Məhkəmə qərarları › İş №e-2-2(117)-197/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-197/2023

12.04.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-197/2023 12.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 013699 nömrəli akt əsasında hesablanmış 8019,15 manat borcun abonent hesabından silinməsi və 50 manat mediasiya xərcinin, 51 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı mülkiyyətində olan H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi sonuncu tərəfindən 15 il müddətinə X3 (VÖEN **********) icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2010-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən X3 icarəsində olan Göyçay şəhərində yerləşən qeyri-yaşayış sahəsinə məxsus sayğaca elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə qaydalarına” riayət olunması məqsədilə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacı xətdən axan yükü düzgün qeyd etmir. Sayğacın dövlət AZS möhüründə və alt qapaq möhüründə müdaxilə izləri müşahidə olunur. Xətdən axan yük ampermetrlə ölçülmüşdür. Elektrik sayğacının yenisi ilə əvəz olunması və çıxarılmış elektrik sayğacının bütün parametrlərinə lobarotoriya şəraitində rəy verilməsi tələb kimi göstərilməklə NDQ seriyalı 013699 nömrəli akt tərtib edilmişdir. Akt İddiaçı tərəfindən imzalanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə sayğac yenisi ilə əvəz edilərək çıxarılan sayğac paketə qoyulmuş, ******* nömrəli möhürlə möhürlənmiş və bu barədə 256252 nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın 10 gün müddətində lobarotoriya şəraitində yoxlanılacağı və abonentin həmin yoxlamada iştirak edə biləcəyi barədə müvafiq qeydiyyat aparılmış və İddiaçı aktı imzalamışdır. Sayğacın laboratoriya yoxlaması zamanı müəyyən edilmişdir ki, sayğacın 792155 nömrəli AZS və 387863 nömrəli narıncı alt qapaq möhürləri pozulub, sayğacın daxili izonin yük naqiliinə müdaxilə olunduğu aşkar edilmişdir. Bu səbəbdən sayğac az sərfiyyat hesablayır, sayğaca müdaxilə olunub və sayğac istismara yarasızdır. Yoxlamanın nəticəsi olaraq sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli 007075 nömrəli akt-protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli akt komissiyasının icra vərəqəsinə əsasən 8109 manat ((17,6 kvt x 12 saat x 365 gün)-2326 kvts = 74762 kvts. 5714 kvts x 0,09 manat = 514 manat və 69048 kvts x 0,11 manat = 7595 manat. Cəmi 8109 manat) məbləğində dəymiş ziyan hesablanmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onun Göyçay şəhəri H.Əliyev prospektində yerləşən inşaat materiallarının satışı mağazası vardır. Həmin mağazaya elektrik xətti çəkdirmiş, abonent kodu almış və "xxxx" ASC ilə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında "xxxx" ASCnin əməkdaşının sayqaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq elektrik enerjisindən istifadəyə görə ödənişlər olunur. "xxxx" ASC-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə sahibkar ona məxsus Göyçay şəhəri H.Əliyev prospektində yerləşən inşaat materiallarının satışı mağazasında yoxlama apararaq həmin obyektə quraşdırılmış elektrik enerjisindən istifadəyə görə sayğaca baxış keçirmiş, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt tərtib etmiş və istifadə olunmuş elektrik enerjisindən istifadəyə görə 8019,15 manat cərimə hesablamışdır. Hesab edir ki, "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktla cərimə hesablanması qanunsuzdur. Ona görə ki, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına verilən elektrik enerjisini qeyd edən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi "xxxx" ASC daşıyır. Bu səbəbdən o hazırki iddia tələbi ilə məhkəmə mürciət etmişdir. Cavabdeh təşkilat tərəfindən ona təqdim edilmiş aktda qeyd olunur ki, qeyri-yaşayış obyektinə baxış keçirilmiş, işıq yanarkən sayğac dövrədən keçən yükü düzgün qeyd etməməyi müəyyən edilmiş, sayğacın alt örtük qapağının və gövdə qurğuşun möhüründə müdaxilə izləri aşkar olunub. Bu əsasa görə cavabdeh təşkilat tərəfindən akt tərtib edilmiş, həmin akt əsasında cərimə hesablanmış və təqdim olunan akta əsasən (**********92085) abonent kodumun qarşısına 8019,15 manat manat borc yazılmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş akt onun adına tərtib edilsə də, aparılan yoxlamaya dair çıxarış onun adına deyil, başqa adamın adına alınıb. Bu səbəbdən hesab edir ki, aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun aparılmamışdır. Həmçinin mülkiyyətində olan qeyri-yaşayış obyektinə keçən elektrik enerjisini qeyd edən sayğac enerji təchizatı müəssisəsinin cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sayğacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bu səbəbdən hesab edir ki, onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialının məktubunun məzmunundan görünür ki, naməlum 17,6 kvt qeyd olunmaqla 365 günlük hesabat aparılmış və itirilmiş enerjinin miqdarı 74762 kvts, dəyəri 8109,54 manat hesablanmışdır. Hesab edir ki, cavabdehin əməkdaşları aylıq elektrik enerji sərfiyyatı sayğac dəyişdirildikdən sonra 12 manat məbləğ keçməyən obyektə münasibətdə 3 ay əvvəl üçün 8109,54 manat həcmində itirilmiş enerjinin dəyərini hesblaması ağlabatan olmamaqla bərabər ədalətli və qanuni deyildir. Mülkiyyətində olan qeyri-yaşayış obyektində işıqlandırmadan başqa elektrik enerjisindən, başqa heç bir əlavə cihazdan istifadə etmir. Uzun müddətdir ki, obyektdə ayda təxminən 20-30 manat dəyərində elektrik enerjisi sərf edilir. Lakin hər ay ödəniş etdiyi halda birdən-birə obyektə verilən elektrik enerjisinə görə 8019,15 manat manat borcun olması anlaşılan deyil. Onu da qeyd etmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktda ona məxsus qeyri-yaşayış binasına quraşdırılmış sayğacda qüsur olmasına baxmayaraq, aktda iddiaçının sayğacdan kənar şəkildə elektrik enerjisindən istifadə etməsi, yaxud da sayğacın göstəricilərinin işləməməsi barədə heç bir fikir ifadə edilmir. Belə olan halda qeyd edilməlidir ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlməyə əsas vermir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh elektron kabinet vasitəsilə etiraz və etiraza əlavə ilə məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət Departamentinin əməkdaşları B.Abdullayev, A.Məmmədov və X2 aparıcı mühəndisi M.Qubadov tərəfindən Göyçay EŞ-nin xidmət ərazisində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları tərəfindən elektrik enerjisindən istifadə qaydalaraına riayət olunması vəziyyəti yoxlanılarkən İddiaçı məxsus mağazanın elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman mağazanı elektrik enerjisi ilə təchiz edilən VİKO M580 DBOT tipli, zavod nömrəsi ******* olan obyektə məxsus elektrik hesablama sayğacının xəttdən axan yükü düzgün qeyd etmədiyi, sayğacın dövlət AZS möhüründə və alt qapaq möhüründə müdaxilə izlərinin müşahidə olunduğu, xətdən axan yükün xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldüldükdə Pfakt=4 kvt, Psay=0, kvt, en kəsiyinin sahəsi İ=2x10 mm2, Pqoy=11 kvt olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı kimi Göyçay EŞ-nin “Proqram bazası”nda **********92085 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun olaraq NQD 013699 nömrəli akt tərtib edilmişdir. Aktın tələb hissəsində “sayğac yenisi ilə əvəz edilsin, çıxarılan sayğacın bütün parametrlərinə lobarotoriya şəraitində rəy verilsin” qeydiyyatı aparılmışdır. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Qüsurlu elektrik hesablama sayğacı iddiaçı barəsində tərtib olunduqdan sonra “Mərkəzi Aran” RETS-nin Sayğacquraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texniki A.Məmmədov tərəfindən İddiaçı iştirakı ilə “sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə” 256252 nömrəl akt tərtib edilərək sənədləşdirilmişdir. Aktda çıxarılan sayğac Luna-LUN tipli zavod nömrəsi 34678023 olan yeni sayğacla əvəz edilmişdir. Aktın qeyd hissəsində “013699 saylı akta əsasən sayğac xəttdən axan yükü düzgün qeyd etmir. Sayğac yenisi ilə əvəz olundu. Çıxarılan sayğac paketə qoyuldu və ******* saylı möhürlə möhürləndi. Aktda sayğacın 10 gün müddətində lobarotoriya şəraitində yoxlanılacağı barədə və iddiaçının həmin yoxlamada iştirak edəcəyi barədə müvafiq qeydiyyat aparılmışdır. Protokol “Mərkəzi Aran” RETS-nin Sayğacquraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texniki A.Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. Qüsurlu elektrik hesablama sayğacı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin lobarotoriya mərkəzində komissiya tərəfindən yoxlanılmışdır. Aktın “yoxlama nəticəsi” hissəsində “nümunəvi verilən yük 0,5 A-10 %, 2,5 - 50%, 5 A-100 % olduqda sayğacın müvafiq olaraq 83,3; 83,5; 83,7 % az sərfiyyat qeyd etdiyi” barədə qeydiyyat aparılmışdır. Yoxlamanın nəticələrinə dair “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 013699 nömrəli Akt-Protokol” tərtib edilmişdir. Aktın “yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsində “sayğacın alt qapaq və AZS möhürü pozulub. Cavabdeh tərəfindən xüsusi proqram əlavəsi oxunan zaman xx.xx.2018ci ildə gövdə açılma tarixi aşkar olundu. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri ilə sərfiyyat hesablayır. Sayğac istismara yararsızdır” qeydiyyatı aparılmışdır. Akt komissiya üzvləri tərəfindən imzalanmışdır. İddiaçı sayğac yoxlanışında iştirak etməmişdir. "xxxx"ASC-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2022-ci il tarixli, AKT NQD 013699 saylı akta əsasən xəta ilə işləməsi və obyektin işləmə saatları (12saat) nəzərə alınmaqla 365 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 8109 manat təşkil edən 74762 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bundan başqa elektrik enerjisinin bərpası məqsədilə aparılan hesabat 3 ay üçün olarsa yaranmış borc 2055,95 manat (74762 kvts/365 gün - 2326 = 6230,167 kvts x 90 gün = 18690,501 kvts x 0,11 manat = 2055,95 manat), 2 ay olarsa 1370,63 manat (6230,167 x 60 gün = 12460,33 kvts x 0,11 manat = 1370,63 manat) və 1 ay olarsa 685,32 manat (6230,167 kvts x 0,11 manat = 685,32) təşkil edir. İşin məhkəmə araşdırması zamanı 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, X3 təsərrüfat obyekti xx.xx.2010-cu il tarixdə Göyçay şəhəri H.Əliyev prospekti ev 62 kimi İddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə sənədləri xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə etirazını və iş üçün əhəmiyyət kəsb edən sənədləri (aktlar, protokol, icra vərəqəsi, abonentin məlumatı, çıxarış) məhkəməyə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Aktlar, çıxarış, İcra vərəqəsi, Etiraz, İcarə müqaviləsi, Xəbərdarlıq məktubu, Abonent haqqında məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Əvvəla məhkəmə iddiaçının "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış və mübahisə predmeti olan 013699 nömrəli aktın tərtib edilməsi ilə nəticələnən yoxlamanın sahibkarlıq sahəsinə aparılan yoxlama olmaqla vahid məlumat reyestrində digər şəxsin adına qeydə alınması barədə iddia dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 4.4 və 5.2-ci bəndlərinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Göyçay şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi sonuncu tərəfindən X3 (VÖEN **********) icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2010-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsində iddiaçının özü deyil, icarə müqaviləsi əsasında Əli Quliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və həmin çıxarışda yoxlanılan sahibkarlıq subyektinin adı X4 qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən aparılan yoxlama qanuni olmuşdur, obyektin mülkiyyətçisi olan abonent İddiaçı olduğundan borc da qanuni olaraq onun adına və abonent hesabına vurulmuşdur və iddiaçının yoxlamanın qanunsuzluğu ilə bağlı iddia dəlilləri əsassızdır. Bundan başqa məhkəmə yoxlama zamanı müəyyən edilmiş sayğacın 792155 nömrəli AZS və 387863 nömrəli narıncı alt qapaq möhürləri pozulması, sayğacın daxili izonin yük naqiliinə müdaxilənin aşkar edilməsi, bu səbəbdən sayğacın az sərfiyyat hesablaması, bir sözlə sayğaca müdaxilə olunması və qanunvericiliyin tələbinə uyğun akt yazılmasına münasibətdə onu qeyd edir ki, Elektrik enerjisindən İstifadə Qaydalarının 7.6cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Şərh olunan qanunvericiliyin tələbindən göründüyü kimi, Qaydaların 8.17-ci və 8.17- 1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, habelə sayğac laboratoriya şəraitində yoxlanıldıqda enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş pozuntular texniki vasitələr (foto və ya videoçəkiliş aparılmaqla) vasitəsi ilə qeydə alınmalıdır. Bu hal aşkar olunmuş qüsurların sübutetmə vasitəsi kimi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə mübahisə predmeti olan aktın tərtib edilməsinə əsas olan pozuntular və sayğacın laboratoriya şəraitində yoxlanılmasının texniki vasitələrlə qeydə alınmasını təsdiq edən sübutlar (foto və video cəkiliş) məhkəmənin xx.xx.2023-cü il tarixli müraciətinə baxmayaraq cavabdeh tərəfindən təqdim edilməmişdir. Buna baxmayaraq sadalanan qüsurları özündə əks etdirən və həmin qüsurların olması barədə tərtib edilmiş xx.xx.2022ci il tarixli NDQ seriyalı 013699 nömrəli akt abonent olan İddiaçı tərəfindən imzalanmışdır. Texniki vasitələrlə qeydə alınmanı təsdiq edən sübutlar (foto və video cəkiliş) sayğacda qüsurlar olmasına dair sübutetmə vasitəsi qismində tələb edilir ki, həmin çəkilişlər olmasa da, iddiaçı olan abonent artıq sayğacdakı qüsurlarla razılaşaraq aktı öz imzası iə təsdiq etdiyindən məhkəmə hesab edir ki, sayğacda həqiqətən həmin qüsurlar mövcuddur və aşkar olunmuş pozuntular qanunidir. Sayğacda qeyd olunan qüsurlarda iddiaçının təqsirinin olub-olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, aşkar edilmiş pozuntular təbii fəlakət nəticəsində (yanma, güclü külək nəticəsində sınma, hər hansı yad cismin dəyməsi və s.), yəni fors major hadisələrlə bağlı yaranmamış, birbaşa qəsd nəticəsində sayğacın möhürünün tamlığı pozulmuş və ona müdaxilə edilmişdir ki, sayğacın möhürünün tamlığının pozulması, sayğaca müdaxilə nəticəsində ötürülən elektrik enerjisinin istehlak olunandan daha az miqdarda qeydə alınması iddiaçı və ya onun icarədarı üçün faydalı olmuş və sayğacda yaradılmış qüsurlardan onlar faydalanmışlar. Bu səbəbdən məhkəmə hesab edir ki, yoxlama əsasında tərtib edilmiş akt qanunidir və aşkar edilmiş pozuntu iddiaçı və ya ona məxsus qeyri-yaşayış sahəsində fəaliyyət göstərən sahibkarın təqsiri ucbatından yaranmışdır. Belə ki, bu pozuntudan yararlanan və istehlak edilmiş elektrik enerjisinin dəyərini az ödəyən şəxs məhz onlardır. Bundan başqa məhkəmə akt əsasında iddiaçıya 8109 manat borc hesablanmasına və həmin borcun silinməsinə münasibətdə onu qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Elektrik enerjisindən İstifadə Qaydalarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Yuxarıda sadalanan qanunvericiliyin tələbindən göründüyü kimi enerjitəchizatı müəssisəsi elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməlidir və istehlakçı tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Hazırki iş üzrə cavabdeh enerjitəchizatı müəssisəsi dəymiş ziyanla bağlı hesablama apararkən obyektin işləmə saatları nəzərə alınmaqla (12 saat) sayğac dəyişdirilərkən qeydə alınmış göstəricidən 1 il əvvəlki göstərici çıxılmaqla alınmış rəqəm xəta faizinə vurulmuş işlək faizə bölünmüş və yekun rəqəm 0,09 manat və 0,11 manat tarifə vurulmuşdur ki, məhkəmə hesab edir ki, həmin hesablama yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə uyğun deyildir. Belə ki, qaydaların tələblərinə əsasən cavabdeh təşkilat sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Göründüyü kimi, cavabdeh sonuncu baxış tarixindən 3 aydan artıq olmayan müddətə hesablama apara bilər ki, hazırki vəziyyətdə yuxarıda sadalanan qanunvericiliyin tələbi baxımından həmin hesablama 3 ay müddətinə də hesablana bilməzdi. Belə ki, cavabdeh Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirdiyi sonuncu yoxlamanın nə vaxt baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və belə yoxlamaların nə zaman aparılmasına dair məlumat abonentin saldosunda mövcud deyildir. Buna baxmayaraq işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi halı aşkar edilməklə iddiaçıya məxsus sayğaca yoxlama məqsədli baxış keçirilməsi üçün müraciət edilmiş və "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmişdir. İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, yoxlama aparılan tarixədək sayğaca sonuncu baxış xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istehlak olunmuş enerjinin dəyərinə dair bildirişi sayğacın üzərindən oxunmasını təşkil edən cavabdehin əməkdaşı hər ay iddiaçıya xidmət edən sayğacın yerləşdiyi əraziyə gəlmiş və sayğacın oxunmasını təmin etmişdir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Cavabdehin əməkdaşı bildiriş verilməsi üçün xx.xx.2022-ci il tarixdə sayğaca baxış kecirildiyi zaman sayğaca müdaxiləni olmasını görmüş və növbədənkənar yoxlamanın aparılması üçün müraciət etmiş və sonuncuya xx.xx.2022-ci il tarixdə yoxlamanın aparılmasına icazə verilmişdir. Göründüyü kimi cavabdeh artıq xx.xx.2022-ci il tarixdə sayğaca müdaxiləni aşkar etmişdir və bu hal məhz həmin tarixdə baş verməmişdir. Bu hal xx.xx.2022-ci il tarixdə mövcud olsaydı cavabdehin əməkdaşları bu halə aşkarlamış olardılar. Məhkəmə hesab edir ki, sayğaca müdaxilə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlər arasında baş vermişdir və bu səbəbdən hesab edir ki, itirilmiş enerjinin dəyəri pozuntu aşkar edildiyi tarixdən 2 ay üçün hesablanmalıdır ki, bu zaman dəymiş ziyan məbləği 1370,63 manat (6230,167 x 60 gün = 12460,33 kvts x 0,11 manat = 1370,63 manat) təşkil edir. Belə olan halda iddiaçıya itirilmiş enerjinin bərpası kimi 8109 manat deyil, 1370,63 manat borc hesablanmalı idi. İddiaçı iddia tələbində 8109 manat deyil, 8019,15 manat borcun silinməsini məhkəmədən xahiş etdiyindən və məhkəmə araşdırması zamanı iddiaçıya 1370,63 manat borcun qanuni olaraq hesablanması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə iddiaçıya artıq heablanmış 6648,52 manat borc onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 100,19 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən həmin dövlət rüsumunun 17,12 manat hissəsi iddiaçıdan, 83,07 manat hissəsi cavabdehdən tutularaq ödənilməlidir. İddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı ödədiyi dövlət rüsumunu tələb etdiyindən iddiaçı tərəfindən ödənilməli olan 17,12 manat dövlət rüsumu ödədiyi 51 manat dövlət rüsumundan çıxılmaqla 33,88 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, cavabdeh tərəfindən ödənilməli olan qalan 49,19 manat dövlət rüsumu isə ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 013699 nömrəli akt əsasında hesablanmış 6648,52 manat borc İddiaçı abonent hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" ASC-dən 33,88 manat dövlət rüsumu və 50 manat mediasiya xərci tutulraq İddiaçı ödənilsin. Ödənilməmiş 49,19 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar