Məhkəmə qərarları › İş №e-2-2(117)-906/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-906/2025

11.08.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-906/2025 11.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “14 yanvar 2025-ci il tarixli ******* nömrəli akt əsasında ona məxsus **********00010 saylı abonent koduna qeydə alınmış 1836 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “14 yanvar 2025-ci il tarixli ******* nömrəli akt əsasında ona məxsus **********00010 saylı abonent koduna qeydə alınmış 1836 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayonunda yerləşən ona məxsus daşınmaz əmlakın aidiyyatı sənədlərini hazırlayaraq cavabdehə təqdim etmiş, lazımı icazələr alındıqdan sonra qaz sayğacı quraşdırılmış, hesabatların və ödənişlərin aparılması üçün isə **********00010 nömrəli abonent kodu verilmişdir. Həmin vaxtdan etibarən qazdan istifadə edir, aylıq istifadə etdiyi qazın dəyərini vaxtında ödəyir. Yerli qaz idarəsinin nümayəndələri də öz növbəsində hər ay sayğaca baxış keçirir, göstəriciləri götürülür. Bütün bu zaman ərzində isə tərəfindən heç bir halda qanunsuz qazdan istifadə edilməmişdir. 2025-ci ilin yanvar ayında da cavabdeh təşkilatın nümayəndələri qaz təsərrüfatına baxış keçirmiş və baxış zamanı hansısa irad bildirilməmişdir. Lakin növbəti ayda ona hesab təqdim edərkən ona mənbəyi məlum olmayan sayğac göstəricisinin dəyərindən əlavə 1836 manat borc yazıldığını görmüşdür. Bununla bağlı həmin borcun yazılma səbəblərini öyrəndikdə isə ona həmin borcun xx.xx.2025-ci il tarixli ******* nömrəli akt əsasında yazıldığını və ödənilmədiyi halda qaz təminatının kəsiləcəyi bildirilmişdir. İstifadəsində olan qaz sayğacı küçədə quraşdırılmış və Azəriqaz İB-nin plombları ilə plomblanmış, onun tərəfindən hər hansısa müdaxilə edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanmasına nəzarət etmək imkanı da olmamış, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən müntəzəm olaraq baxış keçirildiyindən sayğacda olan zədələnmələr, qüsur və ya digər nasazlığa görə o məsuliyyət daşımır. Cavabdehin tərtib etdiyi sənədlərdən göründüyü kimi onun ünvanında nə sayğaca fiziki müdaxilə edilməmiş, nə də sayğacdan əlavə qanunsuz qoşulma olmamışdır. Cavabdehin cərimə yazması üçün bu iki hal mövcud olmamışdır. Əgər həqiqətən də ünvanında qanun pozuntusu olsa idi, Qazdan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən onun barəsində inzibati xəta haqqında araşdırma aparılardı, lakin belə bir icraat mövcud deyildir. Həmçinin, sayğaca fiziki müdaxilə və sayğacdan əlavə qanunsuz qoşulma halı mövcud olmadığından cavabdeh ümumiyyətlə yoxlama keçirə bilməzdi, çünki yoxlamaların keçirilməsi xx.xx.2026-cı ilədək dayandırılmışdır və hazırkı cəriməyə səbəb olan yoxlama qanunda nəzərdə tutulan icazə verilən yoxlamaların siyahısında mövcud deyildir. Eyni zamanda cavabdeh təşkilata müraciət edərək borcun silinməsini xahiş etsə də, müraciəti həllini tapmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materialları kimi məhkəməyə akt və tələbnamə təqdim edilmişdir: xx.xx.2025-ci il tarixli ******* nömrəli akta əsasən müəssisədə istifadə olunan qaz cihazlarının saatlıq sərfinin quraşdırılmış G-6 markalı qaz sayğacının maksimal ölçmə həddindən 6.8 m3 çox olduğu, kafedə LSS-dən əlavə qaz cihazlarından istifadə olunduğu aşkar edilmiş və bundan sonra xx.xx.2025-ci il tarixində tələbnamə tərtib edilərək dəymiş ziyanla bağlı qaz sərfiyyatının həcmi 7344 m3 hesablanmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus abonent saldosundan da (abonent kodu: **********00010) görünür ki, həqiqətən də 2025-ci ilin yanvar ayı tarixində sayğacla bağlı akt tərtib edilmişdir və akta əsasən 1836 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY252268921 nömrəli çıxarışdan göründüyü kimi, İddiaçı məxsus sahibkarlıq subyektinə yoxlama müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək və plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas isə “sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” müəyyən edilmişdir. Cavabdeh İB xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində (kafe) xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri əsasında xx.xx.2025-ci il tarixli KY252268921 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında xx.xx.2025-ci il tarixdə sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının iştirakı ilə aparılan yoxlama zamanı müəssisədə istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfi qaz xətti üzərində quraşdırılmış G-6 markalı **********0 nömrəli qaz sayğacının maksimal ölçmə həddindən 6.8 m3 çox olduğu aşkar edilmişdir. Götərilənlərlə əlaqədar olaraq tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixli yoxlama aktı və Sənaye üzrə inventar aktı, eyni zamanda xx.xx.2025-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş, həmçinin texniki vasitələrdən istifadə etmək və yoxlama sualları haqqında məlumatlandırma aparılmışdır. Belə ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətləri nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetində məhkəmə bildirişi rəsmi qaydada yerləşdirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara aktlar, tələbnamə, abonent saldosu, çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən qeyri-yaşayış sahəsindəki (kafedəki) sayğaca baxış keçirilmiş və xx.xx.2025-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, bundan sonra xx.xx.2025-ci il tarixili tələbnamə, eyni zamanda abonent saldosundan görünür ki, həmin sənədlər əsasında dəymiş ziyanla bağlı qaz sərfiyyatının həcmi 7344 m3 müəyyən edilmiş və iddiaçıya bu əsasla 1836 manat cərimə hesablanmışdır. Məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılan yoxlamalar qanunsuz olduğundan iddia təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış elektrik sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-ci il yanvarın 1-dək dayandırılır. 2.1-ci maddəsinə əsasən Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. 2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yuxarıda qeyd edilən Qanunun tələblərindən də göründüyü ki, iddiaçıya münasibətdə həmin aktda əsaslanılmış “qaz cihazlarının saatlıq sərfinin quraşdırılmış qaz sayğacının maksimal ölçmə həddindən artıq olması” əsası ilə müvafiq yoxlama keçirə bilməzdi. Belə ki, yuxarıda qeyd edilən Qanunun 2.1-ci maddəsinin təlbinə görə həmin orqan hazırkı əsaslar üzrə iddiaçıya münasibətdə yalnız “sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar” apara bilər. Çünki, yuxarıda qeyd edilən Qanunun 2.1-ci maddəsində səlahiyyətli dövlət orqanlarının sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar aparmaq hüququ vardır. Qanunun 2.1-1-ci maddəsi isə hazırkı predmet üzrə yəni, (qaz cihazlarının saatlıq sərfinin quraşdırılmış qaz sayğacının maksimal ölçmə həddindən artıq olmasına görə) yoxlama aparılması qadağa edilmiş, ən azı 2026-cı il yanvarın 1-dək bu yoxlama aparıla bilməzdi. Buradan aydın olunur ki, cavabdeh qeyd edilən predmet üzrə yoxlamanın keçirilməsində haqlı deyil, eyni zamanda xx.xx.2025-ci il tarixli akt tərtib etməklə cavabdeh üzərinə öhdəlik qoyulması əsassızdır. Bundan əlavə “Qaz təchizatı haqqında” Aərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən (25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilib)qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı məxsus sahibkarlıq subyektində aparılmış yoxlama qanunvericiliyin tələbinə riayət edilməməklə qanunsuz aparıldığından və Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış və **********00010 nömrəli abonent koduna 01/2025 tarixə vurulmuş 7344 kub metr qazın dəyəri olan 1836 manat borc İddiaçı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 38.36 manat dövlət rüsumu cavabdehdən tutulmalı, artıq ödənilmiş rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1836 manat borc İddiaçı **********00010 nömrəli abonent hesabından silinsin. Ödənilmiş 38.36 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar