Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1380/2025 19.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin **********00010 saylı abonent kodunun “qalıq və aktlar” bölməsində qeydə alınan 2011-ci ilin yanvar ayında 1100 manat, 2014-cü ilin yanvar ayında 700 manat, 2016-cı ilin yanvar ayında 160 manat, 2016-cı ilin fevral ayında 1152 manat, 2017-ci ilin dekabr ayında 2052 manat, 2023-cü ilin aprel ayında 540 manat, ümumilikdə 5704 manat əsassız yazılmış borcun silinməsi və ödənilmiş rüsumun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə qarşı “iddiaçıya məxsus qeyriyaşayış sahəsinin **********00010 saylı abonent kodunun “qalıq və aktlar” bölməsində qeydə alınan 2011-ci ilin yanvar ayında 1100 manat, 2014-cü ilin yanvar ayında 700 manat, 2016-cı ilin yanvar ayında 160 manat, 2016-cı ilin fevral ayında 1152 manat, 2017ci ilin dekabr ayında 2052 manat, 2023-cü ilin aprel ayında 540 manat, ümumilikdə 5704 manat əsassız yazılmış borcun silinməsi və ödənilmiş rüsumun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün Cavabdeh İB-yə müraciəti əsasında layihə smeta sənədləri hazırlanmış, ünvanda sonuncu dəfə xx.xx.2022-ci il tarixdə G65 markalı 75161036 saylı sayğac quraşdırılmış və nəhayət xx.xx.2023-cü il tarixdə bağlanılmış AMX0848 nömrəli alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə təbii qaz verilmişdir. Keçən müddət ərzində isə aylıq istifadə olunan qazın dəyəri təqdim edilən faktura əsasında tam şəkildə ödənilmişdir. Fəaliyyəti dövründə onun iştirakı və məlumatı olmadan 2011-ci ilin yanvar ayında 1100 manat, 2014-cü ilin yanvar ayında 700 manat, 2016-cı ilin yanvar ayında 160 manat, 2016-cı ilin fevral ayında 1152 manat, 2017-ci ilin dekabr ayında 2052 manat, 2023-cü ilin aprel ayında 540 manat, ümumilikdə qalıq və aktlar bölməsində 5704 manat akt əsasında əlavə cərimələr yazılmışdır. Qeyd olunan ayrı-ayrı tarixlərdə yazılmış cərimələr, o cümlədən 2011-ci ilin yanvar ayında 1100 manat, 2014-cü ilin yanvar ayında 700 manat, 2016-cı ilin yanvar ayında 160 manat cərimələrin ümumiyyətlə sənədləri mövcud deyildir. Digərlərinə münasibətdə xx.xx.2016-cı il tarixli 096725 saylı akt əsasında 1152 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 2052 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 540 manat cərimələr yazılmışdır. Belə ki, cavabdehin nümayəndələrinin tərtib etdiyi xx.xx.2016-cı il tarixli 096725 saylı aktda istehlakçının nümayəndəsi kimi Ceyhun Dəmirov göstərilmişdir. Qeyd edilən şəxsin onunla heç bir əlaqəsi və tanışlığı yoxdur. Digər tərəfdən akt tərtib edərkən guya “müəssisədə istifadə edilən cihazlar sayğaca uyğun deyil, sayğac səslə işləyir, LLS-də istifadə edilən cihazlar yazılmayıb” kimi qeydlər edilmişdir. Bundan əlavə cavabdehin nümayəndələrinin növbəti dəfə tərtib etdiyi xx.xx.2017-ci il tarixli ******* saylı aktda istehlakçının nümayəndəsi kimi onun adı göstərilsə də, onun iştirakı və məlumatı olmamışdır. Digər tərəfdən akt tərtib edərkən guya “obyektdə layihə smeta sənədlərində nəzərdə tutulmayan işlədicilər quraşdırıldığı, istismarda olan qaz avadanlıqlarının maksimal saatlıq gücü G-6 markalı sayğacın maksimal saatlıq gücündən 5.7 kub/m saat keçdiyi” qeyd edilmişdir. Həmçinin cavabdehin nümayəndələrinin növbəti dəfə tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı aktda da istehlakçının nümayəndəsi kimi onun adı göstərilsə də, onun iştirakı və məlumatı olmamışdır. Digər tərəfdən akt tərtib edərkən guya “MS-14-2-2/3-5-3294-113 saylı akta əsasən xətalar normaya uyğun deyil, sayğac minimal sərfiyyatda nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir” kimi qeyd edilmişdir. Lakin cavabdeh tərəfin göstərilən nöqsanlarla bağlı hər hansı foto-video çəkilişi, inzibati tənbeh vermə barədə hər hansı qərarı və ya əsaslı sübutları mövcud deyildir. Göstərilən hallardan da göründüyü kimi Cavabdeh İB-nin ona məxsus qeyri-yaşayış sahəsində ayrı-ayrı tarixlərdə tətbiq etdiyi cərimələr tamamilə əsassız olmuş və qanunverciliyin tələblərini pozmuşdur. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”ı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanunu göstərilmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, ”xxxx” İB cərimə tətbiq etmək səlahiyyətinə malik olan təşkilat deyildir. ”xxxx” İB əhali və ya qeyriəhali abonentlərinin mənzillərinə quraşdırılmış qaz sayğaclarına edilmiş müdaxilələr nəticəsində, sayğacdan kənar əlavə qanunsuz qoşulma halları nəticəsində və digər təbii qazdan qanunsuz istifadə hallarında abonentlərə yalnız itirilmiş təbii qazın dəyərini hesablayaraq onların abonent kodlarına vurur və ödənilməsini tələb edir. Hazırkı iddia tələbi üzrə nə 2011-ci ilin yanvar ayında, nə də 2014-cü ilin yanvar ayında iddiaçının abonent koduna hər-hansısa itirilmiş qazın dəyəri vurulmamışdır. iddiaçıya məxsus **********00010 nömrəli abonent koduna 2011-ci ilin yanvar ayında vurulmuş 1100 manat məbləğ və 2014-cü ilin yanvar ayında vurulmuş 700 manat məbləğ iddiaçıya məxsus olan müəsissədə qaz sayğacı olmadan istifadə edilmiş təbii qazın dəyəridir. Bu abonentə məxsus olan abonent saldosundan da aydın görünür. Belə ki, saldoda həmin tarixlərdə qaz hesabatlarının sayğacsız aparıldığı aydın görünür. Həmin aylarda nə mexaniki, nə də elektron göstəricilərdən istifadə edilməmişdir. Sərfiyyat müəssisədə istifadə edilən qaz cihazlarının aylıq normativlərinə uyğun aparılmışdır. 2016-cı ilin yanvar ayında abonent koduna vurulmuş 160 manat məbləğ isə aylıq hesabatdan kənarda qalmış istifadə edilmiş real təbii qaz sərfiyyatının dəyəridir, yəni hər-hansısa itirilmiş təbii qazın dəyəri deyildir. Bundan başqa xx.xx.2016-cı il tarixində ”xxxx” İB-nin Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları Kürdəmir rayonu İlxıçı kəndində yerləşən iddiaçıya məxsus müəsissəyə baxış keçirərkən müəssisədə istifadə edilən qaz cihazlarının faktiki olaraq müəsissəyə quraşdırılmış qaz sayğacının sərfiyyatına uyğun olmadığını müəyyən etmişlər və bununla bağlı xx.xx.2016-cı il tarixli, 096725 nömrəli akt tərtib edilmiş və itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-yə göndərilmişdir. Həmin akta əsasən xx.xx.2016-cı il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək iddiaçıya məxsus Kürdəmir rayonunun İlxıçı kəndində yerləşən “Quşçuluq sexi” nin Kürdəmir XS-nin abonent bazasındakı **********00010 nömrəli abonent koduna 11520 m3 – 1152 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa xx.xx.2017-ci il tarixində ”xxxx” İB-nin Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsini əməkdaşları qeyd edilən müəsissəyə yenidən baxış keçirərkən müəssisədə istifadə edilən qaz cihazlarının quraşdırılmış qaz sayğacının sərfiyyatına uyğun olmadığını müəyyən etmişlər və bununla bağlı xx.xx.2017 -ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş və **********00010 nömrəli abonent koduna 10260 m3 – 2052 manat itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının xx.xx.2023-cü il tarixli, AKT№ MS-14-2-2/3-5- 3294-113 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqındakı Aktına əsasən iddiaçıya məxsus Kürdəmir rayonunun İlxıçı kəndində yerləşən “Quşçuluq sexi” ndən açılmış G-6 markalı, ******* nömrəli qaz sayğacı yoxlamadan keçirdilən zaman sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işlədiyi və hesablayıcı mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. Həmin aktın əsasında xx.xx.2023-cü il tarxli, ******* nömrəli akt tərtib edilmişdir. 28 aprel 2025-ci il tarixində müəsissədə istifadə edilən qaz cihazlarına baxış keçirilməsi məqsədi ilə yoxlama keçirilmiş və akt tərtib edilmişdir. Qeyd etmək istəyirlər ki, müəssisəyə baxış keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Yoxlama tarixi xx.xx.2023 - xx.xx.2023-cü il tarixləri qeyd edilmişdir. Həmin akta əsasən xx.xx.2023-cü il tarixdə **********00010 nömrəli abonent koduna 2160 m3 – 540 manat itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etirazın hüquqi əsası kimi AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı “Təbii qazdan istifadə qaydaları”ı və AR Mülki Prosessual Məcəlləsinin 216-cı, 217-ci, 218-ci, 220-ci maddələri göstərilmişdir. xx.xx.2023-cü il tarixli KY231917497 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi xxxx İB tərəfindən İddiaçı məxsus müəssisəyə xx.xx.2023-xx.xx.2023 tarixlərində “sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” əsasları ilə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi müəyyən edilmişdir. xxxx İB Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus müəssisəyə baxış keçirilərkən xx.xx.2016-cı il tarixli 096725 saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən “müəssisədə istifadə edilən cihazların sayğaca uyğun olmadığı, sayğacın səslə işlədiyi, LLS-də istifadə edilən cihazların qeyd edilmədiyi”, xx.xx.2017-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən “obyektdə layihə smeta sənədlərində nəzərdə tutulmayan işlədicilərin quraşdırıldığı, istismarda olan qaz avadanlıqlarının maksimal saatlıq gücünün quraşdırılmış G-6 markalı qaz sayğacının maksimal saatlıq gücünü 5,7 m3 saat keçdiyi”, xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən “MS-14-2-2/3-5-3294-113 №-li akta əsasən sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işlədiyi, hesablayıcı mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi”aşkar edilmişdir. İş materiallarına xx.xx.2023-cü il tarixli MS-14-2-2/3-5-3294-113 №-li akt, xx.xx.2023cü il tarixli 001 nömrəli yoxlama aktı, xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə əlavə edilmişdir. **********00010 saylı Abonentin saldosunun “Qalıq və aktlar” bölməsindən görünür ki, xxxx İB tərəfindən İddiaçı 01/2011 tarixə 1100 manat, 01/2014 tarixə 700 manat, 01/2016 tarixə 160 manat, 02/2016 tarixə 1152 manat, 12/2017 tarixə 2052 manat, 04/2023 tarixə 540 manat borc hesablanaraq saldonun qeyd edilən bölməsinə əlavə edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus obyektdə 2011-ci və 2014-cü ildə tərtib edilmiş aktlar cərimə əsasında hesablanan borclar deyildir. İddiaçı tərəfindən həmin obyektdə real sərf edilmiş qaz sərfiyyatına görə hesablanmış borclardır. 160 manat borca gəldikdə isə həmin borc məbləği sonradan hesablanmış borcdur, bu borcda real qaz sərfiyyatına əsasən hesablanmışdır. Həmin məbləğin hesabata daxil edilməməsi isə sayğacın mexaniki və elektron göstəriciləri arasında yaranan fərq səbəbindən sonradan hesablanmışdır. İddiaçı tərəfindən istifadə edilən cihazlar sayğacın markasına uyğun olmamışdır. Bundan əlavə iddiaçı tərəf layihə pulu çox olmaması səbəbindən əvvəlcədən cihazların adını az qeyd etmiş, sonradan isə əlavə cihazlar qoşmuş və buna görə də qaz sərfiyyatı artıq olmuşdur. 2023-cü ilin aprel ayında da iddiaçıya məxsus obyektdəki sayğac əsasında ona 540 manat borc hesablanmışdır. 2025-ci ilin abonent saldosuna əsasən bu il üzrə borc yoxdur. İddiaya etirazlarını kabinetlə də göndəriblər. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və buna görə də məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçı tərəfin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara abonentin saldosu, aktlar, tələbnamə, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilkin olaraq iddia tələbinin “**********00010 saylı abonent kodunun “qalıq və aktlar” bölməsində qeydə alınan 2011-ci ilin yanvar ayında 1100 manat, 2014-cü ilin yanvar ayında 700 manat, 2016-cı ilin yanvar ayında 160 manat əsassız hesablanmış borcun silinməsi”nə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qeyd edilən borcların hansı əsaslarla hesablanmasını, qanunsuz olub-olmamasını təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəf 2011-ci ilin (1100 manat) və 2014-cü ilin (700 manat) yanvar aylarında vurulmuş məbləğlərin iddiaçıya məxsus olan müəsissədə qaz sayğacı olmadan istifadə edilmiş təbii qazın dəyəri olduğunu, həmin aylarda nə mexaniki, nə də elektron göstəricilərdən istifadə edilmədiyini və bunun abonent saldosundan da müəyyən edildiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş abonent sadosundan göründüyü kimi göstərilən hər iki borcun qeyd edildiyi qrafalarda mexaniki və elektron göstəriciləri qeyd edilməmişdir. İddiaçı isə cavabdeh tərəfindən və abonent saldosunda qeyd edilən halların əksini sübut edəcək hər hansısa sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə olaraq 2016-cı ilin yanvar ayında hesablanmış 160 manat borcun həqiqətən də akt əsasında hesablanmasını, əsassız olmasını sübut edən dəlillər məhkəməyə təqdim edilmədiyindən iddia qeyd edilən hissələrdə təmin edilməməlidir. Belə ki, həmin məbləğin orta sərfiyyata uyğun istifadə olunmuş təbii qazın dəyəri kimi qeyd edilməsi daha aşağıdakılara əsasən daha inandırıcıdır. İddiaçı tərəf cavabdehin nümayəndəsinin etirazında irəli sürdüyü bu faktlara münasibətdə hər hansı bir arqument irəli sürməmişdir. Həmçinin “Qazdan istifadə Qaydaları”nın 06 may 2016-cı il tarixədək qüvvədə olan redaksiyada 4.9-cu bəndində zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmçinin həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Bu səbəbdən də iddiaçının qaz sayğacı olmadan istifadə etdiyi təbii qazın dəyərinin orta sərfiyyata uyğun hesablayaraq abonent hesabında 2011-ci ilin yanvar ayında 1100 manat, 2014-cü ilin yanvar ayında 700 manat, 2016-cı ilin yanvar ayında 160 manat qeyd edilməsi əslində istifadə edilmiş təbii qazın dəyəridir və yuxarıda qeyd edilən Qaydaların tələblərinə uyğun olaraq orta sərfiyyata əsasən hesablanmışdır. Qeyd edilənlərdən əlavə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xxxx İB Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları İddiaçı məxsus qeyriyaşayış sahəsinə fərqli tarixlərdə baxış keçirmişlər və baxış zamanı müəssisədə istifadə edilən cihazların sayğaca uyğun olmadığı, sayğacın səslə işlədiyi, LLS-də istifadə edilən cihazların qeyd edilmədiyi (xx.xx.2016-cı il tarixli 096725 saylı akta əsasən), layihə smeta sənədlərində nəzərdə tutulmayan işlədicilərin quraşdırıldığı və istismarda olan qaz avadanlıqlarının maksimal saatlıq gücünün qaz sayğacının maksimal saatlıq gücündən çox olduğu (xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən), MS-14-2-2/3-5-3294-113 №-li akta əsasən sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işlədiyi, hesablayıcı mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi (xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən) kimi hallar aşkar edilmiş və müvafiq olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında dəymiş ziyan hesablanmış və İddiaçı **********00010 nömrəli abonent koduna müvafiq olaraq 1152 manat, 2052 manat və 540 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq əlavə edilmişdir. Cavabdeh tərəf qeyd edilən yoxlamaların aparılması üçün vahid məlumat reyestrində qeydə alınması ilə bağlı sadəcə xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən KY231917497 nömrəli çıxarışı məhkəməyə təqdim etmiş, digər aktlarla bağlı yoxlamanın reyestrdə qeydiyyata alınmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli KY231917497 nömrəli çıxarışda nəzərdə tutulan yoxlama müddəti və keçirilmə əsasları akt tərtib edilən müddətlə və əsaslarla üst-üstə düşmür. Qeyd edilən hallardan da göründüyü kimi cavabdeh tərəfindən qeyd edilən əsaslarla yoxlama keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş hallara uyğun olmadığından xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2023-cü il tarixli aktlara əsasən hesablanaraq iddiaçıya məxsus abonent koduna vurulmuş borclar əsassızdır. Məhkəmə hesab edir ki, qeyd edilən aktlara əsasən sahibkarlıq subyektində aparılan yoxlamalar qanunsuz olduğundan iddia həmin hissədə təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. 2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yuxarıda qeyd edilən Qanunun tələblərindən də göründüyü ki, cavabdeh sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçərək plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün çıxarış əldə etsəydi belə, iddiaçıya münasibətdə həmin aktlarda (xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2023-cü il tarixli) əsaslanılmış əsaslar ilə müvafiq yoxlama keçirə bilməzdi. Belə ki, yuxarıda qeyd edilən Qanunun 2.1-ci maddəsinin təlbinə görə həmin orqan hazırkı əsaslar üzrə iddiaçıya münasibətdə yalnız “sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar” apara bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı məxsus sahibkarlıq subyektində aparılmış yoxlamalar qanunvericiliyin tələbinə riayət edilməməklə qanunsuz aparıldığından, Cavabdeh tərəfindən 13 yanvar 2016-cı il tarixli 096725 nömrəli akt əsasında hesablanmış 1152 manat, 04 dekabr 2017-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2052 manat və 25 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 540 manat olmaqla, cəmi 3744 manat borc iddiaçıya məxsus **********00010 nömrəli abonent hesabından silinməli və iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 78 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilsə də, iddia tələbinə uyğun olaraq ödənilməli dövlət rüsumu 77.04 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən buna müvafiq olaraq 50.57 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 26.47 manat hissəsi və artıq ödənilmiş rüsum iddiaçıya aid edilməlidir. Nəticəvi hissə : Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13 yanvar 2016-cı il tarixli 096725 nömrəli akt əsasında hesablanmış 1152 manat, 04 dekabr 2017-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2052 manat və 25 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 540 manat olmaqla, cəmi 3744 manat borc İddiaçı məxsus **********00010 nömrəli abonent hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 50.57 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1380/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1380/2025
19.11.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver