Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-25/2023 27.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin qanuni təmsilçisi X1, iddiaçı Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin Cavabdehnə qarşı “JN-01-1 nömrəli dövlət aktına əsasən 293898, 4524321.182 39 N koordinatlarında 0,14 hektarlıq ərazidə yerləşən cavabdehə məxsus 2G/3G/4G mobil baza stansiyası texnoloji avadanlıqlarının və mobil telefon qülləsinin cavabdehin hesabına sökülərək Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin ərazisindən çıxarılması, 2008-ci ildən 14 il ərzində qanunsuz istifadəyə görə iddiaçıya dəymiş 16800 manat maddi zərərin və ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, JN-01-1 nömrəli Dövlət aktına əsasən, 293898, 4524321.182 39 N koordinatlarında 0,14 hektarlıq ərazidə yerləşən cavabdehə məxsus 2G/3G/4G mobil baza stansiyası texnoloji avadanlıqlarının və mobil telefon qülləsinin cavabdehin hesabına sökülərək Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin ərazisindən çıxarılması, 2008-ci ildən 14 il ərzində qanunsuz istifadəyə görə iddiaçıya dəymiş 16800 manat maddi zərərin və ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli e-2-2(113)-3121/2022 nömrəli qərardadına əsasən həmin iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin vəkili və nümayəndəsi Nümayəndə izahatında işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə iddiaçı Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin qanuni təmsilçisi X3 izahatında cavabdehlə aralarında barışıq əldə olunması məsələsini müzakirə edəcəklərini və işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatında işə Şamaxı Rayon Məhkəməsində baxılmalı olduğunu qeyd etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X4 işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normanın məzmunundan belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını şərh olunan hüquq normalarına əsasən qiymətəndirərək hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı bələdiyyə orqanı ilə cavabdeh arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəlik hüquqi münasibəti olmadığından mahiyyət etibarilə iqtisadi xarakter daşımır və buna görə bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Eyni zamanda məhkəmə qeyd etməyi lazım bilir ki, tərəflər hazırkı qərardaddan şikayət verəcəyi təqdirdə, aşağıda təsvir olunan hüquq normalarının tələblərini də nəzərə almalıdırlar: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24-32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin Cavabdehnə qarşı “JN-01-1 nömrəli Dövlət aktına əsasən, 293898, 4524321.182 39 N koordinatlarında 0,14 hektarlıq ərazidə yerləşən cavabdehə məxsus 2G/3G/4G mobil baza stansiyası texnoloji avadanlıqlarının və mobil telefon qülləsinin cavabdehin hesabına sökülərək Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin ərazisindən çıxarılması, 2008-ci ildən 14 il ərzində qanunsuz istifadəyə görə iddiaçıya dəymiş 16800 manat maddi zərərin və ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Tərəflərə izah olunsun ki, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət Mülki Prosessual Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-25/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-25/2023
27.04.2023 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver