Məhkəmə qərarları › İş №e-2-2(119)-545/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-545/2025

15.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-545/2025 15.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı tərəfindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı verilmiş “əmlak tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “əmlak tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək özünün ücünçü şəxlərin qarşısında öhdəliklərinin ödənilməsinə yönəlmiş “C” blokunun yaşayışın ikinci mərtəbəsində yerləşən, iki otaqlı, ümumi sahəsi 103,7 kvadrat metr olan və bir otaqlı ümumi sahəsi 68.95 kvadrat metr olan mənzillərin və qeyri-yaşayış sahələri kimi “B” blokunun birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 125,51 kvadrat metr, həmin blokda yerləşən 59,8 kvadrat metrin 2/1 hissəsi kimi 29,9 kvadrat metr və “V” blokunun birinci mərtəbəsində yerləşən ümumi sahəsi 58,76 kvadrat metr olmaqla, ümumilikdə 214,17 kvadrat metr qeyri-yaşayış sahələrinin "xxxx" Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçınə qaytarılması və yaxud qeyd olunan əmlakların dəyərinin ödənilməsi, göstərilən əmlaklar üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında 18 yanvar 2014-cü il tarixində podrat müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında 5 bloklu, 12 mərtəbəli yaşayış binaları inşa etmişdir. Tərəflər arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinin 2.2-ci bəndinə əsasən podratçının fəaliyyəti üçün "xxxx" Mənzil Tikinti Kooperativi ona bütün sənədləri, o cümlədən layihə-smeta sənədlərini, tikinti sahəsini təqdim etməyi, tikintinin başlanıb aparılması üçün şəraitin yaradılmasını öhdəsinə götürür, sifarişçi tərəfindən təqdim olunan layihə-smeta sənədləri üzrə podratçı tərəfindən tikinti işəri başa çatdırıldıqdan sonra sifarişçiyə təhvil verilir. Həmin müqavilə şərtləri İddiaçı tərəfindən icra olunsa da, sifarişçi podrat müqaviləsi üzrə digər öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativi sifarişçi olaraq podrat müqaviləsinin şərti ilə tikinti işlərinin aparılması üçün nəzərdə tutulan torpaq sahəsinin onun tərəfindən ayrılmasını təmin etməmiş, lahiyə üzrə tikinti işlərinin aparılması üçün üçüncü şəxslərin sahibliyində olan torpaq sahələrinin alınması zərurəti yaranmışdır. Həmin vaxt tərəflər arasında bağlanmış podrat müaviləsinə əsasən təsdiq olunmuş dislokasiya bölgüsü ilə İddiaçınə məxsus olan “C” bloku, yaşayışın 2-ci mərtəbəsində yerləşən, iki otaqlı, ümumi sahəsi 103,7 kvadrat metr olan və bir otaqlı ümumi sahəsi 68,95 kvadrat metr olan mənzillər və qeyri-yaşayış sahələri kimi “B” blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125,51 kvadrat metr, həmin sahədə yerləşən 59,8 kvadrat metr-nin 2/1 hissəsi kimi 29,9 kvadrat metr və “V” blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 58,76 kvadrat metr, ümumilikdə 214,17 kvadrat metr qeyri-yaşayış sahəsi sifarişçi "xxxx" Mənzil Tikinti Kooperativinin üçüncü şəxslər qarşısında olan öhdəliklərinin ödənilməsinə yönəlmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi bu qanunsuz hərəkətləri ilə tərəflər arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinin şərtlərini pozaraq İddiaçınə məxsus olan mənzilləri və qeyri-yaşayış sahələrini əsassız olaraq digər şəxlərə satmaqla külli miqdarda ziyan vurmuş və İddiaçı əldə etməli olduğu gəlirlərdən məhrum etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli 2-2(85)-29/2017 nömrəli qətnaməsi ilə 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinə əsasən İddiaçı tərəfindən ünvan 2 ünvanında inşa olunan 5 bloklu, 12 mərtəbəli coxmərtəbəli yaşayış binaları üzrə satıla bilən yaşayış sahələri (mənzillər), satıla bilən qeyri-yaşayış və satıla bilən qaraj sahələri tərəflərə bərabər aid edilmişdir. Qeyd olunan qətnamənin icra edilməsinin mümkünlüyü ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli 2-2(85)-29/2017 nömrəli qətnaməsinin izah edilməsi barədə Abşeron rayon icra şöbəsi ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2017-ci il tarixli 2-2(85)-29/2017 nömrəli qərardadı ilə məhkəmə qətnaməsinə izah verilmiş, qərardadın qərara aldı hissəsində “satıla bilməyən ümumi əmlakın sahəsi tərəflərə bərabər aid edilməlidir” dedikdə satıla bilməyən ümumi əmlakın sahəsinin tərəflərə naturada bərabər aid edilməsi kimi başa düşülsün” qeyd olunmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2017-ci il tarixli 4289 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş satıla bilməyən ümumi sahə 7246 kvadrat metr müəyyən olunmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2017-ci il tarixli 2-2(85)-29/2017 nömrəli qərardadı ilə verilmiş izaha uyğun olaraq 7246 kvadrat metr satıla bilməyən ümumi sahənin 2/1 hissəsi 3623 kvadrat metr təşkil edir. Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən 18 sentyabr 2023-cü il tarixdə akt tərtib edilməklə 3623 kvadrat metr satıla bilməyən sahə tam şəkildə İddiaçınə aid edilmişdir. Təqdim olunmuş sənədlərə əsasən İddiaçınə aid edilmiş və onun mülkiyyətini təşkil edən 3623 kvadrat metr satıla bilməyən qeyri-yaşayış sahələrinin tərkibinə 2471,35 kvadrat metr yaşayış sahələri (koridorlar) 176,1 kvadrat metr qeyriyaşayış sahələri və 975,7 kvadrat metr qaraj sahəsi aid edilir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-29/2017 nömrəli 12 may 2017-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi (Qalubiyyə) 21-ci məhəllədə inşa edilmiş 12 mərtəbəli binanın satıla bilən 33185 kvadrat metr ümumi yaşayış hissəsi, 2818,76 kvadrat metr satıla bilən ümumi qeyri-yaşayış hissəsi, satıla bilən 1097,9 kvadrat metr sahəsi olan qarajlar hissəsi İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında baglanılmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinin şərtləri daxilində ona uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bərabər şəkildə həmin sahələr üzrə hər birinə düşən 50 faiz hissəsində bölgüsünə qərar verilmişdir. Lakin həmin məhkəmə qətnaməsində İddiaçı vəsaiti hesabına tikilən və yalnız satıla bilən yaşayış, qeyri-yaşayış və satıla bilən qaraj sahələrinin hər iki tərəf arasında məhdudiyyət qoyulmadan çəkilən xərclərin müqabilində 50 faiz bölgüsü nəzərdə tutulur. Həmin qətnamənin icrası ilə bağlı da ekspert rəyi əldə olunmuş və icra qaydasında satıla bilən sahələrin bölgüsü aparılmışdır. Yəni başqa sözlə bərabər bölgüsü aparılan bu sahələr podrat müqaviləsinin həmin bəndi ilə əlaqədar İddiaçı xərcləri hesabına tikilməsi müqabilində hər iki tərəfə bərabər bölünməli olan sahələr kimi tanınmışdır. Lakin həmin məhkəmə qətnaməsində İddiaçı vəsaiti hesabına tikilən və satıla bilən yaşayış və qeyri-yaşayış sahələrinin hər iki tərəf arasında məhdudiyyət qoyulmadan 50 % bölgüsü nəzərdə tutulmuşdur. Buna baxmayaraq "xxxx" Mənzil Tikinti Kooperativi iddiaçıya məxsus olan mənzil və qeyri-yaşayış sahələrini qanunsuz olaraq satmış və podrat müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən kreditor kimi İddiaçı borcludan öhdəliyin predmeti olan əmlakın dislokasiya bölgüsü ilə İddiaçınə məxsus olan və sifarişçi "xxxx" Mənzil Tikinti Kooperativinin özünün üçüncü şəxlər qarşısında olan öhdəkilərinin təmin edilməsinə yönəlmiş “C” blokunun yaşayışın 2-ci mərtəbəsində yerləşən iki otaqlı, ümumi sahəsi 103,7 kvadrat metr olan, həmin blokun 2-ci mərtəbəsində bir otaqlı ümumi sahəsi 68,95 kvadrat metr olan 10 saylı mənzil və qeyri-yaşayış sahələri kimi “B” blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125,51 kvadrat metr, həmin blokda yerləşən 59,8 kvadrat metrin 2/1 hissəsi kimi 29,9 kvadrat metr və “V” blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 58,76 kvadrat metr olmaqla, ümumilikdə 214,17 kvadrat metr qeyri-yaşayış sahəsini və ona dəymiş zərərin əvəzini tələb edə bilər. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Vəkil2 04 mart 2025-ci il tarixində məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək, cavabdehin podrat müqaviləsi əsasında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyini və iddiaçının birtərəfli qaydada müqavilə şərtlərini dəyişdirmək cəhdlərinin hüquqi baxımdan əsassız olduğunu bildirmiş və iddiaçının tələblərinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsi üzrə öhdəliklərini tam şəkildə icra etmişdir. Əksinə İddiaçı podrat müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Tərəflər arasında olan çoxsaylı məhkəmə mübahisələrində İddiaçı haqsız olduğu qəbul edilmiş məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Məlumdur ki, məhkəmə qərarlarının üstün hüquqi qüvvəsi var və onların icrası məcburidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-306/2009 nömrəli 22 aprel 2009-cu il tarixli qərardadına əsasən barışıq sazişi təsdiq edilmişdir. Həmin qərardada əsasən bina tikintisi aparılacaq torpaq sahəsində yaşayan sakinlərin yaşayış və qeyri-yaşayış sahələri ilə təmin edilmələri təsdiq edilmişdir. Bu iş üzrə İddiaçı podrat müqaviləsini imzalayarkən artıq məlum idi ki, bir neçə yaşayış və qeyri-yaşayış sahəsi məhkəmə qərarlarına əsasən sakinlərə veriləcək. Yəni iddiaçının istinad etdiyi şərtlər məhkəmə qərarları ilə əvvəlcədən təsbit olunmuşdu və bu səbəbdən də podrat müqaviləsinin 2.4-cü bəndində göstərildiyi kimi müqavilə təsdiqi zamanı yaşayış və qeyri-yaşayış sahələrinin bölgüsünə dair dislokasiya cədvəlləri də təsdiq edilmişdir. Bununla da podratçı şirkət olan İddiaçı 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsini imzalayarkən Abşeron Rayon Məhkəməsinin 2(012)-306/2009 nömrəli 22 aprel 2009-cu il tarixli qərardadının icrasının 50% hissəsini öz üzərinə götürmüşdür. 18 iyun və 24 iyun 2025-ci il tarixli məhkəmə baxış iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiaçının iddia tələbində göstərdiyi “C” blokunun yaşayışın ikinci mərtəbəsində yerləşən, iki otaqlı, ümumi sahəsi 103,7 kvadrat metr olan və bir otaqlı ümumi sahəsi 68.95 kvadrat metr olan mənzillərin və “V” blokunun birinci mərtəbəsində yerləşən ümumi sahəsi 58,76 kvadrat metr olan qeyri-yaşayış sahəsinin məhkəmə qərarlarına əsasən sakinlərə ayrılmış sahələr olduğunu, “B” blokunda yerləşən qeyri-yaşayış sahələrinin isə İddiaçı tərəfindən üçüncü şəxslərə satıldığını bildirmişdir. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 22 aprel 2009-cu il tarixli 2(012)-306/2009 nömrəli qərardadı ilə iddiaçılar X1 və qeyriləri ilə cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti və qeyriləri arasında bağlanılmış barışıq sazişi təsdiq edilmiş və sazişin 2.1-ci bəndinə əsasən "xxxx" MTK iddiaçılara məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, keçmiş Həzi Aslanov, indiki Qalubiyyə küçəsində yerləşən ayrıayrı mağaza, dükan və obyektlərin Abşeron rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi nəticəsində iddiaçılara dəyən ziyanın kompensasiyası kimi hər bir iddiaçıya ayrılıqda yaşayış və qeyri-yaşayış sahələri təklif edir. İş materiallarında olan sifarişçi "xxxx" Mənzil Tikinti Kooperativi ilə podratçı İddiaçı arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 2007-ci il tarixli 142 saylı sərəncamı ilə "xxxx" MTK-ya Xırdalan şəhəri, H.Aslanov (indiki Qalubiyyə) küçəsində 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çox mərtəbəli 7 girişli yaşayış binasının 5 girişlisinin İddiaçı MMC tərəfindən tikilməsi və istifadəyə təhvil verilməsi nəzərdə tutulur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən təsdiq edilmiş layihə əsasında 5 girişli 12 mərtəbəli yaşayış binasının tikintisinin İddiaçı tərəfindən tərəflər arasında hazırkı müqavilə təsdiq edildiyi vaxtdan 10 gündən gec olmayaraq başlanılması, 3 il 6 aydan gec olmayaraq başa çatdırılması nəzərdə tutulur. Müqavilənin 2.4-cü bəndinə əsasən mənzillərin satışı maya dəyəri nəzərə alınmaqla nağd pul, köçürmə və barter yolu ilə tərəflər mərtəbələr nəzərə alınmaqla bərabər (hər tərəfə 50 %) bölgü əsasında bu müqaviləyə əlavə edilmiş mənzillərin və qeyri-yaşayış sahələrinin hər iki tərəfin təsdiq etdiyi dislokasiya bölgüsünə dair sənəd (cədvəl) əsasında ayrı-ayrılıqda aparılır. Müqavilənin 3.1-ci bəndinə əsasən podratçı sifarişçinin ona təqdim etdiyi layihə sənədləri əsasında beş girişli 12 mərtəbəli binanı tam istismara yararlı vəziyyətə çatdırılmaqla tikintisini, binanın ərazisindəki abadlıq işlərini, kommunikasiya işlərini öz materialları və vəsaiti hesabına həyata keçirir, bunun müqabilində sifarişçi tikinti üçün öz mülkiyyətindəki torpaq sahəsinə dair sənədləri təqdim edir, bundan başqa torpaq üzərində tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50 %-ni podratçıya verir. İş materiallarında olan "xxxx" MTK-nın Xırdalan şəhəri, H.Aslanov küçəsi 21 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının A blokunun mənzil və qeyri-yaşayış sahələrinin sifarişçi və podratçı arasında barter üsulu ilə bölgü cədvəlinə əsasən satışa gedən mənzil sahələrinin ümumi kvadratı İddiaçı MMC üzrə 3592,66 m2, "xxxx" MTK üzrə 3813,53 m2, ümumi satışa gedən qeyri-yaşayış sahəsi İddiaçı MMC üzrə 340,48 m2, "xxxx" MTK üzrə 403,62 m2 , satışa gedən qarajların sayı İddiaçı MMC üzrə 7 ədəd, Xələfli MYH MTK üzrə 7 ədəddir. İş materiallarında olan "xxxx" MTK-nın Xırdalan şəhəri, H.Aslanov küçəsi 21 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının B blokunun mənzil və qeyri-yaşayış sahələrinin sifarişçi və podratçı arasında barter üsulu ilə bölgü cədvəlinə əsasən satışa gedən mənzil sahələrinin ümumi kvadratı İddiaçı MMC üzrə 2996,38 m2, "xxxx" MTK üzrə 2940,65 m2, ümumi satışa gedən qeyri-yaşayış sahəsi İddiaçı MMC üzrə 335,49 m2, "xxxx" MTK üzrə 304,65 m2 , satışa gedən qarajların sayı İddiaçı MMC üzrə 5 ədəd, "xxxx" MTK üzrə 5 ədəddir. İş materiallarında olan "xxxx" MTK-nın Xırdalan şəhəri, H.Aslanov küçəsi 21 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının V blokunun mənzil və qeyri yaşayış sahələrinin sifarişçi və podratçı arasında barter üsulu ilə bölgü cədvəlinə əsasən, satışa gedən mənzil sahələrinin ümumi kvadratı İddiaçı MMC üzrə 3794,48 m2, "xxxx" MTK üzrə 3643,83 m2, ümumi satışa gedən qeyri-yaşayış sahəsi İddiaçı MMC üzrə 414,79 m2 , "xxxx" MTK üzrə 298,26 m2 , məhkəmə qərarı ilə verilən qeyri-yaşayış sahəsi 178,76 m2, satışa gedən qarajların sayı İddiaçı MMC üzrə 9 ədəd, "xxxx" MTK üzrə 9 ədəddir. İş materiallarında olan "xxxx" MTK-nın Xırdalan şəhəri, H.Aslanov küçəsi 21 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının C blokunun mənzil və qeyri-yaşayış sahələrinin sifarişçi və podratçı arasında barter üsulu ilə bölgü cədvəlinə əsasən satışa gedən mənzil sahələrinin ümumi kvadratı İddiaçı MMC üzrə 2397,98 m2, "xxxx" MTK üzrə 2255,55 m2, ümumi satışa gedən qeyri-yaşayış sahəsi İddiaçı MMC üzrə 115,8 m2, "xxxx" MTK üzrə 192,64 m2 , satışa gedən qarajların sayı İddiaçı MMC üzrə 5 ədəd, "xxxx" MTK üzrə 4 ədəddir. Həmin bölgü cədvəlində blokun yaşayışın ikinci mərtəbəsində yerləşən, iki otaqlı, ümumi sahəsi 103,7 m2 olan 6 saylı və bir otaqlı ümumi sahəsi 68,95 m2 olan 10 saylı mənzillər məhkəmə qərarı ilə verilən mənzillər kimi göstərilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın Xırdalan şəhəri, H.Aslanov küçəsi 21 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının S blokunun mənzil və qeyri-yaşayış sahələrinin sifarişçi və podratçı arasında barter üsulu ilə bölgü cədvəlinə əsasən satışa gedən mənzil sahələrinin ümumi kvadratı İddiaçı MMC üzrə 3713,81 m2, "xxxx" MTK üzrə 3692,38 m2, ümumi satışa gedən qeyri-yaşayış sahəsi İddiaçı MMC üzrə 194,52 m2, "xxxx" MTK üzrə 201,82 m2 , məhkəmə qərarı ilə verilən qeyri-yaşayış sahəsi 190 m2, satışa gedən qarajların sayı İddiaçı MMC üzrə 5 ədəd, "xxxx" MTK üzrə 6 ədəddir. İş materiallarında olan qeyri-yaşayış sahələrinin bölgü cədvəlinə əsasən 1401 m2 Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinə və 1401 m2 "xxxx" Mənzil Tikinti Kooperativinə aid olmaqla bölgü aparılmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 12 may 2017-ci il tarixli 2-2(85)-29/2017 nömrəli qətnaməsi ilə İddiaçı MMC ilə "xxxx" MTK arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinin 2.4-cü bəndinə, bu müqaviləyə əlavə edilmiş tərəflərin təsdiq etdiyi dislokasiya bölgüsünə əsasən məhkəmə qərarları ilə vətəndaşlara verilmiş sahələr (o cümlədən 309,28 kvadrat metretr yaşayış sahəsi və 368,76 kvadrat metretr qeyri-yaşayış sahəsi) istisna olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (indiki Qalubiyya) küçəsi 21-ci məhəllədə inşa edilmiş 5 girişli 12 mərtəbəli binanın 33185 kvadrat metretr satıla bilən ümumi yaşayış sahəsi, 2818,76 kvadrat metretr satıla bilən ümumi qeyri-yaşayış sahəsi, 1097,9 kvadrat metretr qarajların satıla bilən ümumi sahəsi İddiaçı MMC ilə "xxxx" MTK arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinə uyğun olaraq İddiaçı MMC ilə "xxxx" MTK arasında bərabər bölünməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2017-ci il tarixli 2-2(85)-29/2017 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli 2-2(85)-29/2017 nömrəli qətnaməsinə izah verilərək qeyd olunmuşdur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli 2-2(85)-29/2017 nömrəli qətnaməsinin 16-cı səhifəsinin 1-ci abzasında “satıla bilməyən ümumi əmlakının sahəsi tərəflərə bərabər aid edilməlidir” dedikdə, satıla bilməyən ümumi əmlakın sahəsinin tərəflərə naturada bərabər aid edilməsi kimi başa düşülür. İş materiallarında olan İddiaçı MMC ilə X7 arasında bağlanmış 18 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21ci məhəllədə yerləşən tikilməkdə olan binanın “B” blokunda 125,51 kvadrat metr qeyriyaşayış sahəsini X5 151000 manata satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə X8 arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21ci məhəllədə yerləşən tikilməkdə olan binanın “B” blokunda 157,74 kvadrat metr qeyriyaşayış sahəsini X6 165000 manata satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə X3 arasında bağlanmış 25 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21ci məhəllədə yerləşən tikilməkdə olan binanın “B” blokunda 30 kvadrat metr qeyri-yaşayış sahəsini X2 25000 manata satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər aralarında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsi ilə tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50 %-nin muzd kimi podratçıya verilməsi barədə razılığa gəlmiş, müqavilənin əlavələri ilə ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının A, B, V, C və S bloklarının mənzil və qeyri-yaşayış sahələrinin sifarişçi və podratçı arasında barter üsulu ilə bölgü cədvəlləri təsdiq edilmişdir. Hazırda iş üzrə iddiaçı iddia tələbində “C” blokunun yaşayışın ikinci mərtəbəsində yerləşən iki otaqlı, ümumi sahəsi 103.7 kvadrat metr olan 6 saylı və ümumi sahəsi 68.95 kvadrat metr olan 10 saylı mənzillərin, qeyri-yaşayış sahələri kimi “B” blokunun birinci mərtəbəsində ümumi sahəsi 125,51 kvadrat metr, həmin blokda yerləşən 59,8 kvadrat metrin 2/1 hissəsi kimi 29,9 kvadrat metr və “V” blokunun birinci mərtəbəsində ümumi sahəsi 58,76 kvadrat metr olmaqla, ümumilikdə 214,17 kvadrat qeyri-yaşayış sahələrinin cavabdehdən alınaraq ona verilməsini və yaxud həmin əmlakların dəyərinin ödənilməsini tələb edir. Bununla bağlı məhkəmə nəzərə alır ki, iş materiallarında olan 18 oktyabr 2014-cü il və 25 noyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən müvafiq olaraq Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən binanın “B” blokunda 125,51 kvadrat metr və 30 kvadrat metr (iddia ərizəsində göstərilən 59,8 kvadrat metrin 2/1 hissəsi kimi 29,9 kvadrat metr) olan qeyri-yaşayış sahələri İddiaçı MMC tərəfindən ayrı-ayrı şəxslərə satılmışdır. Bundan başqa, tərəflər podrat müqaviləsi üzrə mənzil və qeyri-yaşayış sahələrinin sifarişçi və podratçı arasında barter üsulu ilə bölgü cədvəllərini təsdiq edərkən Abşeron Rayon Məhkəməsinin qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərini nəzərə alaraq həmin saziş əsasında sakinlərə verilməli yaşayış və qeyri-yaşayış sahələrini müəyyənləşdirmişlər. Tərəflər arasında təsdiqlənmiş C bloku üzrə mənzillərin bölgü cədvəlində həmin blokun yaşayışın ikinci mərtəbəsində iki otaqlı, ümumi sahəsi 103,7 kvadrat metr olan və ümumi sahəsi 68,95 kvadrat metr olan mənzillərin, qeyri-yaşayış sahələrinin bölgü cədvəlində isə “V” blokunun birinci mərtəbəsində ümumi sahəsi 58,76 kvadrat metr olan qeyri-yaşayış sahəsi məhkəmə qərarı əsasında sakinlərə verilməli sahələr kimi qeyd edilmişdir. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən podrat işlərinin müqabilində muzd kimi tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50%-nin podratçıya verilməsi nəzərdə tutulmuş və bu muzdun konkret icra forması bölgü cədvəlləri ilə müəyyən olunmuşdur. Tərəflər bu bölgünü razılaşdıraraq imza və möhürləri ilə təsdiqləmişlər və bu sənədlər müqavilənin tərkib hissəsi sayıldığından bu razılaşma podratçının muzd tələbi çərçivəsini müəyyən edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb olunan “C” blokundakı mənzillər və “B” və “V” bloklarındakı qeyri-yaşayış sahələri ya barışıq sazişi əsasında sakinlərə verilmiş sahələrdir, ya da alqı-satqı müqavilələri əsasında İddiaçı MMC tərəfindən üçüncü şəxslərə satılmışdır. Məhkəmə belə qənaətə gəlir ki, müqavilə ilə nəzərdə tutulan muzd konkret yaşayış və qeyri-yaşayış sahələri şəklində razılaşdırılaraq tərəflər arasında bölüşdürüldüyündən, iddiaçının həmin razılaşmadan kənara çıxaraq artıq özü tərəfindən üçüncü şəxslərə satılmış və ya məhkəmə qərarı əsasında sakinlərə ayrılmış sahələrlə bağlı əmlak və ya muzd tələbi əsassız olmaqla, tərəflər arasındakı müqavilə şərtlərinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərar). Göstərilən xüsusatları nəzərə alan məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı verilmiş “əmlak tələbi” barədə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı verilmiş “əmlak tələbi” barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar