Məhkəmə qərarları › İş №e-2-2(117)-1317/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1317/2022

28.09.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1317/2022 28.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “barəsində hesablanmış 6083,71 manat borcun hesabından silinməsi və çəkilmiş xərclərin (dövlət rüsumları, ezamiyyət xərcləri (30+110+65+65=270 manat)) cavabdehdən tutulması” tələbi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC-nin Qəbələ rayonu ərazisində yerləşən artezian qurğularında elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə qaydalarına” riayət olunmasının vəziyyəti yoxlanarkən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Şimal-qərb RETSİ-nin əməkdaşları tərəfindən transformatorda yaranmış texniki itkinin nəzərə alınmadığı müəyyən edilərək NDQ 011148 nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə abonentə "xxxx" ASC-nin X3 Təchizatı və Satışı İdarəsinin Qəbələ Elektrik Şəbəkəsi tərəfindən ünvanlanan xəbərdarlıq məktubunda xx.xx.2022-ci il tarixli, NDQ 011148 nömrəli akta əsasən hesablanmış 6083,71 manat məbləğin ödənilməsi tələb edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, VÖEN üzrə hüquqi şəxsin adı "xxxx" MMC -yə dəyişdirilmişdir. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən "xxxx" MMC-nin artezian qurğularında elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə qaydalarına” riayət olunmasının vəziyyəti yoxlanarkən transformatorda yaranmış texniki itkinin nəzərə alınmadığı əsas gətirərək xx.xx.2022-ci il tarixli, NDQ 011148 nömrəli akt tərtib olunmuş, həmin akta əsasən 6083,71 manat itkiyə görə ödəniş tələb olunmuşdur. "xxxx" MMC-yə məxsus artezian qurğularını qidalandıran 160 kva transformator 35/10 kvluq “Qəbələ” yarımstansiyasından çıxan 10 kv-luq PŞ-dən üç çıxış mövcuddur ki, fiderlərdən biri maldarlıq fermasının, ikincisi artezian qurğularına, üçüncüsü isə ətrafda yaşayış evlərini elektrik enerjisi ilə təmin edir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.10-cu maddəsində göstərildiyi kimi, əgər transformatordan əhali (məişət abonenti) istifadə edirsə texniki itki hesablanmamalıdır. Odur ki, "xxxx" MMC-yə məxsus artezian transformatoru üçün əsassız olaraq hesablanmış 6083,71 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etirazı və etiraza əlavə edilmiş sənədləri məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı MMC X1 adına olmaqla "xxxx" ASC-nin enerji satış bazasında **********0 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı MMC-nin (artezian, maldarlıq) elektrik xətlərinə və sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı abonentə məxsus transformatora texniki itkinin hesablanmadığı aşkar edilmiş və müəyyən olunmuş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun olaraq xx.xx.2022-ci il tarixli, NDQ 011148 saylı akt tərtib edilmişdir. Abonentin qidalandığı 35/10 kv-luq transformator onun balansındadır və qarşılıqlı hesablaşmalarda transformator itkisinin nəzərə alınmadığı müəyyən edilmişdir. Sözügedən akt əsasında "xxxx" ASC-nin akt komissiyası tərəfindən 0.09 manatla 64559 kvt.s (dəyəri 5810,31 manat) və 0,10 manatla 2734 kvt.s (dəyəri 273,40 manat), cəmi 6083,71 manat dəyərində transformator itkisi hesablanmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli MXİ0094 saylı protokolu ilə NDQ 011148 saylı akt əsasında hesablanmış 6083,71 manat transformator itkisinin 2326 manatı abonentin hesabından silinmiş, abonentin hesabında 3757,71 manat transformator itkisi saxlanılmışdır (6083,71-2326=3757,71). İddiaçı itirilmiş enerjinin bərpasına əsasən razılaşaraq qismən ödəniş etmiş və xx.xx.2022-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 869,98 manat borcu vardır. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərtib edilmiş qüsur aktı ilə razılaşmışdır. İddiaçıya hesablanmış 6083,71 manat transformator itkisi “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun hesablanmış və hesablanmış məbləğ iddiaçı tərəfindən tam şəkildə ödənilməlidir. Odur ki, iddia tələbini əsassız hesab edərək, rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosundan müəyyən edilir ki, abonentə xx.xx.2022-ci il tarixdə NDQ 011148 saylı akt əsasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 6083,71 manat borc hesablanmış və xx.xx.2022-ci il tarixli protokol əsasında iddiaçının hesabından 2326 manat borc silinmiş və sonuncunun aktlar bölməsində ödənilməmiş 3551,31 manat borcu qalmışdır. "xxxx" MMC tərəfindən cavabdeh "xxxx" ASC-nin etirazına münasibət olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdən İddiaçı MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Cavabdehin etirazda qeyd edilən itirilmiş enerjinin bərpasına görə qismən razılaşaraq müəssisə tərəfindən ödəniş edilməsi yanlışdır. Belə ki, həmin vəsait avans olaraq qabaqcadan ödənilmişdir. Bununla bağlı ödəniş sənədləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş sənədinin ödənişin təyinatı və əsas bölməsindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ödəniş EBCC 637691, 637692, 637698 + AVANS adı altında həyata keçirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixdə X3 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, 35/10 kv-luq Qəbələ yarımstansiyasından çıxan 10 kv-luq Bum hava xəttindən qidalanan ******* inventar kodlu kompleks transformator məntəqəsi (KTM) **********5 əsas vəsait kodu altında "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-in X2 balansındadır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, Məktub, Abonent haqqında məlumat cədvəlləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları F.Cavadov, T.Əzizov və R.Musayev tərəfindən Qəbələ şəhərində yerləşən "xxxx" MMC-nin (artezian, maldarlıq) elektrik xətlərinə və sayğac uçot dəstinə baxış keçirilmiş, baxış zamanı abonentə məxsus transformatora texniki itkinin hesablanmadığı aşkar edilmiş və müəyyən olunmuş pozuntu ilə əlaqədar xx.xx.2022-ci il tarixli, NDQ 011148 saylı akt tərtib edilmiş, həmin akt əsasında abonentə 6083,71 manat transformator itkisi üzrə borc hesablanmışdır. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etirazında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı MMC-nin (artezian, maldarlıq) elektrik xətlərinə və sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı abonentə məxsus transformatora texniki itkinin hesablanmadığı aşkar edilmiş və müəyyən olunmuş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun olaraq xx.xx.2022-ci il tarixli, NDQ 011148 saylı akt tərtib edilmişdir. Abonentin qidalandığı 35/10 kv-luq transformator onun balansındadır və qarşılıqlı hesablaşmalarda transformator itkisinin nəzərə alınmadığı müəyyən edilmişdir. Sözügedən akt əsasında "xxxx" ASC-nin akt komissiyası tərəfindən 0.09 manatla 64559 kvt.s (dəyəri 5810,31 manat) və 0,10 manatla 2734 kvt.s (dəyəri 273,40 manat), cəmi 6083,71 manat dəyərində transformator itkisi hesablanmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli MXİ0094 saylı protokolu ilə NDQ 011148 saylı akt əsasında hesablanmış 6083,71 manat transformator itkisinin 2326 manatı abonentin hesabından silinmiş, abonentin hesabında 3757,71 manat transformator itkisi saxlanılmışdır (6083,71- 2326=3757,71). İddiaçı itirilmiş enerjinin bərpasına əsasən razılaşaraq qismən ödəniş etmiş və xx.xx.2022-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 869,98 manat borcu vardır. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərtib edilmiş qüsur aktı ilə razılaşmışdır. İddiaçıya hesablanmış 6083,71 manat transformator itkisi “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun hesablanmış və hesablanmış məbləğ iddiaçı tərəfindən tam şəkildə ödənilməlidir. Odur ki, iddia tələbini əsassız hesab edərək, rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosundan müəyyən edilmişdir ki, abonentə xx.xx.2022-ci il tarixdə NDQ 011148 saylı akt əsasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 6083,71 manat borcu hesablanmış və xx.xx.2022-ci il tarixli protokol əsasında iddiaçının hesabından 2326 manat borc silinmiş və sonuncunun aktlar bölməsində ödənilməmiş 3551,31 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisə predmeti olan akt tərtib edilərkən abonentə xidmət edən transformatora texniki itkinin hesablanmadığı aşkar edilmiş və müəyyən olunmuş pozuntu ilə əlaqədar abonentə 6083,71 manat transformator itkisi üzrə borc hesablanmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı texniki itkinin ona hesablanmalı olmadığını, cavabdeh isə hesablanmalı olduğunu iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.10-cu bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Göründüyü kimi, qanunvericliyin tələbinə əsasən istehlakçıya o halda elektrik enerjisi itkiləri hesablana bilər ki, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulsun və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırılmış olsun. Yəni, transformator istehlakçının balansında olduqda ona texniki itki hesablana bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçının elektrik enerjisi ilə təmin olunduğu 35/10 kv-luq Qəbələ yarımstansiyasından çıxan 10 kv-luq Bum hava xəttindən qidalanan ******* inventar kodlu kompleks transformator məntəqəsi istehlakçı olan iddiaçının deyil (KTM) **********5 əsas vəsait kodu altında "xxxx" ASC-nın Şimal-Qərb RETSİ-nin X2 balansındadır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.10-cu bəndinə zidd və heç bir hüquqi əsas olmadan iddiaçıya elektrik enerjisi itkilərinə görə borc hesablamışdır. Cavabdehin hərəkətləri qanunsuz olduğundan hesablanmış borc məbləği də qanunsuz hesablamanın nəticəsidir. Bundan başqa cavabdehin iddiaçı tərəfindən itirilmiş enerjinin bərpasına əsasən razılaşaraq qismən ödəniş etməsinə dair etiraz dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının etirazın dəlillərinə münasibətində də qeyd etdiyi kimi həmin vəsaitin ödəniş təyinatının avans olması məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən də görünür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş sənədinin ödənişin təyinatı və əsas bölməsindən müəyyən edilmişdir ki, ödəniş EBCC 637691, 637692, 637698 + AVANS adı altında həyata keçirilmişdir. Odur ki, cavabdehin etirazının bu dəlilini də məhkəmə əsassız hesab edir. Bunlardan başqa iddiaçı cavabdehin hərkətləri nəticəsində ona 6083,71 manat borcun hesablandığını və həmin borcun silinməli olduğunu iddia etsə məhkəmə araşdırması zamanı iddiaçının abonent hesabından müəyyən edildiyi kimi, abonentə xx.xx.2022-ci il tarixdə NDQ 011148 saylı akt əsasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 6083,71 manat borcu hesablanmış və xx.xx.2022-ci il tarixli protokol əsasında iddiaçının hesabından 2326 manat borc silinmiş və sonuncunun aktlar bölməsində ödənilməmiş 3551,31 manat borcu qalmışdır. Göründüyü kimi iddiaçıya 6083,71 manat borc hesablansa da cavabdeh xx.xx.2022ci il tarixli protokol əsasında iddiaçının hesabından 2326 manat borcu silmiş və sonuncunun aktlar bölməsində ödənilməmiş 3551,31 manat borcu qalmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya 011148 saylı akt əsasında 3551,31 manat borc hesablandığından iddia qismən təmin edilməli, iddiaçıya əsassız hesablanmış 3551,31 manat borc məbləği silinməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 80,83 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçıdan 33,64 manat, cavabdehdən isə 47,19 manat dövlət rüsumu tutulmalıdır. İddiaçı mediayasiya xərci olaraq 110 manat ödədiyindən məhkəməyə müraciət etmək imkanı əldə etmək üçün rüsum ödəməkdəkdən azad olunsa da sonuncu tərfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Bu baxımdan iddiaçıdan ödənilməmiş 3,64 manat dövlət rüsumu tutumalıdır. Eyni zamanda iddiaçı tərəfindən 110 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 110 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu da qeyd edir ki, 110 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 47,19 manat dövlət büdcəsinə və iddiaçıdan 3,64 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 110 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 3,64 manat dövlət rüsumu çıxılmaqla 106,36 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 3,64 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 47,19 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 50,83 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən iddia tələbində göstərilən, ezamiyyət xərcləri olaraq nəzərdə tutulan (65+65=130 manat) məbləğə dair iş materiallarında hər hansı sübut olmadığından məhkəmə hesab edir ki, bu xərclər tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin barəsində hesablanmış 3551,31 manat borc onun hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 106,36 manat mediasiya xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. Ödənilməmiş 50,83 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar