Məhkəmə qərarları › İş №e-2-2(119)-325/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-325/2023

01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-325/2023 01.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 15 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə vurduğu 68000 (altmış səkkiz min) manat maddi ziyanın, məhkəməyə ödənilmiş 294 (iki yüz doxsan dörd) manat dövlət rüsumunun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat xərcin Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia tələbi - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (hal-hazırda “Məhdud Məsuliyyətli Cəmiyyəti”) məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər X2 və Cavabdeh çıxarılmaları, cavabdehlər X1 və Cavabdeh müştərək qaydada 01 sentyabr 2020-ci il tarixədək hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2-2(119)-599/2020 nömrəli qətnaməsi qəbul olunduqdan sonra da Cavabdeh həmin icarə obyektindən çıxmayaraq, icarə obyektini iddiaçıya təhvil verməməsi, Cavabdeh həmin icarə obyektindən yalnız 25 fevral 2022-ci ildə çıxması, çıxdıqdan sonra iddiaçı tərəfindən həmin obyektin aylıq 4000 manat olmaqla başqa bir şəxsə icarəyə verilməsi, faktiki olaraq Cavabdeh icarə obyektini 25 fevral 2022-ci il tarixinədək təhvil verməyərək, özündə saxlamaqla İddiaçı MMC-ni bütün bu müddət ərzində aylıq 4000 manat məbləğində icarə haqqından məhrum edərək, iddiaçıya hər ay 4000 manat məbləğində ziyan vurması və Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən isə icarə haqqının yalnız 01 sentyabr 2020-ci ilədək hesablanaraq tutulması və buna görə də icarə obyektindən çıxanadək cəmi 17 ay üçün hər ay 4000 manat olmaqla, ümumilikdə İddiaçı MMC-yə cəmi 68000 manat məbləğində (17 ay x 4000 manat = 68000 manat) ziyan vurması, yəni Cavabdeh 17 ay ərzində məlum icarə obyektini icarə haqqı ödəmədən qanunsuz işlədib İddiaçı MMC-ni hər aya görə ödəniləcək 4000 manat icarə haqqından məhrum etməklə, iddiaçıya ümumilikdə 68000 (altmış səkkiz min) manat məbləğində maddi ziyan vurması ilə əsaslandırılmışdır. Həmin iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən 14 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə qarşı mülahizə” təqdim edilərək, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Mülahizə” onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və kassasiya şikayəti təmin olunmamış və qətnamə qanuni qüvvəsini almış həmin qətnamə 05 oktyabr 2021-ci ildə müvafiq qaydada icraya yönəldilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsində 11 oktyabr 2021-ci il tarixli qərarla icraata başlanmışdır. İcra məmuru tərəfindən qəbul edilmiş 14 mart 2022-ci il tarixli qərarla icra olunduğuna görə həmin icra sənədinin icraatına xitam verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 8-2(119)- 5/2022 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icraatına xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 14 mart 2022-ci il tarixli qərarından tələbkar İddiaçı QSC və borclu Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin edilmiş və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 14 mart 2022-ci il tarixli icra işi üzrə xitam qərarı ləğv edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 8-2(119)-5/2022 nömrəli qərardadı qanuni qüvvəsini almış və buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2- 2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasının davam etdirilməsi üçün həmin qərardad Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmışdır. Cavabdeh 10 may 2022-ci ildə “Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsinə izah verilməsi” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, qətnamədə qeyd olunan "Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektinin” sahəsinin nə qədər olması barədə izah verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli e-2-2(119)- 599/2020 nömrəli qərardadı ilə məlum qətnaməyə izah verilərək, Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı müqavilə üzrə icarəyə verilmiş sahibkarlıq obyektinin sahəsinin 150 kv.metr olduğu bildirilmişdir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadı ilə həmin qərardad ləğv edilmiş və qətnaməyə izah verilməsinə dair ərizəyə yenidən baxılaraq qəbul edilən Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə həmin ərizə təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyinin ərizəsi əsasında Cavabdeh barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə başlanmış cinayət işinə də xitam verilmişdi. Yuxarıda qeyd olunanlardan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)- 599/2020 nömrəli qətnaməsi üzrə icra başa çatmamışdır və bu mübahisə hələ də davam etməkdədir. Belə ki, həmin qətnamə üzrə mübahisəli yer göstərilsə də, həmin yerin sahəsinin nə qədər olması qeyd olunmamışdır. Hesab olunur ki, hazırkı tələb o vaxt əsaslı olardı ki, yuxarıda qeyd edilən qətnamə tam icra olunardı. Çünki bu iddia tələbinin əsası Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi tam icra olunduqda yaranır. Belə ki, 15 oktyabr 2020-ci il tarixli e-2- 2(119)-599/2020 nömrəli həmin qətnamənin “icarə haqqı” hissəsində qeyd olunmuşdur ki, cavabdehlər X1 və Cavabdeh müştərək qaydada 01 sentyabr 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İcarə Müqaviləsi üzrə aylıq ödəniş 1500 manat olduğunu nəzərə alsaq, iddiaçı 2 ay 15 gün müddətin icarə haqqını istəmişdir. 01 sentyabr 2020-ci il tarixədək ödənilməli olan icarə borcu məlum qətnamə ilə öz əksini tapdığı üçün, deməli, həmin vaxtdan başlayaraq qətnamənin icra olunaraq obyektən çıxarıldığı günədək olan müddət üzrə icarə haqqı cavabdehdən tələb oluna bilər. Cavabdeh isə rəsmi olaraq İcra məmuru tərəfindən həmin obyektdən 2022-ci ilin fevral ayında çıxarılmışdır. Bu halda, 01 oktyabr 2020 - 1 ay, 01 noyabr 2020 - 1 ay, 01 dekabr 2020 - 1 ay, 01 yanvar - 01 dekabr 2021 - 12 ay, 01 yanvar 2022 - 1 ay, 01 fevral 2022 - 1 ay olmaqla, cavabdehin icarə obyektində olma müddəti ümumilikdə cəmi 17 ay edir. Əvvəla, məhkəmənin nəzərinə çatdırılır ki, icarə haqqı “17 ay x 1500 manat = 25500 manat” edir. İddiaçı isə iddia tələbində əsassız olaraq aylıq icarə haqqını “4000 manat” qeyd etmişdir. Hesab olunur ki, iddiaçının tələbi həmin hissədə əsassızdır. İcarə haqqı əvvəla birtərəfli qaydada artırıla bilməzdi. Bundan başqa sözügedən qətnamədə icarə haqqına qiymət verilmişdir və həmin qətnamədən sonrakı mübahisə - cavabdehin pozulmuş hüquqlarının yuxarı instansiya məhkəmələrində bərpası ilə bağlı olmuşdur. Bundan başqa ölkədə Pandemiya vəziyyəti elan olunduğu üçün 29 mart 2020-ci il tarixdən bütün restoranlar fəaliyyətini dayandırmışdır və 20 avqust 2021-ci il tarixdən fəaliyyətə başlamışdır. Buna görə də, iddiaçı yalnız 01 sentyabr 2021-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək müddətin, yəni 5 ayın icarə haqqını tələb edə bilər: - 5 ay x 1500 manat = 7500 manat. Cavabdeh həmin hissə ilə də qəti razı deyildir. Çünki, hazırda İddiaçı MMC-yə qarşı yeni iddia hazırlanır. Belə ki, mübahisəli torpaq sahəsinin koordinatları olmadığı üçün həmin məbləğin İddiaçı MMC tərəfindən tələb olunmasına onun heç bir subyektiv hüquq yoxdur. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, hesab olunur ki, iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur və ona görə də hazırkı iş üzrə iddia təmin olunmamalıdır. Həmin iş üzrə İddiaçı tərəfindən 27 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “cavabdehin nümayəndəsinin mülahizəsinə qarşı Etiraz” təqdim edilərək, həmin “mülahizə”nin qanunsuz və əsassız olduğu üçün nəzərə alınmaması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz”da da iddia tələbi – Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi ilə 01 sentyabr 2020-ci il tarixinədək hesablanmış icarə haqqı borcu tutulduqdan sonra da Cavabdeh icarə obyektini təhvil verməyərək, 17 ay ərzində təxminən ******* manat məbləğində mənfəət əldə etməsi, hal-hazırda həmin sahənin icarəyə verildiyi icarəçinin hər ay 4000 manat icarə haqqı ödəməsi və buna görə də hər ay 4000 manat olmaqla, 17 ay ərzində Cavabdeh İddiaçınə cəmi 68000 manat məbləğində maddi ziyan vurması ilə əsaslandırılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “cavabdehin nümayəndəsinin mülahizəsinə qarşı Etiraz” da yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh İddiaçı xeyrinə 68000 manat məbləğində maddi ziyanın, məhkəməyə ödənilmiş 294 manat məbləğində dövlət rüsumunun əvəzinin və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini - Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e- 2-2(119)-599/2020 nömrəli qətnaməsi ilə 01 sentyabr 2020-ci il tarixinədək hesablanmış icarə haqqı borcu tutulduqdan sonra da Cavabdeh icarə obyektini təhvil verməyərək, 17 ay ərzində həmin icarə obyektindən heç bir icarə haqqı ödəmədən istifadə etməsi, məlum qətnamə üzrə digər cavabdeh X2 isə məlum icarə obyekti ilə əlaqədar iddiaçı MMC-yə heç bir maneçilik törətmədiyinə və iddiaçının icarə obyektindən istifadə etməsinə mane olmadığına görə hazırkı iddianın ona qarşı verilməməsi, Cavabdeh 25 fevral 2022-ci ildə icarə obyektini təhvil verdikdən sonra isə həmin sahənin yeni icarəçiyə hər ay 4000 manat icarə haqqı olmaqla icarəyə verilməsi və buna görə də hər ay 4000 manat olmaqla, ümumilikdə 17 ay ərzində Cavabdeh İddiaçınə icarə haqqı qismində cəmi 68000 manat məbləğində maddi ziyan vurması ilə əsaslandırdı. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Mülahizə”də göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı tərəfindən ona qarşı verilmiş “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 da iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Mülahizə”də göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, cavabdeh tərəfin “iddia tələbinə qarşı verilmiş yazılı Mülahizə”sini, iddiaçı tərəfin “cavabdehin nümayəndəsinin mülahizəsinə qarşı Etirazı”nı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə İddiaçınə (əvvəlki adı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti) məxsusdur və həmin əmlak kompleksində yerləşən və “Duyğu” restoranı adı ilə fəaliyyət göstərən sahibkarlıq obyekti 2009-cu ildə Cavabdeh (VÖEN **********), 2014-cü ildən isə X3 icarəyə verilmişdir. Həmin sahibkarlıq obyektinin X3 icarəyə verilməsi ilə əlaqədar sonuncu dəfə bir il müddətinə 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə Müqaviləsi bağlanmış və həmin Müqavilədə icarəçi X4 tərəfindən icarəyə verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (halhazırda İddiaçı MMC) hər ay 1500 manat məbləğində icarə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. 31 dekabr 2018-ci ildə isə icarəçi X2 VÖEN-in fəaliyyəti 5 il müddətinə dayandırılmışdır. Lakin, həmin icarə obyekti bütün bu müddət ərzində faktiki olaraq icarəçi X2 yaxın qohumu Cavabdeh tərəfindən idarə və istifadə olunmuşdur. 2020-ci ilin avqust ayında İddiaçı QSC icarə münasibətlərinə xitam verildiyi üçün qalıq icarə pulu ödənilməklə, icarə obyektinin təhvil verilməsini tələb etsə də, cavabdehlər X4 və Cavabdeh həmin icarə obyektini iddiaçıya təhvil verməmişdir. Buna görə də, İddiaçı QSC 04 sentyabr 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər X3 və Cavabdeh qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə cavabdeh X4 arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə müqaviləsinə 11 avqust 2020-ci il tarixdən xitam verilməsini nəzərə alaraq Cəmiyyətə dəymiş maddi və mənəvi ziyana görə 10000 manat təzminat və 01 sentyabr 2020-ci ilə heablanmış 3750 manat icarə haqqı borcu olmaqla, cəmi 13750 manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi və cavabdehlərin icarə obyektindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2-2(119)- 599/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər X2 və Cavabdeh çıxarılması və cavabdehlər X1 və Cavabdeh müştərək qaydada 01 sentyabr 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 02 mart 2021-ci il tarixli 2-2(105)-22/2021 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020ci il tarixli 2-2(119)-599/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 02 mart 2021-ci il tarixli 2-2(105)-22/2021 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli 2- 2(102)-311/2021 nömrəli qərarı ilə təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 02 mart 2021-ci il tarixli 2-2(105)-22/2021 nömrəli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi 05 oktyabr 2021-ci ildə müvafiq qaydada icraya yönəldilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsində 11 oktyabr 2021-ci il tarixli qərarla icraata başlanmış və Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş 25 fevral 2022-ci il tarixli Akt əsasında 25 fevral 2022-ci il tarixində İddiaçınə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən Cavabdeh çıxarılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 01 iyun 2023-cü il tarixli Maliyyə Arayışında göstərilir ki, “Xəzər" MMC (QSC)-nin İdarə Heyəti ekspertlərin iştirakı ilə Cavabdeh 17 ay ərzində obyekti qanunsuz işlətdiyi dövrdə vurduğu ziyan olaraq 226 yer tutumuna görə hər yer üçün gündə 25 manat mənfəət hesablamış və bu hesabat istintaqa da təqdim edilmişdir. Lakin istintaq zamanı müstəntiq iddiaçının hesablamasını ləğv edərək, yalnız mövcud icarə haqqı hesabı ilə hesablamanı qəbul etmişdir. Odur ki, mövcud icarə haqqı aylıq 4000 manat olduğu üçün, 17 ay x 4000 manat = 68000 manat məbləğində ziyan hesablanmışdır. Lakin, tərəflər arasında bağlanmış sonuncu 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə Müqaviləsində aylıq icarə haqqı 1500 (min beş yüz) manat məbləğində olmuş və eyni zamanda, hazırkı iddia ərizəsində dəymiş ziyanın “17 ay müddətinə hesablanması” ilə əlaqədar hər iki tərəfin istinad etdiyi Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsində də mübahisəli icarə sahəsi üzrə icarə haqqının aylıq 1500 manat məbləğində olması müəyyən olunmuşdur. Həmçinin, cavabdeh tərəfin “iddia tələbinə qarşı verilmiş yazılı Mülahizə” də Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsində tutulan icarə haqqının hesablandığı 01 sentyabr 2020-ci il tarixindən sonra məlum icarə obyektinin 17 ay ərzində Cavabdeh faktiki istifadə və sahibliyində olması mübahisələndirilməsə də, bu aylar üçün icarə haqqı kimi dəymiş ziyanın iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi “aylıq 4000 manatdan” deyil, 01 yanvar 2017-ci il tarixli 04 saylı İcarə müqaviləsində və məlum qətnamədə qeyd olunan “aylıq 1500 manat” olmaqla hesablanmalı olması, lakin “pandemiya” ilə əlaqədar restoranların işləməməsi və digər hallara (“Mülahizə”də ətraflı göstərilmişdir) görə cavabdehin bu aylar üçün hər hansı bir məbləğdə icarə haqqı ödəməli olmadığı qeyd olunmuşdur. Göründüyü kimi, aylıq icarə haqqı 1500 manatdan olmaqla, “01 sentyabr 2020-ci il tarixinədək hesablanmış 3750 manat məbləğində icarə pulunun tutulması” və “məlum icarə obyektindən çıxarılma” barədə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 nömrəli qətnaməsi əsasında cavabdeh X4 heç bir maneçilik törətmədən icarə obyektindən çıxmış olsa da, digər Cavabdeh 25 fevral 2022-ci ilədək həmin icarə sahəsindən çıxmayaraq, həmin obyekti öz faktiki sahibliyində və istifadəsində saxlamış və yalnız 25 fevral 2022-ci ildə qeyd olunan sahədən çıxaraq, onu İddiaçı MMC-yə təhvil vermişdir. Bundan sonra isə İddiaçı MMC Cavabdeh (VÖEN **********) qarşı “68000 manat məbləğində maddi ziyanın tutulması” üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bu iddia tələbini “Cavabdeh məlum icarə sahəsindən çıxarıldıqdan sonra, həmin sahənin digər bir icarəçiyə aylıq 4000 manat olmaqla icarəyə verilməsi” və həmin icarə sahəsindən cavabdehin 17 ay ərzində heç bir icarə haqqı ödəmədən istifadə etdiyi üçün iddiaçıya cəmi 68000 manat (17 x 4000 = 68000) məbləğində ziyan vurulması ilə əsaslandırmışdır. Qeyd etmək lazımdır ki, hər iki tərəf, yəni iş üzrə iddiaçı tərəf və cavabdeh tərəf “məlum icarə sahəsindən Cavabdeh 01 sentyabr 2020-ci ildən etibarən 17 ay ərzində icarə haqqı ödəmədən istifadə etməsini” mübahisələndirməmişlər (cavabdeh tərəf bu 17 ay üzrə icarə haqqı ödəməli olmamasının səbəblərini yuxarıda qeyd olunan iddia tələbinə qarşı verilmiş yazılı “Mülahizə”sində göstərmişdir). İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 294 (iki yüz doxsan) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş olsa da, tərəflər arasında hər hansı bir razılıq əldə olunmamışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.4-ci maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Beləliklə də, İddiaçınə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və sonuncu dəfə 01 yanvar 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən Cavabdeh çıxarılması üzrə qanuni qüvvəsini alan Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2- 2(119)-599/2020 nömrəli qətnaməsi qəbul ediləndən sonra sonuncunun həmin icarə obyektindən çıxmayaraq, 25 fevral 2022-ci il tarixinədək həmin obyekti özündə saxladığı üçün 01 sentyabr 2020-ci il tarixdən etibarən aylıq 4000 manatdan olmaqla 17 ay üçün hesablanmış 68000 manat məbləğində maddi ziyanın İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi qismən əsaslı hesab edilməli və yuxarıda təsvir olunanlara əsasən Cavabdeh məlum icarə obyektini iddia tələbinin əsaslandırıldığı “17 ay özündə saxladıqdan sonra təhvil verməsi” ilə əlaqədar ödənilməyən icarə haqqı üzrə dəymiş maddi ziyan qismində hər ay üçün 4000 manatdan deyil, 1500 manatdan müvafiq hesablama aparılaraq, iddiaçıya 17 ay ərzində vurulmuş maddi zərərin miqdarı 25500 (iyirmi beş min beş yüz) manat məbləğində müəyyən edilməlidir (1500 manat x 17 ay = 25500 manat). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə, sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normaları və eyni zamanda, iddia ərizəsinin məzmunu və iddiaçı tərəfin təqdim etdiyi sübutlar, cavabdeh tərəfin iddia ilə əlaqədar təqdim etdiyi “Mülahizə”nin mətni və işin konkret halları ilə müəyyən olunur ki, iddia ərizəsində mübahisəli icarə sahəsindən 17 ay ərzində istifadə ilə əlaqədar maddi ziyan olaraq cavabdehdən tutulması tələb olunan 68000 (altmış səkkiz min) manat məbləğində pul vəsaitinin yalnız 25500 (iyirmi beş min beş yüz) manat məbləğində olan hissəsinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh (VÖEN **********) 25500 manat məbləğində maddi ziyan İddiaçı (VÖEN **********) xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, cavabdeh tərəfin ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının 200 (iki yüz) manat hissəsi və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 166,50 (yüz altmış altı manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 25500 (iyirmi beş min beş yüz) manat məbləğində maddi ziyan, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi və 166,5 (yüz altmış altı manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25866,5 (iyirmi beş min səkkiz yüz altmış altı manat 50 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar