Məhkəmə qərarları › İş №e-2-2(117)-1295/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1295/2024

19.09.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1295/2024 19.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 806.40 manat, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 795.20 manat, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 288 manat, xx.xx.2024-cü il tarixli inventar aktı əsasında hesablanmış 6292 manat, cəmi 8181.60 manat əsassız borcun silinməsi və ödənilmiş 102 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 806.40 manat, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 795.20 manat, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 288 manat, xx.xx.2024-cü il tarixli inventar aktı əsasında hesablanmış 6292 manat, cəmi 8181.60 manat əsassız borcun silinməsi və ödənilmiş 102 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ-Ləzə yolunun kənarında özünə məxsus kafedə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Alqı-satqı müqaviləsi əsasında ona məxsus obyekt qazla təmin olunmuşdur. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2018-ci il ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 806.40 manat, xx.xx.2019-cu il ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 795.20 manat, xx.xx.2020-ci il ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 288 manat və xx.xx.2024-cü il tarixli inventar aktı əsasında 6292 manat cərimə hesablanmışdır. Cərimələr əsassız hesablandığından obyektə yazılmış borcun abonent hesabından silinməsini məhkəmədən xahiş etmişdir. İş materialları kimi məhkəməyə aktlar və tələbnamələr təqdim edilmişdir: xx.xx.2018-ci il tarixli akta əsasən restoranda olan qaz cihazlarının quraşdırılmış qaz sayğacının maksimal sürətindən artıq olduğu aşkarlanmış və bundan sonra xx.xx.2018-ci il tarixində tələbnamə tərtib edilərək 4032 m3 qaz sərfiyyatının dəyəri olan 806.4 manat borc hesablanmışdır. xx.xx.2019-ci il tarixli akta əsasən qaz sayğacında hesablayıcı mexanizmin işləməməsi aşkarlanmış və bundan sonra xx.xx.2019-ci il tarixində tələbnamə tərtib edilərək 3976 m3 qaz sərfiyyatının dəyəri olan 795.2 manat borc hesablanmışdır. xx.xx.2020-ci il tarixli akta əsasən qaz sayğacından keçən havanın qeyd olunmaması aşkarlanmış və bundan sonra xx.xx.2020-ci il tarixində tələbnamə tərtib edilərək 1440 m3 qaz sərfiyyatının dəyəri olan 288 manat borc hesablanmışdır. Əlavə olaraq iddiaçıya məxus obyektə xx.xx.2024-cü il tarixində akt tərtib edilmiş və həmin akta əsasən obyektə 25168 m3 qaz sərfiyyatının dəyəri olan 6292 manat cərimə hesablanmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus abonent saldosundan da görünür ki, həqiqətən də xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2024-cü il tarixlərdə sayğacla bağlı aktlar tərtib edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli cavabdehə ünvanlanmış sorğusuna əsasən, qeyd edilmiş yoxlamaların sahibkarlıq subyektlərində yoxlamaların aparılması qaydalarına uyğun qeydiyyatdan keçib-keçməməsi ilə bağlı sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Lakin Cavabdeh İB tərəfindən bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində məhkəmə bildirişi rəsmi qaydada yerləşdirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində Cavabdeh nümayəndəsi tərəfindən etiraz məhkəməyə təqdim edilmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi təmin edilməməlidir, iddiaçı tərəf fəaliyyəti dövründə bir neçə dəfə qazdan istifadə qaydalarının tələblərini pozmuşdur, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2024-cü il tarixlərdə iddiaçıya aid qaz sayğacına əsaslı şəkildə borc hesablanmışdır. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara aktlar, tələbnamələr, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus Qəbələ rayonunda yerləşən kafedəki sayğaca baxış keçirilmiş və xx.xx.2018-ci il ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 806.40 manat, xx.xx.2019cu il ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 795.20 manat, xx.xx.2020-ci il ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 288 manat və xx.xx.2024-cü il tarixli inventar aktı əsasında 6292 manat cərimə hesablanmışdır. İş materialları kimi məhkəməyə aktlar və tələbnamələr təqdim edilmişdir: xx.xx.2018-ci il tarixli akta əsasən restoranda olan qaz cihazlarının quraşdırılmış qaz sayğacının maksimal sürətindən artıq olduğu aşkarlanmış və bundan sonra xx.xx.2018-ci il tarixində tələbnamə tərtib edilərək 4032 m3 qaz sərfiyyatının dəyəri olan 806.4 manat borc hesablanmışdır. xx.xx.2019-ci il tarixli akta əsasən qaz sayğacında hesablayıcı mexanizmin işləməməsi aşkarlanmış və bundan sonra xx.xx.2019-ci il tarixində tələbnamə tərtib edilərək 3976 m3 qaz sərfiyyatının dəyəri olan 795.2 manat borc hesablanmışdır. xx.xx.2020-ci il tarixli akta əsasən qaz sayğacından keçən havanın qeyd olunmaması aşkarlanmış və bundan sonra xx.xx.2020-ci il tarixində tələbnamə tərtib edilərək 1440 m3 qaz sərfiyyatının dəyəri olan 288 manat borc hesablanmışdır. Əlavə olaraq iddiaçıya məxus obyektə xx.xx.2024-cü il tarixində akt tərtib edilmiş və həmin akta əsasən obyektə 25168 m3 qaz sərfiyyatının dəyəri olan 6292 manat cərimə hesablanmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus abonent saldosundan da görünür ki, həqiqətən də xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2024-cü il tarixlərdə sayğacla bağlı aktlar tərtib edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna əsasən, qeyd edilmiş yoxlamaların sahibkarlıq subyektlərində yoxlamaların aparılması qaydalarına uyğun qeydiyyatdan keçib-keçməməsi ilə bağlı sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Lakin Cavabdeh İB tərəfindən bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixində cavabdeh tərəf etirazla məhkəməyə müraciət edərək iddia tələbinin əsassız olduğunu bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Lakin bununla bağlı hər hansı əsaslı sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçının adına dövlət orqanları tərəfindən açılmış yoxlamaların siyahısına baxılmış, lakin qeyd olunmuş tarixlərə iddiaçının adına açılmış hər hansı bir yoxlama qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılan yoxlamalar qanunsuz olduğundan iddia təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. 2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yuxarıda qeyd edilən Qanunun tələblərindən də göründüyü ki, cavabdeh hətta iddiaçıya tərtib etdiyi yoxlama aktları ilə bağlı müvafiq dövlət reyestrindən keçməsini fərz etsək belə iddiaçıya münasibətdə həmin aktlarda əsaslanılmış “restoranda olan qaz cihazlarının quraşdırılmış qaz sayğacının maksimal sürətindən artıq olması, qaz sayğacında hesablayıcı mexanizmin işləməməsi və qaz sayğacından keçən havanın qeyd olunmaması” əsasları ilə müvafiq yoxlama keçirə bilməzdir. Belə ki, yxarıda qeyd edilən Qanunun 2.1-ci maddəsinin təlbinə görə həmin orqan hazırkı əsaslar üzrə iddiaçıya münasibətdə yalnız “sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar” apara bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı məxsus sahibkarlıq subyektində aparılmış yoxlama qanunvericiliyin tələbinə riayət etməməklə qanunsuz aparıldığından yoxlama zamanı tərtib edilmiş aktlara əsasən hesablanmış 8181.6 manat borc İddiaçı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 102 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 806.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 795.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 288 manat, xx.xx.2024-cü il tarixli inventar aktı əsasında hesablanmış 6292 manat, cəmi 8181.60 olmaqla, borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 102 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçıya geri ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar