Məhkəmə qərarları › İş №e-2-2(117)-309/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-309/2023

24.05.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-309/2023 24.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ surət Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “952 manat borcun silinməsi və təbii qaz təchizatının bərpa edilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “848 manat əsas borcun, 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Qax rayonu İlisu kəndində İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə (çörək sexi) qaz sayğacı quraşdırılmış və bu barədə xx.xx.2017-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh İB arasında həmin qeyri-yaşayış obyektinə təbii qazın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə AMX-5014/19 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. Abonentin ərizəsinə əsasən onun istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə götürülmüş, növbədənkənar dövlət yoxlamasına göndərilmiş və qeyri yaşayış sahəsi müvəqqəti sayğacla əvəzlənmişdir. Dövlət yoxlamasına göndərilmiş G6 markalı mexanika tipli 28258482 zavod nömrəli qaz sayğacına xx.xx.2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, xətaların səviyyəsi norma + 3 üzrə nəticə -5.10, norma + 1,5 üzrə nəticə -0,84, norma + 1,5 üzrənəticə -2,07-dir, xətalar normaya uyğun deyil, sayğac yararsızdır. Aparılan yoxlama ilə bağlı xx.xx.2022-ci il tarixli MS-29/1640-02636 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında Akt tərtib edilməklə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi və Cavabdeh İB-nin Metrologiya Departamentinin baş mühəndisi tərəfindən imza və möhürlərlə təsdiq edilmişdir. İddiaçı qaz sayğacı dəyişdiriləndən öncə, yəni 2021-ci ilin avqust ayında cıxarılmış qaz sayğacı hesabatı artırılaraq 952 manat ziyan hesablanmasını əsas gətirərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Qax rayonu İlisu kəndində təndir işlədərək ailəsini dolandırır. Cavabdeh İB-nin X1 İstismar İdarəsinin əməkdaşları qanunsuz olaraq 952 manat əlavə qaz sərfiyyatı hesablamışlar. Bir istehlakçı kimi təqdim olunmuş bildiriş üzrə istifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları ona məxsus sexə gələrək sayğacı söküb aparmışlar. Sonradan xx.xx.2022-ci il tarixli məktub göndərərək bildirilmişdir ki, sayğac xx.xx.2022-ci il tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi labaratoriyasında yoxlanmış və MS-29/1640-02636 nömrəli akt tərtib edilmiş və sayğacın yararsız olduğu bildirilmişdir. Bundan sonra ona gələn qaz sərfiyyatının məbləği artırılaraq 952 manat ziyan hesablanmışdır. Daha sonra qaz təchizatını qanunsuz olaraq dayandırdıqları üçün məhkəməyə müraciət edərək qazın bərpa edilməsinin Cavabdeh İBnə tapşırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin müvafiq qərardadı ilə ərizəsi təmin edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən tərtib olunan akt və akt əsasında hesablanan dəymiş ziyan məbləği əsassızdır. Həmçinin qaz təchizatının dayandırılması da qanunsuzdur. Belə ki, sayğacın yararsız olmasının səbəbkarı o deyildir və onun təqsiri üzündən baş verməmişdir. Qaz İstismar sahəsinin nəzarətçisi tərəfindən sayğaca və xətlərə baxılarkən heç bir qüsur aşkar edilməmişdir. İndi belə bir halın baş verəməsi və yüksək həddə sərfiyyatın hesablanması qanunsuzdur. Cavabdehdən sayğaca qoyulan vaxtdan indiyədək ərazidə aparılan yoxlamalarla bağlı sənədlər tələb olunsa hər hansı qüsur aşkar olunmadığı müəyyən ediləcəkdir. Bundan başqa nəzarətçi də, hər ay sayğacın göstəricisi üzrə bildiriş təqdim edərkən həmin qüsuru görə bilərdi. Hesab edir ki, qanunsuz tərtib edilən akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borcun silinməsi cavabdehin üzərinə qoyulmalıdır Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinə etirazını və qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyərini qismən ödədiyindən qaz hesabında 848 manat borc yaranmışdır. Belə ki, borc hazırda həmin ünvanda istismarda olan Elster G6 markalı ******* nömrəli sayğacın 34330 kub.m mexaniki göstəricisi ilə yaranmışdır. Tələb olunan borc ödənilmədiyindən istehlakçıya qazın verilişi qaynaq vasitəsilə dayandırılmış, lakin Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(117)-18/2022 nömrəli qərardadının icrası ilə bağlı qaz təminatı bərpa edilmişdir. İddiaçı mübahisələndirdiyi 952 manat borc və həmin borcdan qalıq məbləğ olan eyni zamanda qarşılıqlı iddia ərizəsinin predmeti olan 848 manat borc yalnız sayğac göstəricisinə uyğun aparılmış hesabata əsasən yaranmışdır. İşin məhkəmə araşdırması zamanı məhkəmənin sorğsuna cavab olaraq Cavabdeh İB tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 14-2-2-7/2-378/2023 nömrəli məktubla müəyyən edilmişdir ki, qaz sayğacı istismarda olduğu müddətdə müəssisədə istehlak edilmiş qaz sərfini az qeyd etmişdir. Lakin dövlət yoxlamasında verilmiş rəy üzrə istehlakçının qaz hesabına uçotu pozulmuş qaz hesabatı aparılmamış və bununla bağlı tələb irəli sürülməmişdir. İstehlakçının qaz hesabında qeyd olunan 3810 kub.m qaz sərfinin qaz sayğacına verilmiş dövlət yoxlamasının rəyinin heç bir təsiri olmamışdır. İlkin iddia üzrə iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onun hər ay 120-160 manat arası qaz sərfiyyatı olurdu. 2021-ci ilin avqust ayında isə birdən-birə onun qaz borcu 952 manat göstərildi. İndiyə kimi ona bu qədər qaz borcu gəlməyib. O, bu məbləğə etiraz etdikdə, cavabdeh tərəfin əməkdaşları ona bildirmişlər ki, özləri bu məsələni araşdırıb ona məlumat verəcəklər. Lakin sonda bu məbləği ona borc kimi hesablamışlar. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mübahisə predmeti olan borc sırf istehlak olunmuş təbii qazın dəyəridir. Abonentin saldosundakı analoji dövrün məlumatlarına baxdıqda görünür ki, müxtəlif aylarda da sərfiyyat yüksəkdir və mübahisə predmeti olan məbləğə oxşarlıq var. Bu baxımdan ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda onu da bildirdi ki, istehlakçının hazırki günə 882,75 manat borcu var. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, Aktlar, pretenziya məktubu, Sorğuya cavab məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlkin iddia tələbinin hüquqi əsasına qiymət verən məhkəmə əvvəla onu qeyd edir ki, İddiaçı ona məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının normaya uyğun işləməməsi və bu səbəbdən ona mübahisə predmeti olan 952 manat ziyan hesablandığını iddia edir. Məhkəmə iddiaçının 952 manat məbləğin ziyan kimi hesablanması ilə bağlı iddia dəlili razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan abonentin hesabından göründüyü kimi iddiaçı abonentin mübahisələndirdiyi 952 manat məbləğində borc iddiaçıya ziyan kimi hesablanmamış və iddiaçının təbii qazdan istifadəyə görə yaranmış sayğac göstəricisinə uyğun hesablanmış istehlak edilmiş təbii qazın dəyəridir ki, bu istehlak olunmuş təbii qaz 2021-ci ilin avqust ayına təsadüf edir. Bundan sonra iddiaçının müraciəti əsasında ona məxsus qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və sayğacın xəta ilə işləməsi, yəni sərfiyyatı az hesablaması müəyyən edilmiş və abonentə məxsus sayğac dəyişdirilmişdir. Lakin qazpaylayıcı Cavabdeh İB tərəfindən sayğacın qaz sərfiyyatını az qeydə alması ilə bağlı heç bir əvəzləmə və ya bərpa ilə bağlı heç bir hesabat aparılmamışdır və qanunvericiliyin tələbinə əsasən hesablama aparıla da bilməzdi. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi mövcud qanunvericiliyin tələbi baxımından abonenti standartlara uyğun qaz sayğacı ilə təmin etmək istehsalçı Cavabdeh İB tərəfindən həyata keçirilir ki, sonuncu abonentlə qazın alqı-satıqısı ilə bağlı müqavilə bağlayır, satdığı qazın dəyərini müəyyən etmək üçün dövlət standartlarına uyğun qaz sayğacını quraşdırır, plomblayır və sərf olunan qazın dəyərini alıcıdan tələb edir. Hazırki iş üzrə mübahisə premdeti olan sayğaca müdaxilə olunması ilə bağlı mübahisə yoxdur ki, belə olan halda qazpaylayıcı təşkilat abonentə sərfiyyatı az qeyd edən yox, standartlara uyğun qaz sayğacı ilə təmin etməli idi. Bu səbəbdən qazpaylayıcı Cavabdeh İB sayğacda heç bir müdaxilə olmadığı halda sərfiyyatı az qeyd etməsi ilə bağlı hesabat aparmamışdır. İşin məhkəmə araşdırması zamanı Cavabdeh İB tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 14-2-2-7/2-378/2023 nömrəli məktubla müəyyən edilmişdir ki, qaz sayğacı istismarda olduğu müddətdə müəssisədə istehlak edilmiş qaz sərfini az qeyd etmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi borc məbləği ona ziyan kimi hesablanan deyil, onun istehlak etdiyi təbii qazın dəyəridir ki, istehlak edilmiş qazın dəyərini ödəmək də istehlakçının vəzifəsidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). “Qazdan istifadə qaydaları” nın 5.3-cü bəndinə əsasən istifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Eyni zamanda tərəflər arasında bağlanmış qazın alqı-satıqısına dair müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək abonentin vəzifəsidir. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, İddiaçı ilə Cavabdeh İB arasında həmin qeyri-yaşayış obyektinə təbii qazın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə AMX- 5014/19 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. İddiaçı istehlak etdiyi qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 848 manat debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli və qarşılıqlı iddia təmin edilməklə 848 manat borc İddiaçı tutularaq Cavabdeh İB ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İlkin iddia tələbi rədd edildiyindən 30 manat dövlət rüsumu ilkin iddia üzrə İddiaçı tutularaq dövlət büdcəsinə ödəilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh İB-nə qarşı “952 manat borcun silinməsi və təbii qaz təchizatının bərpa edilməsi” tələbinə dair ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 848 manat borc və 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh İB-nə ödənilsin. İlkin iddia üzrə ödənilməmiş 30 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar