Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-620/2020 27.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli NDQ № 007657 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 38728 manat 85 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin ərizə verərək, iddianın təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən texniki oksigen sexinə verilən elektrik enerjisinin dayandırılmasını cavabdehə qadağan edərək elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən texniki oksigen sexinə elektrik enerjisinin verilişinin dayandırılması «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qadağan edilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən Texniki Oksigen sexini icarə əsasında işlədir. Respublikanın digər yerlərində olduğu kimi Cavabdeh ASC arasında bağlanmış müqaviləyə əsasən onlara sayğac quraşdırılmış və uzun illərdir ki, sərf etdikləri elektrik enerjisinin dəyərini ödəyərək ondan istifadə etmişlər. Bu illər ərzində sayğacları idarənin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılmış və hər hansı bir pozuntuya yol verilmədiyi barədə aktlar tərtib olunmuşdur. Lakin sonradan quraşdırıılmış sayğacın düzgün işləmədiyini müşahidə etməyə başlamışdır. Ona görə də, dəfələrlə “xxxxxxxx” ASC-yə müraciət etmişdir ki, sözügedən sexdə quraşdırılmış işıq sayğacına baxış keçirərək onun düzgün işləyibişləməməsini yoxlasınlar. Lakin hər dəfə müxtəlif vədlər verilsə də, heç bir nəticəsi olmamışdır. Daha sonra isə bu ilin iyul ayının 20-də barələrində xx xxxx 2020-ci il tarixli NDQ № 007657 saylı akt tərtib edilmiş və həmin akt əsasında 38728.85 (otuz səkkiz min yeddi yüz iyirmi səkkiz manat səksən beş qəpik) manat borc hesablanmışdır. Bu tamamilə qanunsuzdur və sayğacın düzgün işləməməsində onun heç bir günahı yoxdur. Bu səbəbdən də sözügedən aktın ləğv olunması və həmin akt əsasında hesablanmış 38728.85 (otuz səkkiz min yeddi yüz iyirmi səkkiz manat səksən beş qəpik) manat borcun silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən barələrində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli NDQ № 007657 saylı akt əsasında hesablanmış 38728.85 (otuz səkkiz min yeddi yüz iyirmi səkkiz manat səksən beş qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, may ayının ortalarına kimi yoxlamalar həyata keçirilmişdir. Sayğacda ekran silinmələri olmuşdur. “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixində yoxlama aparılmış və o yoxlamada iştirak etmişdir. Yoxlamadan Orxan adlı şəxsdə iştirak etmişdir. Asan Xidmətdə “xxxxxxxx” ASC-yə məlumat verilməsinə baxmayaraq, heç bir tədbir görülməmişdir. Daha sonra onunla əlaqə saxlanılmış, demişlər ki, ola bilsin günəş şüası düşür, bunun da heç bir porbelmi yoxdur. 2 ay bundan qabaq sayğaca baxış keçirilən zaman heç bir nöqsan aşkar edilməmişdir. Daha sonra sayğaca baxış keçirən zaman sayğacın xətlərini kəsmiş və yoxlamaya aprmışlar. Bütün bu proseslərin videogörüntüsü vardır. Protokol tərtib etmiş və ona imzalatmışlar. Səbəb kimi sayğacın möhürünün olmamasını qeyd etmişlər. Ona demişlər ki, sayğac Gəncə şəhərindəki lobarotoriyada yoxlanılacaqdır. Bununla bağlı ona heç bir sənəd təqdim etməmişlər. İdarəyə gəldikdə ona demişdilər ki, artıq gecikmişdir, sayğacı açılmışlar. Sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğacda olan dayanmalara görə dəfələrlə müraciət etməsinə baxmayaraq, ona cavab verilməmişdir. Texniki Oksigenin bütün əmlakını icarəyə götürmüşdür. “xxxx” MMC-ni xx xxxx 2016-cı ildə icarəyə götürmüşdür. Sayğaca baxış keçirilən zaman möhür dəyişmiş və baxış şüşəsi yerində olmamışdır. May ayında möhür dəyişdirilmişdir. Baxış keçirilən zaman sayğac müəssisənin ərazisində yerləşmişdir. xx xxxx 2020-ci il tarixində sayğac sökülmüşdür. Daha sonra sayğacın yeri dəyişdirilmiş və obyektdən 10 m kənara yerləşdirilmişdir. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçının obyektinə sonradan quraşdırılmış sayğac düzgün işləməmiş və iddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq, “xxxxxxxx” ASC müracitə baxmamışdır. Yoxlama sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılsa da, yoxlama reyetrdə qeydə alınmadan aparılmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamanın tənzimlənməsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi olmadığına görə, yoxlama nəticəsində hesablanmış cərimə qanuni sayıla bilməz. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, obyekt Tahir Quliyevə məxsusdur. X4 bağlanılmışdır. “xxxxxxxx” ASC-nin İddiaçıla heç bir hüquqi münasibəti yoxdur və tərəf olmamalıdır. Sayğacın ekranı (baxış şüşəsi) yerinədədir. Lakin daxilinə baxış keçirilməmişdir. Möhür dəyişdirilməmişdir. Sayğacın daxilində elə bir qurğu yerləşdirilmişdir ki, istənilən vaxt hesablama mexanizmi dayandırıla və işlədilə bilər. Bu faktla bağlı araşdırma aparılır. Yoxlama zamanı reyestrdən çıxarış olmamışdır. Onlar müqavilə tərəfidirlər və yoxlama aparmağa hüquqları var. Sayğac sexin ərazisində yerləşir iddiaçıdan başqa heç kimin sayğaca müdaxilə etmək imkanı yoxdur. Ona görə də, iddianı əsassız sayıb rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qeyri-yaşayış sahəsinin icarəsi haqqında xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, icarəçi İddiaçı Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən texniki oksigen sexini “xxxx” MMC-dən icarəyə götürmüşdür. Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair 020814 nömrəli aprel 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, abonent olaraq texniki oksigen sexinin adından İddiaçı ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş “xxxxxxxx” ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2020-ci il tarixli NDQ № 007657 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Texniki Oksigen sexində elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, xx.xx.2019-cu ildə sayğacın üst qapaq örtüyünün açılması sayğacın yaddaşına düşmüşdür. Sayğacın üst qapaq örtüyünün üst hissəsinə vurulmuş AZS(731313) holoqramı gövdədən açılıb, yenidən yapışdırılmışdır. Sayğacın narıncı rəngli Viko möhürlərində cızıq izləri vardır. Sayğacın alt möhrünün stəkanının daxili divarında cızıq izləri vardır. Həmin möhrün stəkanının daxili arxa divarında yapışqan qırıntıları vardır. Sayğacın yaddaşı oxunan zaman məlum oldu ki, uzun müddət günün müəyyən saatlarında sayğac sxemindən keçən yükü geyd etməmişdir. Daxili sxemində uzaqdan idarə olunan elektron sxem aşkarlanmışdır. Sayğacın möhürləri müdaxiləlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli icra vərəqindən görünür ki, İddiaçı məxsus sexdə aşkar edilmiş pozuntu nəticəsində 425389 kvts itirilmiş elektik enerjisinə görə 0.09 qəpikdən hesablanmaqla iddiaçıya 38285 manat məbləğində cərimə hesablanmışdır. İşin faktiki hallarından göründüyü kimi, “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən sahibkarlıq fəailiyyəti ilə məşğul olan İddiaçı icarə müqaviləsi əsasında işlətdiyi texniki oksigen sexində sayğaca baxış keçirilərək yoxlama aparılmış, həmin yoxlama nəticəsində aşkar edilmiş nöqsanla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq abonentin hesabına 38285 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlama qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1 və 20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə araşdırması zamanı məlum oldu ki, “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə sahibkarlıq fəailiyyəti ilə məşğul olan İddiaçı icarəyə verilmiş texniki oksigen sexində olan sayğaca baxış keçirilərək yoxlama aparılarkən həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Belə olan halda, aparılmış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmadan aparıldığından və bu yoxlamanın hüquqi nəticəsi olmadığından, yoxlama nəticəsində hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən texniki oksigen sexinə (abonent kodu **********1) hesablamış 38285 manat məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli NDQ № 007657 saylı akt əsasında hesablanmış cərimənin məbləği 38728 manat 85 qəpik deyil, məhz 38728 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən texniki oksigen sexinə (abonent kodu **********1) hesablamış 38285 manat məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: RəşadMəmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-620/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-620/2020
27.10.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver