Məhkəmə qərarları › İş №e-2-2(119)-1315/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1315/2023

06.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1315/2023 06.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş "borcun tutulması" tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə 28 dekabr 2022-ci il tarixli MŞB/6-7606 nömrəli Arayışla Bakı şəhərində yerləşən Bakı 6 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında həyata keçirilməsi müəyyən olunmur. Çünki, həmin Arayışda mediasiya prosesində hazırkı işə aidiyəti olmayan X1 iştirak etməsi, qarşı tərəf qismində isə X2 iştirak etməməsi barədə qeyd aparılmışdır. Göründüyü kimi, 28 dekabr 2022-ci il tarixli MŞB/6-7606 nömrəli Mediasiya Arayışının hazırkı iddia tələbinə aid olması iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunmur. Yəni, Mediasiya Arayışında qeyd olunan X1 və X2 bu iddia ərizəsi üzrə iddiaçı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh olan Cavabdeh ilə hər hansı bir əlaqələrinin olması müəyyən edilmir. Bu halda isə iddia ərizəsi ilə birlikdə təqdim olunan 28 dekabr 2022-ci il tarixli MŞB/6-7606 nömrəli mediasiya Arayışı hazırkı mübahisə üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılan mediasiya hərəkətlərinin nəticəsi kimi qəbul oluna bilməz. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar hazırkı mübahisə üzrə məhkəməyə müraciət edilənədək tərəflər arasında ilkin mediasiya sessiyasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil olunaraq keçirildiyini təsdiq etmir. Ona görə də, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən tərtib edilərək imzalanmış olan 28 dekabr 2022-ci il tarixli MŞB/6-7606 nömrəli “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayış – Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə Qanunvericiliyin tələblərinə uyğun mediasiya prosesinin qaydalarına, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan “mediasiya prosesinin təşkil edilərək keçirilməsi” qaydalarına əməl edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı madəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iş üzrə tərəflərin – yəni, iddiaçının və cavabdehin ünvanları, eyni zamanda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i göstərilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) tərəflərin, yəni iddiaçının və cavabdehin ünvanları və tərəf olan hüquqi şəxsin VÖEN-i də göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Eyni zamanda, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin “Giriş” hissəsində (“Tərəflər” bölməsində) iddiaçı qismində “ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” göstərilsə də, iddia ərizəsinin məzmunu və iddia ərizəsinə əlavə edilmiş sənədlərlə bu mübahisə üzrə əsl iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olması və iddia tələbinin həmin hüquqi şəxslə əlaqədar verilməsi müəyyən edilmir. Bundan əlavə, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsində cavabdeh qismində Cavabdeh göstərilmiş olsa da, həmin iddia ərizəsinin "Tələb" hissəsində "Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi Abadlıq və Kommunal Xidmətləri İdarəsindən 6000 manat borcun, 80 manat dövlət rüsumunun və 50 manat mediasiya xərci olmaqla, ümumilikdə 6130 manat pulun tutulması” xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçı və ya iddiaçının tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş iddia ərizəsi elektron imza ilə Vəkil tərəfindən imzalanmış olsa da, həmin vəkilin bu iddia ərizəsini imzalamaq səlahiyyətinin olması iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunmur. Çünki, iddia ərizəsinə əlavə edilmiş 31 mart 2023-cü il tarixli Vəkil Orderi və 30 may 2023-cü il tarixli Etibarnamə ilə Vəkil iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından verilən iddia ərizələrini imzalamaq səlahiyyəti və yaxud həmin hüquqi şəxsin adından digər hüquqların həyata keçirilməsi səlahiyyətləri verilməmişdir. Yəni, 31 mart 2023-cü il tarixli Vəkil Orderi və 30 may 2023-cü il tarixli Etibarnamə Vəkil iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən deyil, fiziki şəxs olaraq X3 tərəfindən sonuncunun özünün təmsil olunması ilə əlaqədar verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 74.2-cü maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması - iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş "borcun tutulması" tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar