Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1201/2025 25.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi, maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 7262,85 (yeddi min iki yüz altmış iki manat, səksən beş qəpik) manat məbləğində borcun yenidən hesablanaraq artıq hesablanmış vəsaitin, yəni 19 avqust 2024-cü il tarixdə ödənilərək sayğacın balansına yüklənməyən 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin və 16 yanvar 2025-ci il tarixdə ödənilərək sayğacın balansına yüklənməyən 1000 (min) manat məbləğində pul vəsaitinin, “Abunə haqqında” sənəddə qeyd edilmiş 393,22 (üç yüz doxsan üç manat, iyirmi iki qəpik) manat məbləğində borcun qanunsuz və əsassız hesab edilərək silinməsi və 06 iyun 2025-ci il tarixdə “Birbank” mobil tətbiq vasitəsilə 500 (beş yüz) manat məbləğində pul vəsaiti yükləndikdən sonra sayğacın balansına yüklənməyən 147,8 (yüz qırx yeddi manat, səksən qəpik) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 5210,65 (beş min iki yüz on manat, altımış beş qəpik) manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması və 393,22 (üç yüz doxsan üç manat, iyirmi iki qəpik) manat məbləğində borcun silinməsi və maddi təznminat olaraq 100000 (yüz min) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsində “Bu ödəniş rüsumdan azaddır - istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar” olaraq qeyd etmiş və müvafiq məbləğdə dövlət rüsumunu ödəmədən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki, hazırkı iddianın predmetini təşkil edən mübahisə istehlakçı hüquqlarının pozulması ilə əlaqədar yox, məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq yarandığı üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq sənədləri iş materialları ilə birlikdə məhkəməyə təqdim etməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilməsi nəzərdə tutulmuş pretenziya məktubu "Onlayn kargüzarlıq” vasitəsi ilə 23 iyun 2025-ci il tarixində cavabdehə göndərilmiş və 24 iyun 2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Həmin məktubun məzmununda mübahisənin məhkəmədənkənar həlli ilə bağlı hər hansı müddət nəzərdə tutulmamışdır. Yəni pretenziya qaydasına riayət etsə də, qarşı tərəflə mübahisənin pretenziya qaydasında həll edilməsi üçün müddət müəyyən etməmiş, eləcə də bu müraciətinin nəticəsini gözləməyərək hazırkı iddia ərizəsi ilə dərhal məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinin tələblərinə görə, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi, maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1201/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1201/2025
25.06.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver