Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-67/2023 05.09.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh təmsil edən X3 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qaytarılması və ya onun dəyərinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin nin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış özünə məxsus 4 ədəd soyuducu-dondurucu kameranın naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda onun ümumi dəyəri olan 126562,57 ABŞ dollarının və əmlakın torpaq sahəsində quraşdırılması üçün xərclənmiş 40000 manat, həmçinin dövlət rüsumu kimi ödəmiş olduğu 545 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildə fiziki şəxs kimi logistika mərkəzinin (soyuducu anbar) yaradılması yönümlü investisiya layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ona 875 000 manat güzəştli kredit vəsaiti ayrılmışdır. Bununla əlaqədar "xxxx" ASC-nin Gəncə filialı ilə aralarında 31 iyul 2014-cü il tarixli 09 saylı kredit müqaviləsi bağlanmış və kreditin təminatı kimi mülkiyyət hüququ üzrə X6 məxsus olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi banka ipoteka ilə yüklü edilmişdir. 04 sentyabr 2014-cü il tarixdə Türkiyə Respublikasının Antalya şəhərindən ümumi dəyəri 126562,57 ABŞ dolları olan, hər birinin tutumu 125 ton olan 4 ədəd soyuducu-dondurucu kamera (anbar) almışdır. Soyuducu-dondurucu kameraların pulunu "xxxx"da olan cari hesabından ona ayrılmış kredit məbləği hesabına ödəmişdir. Soyuducu-dondurucu kameraları bankda ipoteka ilə yüklü edilmiş X6 məxsus olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırmışdır. Soyuducudondurucu kameranın quraşdırılmasına 40000 manat pul xərcləmişdir. Lakin anbarı tam işə salıb gəlir əldə edə bilmədiyi üçün aldığı kredit vəsaitinə görə 6 ay güzəşt verildiyindən həmin müddət ərzində o yalnız faizləri ödəmişdir. Sonradan ödəmə qabiliyyəti olmadığından kredit üzrə ödənişlər edə bilməmişdir. Buna görə tutma ipoteka predmetinə yönələrək torpaq sahəsi bankın mülkiyyətinə keçmişdir. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AN-İN № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi 87 000 manata Cavabdeh MMC-yə satılmışdır. Lakin anbarlar ona məxsus olduğundan ona qaytarılmalı və ya dəyəri ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh MMC ipoteka ilə yüklü edilmiş torpaq sahəsini əldə etmişdir və yalnız torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsi üzərində olan soyuducu anbarlar iddiaçının mülkiyyətidir. Soyuducu anbarlar üzərində cavabdehin hər hansı hüququ mövcud deyildir. Tələb edilən əmlakın torpaqla bağlı əmlak olmadığını və ekspert rəyindən də göründüyü kimi qeyd edilən əmlakın daşınar əmlak olduğunu, qeyd edərək əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, ”Kapital Bank” ASC-dən 14 aprel 2022-ci il tarixində dəyəri ödənilməklə əldə etdiyi əmlakda iddiaçıya məxsus soyuducu-dondurucu kamera mövcud deyildir. Əgər iddiaçı öz iddiasında haqlıdırsa, soyuducu-dondurucu kamerya aid müvafiq sənədləri təqdim etməlidir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Cavabdehi təmsil edən (hüquqi çəxsin rəhbəri) X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, hazırkı əmlak daşınmaz əmlakdır. O, torpaq sahəsini həmin anbarla birlikdə almışdır. Həmçinin ekspert rəyi düzgün deyildir. Əgər ki, 17.5 metr enində, 26.5 m uzunluğunda əmlakın təyinatına tənasübsüz zərər vurulmadan aparılması mümkündürsə iddiaçı gəlib onu apara bilər. Bu şərtlə icazə verir ki, onu bütöv şəkildə götürə bilsinlər. Anbarların iddiaçıya aidiyyəti yoxdur, vergi idarəsinin məktubundan göründüyü kimi iddiaçı elə bir əmlaka sahib olmamışdır. Odur ki, tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində bildirmişdir ki, İddiaçı onun qohumudur. Etibarnamə əsasında İddiaçı sahibkarlıqla bağlı bir çox işlərini həyata keçirir. Həmin anbarı İddiaçı Türkiyə Respublikasından almışdır. Həmin anbar uzun panellələrdən ibarədir. Dəmir konstruksiyalarla yerlə bərkidilmişdir. 2022-ci ilin aprel ayının Nəsirullaya məxsus olan soyuducu anbarın yanında kənar şəxslər görmüş, onlardan orda nə iş gördüklərini soruşulduqda onlar əmlakı torpaq sahəsi ilə birlikdə aldıqlarını bildirmişlər. Somra bank ilə əlaqə saxlamış, bank tərəfindən isə torpaq sahəsinin satıldığı bildirilmişdir. Bu barədə İddiaçı məlumat vermişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2014-cü il tarixli 09 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor- "xxxx" ASC bu müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 875 000 manat məbləğində tranşlarla 60 ay müddətinə kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit borcalana soyuducu anbarın alınıb quraşdırılması məqsədilə verilir. xx.xx.2014-cü il tarixli 01/3 nömrəli ipoteka müqaviləsi ilə kredit müqaviləsinin təminatı kimi X6 məxsus olan ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AN-İN № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi 87. 000 manata Cavabdeh MMC-yə satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 1.60676 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, elektron uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisi İddiaçı (VÖEN **********) tərəfindən 2014-cü il ərzində soyuducu və ya dondurucu avadanlıqlar idxal edilməsinə baxmayarq vergi orqanına hər hansı məlumat (bəyannamə) təqdim edilmədiyi, beləliklə də vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun, idxal edilmiş malların dəyəri əsasında 2014-cü ilin İV rübü üzrə 1985,51 manat sadələşdirilmiş veri hesablandığı müəyyən olunmuşdur. Həmçinin xx.xx.2015-ci il tarixdə İddiaçı məxsus ünvana baxış keçirilmiş, vergi ödəyicisinin hər hansı mal qalığının(əmlakının) olmadığı haqqında müvafiq akt tərtib edilmişdir. xx.xx.2014xx.xx.2015-ci il ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına hər hansı bəyannamə təqdim edilmədiyi, aktiv və öhdəliklər barədə məlumatların olmaması səbəbilə müvafiq dövr üzrə bəyannamələrin sizə təqdim olunması mümkün olmamışdır. “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş məhkəmə-tikinti ekspertizasına dair xx.xx.2023cü il tarixli 10/756 nömrəli ekspert rəyi iş materiallarına əlavə edilmişdir. “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş məhkəmə tikint-texniki ekspertizasına dair xx.xx.2023-cü il tarixli 10/756 nömrəli ekspert rəy iş materiallarına əlavə edilmişdir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, hər iki tərəf sahibkarlıq subyektidir. ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsi X5 mülkiyyətində olmuş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq həmin torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmiş, tutmanın ipoteka predmetinə yönəldilməsi proseduru nəticəsində "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin mülkiyyəti kimi qeydə alınmışdır. Cavabdeh MMC torpaq sahəsinin nülkiyyətçisidir. Məhkəmə qeyd edir ki, daşınar və daşınmaz əmlakların hüquqi rejimləri qanunvericilikdə fərqli olduğundan ilk növbədə mübahisəli əmlakın daşınar və ya daşınmaz olmasınin müəyyən edilməsi mübahisənin həlli baxımından əhəmiyyətli olmuşdur. Bu məqsədlə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı ilə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert qarsışında Cavabdeh MMC-yə məxsus ünvan 1ində yerləşən 1.60576 ha torpaq sahəsində quraşdırılmış soyucudu anbarların torpaqla möhkəm bağlı olmasının, həmin əmlakların təyinatına tənsübsüz zərər vurulmadan yerinin dəyişdirilməsinin mümkünlünün, göstərilən xüsusiyyətlər müəyyən edilməklə həmin əmlakların daşınar yaxud daşınmaz əmlak olmasının müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Ekspert rəyinin təqdiqat hissəsində qeyd edilmişdir ki, təqdim olunmuş torpaq sahəsində yerləşən 17.5 metr enində, 26.5 m uzunluğunda yer səthindən təqribən 1.3 m hündürlüyündə beton dirəklər qurşadırılaraq araları hörülmüş, divarları suvanmış, üstünə beton tökülmüş olması baxış zamanı müəyyən olunmuşdur. Eyni zamanda baxış zamanı müəyyən olunmuşdur ki, inşa olunmuş kürsü hissəsində quraşdırılmış anker boltların üzərinə bolt-qayka ilə bərkidilməklə metal konstruksiya yığılaraq, divarları 10 sm qalınlığında sendvic panellərdən qurulmuşdur. Həmçinin tikilinin dəmir ferma ilə yığılaraq, üzərinə dəmir təbəqə vurulmuşdur. Soyucu anbarın qaynaq vasitələri ilə bərkidilən metal konstruksiya texnoloqiya uyğun şəkildə sökülməsinin mümkün olduğunu nəzərə alaraq, soyuducu anbarlar torpaqla möhkəm bağlı olmadığı və həmin soyuducu anbarların təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olduğu müəyyən edilir. Tədiqat aparmış ekspert rəyin tədqiqat hissədində göstərilənləri nəzərə alaraq soyuducunu daşınar əmlak hesab etmişdir. Məhkəmə ekspert rəyinin məzmununu təhlil edilərək əvvəlcə onu qeyd edir ki, əgər əmlak daşınardırsa, daşınar sözünün mənasından başa düşüldüyü kimi, bu cür əşyanın ən azından hər hansı bir nəqliyyat vasitəsi bir yerdən başqa yerə aparılması mümkün olmalıdır. Ekspert obyektə baxış keçirir, obyektin 17.5 metr enində, 26.5 metr uzunluğunda metal-beton konstruksiyadan ibarət və eyni zamanda üzərində dəmirdən dam örtüyünün olmasını müəyyən edir. Lakin, onu daşınar əşya sayır. Məhkəmə hesab edir ki, eni 17.5 metr, uzunluğu 26.5 metr olan və eyni zamanda üzərində dəmir dam örtüyü olan, metalbeton konstruksiyalı bir obyektin bütöv şəkildə bir yerdən başqa yerə daşınması qeyrimümkündür. Ekspert rəyində onu da göstərir ki, beton dirəklər qurşadırılaraq araları hörülmüş, divarları suvanmış, üstünə beton tökülmüşdür, anker boltların üzərinə bolt-qayka ilə bərkidilməklə metal konstruksiya yığılmışdır. Ekspert, soyuducu anbarın qaynaq vasitələri ilə bərkidilən metal konstruksiya texnoloqiya uyğun şəkildə sökülməsini mümkün saymışdır. Ekspert rəyinin məzmunundan aydın olur ki, ekspert əmlaka baxış keçirərkən daşınmaz əmlaka xas olan bütün əlamətləri aşkar etmişdir. Rəydən açıq-aşkar şəkildə görünür ki, soyuducu anbarın yalnız sökülməklə həmin yerdən götürülməsi mümkündür. Məhkəmə qeyd edir ki, obyektin yerinin ekspert rəyində qeyd olunan üsulla dəyişdirilməsi soyuducu anbarın deyil, anbarın tikilməsində və quraşdırılmasında istifadə onunan materialların ayrı-ayrılıqda götürülməsi anlamını verir. Bir halda ki, soyuducu anbar sökülməklə götürülür, onun təyinatının pozulması və bununla da tənasübsüz zərərə məruz qalması halı qaçılmazdır. Qeyd olunanlara əsasən mübahisəli obyektin daşınmaz əmlak olması aşkara çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. “İpoteka haqqında Qanunun” 51.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. Həmin Qanunun 51.3-cü maddəsinə əsasən ipoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir. 52-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir. Hazırkı iş üzrə iddiaçı və cavabdeh ipoteka müqaviləsində tərəf olmamışlar. Ona görə də qanunun ipoteka saxlayana və ipoteka qoyana aid müddəaları onlara şamil edilmir. Lakin, işin belə bir halı da mövcuddur ki, "xxxx" ASC ipoteka saxlayan olmuş və torpaq sahəsini öz mülkiyyətinə qəbul etmiş olduğu vəziyyətdə Cavabdeh MMC-yə satmışdır. “İpoteka haqqında Qanunun” 53-cü maddəsində üçüncü şəxsə məxsus bina, tikili və ya qurğuların yerləşdiyi torpaq sahəsinin ipotekası ilə bağlı müddəalar yer almışdır. Həmin maddədə göstərilir ki, ipoteka qoyana deyil, başqa şəxsə məxsus olan binanın, tikilinin və ya qurğunun yerləşdiyi torpaq sahəsinin ipoteka qoyulduğu halda, ipoteka saxlayan həmin sahəyə tutma yönəltdikdə və o satıldıqda, ipoteka qoyanın həmin şəxs barəsində hüquq və vəzifələri sahəni alana keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Valentina Akimova (Akımova) Azərbaycana qarşı iş üzrə qəbul edilmiş 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyəti” anlayışı müstəqil mənaya malikdir, o təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən normalar iddia tələbinin qanuni əsasının olmamasını göstərir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyi isə tələb etmək imkanını vermiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.2-ci maddəsinə əsasən ekspertizanın aparılmasını bu Məcəllənin 101.1-ci maddəsində göstərilən müddətlərdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə məhkəməyə dərhal məlumat verilir. Bu halda tədqiqatların mürəkkəblik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti məhkəmə ilə yazılı formada razılaşdırılır. 101.3-cü maddəsinə əsasən ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İdda tələbi təmin edilməsin. Ödənilmiş 145 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X2, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-67/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-67/2023
05.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver