Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-78/2023 05.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə Cavabdeh İB-nin X4 İdarəsinin Tərtər rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 2458,90 (iki min dörd yüz əlli səkkiz manat doxsan qəpik) manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonunun Qarağacı kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olur, həmin kənddə tam qanuni əsaslarla fəaliyyət göstərən qeyri-yaşayış binası (kafe) vardır. 08 iyun 2022-ci il tarixdə cavabdeh X4 İstismar İdarəsinin Bərdə Xidmət sahəsinin əməkdaşları əvvəlcədən heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən onun sözügedən obyektinə gələrək obyektin qaz təchizatını dayandırmış və bu barədə xx.xx.2022-ci il tarixli ******* saylı Akt tərtib edərək getmişlər. Sözügedən Aktda qeyd edilmişdir ki, “plastmas qapağın ətrafında yapışdırıcı maddə aşkar olundu. Sayğacın daxilinə baxış keçirildi, baxış zamanı müəyyən olundu ki, rəqəmli dişli çarxların üzərində kənar təsir (cızıq izləri) mövcuddur. Sayğacda sızma aşkar edildi, sınaq qurğusunda yoxlamaq mümkün deyil”. Bu səbəbdən də 2485,90 manat cərimə borcunun olması barədə “Abonent Saldosu” verilmişdir. Sözügedən sayğac qaz idarəsinin əməkdaşları tərəfindən qeyri-yaşayış binasının yaxınlığında olan çoxillik çinar ağacına bərkidilmişdir. Bu günlərdə əsən güclü külək sayəsində həmin çinar ağacı aşmış və sözügedən sayğac çinar ağacının altında qalmışdır. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə Cavabdeh İB-nin X4 İdarəsinin Tərtər rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 2160 (iki min yüz altmış) manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, qaz sayğacı ona məxsus kafedən kənarda yerləşən çoxillik çinar ağacına bərkidilmişdi. Güclü külək həmin ağacı aşırmışdır. O dərhal qaz idarəsinin əməkdaşlarına məlumat vermiş, əməkdaşlar gəlib hadisə yerinə baxmış və sayğacı yapışqanla yapışdırıb yenidən quraşdırmışlar. Bir müddət sonra qaz idarəsinin əməkdaşları heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən onun sözügedən obyektinə gələrək obyektin qaz təchizatını dayandırmış, akt tərtib edərək getmişlər. Həmin akt əsasında ona cərimə hesablanmışdır. Lakin onun həmin sayğacın zədə almasında hər hansı bir təqsiri yoxdur. Həmçinin bütün yoxlamalar onun iştirakı və məlumatı olmadan aparılmışdır. Həmçinin iddia ərizəsində 2485,90 manat cərimə borcunun silinməsini xahiş etsə də, ona yazılan cərimənin məbləği 2160 manatdır, qalan borc isə onun qazdan istifadə nəticəsində yaranan borcudur. Qeyd etdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X2 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh nümayəndələri tərəfindən kafeyə baxış keçirilmiş, baxış zamanı kafeyə quraşdırılmış qaz sayğacında müdaxilə halı aşkar edilmişdir. Sayğacın müayinəsi zamanı sayğacın yivli birləşmələrinin deformasiyaya uğrayıb, zavod nömrə olan lövhə yararsız halda, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib xətalar normalara uyğun olmadığı müəyyən olunmuşdur. Bununla da Cavabdehnə 2160 manat ziyan dəymişdir. İddiaçı iddia ərizəsində isə 2458,90 manat əsassız borcun silinməsini tələbini qoymuşdur. 298,90 manat əlavə olaraq istifadə etdiyi təbii qazın borcunu da dəymiş ziyan kimi göstərmişdir. Cavabdeh nümayəndəsi X2 həmçinin məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli MS-29/1640-00531-12 saylı Akdan görünür ki, sayğaca baxış keçirildi və plastmas papağın ətrafında yapışdırıcı maddə aşkar olundu. Sayğacın daxilinə baxış keçirilən zaman müəyyən olundu ki, rəqəmli dişli çarxların üzərində kənar təsir (cızıq izləri) mövcuddur.Sızma aşkar edildi, sınaq qurğusunda yoxlamaq mümkün deyil. İş materiallarında olan təbii X1 pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli Akdan görünür ki, MS-29/1640-00531-12 saylı akta əsasən sayğaca baxış keçirildi və plastmas qapağın ətrafında yapışdırıcı maddə aşkar olundu. Sayğacın daxilinə baxış keçirilən zaman müəyyən olundu ki, rəqəmli dişli çarxların üzərində kənar təsir (cızıq izləri) mövcuddur. Sızma aşkar edildi, sınaq qurğusunda yoxlamaq mümkün deyil. Sayğac yenisi ilə əvəz edilməli, sayğacın dəyəri və dəymiş ziyan abonent tərəfindən ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli 29/1640-00531-12 nömrəli aktına əsasən G-4 markalı **********8 nömrəli sayğacın daxilinə baxış keçirildi və baxış zamanı müəyyən olundu ki, rəqəmli dişli çarxların üzərində kənar təsir (cızıq izləri) mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən eidlmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın bərpa edilməsi, G-4 markalı qaz sayğacının normal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. Cəmi 8640 m3. İş materillarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2022-ci il üzrə İddiaçı akt əsasında 2160 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “X1 təsdiq edilməsi haqqında” Qanunun 4.9-cu maddəsinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinəqaydaların görə istehlakçı vəsait ödəməlidir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki iş materiallarında olan qaz sayğacının yoxlama aktlarından və həmin aktlar əsasında tərtib edilmiş tələbnamədən görünür ki, yoxlama zamanı sayğaca baxış keçirilmiş, sayğacın plastmas qapağın ətrafında yapışdırıcı maddə aşkar olunmuş, rəqəmli dişli çarxların üzərində kənar təsir (cızıq izləri) mövcud olmuş, sızma aşkar edilmiş, sınaq qurğusunda yoxlamaq mümkün olmamışdır. Lakin sayğacın baxışı zamanı müəyyən edilən halların məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) səbəbindən baş verməsi müəyyən olunmur. Belə olan halda cavabdeh istehlakçının təqsirli hərəkətlərinə (hərəkətsizliyinə), habelə tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinə əsasən müəyyən edilmiş vəzifələrini icra etməməsinə əsaslanaraq dəymiş ziyanı bərpa etməkdə haqlı olmamışdır. Həmçinin cavabdeh tərəfindən aparılmış yoxlama yuxarıda sadalanan qanunların tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Belə olan halda dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 2160 manat məbləğində borcun silinməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 30 iyul 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında İddiaçı məxsus kağız sexinə hesablanmış 2160 manat məbləğində borc **********00000 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-78/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-78/2023
05.01.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver