Məhkəmə qərarları › İş №e-2-2(117)-1350/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1350/2022

31.08.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1350/2022 31.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı xx.xx.2022-ci il tarixli 01385 nömrəli və 010451 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 14811 manat borcun əsassız hesab edilməklə hesabdan silinməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2022-ci il tarixli 01385 nömrəli və 010451 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 14811 manat borcun əsassız hesab edilməklə hesabdan silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Hazırki iş üzrə elektron qaydada imzalanmış iddia ərizəsində cavabdehin adı, hüquqi ünvanı və digər rekvizitləri göstərilməmişdir. Bundan başqa iddiaçının diqqətinə çatdırılır ki, kağız daşıyıcıda tərtib edilmiş iddia ərizəsində Azərişıq ASC X2 Enerji Təchizatı və Satış İdarəsi cavabdeh qismində müəyyən edilsə də, hazırki iddia tələbi üzrə cavabdeh Azərişıq ASC-dir. Belə ki, mübahisə predmeti olan aktlar hüquqi şəxs Azərişıq ASC-nin əməkdaşları tərəfindən tərtib edilməklə mübahisə predmeti olan borc hesablanmış, Azərişıq ASC X2 Enerji Təchizatı və Satış İdarəsi hüquqi şəxs deyildir. Bundan əlavə aktların ləğvi barədə iddia tələbinə məhkəmədə baxılmalı deyildir. Belə ki, mübahisə predmeti olan aktlarla məsuliyyət müəyyən edilmədiyindən, həmin aktlar məlumat xarakteri daşımaqla iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb olmadığından və özündə yalnız qüsurları müəyyən etdiyindən aktın mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göründüyü kimi, mübahisə predmeti olan aktlar abonentin hüquqlarına müdaxilər etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının aktların ləğv edilməsi tələbinə məhkəmədə baxılmalı deyildir. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 1 İddiaçı xx.xx.2022-ci il tarixli 01385 nömrəli və 010451 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 14811 manat borcun əsassız hesab edilməklə hesabdan silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar