Məhkəmə qərarları › İş №e-2-2(119)-381/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-381/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-381/2022 18.03.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində digər tələblərlə yanaşı “Cavabdeh ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25 iyun 2020-ci il tariхli 2020/00158-01 nömrəli Kredit müqaviləsinin ləğv edilməsi” barədə də qətnamə qəbul olunması xahiş edilmiş olsa da, həmin tələb ilə bağlı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməmişdir. Halbuki, hazırkı iddia ərizəsinə əlavə edilmiş və tələbin əsaslandırıldığı 25 iyun 2020-ci il tariхli 2020/00158-01 nömrəli Kredit Müqaviləsinin 5.3-cü bəndinin tələblərinə görə, həmin Müqavilə üzrə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq qaydada həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Eyni zamanda, iddiaçının diqqətinə çatdırılır ki, “borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət olunarkən "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36, 37 və 39-cu maddələrinin tələblərinə də riayət edilməli və bununla bağlı müvafiq sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş həmin iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iş üzrə tərəflərin – yəni, iddiaçının və cavabdehin ünvanları göstərilməmişdir. Halbuki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) tərəflərin, yəni iddiaçının və cavabdehin ünvanları göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, “Elektron məhkəmə” sistemi vasitəsi ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) adından təqdim edilmiş hazırkı iddia ərizəsi iddiaçı hüquqi şəxsin işçisi olan nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. Lakin, “Elektron məhkəmə” sistemi vasitəsi ilə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin “elektron imza ilə imzalanmasına dair” məlumatlardan görünür ki, hazırkı iddia ərizəsi iddiaçının özünə və yaxud məhz iddiaçının işçisi və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olaraq Nümayəndə məxsus olan elektron imza ilə deyil, hazırkı işə aidiyyəti olmayan başqa bir hüquqi şəxsin – yəni, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN: **********) rəhbəri qismində Nümayəndə məxsus elektron imza ilə imzalanmışdır (“Elektron imza ilə imzalanmaya dair” Məlumatda sənədin elektron qaydada imzalanmasında istifadə edilən imzanın kimə məxsus olması qeyd olunur). Halbuki, Nümayəndə iddiaçının nümayəndəsi olaraq məlum iddia ərizəsini iddiaçıya heç bir aidiyyəti olmayan başqa bir hüquqi şəxslə əlaqədar alınmış elektron imza ilə imzalamalı deyildi. Çünki, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin adından verilən iddia ərizəsi onun özünə məxsus və yaxud, nümayəndənin şəxsən özünə məxsus elektron imza ilə imazalana bilərdi. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsində elektron imzaya digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər kimi anlayış verilmişdir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən, elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Həmin Qanunun “Elektron imzanın istifadəsi” adlanan 5-ci maddəsinin tələblərinə əsasən isə elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir (maddə 5.1 və 5.2). Eyni zamanda, qeyd etmək lazımdır ki, iddia ərizəsinin və sənədlərin elektron təqdim edilməsi zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 15 iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydalarının və “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə Qaydaları”nın tələblərinə əməl olunmalıdır. “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydalarının 3.2-ci bəndinə əsasən, İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinin tələblərinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir və iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Lakin, nümayəndə - bir hüquqi şəxslə əlaqədar alınmış elektron imza ilə digər bir hüquqi şəxs adından verilən iddia ərizəsini və yaxud, hər hansı bir ərizə, şikayət və s. müraciəti imzalamalı deyildir. Göründüyü kimi, hazırkı iddia ərizəsi elektron imza ilə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olmayan şəkildə imzalandığından, həmin iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 149.1-ci maddəsində nəzərdə tutulmuş qaydada imzalanmış hesab edilə bilməz. Çünki, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin işçisi və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olaraq Nümayəndə digər bir hüquqi şəxsə, yəni "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri kimi ona məxsus olan imzadan yalnız "xxxx" MMC-ə aid münasibətlərdə istifadə etmək və həmin hüquqi şəxslə əlaqədar müvafiq elektron sənədləri imzalamaq səlahiyyətinə malikdir. Həmin elektron imza digər hüquqi şəxslərə aid sənədlərdə, o cümlədən də İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) adından hazırkı iddia ərizəsinin imzalanmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyi üçün, onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar