Məhkəmə qərarları › İş №e-2-2(119)-308/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-308/2022

20.12.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-308/2022 20.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qeyri-qanuni hesablanmış 5786,09 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində inşa edilmiş 145 saylı, 16 mərtəbəli bina "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsusdur. Həmin binanın elektrik enerjisi ilə təchiz olunması üçün yarımstansiya inşa edilmişdir. Binada yaşayan bütün sakinlər elektrik sayğacları ilə təmin edilmiş, həmçinin binanın liftinin, girişinin və dəhlizlərinin işıqlandırılması üçün "Sumqayıt” Mənzil-Tikinti Kooperativinə məxsus sayğac da quraşdırılmış və həmin sayğac əsasında hər ay vaxtında elektrik enerjisinin sərfiyyatı ödənilmişdir. Bu məbləğ hər ay təxminən 200-300 manat aralığında dəyişir. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən bildirilmişdir ki, yarımstansiya ilə bina arasındakı xətdə itki var və buna görə "xxxx" Mənzil-Tikinti Kooperativi məsuliyyət daşıyır. Dərhal "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Şimal" RETSİnin rəhbərliyinə müraciət olunaraq laborator yoxlanma xahiş edilmişdir. Belə ki, iddiaçı yarımstansiyaya müdaxilə edə bilmir, oradakı sayğaclardan məlumatı yoxdur, binaya verilən elektrik xətlərinin nasazlığına görə məsuliyyət daşımır. Sayğacda isə heç bir borc yoxdur, ödənişlər də sayğac əsasında aparılır, indiyə qədər də belə bir problem yaranmamışdır. Bütün bunlara baxmayaraq cavabdeh bunun səbəbini bildirmədən, heç bir laborator analiz aparmadan, itkinin baş vermə səbəbini araşdırmadan, ümumiyyətlə itki baş veribsə onun iddiaçıya necə aid olmasını bildirmədən, tələb etdikləri abunə haqqındakı saldoda iddiaçının 5786,09 (beş min yeddi yüz səksən altı manat 09 qəpik) manat məbləğində borcu olduğunu göstərmişdir. Bu borc iddiaçının üzərinə qoyula bilməz. Yarımstansiyanın qapısı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən möhürlənib və ora giriş-çıxış həmin əməkdaşlar tərəfindən həyata keçirilir. Həmçinin ölkə üzrə bütün elektrik naqilləri cavabdehin balansındadır. İddiaçının nə yarımstansiyaya, nə də həmin yarımstansiyadan binaya gələn naqillərə hər hansı müdaxilə etmək imkanı yoxdur və tərəflər arasındakı müqavilədə də belə bir öhdəlik yoxdur. Cavabdeh elektrik enerjisi itkisinin iddiaçının müdaxiləsindən qaynaqlandığından şübhələnmiş, lakin heç bir əsaslandırma göstərmədən, araşdırma aparmadan və yuxarıda qeyd edilən halların heç birini nəzərə almadan şübhə əsasında iddiaçıya qanunsuz borc məbləği hesablamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 29 mart 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraz təqdim edərək, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin ona məxsus obyektə elektrik hesabat sayğacı əsasında hesablanmış borcun silinməsinə dair dair iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, etiraza əlavə olunmuş abunə haqqında çıxarışdan müəyyən olunur ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin enerjitəchizatı müəssisəsinə elektrik enerjisindən istifadəyə görə 28 fevral 2022-ci il tarixə 6583,83 manat borcu vardır. Həmin borcun 326,27 manat hissəsi 24 dekabr 2016-cı il tarixdə EEİQ-nın pozulmasına görə tərtib edilmiş R 007873 nömrəli akta əsasən, 89,28 manat hissəsi metodiki hesablama yolu ilə, 359,82 manat hissəsi 21 yanvar 2019-cu il tarixdə EEİQ-nın tələbləri pozulmaqla elektrik enerjisindən istifadə edildiyinə görə tərtib edilmiş NDQ 005243 nömrəli akta əsasən, qalan hissəsi isə "xxxx" Mənzil-Tikinti Kooperativinin işlədicilərinə quraşdırılmış elektrik hesabat sayğacı əsasında hesablanmışdır ki, həmin borcun silinməsi üçün qanunla heç bir hal müəyyən edilməmişdir. İddiaçı isə 5786,09 manat borcla bağlı əsassız hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Lakin bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının silinməsini tələb etdiyi məbləğin ona tərtib olunmuş aktlar və sayğac əsasında aparılmış hesablaşmalara hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. İddiaçı sayğac əsasında hesablanmış məbləğin silinməsini məhkəmədən xahiş etməklə Azərbaycan Respublikasının Prezidenti tərəfindən enerji haqqlarının yığımının 100%-ə çatdırılması barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaradır. Qeyd edilənlərə əsasən iddiaçının sayğac əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır, onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 12 may 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraza əlavə təqdim edərək qeyd etmişdir ki, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi 09 fevral 2018-ci il tarixli texniki şərtlə enerjitəchizatı şəbəkəsinə qoşulmuşdur. Həmin texniki şərtin 1.6-cı bəndinə əsasən 32 saylı TM-in 0,4 kV-luq PQ-da yaşayış binasını qidalandıracaq kabel xətlərinin çıxışında sayğac quraşdırılması tələbi "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmuşdur. Həmçinin texniki şərtin 3.1-ci bəndinə əsasən binanın elektrik təchizatının təmini üçün 32 saylı TM-nin 0,4 kV-luq PQ-dan işçi layihəyə uyğun 1 kV-luq kabel xətləri çəkilməli, 3.2-ci bəndinə əsasən isə yaşayış binasının girişində, binanın yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi təchizatı üçün ayrıca sayğac komplekti olan paylayıcı lövhə quraşdırılmalı və binaya bu lövhələr vasitəsi ilə elektrik enerjisi verilməlidir. Həmçinin mənzillər, liftlər, işıqlanma və s. üçün sayğac komplektli xüsusi panellər quraşdırılması öhdəliyi "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmuşdur. Həmin texniki şərtin tələbləri "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən yerinə yetirildiyi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Texniki Departamentinin 04 sentyabr 2018-ci il tarixli məktubu ilə obyektin şəbəkəyə qoşulmasına razılıq verilmişdir. Texniki şərtin tələblərində göstərilən yerdə sayğac quraşdırılmış və həmin sayğacın göstəricilərinə uyğun olaraq "xxxx" Mənzil-Tikinti Kooperativi ilə elektrik enerjisindən istifadəyə görə **********4 saylı abunə kodu üzrə hesablaşma aparılmışdır. "xxxx" Mənzil- Tikinti Kooperativinin müraciətinə əsasən 04 aprel 2019-cu il tarixdə "xxxx" Mənzil-Tikinti Kooperativinin iki lifti üzrə ayrıca elektrik hesabat sayğacı quraşdırılaraq **********8 saylı abunə kodu açılmış və həmin liftlərin elektrik enerjisindən istifadəyə görə sərfiyyatı əsas koddan (**********4) ayrılmışdır. Abunə haqqında çıxarışdan da görünür ki, həmin liftlərin sərfiyyatı **********4 saylı abunə kodunda olan sərfiyyatdan çıxılaraq hesablaşma aparılır. İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi 26 may 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “iddia tələbinin həcminin artırılmasına” dair ərizə təqdim edərək, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 16 mərtəbəli binada **********4 nömrəli abunə kodunda quraşdırılmış sayğac üzrə qeyri-qanuni hesablanmış borcun tam şəkildə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin ərizəni onunla əsaslandırmışdır ki, “Sumqayıt" Mənzil Tikinti Kooperativinin Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən binasına liftlər və s. servislər üçün sayğac quraşdırlarkən sayğacın abunə kodu **********8 nömrə ilə müəyyən edilmişdir. ********** abunə kodu üzrə hər ay vaxtında elektrik enerjisinin sərfiyyatına görə yaranmış borc ödənilmiş və hal-hazırda da həmin abunə kodu üzrə borc yoxdur. **********4 abunə kodunun Mənzil-Tikinti Kooperativinə aidiyyatı yoxdur, lakin həmin abunə kodu üzrə hesablanmış borclar iddiaçıdan tələb edilir. Həmçinin məhkəmə baxışı davam edərkən həmin abunə kodu üzrə borclar mütəmadi olaraq dəyişilir. Əvvəl borcun 5786,09 (beş min yeddi yüz səksən altı manat 09 qəpik) manat olduğu bildirilsə də, məhkəmə baxışı zamanı ilkin olaraq 6822 (altı min səkkiz yüz iyirmi iki) manat, daha bir abunə haqqında saldoda 7285 (yeddi min iki yüz səksən beş) manat, sonra 9241 (doqquz min iki yüz qırx bir) manat, daha sonra 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat olduğu bildirilmişdir. **********4 abunə kodu üzrə quraşdırılmış hesabat sayğacının Mənzil- Tikinti Kooperativinə aidiyyəti yoxdur və həmin abunə kodu üzrə Mənzil-Tikinti Kooperativinə hesablanmış borclar silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılmasına dair” ərizədə yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 16 mərtəbəli binada **********4 nömrəli abunə kodunda quraşdırılmış sayğac üzrə qeyri-qanuni hesablanmış borcun tam şəkildə silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəməyə təqdim edilmiş etiraz və etiraza əlavənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılmasına dair” ərizəni, etirazı, etiraza əlavəni, şahid ifadələrini, ekspert rəyini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 09 fevral 2018-ci il tarixli texniki şərtə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi enerjitəchizatı şəbəkəsinə qoşulmuşdur. Həmin texniki şərtin 1.6-cı bəndinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 32 saylı transformator məntəqəsinin 0,4 kV-luq PQ-da yaşayış binasını qidalandıracaq kabel xətlərinin çıxışında sayğac quraşdırılmalıdır. İş materiallarında olan hesab ödəniş vərəqələrindən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus **********4 nömrəli abunə kodu üzrə xx.xx.2018-ci il tarixinə qalıq borcu 337,14 manat, xx.xx.2019-cu il tarixinə qalıq borcu 107,39 manat, xx.xx.2020-ci il tarixinə qalıq borcu 2216,69 manat, xx.xx.2021-ci il tarixinə 8792,96 manat, xx.xx.2022-ci il tarixinə qalıq borcu 9241,43 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus **********4 nömrəli abunə kodu üzrə borcun məbləği 25 oktyabr 2021-ci il tarixdə çap edilmiş abunə haqqında saldoda 4652,09 manat, 16 dekabr 2021-ci il tarixdə çap edilmiş abunə haqqında saldoda 6822,31 manat, 04 aprel 2022-ci il tarixdə çap edilmiş abunə haqqında saldoda 9241,43 manat, 23 may 2022-ci il tarixdə çap edilmiş abunə haqqında saldoda 7285,63 manat, 25 may 2022-ci il tarixdə çap edilmiş abunə haqqında saldoda 8944,43 manat, 05 dekabr 2022-ci il tarixdə çap edilmiş abunə haqqında saldoda 4959,90 manat göstərilmişdir. Məhkəmə araşdırması zamanı Sumqayıt Kommersiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli e-2-2(119)-308/2022 saylı qərardadına əsasən təyin edilmiş məhkəmə mühəndis-texniki və məhkəmə-mühasibat ekspertizası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 10/6236, 9/6876 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “Sumqayıt Mənzil- Tikinti Kooperativi”nin istehlakçılarının sayı, həmçinin qeyri-yaşayış sahəsinə dair liftlərin, su nasonlarının və digər elektrik enerjisi qəbuledicilərinin gücü və işləmə rejimi barədə məlumatlar təqdim edilmədiyi üçün hesabat sayğaclarının elektrik sərfiyyatını düzgün hesablayıb-hesablamamasını müəyyən etmək mümkün olmamışdı. Ekspertiza zamanı təqdim olunan sayğaclara vizual baxış zamanı sayğaclara müdaxilə halı müəyyən edilməmişdi. Qeyd olunur ki, hesabat sayğaclarının plombları açıldıqdan sonra daxili konstruktiv hissələrə müəyyən müdaxilələr edilməklə sayğacın göstəricilərinin dəyişdirilməsi texniki cəhətdən mümkündür. Həmin məsələ sayğaclar müvafiq avadanlıqlarla (yəni stend, laboratoriya və s.) təmin olunmuş qurumda yoxlamalar aparılmaqla həll edilə bilər. Baxış zamanı əldə edilmiş məlumatları, yəni yarımstansiyadan yaşayış binasına elektrik xətlərinin çəkilmə sxem və üsulunu, sayğaclarda hər hansı nasazlıq və uyğunsuzluğun aşkar edilməməsini nəzərə alaraq, təqdim edilən sayğacların sərfiyyat hesablamaları arasında yaranmış fərqin səbəbini müəyyən etmək mümkün olmadı. 28 sentyabr 2018-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında AKT”ına əsasən “Şimal" RETSİ ilə "xxxx" MTK arasında balans mənsubiyyəti sərhədi - 110/35/6 kV-luq 135 saylı YS olan 6/0.4 kV-luq 32 saylı TM-in 0.4 kV-luq PQ-dən obyektə yeraltı çəkilmiş kabel xətlərinin 0.4 kV-luq PQ-dəki birləşmə ucları təyin edilmişdir. Bir qayda olaraq tərəflər arasında olan elektrik enerji hesablaşmaları “Enerjitəchizatı müəssəsi ilə qeyri-istehsalat müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi” ilə tənzimlənir. "xxxx" ASC-nin Enerji Satış Departamenti ilə X5 arasında bağlanmış 12 aprel 2022-ci il tarixli 139004 nömrəli “Enerjitəchizatı müəssəsi ilə qeyriistehsalat müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonraabonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nin 10-cu bəndinə əsasən 1 kVts aktiv elektrik enerjisi üçün 0.11 manat tarif təyin edilmişdir. Təqdim edilən sayğacların sərfiyyat hesablamaları arasında yaranmış fərqin səbəbi müəyyən edilmədiyi üçün, borcun məbləğinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin elektrik enerjisi üzrə ödənişlərini o ödəyir. Əvvəllər yarımstansiyada yerləşdirilmiş sayğacdan vətəndaşların elektrik sərfiyyatlarının dəyərini çıxıb qalan hissəsini ödəyirdilər. Sonra vətəndaşlara ayrı sayğaclar, daha sonra "xxxx" Mənzil-Tikinti Kooperativinə isə yeni sayğac (abunə kodu **********8) quraşdırılmışdır. Yeni abunə kodu üzrə olan bütün borcları vaxtında ödəmişdir. Lakin həmin yarımstansiyada yerləşən **********4 abunə kodu quraşdırılmış sayğac üzrə hesablanmış borcları da "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Mənzil-Tikinti Kooperativindən tələb edir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şimal RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı şəbəkə sahəsinin aparıcı mühəndisi X2 ifadəsində ekspertiza keçirilərkən mütəxəssis qismində iştirak etdiyini, kabellərin yoxlanıldığını, heç bir itki olmadığını və **********4 abunə kodunun "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şimal RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Enerji satış şöbəsinin baş mütəxəssisi X3 ifadəsində ekspertiza keçirilərkən mütəxəssis qismində iştirak etdiyini, **********4 abunə kodunda olan sayğacın texniki şərtə əsasən quraşdırıldığını, həmin abunə kodunun "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus olduğunu bildirmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, texniki şərtə əsasən enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçı "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 16 mərtəbəli bina elektrik enerjisi ilə təchiz edilmiş və **********4 nömrəli abunə kodu da "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus olmaqla, həmin kod üzrə istifadə edilən elektrik enerjisinin hesabatının aparılması məqsədilə müvafiq qaydada sayğac quraşdırılmışdır. **********4 nömrəli abunə kodu və həmin kod üzrə verilən elektrik enerjisinin hesabatını aparan sayğac iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin adına qeydiyyatdan keçmiş olduğundan, həmin sayğacın apardığı hesabat üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsi də ondan tələb olunur. Qeyd olunan abonent kodu iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin adından çıxarılmadığı halda həmin kod üzrə sayğac hesabatı əsasında müəyyən edilən borcun silinməsi mümkün ola bilməz. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cu maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, hazırkı iddia ərizəsi üzrə olan iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə mühəndistexniki və məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq X1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar