Məhkəmə qərarları › İş №e-2-2(119)-1276/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1276/2025

23.10.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1276/2025 23.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən "Röya" restoranına Cavabdeh tərəfindən hesablanmış 1998 (min doqquz yüz doxsan səkkiz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən mülkiyyətində olan "Röya" restoranına Cavabdeh tərəfindən Zenner G6T smart tipli, **********822 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azəriqaz" İstehsalat Birliyinin "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 05 dekabr 2024-cü il tarixli, ******* nömrəli aktında müəssisədə istifadə olunan qaz cihazlarının saatlıq sərfinin quraşdırılmış G-6 markalı qaz sayğacının maksimal ölçmə həddinə uyğun olmadığı və itirilmiş qaz həcminin hesablanmağı, dəymiş ziyanının ödənilməsi, nöqsanın aradan qaldırılması göstərilmişdir. Həmin akt əsasında qeyri-qanuni borc hesablanmış və ona bildiriş göndərilərək dəymiş ziyan olaraq 1998 (min doquz yüz doxsan səkkiz) manat itirilmiş qaz sərfiyyatının dəyəri tələb olunmuşdur. Yazılmış aktın və hesablanmış məbləğin heç bir hüquqi əsası yoxdur. Qaz sayğacı smartkart tiplidir. Yəni iddiaçı kart hesabına pul köçürdür, balansda olan məbləği sayğaca oxudub həmin məbləğ çərçivəsində qaz sərfiyyatını həyata keçirir. İddiaçının smart kartında balans bitdiyində qaz istehlakı avtomatik olaraq dayanır. Həmçinin müəssisədə quraşdırılan qaz avadanlıqları heç zaman eyni vaxtda işlək vəziyyətdə olmur. Kombi də yalnız ilin soyuq aylarında işlək olur. Qaz sərfiyyatı stabildir və iddiaçı heç bir ödənişini gecikdirməmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə1 13 avqust 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək iddia əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında İddiaçı məxsus sayğaca Cavabdeh əməkdaşları tərəfindən 05 dekabr 2024- cü il tarixdə baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12 may 2011-ci il tarixli Nazirlər Kabinetinin Qərarının 3.4.1-ci bəndinə əsasən ******* nömrəli akt tərtib edilmiş və aktda “özbaşına qaz qurğularının quraşdırılmasının aşkar olunduğu” qeyd olunmuşdur. Belə ki, abonent layihədən kənar özbaşına qaz qurğuları quraşdırmaqla qazdan istifadə etmişdir. Abonentin layihədən kənar qaz qurğuları quraşdırmaqla qazdan istifadə etməsi nəticəsində dövlətə maddi ziyan dəymişdir. Abonentin mövcud sayğacı G-6 markalıdır, bu sayğacın maksimal gücü 10 m3 dur. Lakin abonent sayğacın maksimal gücünü 7,4 m3 aşaraq ümumi 17,4 m3 qaz işlətmişdir. Bu vəziyyətdə sayğac keçən qazın sərfiyyatını qeyd edə bilmir. Bu vəziyyət dövlət əmlakının talanmasına gətirib çıxarmışdır. Məhz dövlət əmlakını taladığına görə iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilməlidir. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Abonentə 7992 m3 itirilmiş qaza görə 1998 manat itirilmiş qaza görə akt tərtib olunaraq hesablanmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə1 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan KY242260227 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, Cavabdeh təfərindən İddiaçı məxsus sahibkarlıq obyektində başlama tarixi 05 dekabr 2024-cü il, qurtarma tarixi 07 dekabr 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi kimi qeyd edilmişdir. İş materiallarında olan 05 dekabr 2024-cü il tarixli yoxlama aktından görünür ki, Cavabdeh nümayəndələri İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sahibkarlıq obyektində yoxlama aparmış, müsəsisədə istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfinin quraşdırılmış G-6 markalı qaz sayğacının maksimal ölçmə həddinə uyğun olmaması müəyyən edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 05 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda müəssisədə istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfinin quraşdırılmış G-6 markalı qaz sayğacının maksimal ölçmə həddinə uyğun olmaması qeyd olunmuşdur. Həmçinin itirilmiş qaz sərfinin hesablanması, dəymiş ziyanın ödənilməsi və nöqsanın aradan qaldırılması tələb edilmişdir. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 17,4 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq qaydaların 6.5-2-ci yarımbəndinə uyğun hesabat forması 17,4-10=7,4x12x90=7992 m3 olaraq hesablanmış və həmin hesabatda itirilmiş qazın miqdarı 7992 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin dekabr ayında akt əsasında X2 məxsus **********30000 nömrəli abonent koduna 1998 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi “X1 Agentliyi” publik hüquqi şəxsinin 08 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh əməkdaşları tərəfindən qeyri-yaşayış sahəsinə baxış keçirilərkən müəssisədə 1 ədəd 40 kw (4 m3/saat), 1 ədəd PQ-6 restoran tipli qaz plitəsindən (4.8 m3/saat), 1 ədəd PQ-6 məişət tipli qaz plitəsindən (2.4 m3/saat), 1 ədəd QSQ (3.2 m3/saat), 1 ədəd kürə (3.2 m3/saat) qaz cihazlarının quraşdırıldığı və təbii qazdan istifadə olunduğunu müəyyən etmişlər. Abonent saldosu təhlil edilərkən məlum olmuşdur ki, müvafiq dövrlərdə qeyri-yaşayış sahəsində müvafiq aylarda maksimal 1200-1600 m3 (orta günlük 53.3 m3) olmaqla təbii qaz istehlak olunmuşdur (abonent saldosu əlavə olunur). İstehlak olunan təbii qazı ayın günlərinə və günün saatlarına böldükdə qaz sayğacının hesablama qabiliyyətinin yuxarı həddi (12 saat işləmə vaxtı*G-6 sayğacın maksimal həddi*30 gün. Yəni 12*10*30=3600 m3) aşılmır. Belə ki, G-6 markalı qaz sayğacı ay ərzində 3600 m3 qaz ötürmək qabiliyyətinə malik olduğu halda qeyri- yaşayış sahəsində 1200-1600 m3 təbii qaz istehlak olunmuş və qaz sayğacı istehlak olunan təbii qazın sərfiyyatının qeydiyyatını aparmışdır. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Eyni zamanda, qaz sayğacına müdaxilə və ya qaz paylayıcı şəbəkəyə qeyri-qanuni qoşulma halları baş verdikdə dəymiş ziyanın hesablanması “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən hesablanır. Qaz sayğacının yuxarı həddinin aşılması nəticəsində dəymiş ziyanın hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışda yoxlama suallarında qeyri-yaşayış sahəsinin daxilində yoxlamanın aparılması nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 19.6-cı bəndinə əsasən yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. Bu səbəbdən Cavabdeh tərəfindən hesablanmış dəymiş ziyan əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sahibkarlıq obyektinə sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin obyektdə quraşdırılan “G-6” markalı qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfinin 17,4 m3/saat olduğu müəyyən edilmişdir. Qaz sayğacının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması ilə əlaqədar iddiaçıya 1998 (min doqquz yüz doxsan səkkiz) manat məbləğində dəymiş ziyanla bağlı borc hesablanmışdır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi “X1 Agentliyi” publik hüquqi şəxsindən 08 oktyabr 2025-ci il mütəxəssis rəyi almış və və həmin rəydə “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən hesablanmış dəymiş ziyanın əsassız olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi “X1 Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 08 oktyabr 2025ci il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi əsas götürülərək Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********30000) 05 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1998 (min doqquz yüz doxsan səkkiz) manat məbləğində borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********30000) 05 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1998 (min doqquz yüz doxsan səkkiz) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********30000) 05 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1998 (min doqquz yüz doxsan səkkiz) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar