tənzimləyici səhv quraşdırıldığına görə borc bu qədər şişib. 56 min manat onun istifadə etdiyi sərfiyyatdır. Tənzimləyici dəyişdikdən sonra bunu müqayisə etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, Cavabdeh İB tərəfindən qaz tənzimləyici layihəyə uyğun olaraq quraşdırılmışdır. Layihənin smetasını onlar hazırlamırlar. Bunu podratçı təşkilat hazırlayır. İddianın təmin tədbiri haqqında qərardada uyğun olaraq abonentdə qaz verilməsi bərpa olunmuş, sayğacdan qaz keçdikdən sonra sızma olduğu təqdirdə, buna görə qaz paylacısı məsuliyyət daşımır. Sayğacın uzaqda quraşdırılması da layihəyə uyğun olub. On dörd minlik qazın sərfiyyatının itməsinə də iddiaçı özü cavabdehdir. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssisin rəyi və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iki ildir ki, İddiaçı istixanası qeydiyyata alınıb. 2019-cu ilin noyabr və dekabr ayında İddiaçı iltizam alındı ki, borcu ödəsin və qazı açsın. İddiaçı borcu ödəmədi və daha sonra abonent onları məhkəməyə verdi. Bu sayğacın sərfiyyatı tam normaldır. Borc sayğac üzrədir. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 X3 nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tənzimləyicinin əvvəl yoxsa sonra quraşdırılması qanunvericiliklə tənzimlənmir. Hesab edir ki, bu heç bir sərfiyyat artımına səbəb olmur. Tənzimləyicinin əvvəl yaxud sonra quraşdırılması sərfiyyata heç bir təsir göstərmir. Texniki şərt olanda ona uyğun avadanlıqlar seçilir. Sayğacın qabağında tənzimləyici varsa bu halda tənzimləyici qəbul edir və sayğaca ötürür. Sayğac elektron və mexaniki olmaqla iki hissədən ibarətdir. Sayğacın işləmə mexanizmi ondan ibarətdir ki, tənzimləyicidən nə keçirsə sayğac onu qeydə alır. Sayğaca atmosferdə daxil olsa tənzimləyici onu nizamlayıb qazı ötürür. Mümkün deyil ki, artıq hesablama olsun. Elektron hissə korreksiya edir və yaddaşda saxlayır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci ilin noyabr ayına borcu 193733 manat 40 qəpik məbləğində olmaqla, həmin borc yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 X3 24 may 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus obyektin (istixananın) qaz tənzimləyici avadanlıqların ilkin qazlaşma dövründə 14 iyun 2018-ci il tarixli № 29832 nömrəli texniki şərtə əsasən T.Ş. 29832-2018-01680 sifariş nömrəli qazlaşma layihəsi işlənmiş və həmin layihəyə uyğun olaraq qaz tənzimləyici avadanlıqlar mənbədə sayğacdan sonra quraşdırılması nəzərdə tutulmuşdur (əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 2.1-ci bəndi). Lakin vətəndaşın müraciəti əsasında Cavabdeh İB-nin verdiyi 17.01.2019-cu il tarixli 30932 nömrəli texniki şərtə əsasən T.Ş. 29832-2018- 01680(D1) sifariş nömrəli layihədə dəyişiklik aparılaraq obyektin qaz sərfində azalma qeyd edilmişdir. Həmin dəyişiklərə əsasən ölçü qovşağında quraşdırılması nəzərdə tutulan qaz tənzimləyici avadanlıqların qaz sayğacından əvvəl quraşdırılması nəzərdə tutulmuşdur. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 1.4-cü bəndi). Təzyiq tənzimləyicilərinin seçilməsi və tənzimlənməsi obyektin maksimum saatlıq qaz sərfinə, birləşmə nöqtəsi ilə obyekt arasında olan məsafəyə və tələb olunan təzyiq düşküsünə görə aparılır. Obyektin qaz təzyiqini sabit saxlamaq məqsədilə quraşdırılan qaz tənzimləyici avadanlıqların sənaye qaz qurğularının sərfini ölçmək üçün nəzərdə tutulan qaz sayğacından əvvəl və ya sonra quraşdırılması istifadə edilmiş qazın sərfiyyatına təsir göstərmir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim edilməlidir (əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 5.2-ci bəndi). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir (əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 5.5-ci bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borc məbləği sayğacın göstəricilərinə əsasən hesablanmış qazın dəyərindən ibarətdir. İddiaçı ona verilən qaz xəttində daha əvvəl sayğacın, ondan sonra isə tənzimləyicinin quraşdırıldığını, bununla da, sayğacın süni sərfiyyata yol verdiyini iddia etsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq, X1 X3 yuxarıda sadalanan mütəxəssis rəyindən göründüyü kimi, obyektin qaz təzyiqini sabit saxlamaq məqsədilə quraşdırılan qaz tənzimləyici avadanlıqların sənaye qaz qurğularının sərfini ölçmək üçün nəzərdə tutulan qaz sayğacından əvvəl və ya sonra quraşdırılması istifadə edilmiş qazın sərfiyyatına təsir göstərmir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla iddiaçının qazdan istifadəyə görə yaranmış borcunun əsassız olaraq hesablanması təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar