Məhkəmə qərarları › İş №e-2-2(119)-131/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-131/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-131/2022 26.05.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14977,31 (on dörd min doqquz yüz yetmiş yeddi manat 31 qəpik) manat məbləğində əsas borcun, 3065,83 (üç min altmış beş manat 83 qəpik) manat məbləğində faiz borcunun, 1023,49 (min iyirmi üç manat 49 qəpik) manat məbləğində cərimənin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2121,60 (iki min yüz iyirmi bir manat 60 qəpik) manat məbləğində faiz borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 208 (iki yüz səkkiz) manat məbləğində xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Quba rayonunun 2-ci Nügədi kəndində 0,09 ha torpaq sahəsində yerləşən bir otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsi məhkəməyə təqdim olunmuş kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə borc alan və ipoteka qoyan – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 2661 nömrəli Kredit Müqaviləsi və 29 iyun 2015-ci il tarixli Y09/2661 nömrəli İpoteka Müqaviləsi ilə əsaslandırılmışdır. İş üzrə keçirilən məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 14977,31 manat məbləğində əsas borcun, 3065,83 manat məbləğində faiz borcunun, 1023,49 manat məbləğində cərimənin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2121,60 manat məbləğində faiz borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 208 manat məbləğində xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Quba rayonunun 2-ci Nügədi kəndində 0,09 ha torpaq sahəsində yerləşən bir otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qəbul etmədiyini, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə 29 iyun 2015-ci il tarixli Kredit və İpoteka Müqavilələri bağlamadığını, həmin Müqavilələr əsasında həmin Bankdan heç bir kredit almadığını və vaxtilə mülkiyyətində olmuş evini Banka ipotekaya qoymadığını, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi həmin Müqavilələrdə ona aid edilən imzaları çəkmədiyini və həmin imzaların ona məxsus olmadığını bildirib, əsassız olduğu üçün iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları, iddia ərizəsinin məzmunu və işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı vermiş olduğu “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə hazırkı iddia ərizəsində Cavabdeh tələb olunan borcun tutulmasını, cavabdehdən tutulmalı olan borcun ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsini və bununla bağlı digər tələblərini kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə borc alan - hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh (VÖEN **********) arasında sonuncuya 15000 (on beş min) manat məbləğində kredit verilməsinə dair bağlanmış 29 iyun 2015-ci il tarixli 2661 nömrəli Kredit Müqaviləsi və həmin kreditin verilməsinin təminatı olaraq ipoteka qoyan (cavabdeh) Cavabdeh məxsus Quba rayonunun 2-ci Nügədi kəndində 0,09 ha torpaq sahəsində yerləşən bir otaqlı fərdi yaşayış evinin ipotekaya qoyulması ilə əlaqədar bağlanmış 29 iyun 2015-ci il tarixli Y09/2661 nömrəli İpoteka Müqaviləsi ilə əsaslandırılmışdır. Lakin, məhkəmə araşdırması zamanı Cavabdeh vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 21 aprel 2022-ci il tarixli 4/367 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə “borc alan” və “ipoteka qoyan” Cavabdeh arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 2661 nömrəli Kredit Müqaviləsində, 29 iyun 2015-ci il tarixli 2661 nömrəli Kredit Müqaviləsinə Əlavədə (Ödəniş Cədvəlində) və 29 iyun 2015-ci il tarixli Y09/2661 nömrəli İpoteka Müqaviləsində Cavabdeh adından olan (ona aid edilən) imzalar – Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixindən etibarən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 2661 nömrəli Kredit Müqaviləsini, 29 iyun 2015-ci il tarixli 2661 nömrəli Kredit Müqaviləsinə Əlavəni (Ödəniş Cədvəlini) və 29 iyun 2015-ci il tarixli Y09/2661 nömrəli İpoteka Müqaviləsini - həmin sənədlərdə “borc alan” və “ipoteka qoyan” kimi qeyd olunmuş Cavabdeh imzalamamış və bununla da, sonuncu həmin müqavilələr üzrə üzərinə heç bir öhdəlik götürməmişdir. Eləcə də, məhkəmə prosesi zamanı iddiaçı tərəf 29 iyun 2015-ci il tarixli 2661 nömrəli Kredit müqaviləsi bağlanarkən verilən kredit məbləğinin Cavabdeh təqdim edilməsinə və onun həmin müqavilə üzrə Bankdan pul məbləği almasına dair müvafiq sübutları da məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Cavabdeh borcu olması barədə iddiaçı tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli Maliyyə arayışı və hesabdan çıxarış isə Cavabdeh tərəfindən “borc alan” olaraq imzalanmış müqavilə mövcud olmadığı halda, iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hazırkı iş üzrə Cavabdeh imzası ilə sübuti əhəmiyyət kəsb edən hər hansı bir əlavə sənəd, o cümlədən də cavabdehin faktiki olaraq kredit məbləğini qəbul etməsini və yaxud, İpoteka müqaviləsinin notariat qaydada bağlanmasını və müvafiq qaydada dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı arasında 15000 (on beş min) manat məbləğində kredit verilməsinə dair 29 iyun 2015-ci il tarixli 2661 nömrəli Kredit Müqaviləsi tərtib edilsə də, həmin müqavilə Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Həmçinin, kredit müqaviləsinin predmeti olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh təhvil verilməsi barədə hər hansı bir sənəd məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı müqavilədə nəzərdə tutulan kredit məbləğinin kreditor tərəfindən borcalana verilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə də, iş materialları və işin konkret halları belə bir nəticəyə gəlməyə əsas verir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialından 15000 (on beş min) manat məbləğində kredit götürülməsi üçün “borcalan” qismində Cavabdeh imzasının saxtalaşdırılmasından istifadə edilmiş və iddiaçı tərəf kredit müqaviləsinin predmeti olan pul vəsaitinin borcalana verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu hallar isə həmin 29 iyun 2015-ci il tarixli 2661 nömrəli Kredit Müqaviləsinin hazırkı iş üzrə cavabdeh olan Cavabdeh üçün heç bir öhdəlik yaratmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün, yəni iddia tələbinin əsaslandırıldığı tərəflər arasında öhdəliyin yaranması əsası kimi çıxış edən Kredit və İpoteka müqavilələri - həmin müqavilələrin tərəfi olan “borcalan” və “ipoteka qoyan” qismində Cavabdeh (cavabdeh) tərəfindən imzalanmadığına görə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar