Məhkəmə qərarları › İş №e-2-2(119)-60/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-60/2023

28.02.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-60/2023 28.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 10 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt X5 nümayəndələri tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli ******* nömrəli Aktın etibarsız hesab edilməsi, həmin Akt üzrə yazılmış 01 avqust 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin (qərarın) ləğv edilməsi və həmin tələbnamə (qərar) üzrə hesablanmış 540 (beş yüz qırx) manat məbləğində borcun iddiaçı X2 məxsus **********00094 saylı abonent kodundan silinməsi, mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödənilən 40 (qırx) manat məbləğində pulun və hüquqi yardımla bağlı ödənilən 25 (iyirmi beş) manat məbləğində pulun Cavabdehndən alınaraq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Novxanı qəsəbəsində **********00094 saylı abonent kodu olan iddiaçı X2 məxsus olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən təbii qazla təchiz edilir. İddiaçı həmin abonent kodu üzrə istifadə edilən təbii qazın dəyərini daim vaxtlı-vaxtında ödəmiş və Cavabdeh ilə heç vaxt qaz borcu ilə bağlı hər hansı problemi olmamışdır. Bir neçə ay bundan əvvəl qaz sayğacına oğurluq məqsədi ilə kənar şəxslərin müdaxiləsi ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin arayışını Cavabdeh Sumqayıt X7 təqdim edilərək, sayğaca baxılması və yenilənməsi xahiş edilmişdir. Yeni sayğacın qiymətini Cavabdehnə ödəmiş və həmin sayğac yenisi ilə əvəz olunmuşdur. Lakin buna baxmayaraq, Cavabdeh Sumqayıt X5 nümayəndələri tərəfindən 30 iyun 2022-ci il tarixdə ******* saylı akt tərtib edilmiş və daha sonra 01 avqust 2022-ci il tarixli Tələbnamə ilə iddiaçıya **********00094 saylı abonent kodu üzrə 540 manat məbləğində cərimə hesablanmışdır. 03 iyun 2022-ci il tarixli MSK-29/1640-00743-29 saylı Akt iddiaçının istifadəsində olan G6 markalı, smart kart tipli 1605AZ**********67 №-li qaz sayğacının Metrologiya Departamentində aparılmış yoxlama nəticəsində guya sayğaca müdaxilə olunduğu üçün, yəni guya “Sayğacın hesablayıcı mexanizmi, LCD ekranı, platası, element yuvası və plasmas qapağı üzərində aşlar edilmədi” üçün tərtib edilmişdir. Bu məsələ ilə bağlı iddiaçının hər hansı bir təqsiri yoxdur və hətta qeyd edilən xətaların sayğac üzərində həqiqətən mövcud olması da şübhə doğurur. Çünki, istehlakçı olaraq sayğac dövlət yoxlamasına göndərilərək sayğaca baxış keçirilərkən iddiaçının iştirakı təşkil olunmamış və bununla bağlı iddiaçıya ümumiyyətlə məlumat verilməmişdir. Bundan əlavə, ümumiyyətlə sayğaca müdaxilə olunubsa belə, bununla bağlı iddiaçının təqsiri olmasına dair hər hansı dəlil araşdırılmamış, ümumiyyətlə təqsirsizliyi nəzərə alınmamışdır. Cavabdeh təşkilat birtərəfli qaydada qanunsuz akt tərtib edərək əsassız borc hesablamışdır. İş materiallarından da göründüyü kimi, iddiaçı smart kart tipli G6 markalı qaz sayğacından istifadə etmişdir. Qaz sayğacı iddiaçının mühafizə edə bilməyəcəyi yerdə, yəni obyektin əsas fəaliyyət ərazisindən kənarda - yol tərəfdə quraşdırılmışdır. Sayğac çıxarılarkən bütün möhürləri üzərində olmuş, yəni sayğacın bütövlüyü pozulmamışdır. Belə olan halda isə qaz sayğacının daxilinə müdaxilə edilməsi də qeyrimümkündür. Bu müddət ərzində əsassız hesablanmış borcun yaranma əsaslarını iddiaçı araşdırsa da, bununla bağlı cavabdeh təşkilat iddiaçıya hər hansı sənəd təqdim etməkdən imtina etmişdir. Lakin təzəlikcə, həmin saxta aktları əldə etmək mümkün olmuşdur. Cavabdeh təşkilat bu məsələnin araşdırılacağını və artıq hesablanmış borcun silinəcəyi vədlərini versə də, əfsuslar olsun ki, bu yalnız sözdə qalan vədlər olmuşdur. Abonent saldosundan da göründüyü kimi iddiaçı istifadə etdiyi qazın dəyərini daim ödəmişdir və heç vaxt qaz sərfi 907 m3-dan artıq olmamışdır (orta aylıq 683,80 m3). Hesablanmış borclarla bağlı tərtib edilmiş aktların hüquqi əsasını təşkil edən sənədləri istədikdə, cavabdeh tərəfindən iddiaçıya heç bir sənəd təqdim edilə bilməmişdir. Cavabdeh Birliyin nümayəndələri tərəfindən iddiaçıya məxsus G6 markalı, smart kart tipli, 1605AZ**********67 №-li qaz sayğacı Dövlət yoxlamasına aparılmış, sayğaca 03 iyun 2022-ci il tarixdə baxış keçirilmiş və yoxlamanın nəticəsində “sayğacın hesablayıcı mexanizmi, LCD ekranı, platası, element yuvası və plasmas qapağı üzərində aşkar edilmədi” qeyd olunmaqla, 03 iyun 2022-ci il tarixli MSK29/1640-00743-29 saylı Akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmaqla 30 iyun 2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Cavabdeh Birlik tərəfindən 01 avqust 2022-ci il tarixli Tələbnamə ilə iddiaçıya məxsus **********00094 saylı abonent kodu üzrə 540 manat məbləğində manat borc hesablanmışdır. Yoxlayıcı orqanlar hazırkı halda Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh Birlik tərəfindən fərdi sahibkar kimi fəaliyyət göstərən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama - sahibkarlıq sahəsində aparılan X4 Reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan X4 reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı yoxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Cavabdeh Birlik tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama X4 Reyestrində qeydə alınmamışdır. Belə olan halda, cavabdeh Birlik tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, hesab olunur ki, iddia əsaslı olduğuna görə təmin olunmalı, Cavabdeh Sumqayıt X5 nümayəndələri tərəfindən tərtib olunmuş 30 iyun 2022ci il tarixli ******* nömrəli Akt etibarsız hesab edilməli, həmin akt üzrə yazılmış 01 avqust 2022-ci il tarixli Dəymiş ziyanın Bərpasına dair Tələbnamə (qərar) ləğv edilməli və həmin tələbnamə (qərar) üzrə hesablanmış 540 (beş yüz qırx) manat məbləğində borc iddiaçı X2 məxsus **********00094 saylı abonent kodundan silinməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı X3 tərəfindən 40 manat məbləğində mediatora ödənilmiş xidmət haqqı və iddiaçının hüquqi yardımla əlaqədar (iddia ərizəsinin yazılması üçün) ödəmiş olduğu 25 manat məbləğində xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin Novxanı bağ massivi ərazisində yerləşən X2 məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacına əməkdaşlar tərəfindən baxış keçirilmiş və yerində ******* saylı 30 iyun 2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda sayğacda qeyd olunan nöqsan kimi ”G-6 markalı 1605AZ**********67 №-li sayğacın hesablayıcı mexanizmi LCD ekranı platası element yuvası və plastmas qapağı, sayğacın üzərində aşkar edilmədi” yazılmışdır. Belə ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış və 03 iyun 2022-ci il tarixli Metrologiya Departamentinin rəyinə, 30 iyun 2022-ci il tarixli ******* №-li Akta və Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən Qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün 6 m3 x 12 saat x 30 gün = 2160 m3 x 0,25 qəpik = 540 manat itirilmiş qazın bərpası hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin, hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bu da onu göstərir ki, iddiaçı qaz sayğacını öz vəsaiti hesabına almışdır və həmin sayğacın qorunub saxlanılmasına da iddiaçı özü cavabdehlik daşımalıdır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması da bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Cavabdeh tərəfindən təlimata uyğun olaraq təbii qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmiş və dövlət yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə halı baş verdiyi üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qeyd olunan qaydalara əsasən təbii qaz sayğacına müdaxilə halı baş verdiyi səbəbindən qeyd olunan obyektin təbii qaz cihazlarının hesabatı aparılmış və itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edəib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və Cavabdeh Sumqayıt X5 nümayəndələri tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli ******* nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 01 avqust 2022-ci il tarixli Dəymiş ziyanın Bərpasına dair Tələbnamənin ləğv edilməsi və həmin Tələbnamə üzrə hesablanmış 540 manat məbləğində borcun ona məxsus sahibkarlıq obyektinin **********00094 saylı abonent kodundan silinməsi, mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödənilən 40 manat məbləğində pulun və hüquqi yardımla bağlı ödənilən 25 manat məbləğində pulun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və məhkəmə iclasında öz mövqeyini onunla əsaslandırdı ki, o, müvafiq VÖEN alaraq hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində kafe işlədir. Əvvəllər həmin kafenin təbii qaz təchizatı ilə əlaqədar smart tipli qaz sayğacı quraşdırılmışdır. 2021-ci ilin sonlarında kafedə qaz kəsildiyi üçün kafenin işçisi yaxınlıqda yerləşən mağazada qaz üçün smartkarta pul yükləyib sayğacın olduğu yerə gələrək, həmin pulu sayğacın yaddaşına köçürmək istədikdə, bunu edə bilməmiş və buna görə də telefonla ona zəng edib, problemlə əlaqədar məlumat vermişdir. O, isə həmin problemlə əlaqədar Qaz idarəsinin işçilərinə zəng edib, smartkarta yüklənmiş pulun sayğaca köçürülməsinin mümkün olmadığını bildirib, sayğacın dəyişdirilib-dəyişdirilmədiyini soruşmuşdur. Qaz İdarəsinin işçiləri məsələni araşdırıb sayğacın dəyişdirilmədiyini, lakin sayğacın pul yüklənən hissəsinin olmadığını bildirmişlər və həmin sayğac Qaz İdarəsinin əməkdaşları tərəfindən sökülüb aparılmışdır. Bununla əlaqədar polis tərəfindən də müvafiq arayış verilmişdir. Eyni zamanda, kafenin qazla təminatının bərpa olunması üçün o, 120 manat pul ödəmiş və kafe üçün yeni mexaniki sayğac quraşdırılmışdır. Əvvəlki sayğac smartkartla işlədiyi üçün kartda pul qutaran kimi qazın verilişi avtomatik dayandığına görə, həmin sayğacda qeyd olunan problem yaranan kimi kafeyə qazın verilməsi dayanmış və yalnız yeni mexaniki sayğac quraşdırıldıqdan sonra qazın verilməsi bərpa olunmuşdur. Smart tipli sayğacin hesabında pul olmadığı halda kafeyə qazın verilməsi avtomatik dayandığına, məlum hadisəyə görə sayğacın işləmədiyi və olmadığı dövrdə kafedə qazdan istifadə edilmədiyinə görə və yeni mexaniki sayğac quraşdırıldıqdan sonra kafeyə qazın verilməsi bərpa olunduğu üçün istifadə olunan qazın pulu da vaxtlı-vaxtında ödəndiyindən 30 iyun 2022-ci il tarixli ******* nömrəli Aktın tərtib olunması və həmin akt üzrə 540 manat məbləğində əlavə borc hesablanması tamamilə əsassız olmuşdur. İş üzrə 22 fevral 2023-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı X1 Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini – İddiaçı barəsində Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il tarixli ******* nömrəli Akda qeyd olunmuş nöqsanların həqiqətən də mövcud olması, Aktın düzgün tərtib edilməsi və Akt əsasında borcun mövcud Qazdan istifadə Qaydalarına uyğun olaraq hesablanması ilə əsaslandırmışdı. Lakin, cavabdehin nümayəndəsinin vəsatəti əsasında 28 fevral 2023-cü il tarixə təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh nümayəndəsi 28 fevral 2023-cü il tarixə təxirə salınmış məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Metrologiya Departamenti tərəfindən 03 iyun 2022-ci ildə təsdiq edilmiş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS - 29/1640-00743-29 nömrəli Aktdan (Aktda istehlakçının-abonentin bu yoxlamada iştirakı barədə hər hansı bir qeyd yazılmamışdır) görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 18 mart 2022-ci il tarixli SOCAR**********31791640X00743 saylı məktubuna əsasən 13 may 2022-ci ildə Sumqayıt Qaz İstismarı İdarəsindən Dövlət yoxlamasına gətirilmiş G-6 markalı smart-kart tipli qaz sayğacına 22 may 2022-ci ildə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı “yoxlamanın nəticəsi” olaraq göstərilmişdir ki, “sayğacın hesablayıcı mexanizmi, LCD ekranı, platası, element yuvası və plasmas qapağı üzərində aşkar edilmədi” (sayğacın zavod nömrəsi: – 1605AZ**********67;, mexaniki göstəricisi: – aşkar edilmədi;, qeyd: – yararsız;, qüsura görə nəticə: - müdaxilə, qaz itkisi). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 30 iyun 2022-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: “İsgəndərov Qafar V.oğlu”, “ünvan: Novxanı bağ”, “Fəaliyyət növü: kafe”, “abonent kodu: **********00094” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, abonent kodu **********00094 olan obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış (yoxlamanın aparılma tarixi və vaxtı (saatı) Aktın müvafiq qrafasında göstərilməmişdir) və həmin yoxlamanın nəticəsi olaraq Aktda “Dövlət yoxlamasına göndərilmiş G-6 markalı 1605AZ**********67 nömrəli qaz sayğacın rəyə görə hesablayıcı mexanizmi, LCD ekranı, platası, element yuvası və plasmas qapağı sayğacın üzərində aşkar edilmədi” qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunmuş məlumatlarla müəyyən olunur ki, yoxlamanın keçirildiyi vaxtda obyektdə qüsurlu smart-kart tipli sayğac deyil, G-6 markalı 40380308 nömrəli mexaniki qaz sayğacı olmuş və həmin Akt - yoxlamanı keçirən Cavabdeh əməkdaşları tərəfindən imzalanmış olsa da, “İstehlakçının nümayəndəsi” qismində qeyd olunan “İsgəndərov Qafar” tərəfindən imzalanmamışdır və onun adının qarşısında “imtina etdi” qeydi aparılmışdır (Aktda məlum yoxlamanın X4 Reyestrində qeydiyyata alınması barədə heç bir qeyd aparılmamış və bununla bağlı hər hansı bir məlumat göstərilməmişdir). İş materiallarında olan Cavabdeh Sumqayıt X8 tərəfindən tərtib və təsdiq edilmiş 01 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: “İddiaçı”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Sumqayıt şəhəri, Novxanı qəsəbəsi”, “abonent kodu: **********00094” qeyd edilməklə göstərilir ki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə Laboratoriyasının Qaz sayğacının yoxlanılması” barədə tərtib edilmiş 22 may 2022-ci il tarixli MS - 29/1640-00743-29 №-li Aktı ilə müəyyən edilən “G-6 markalı 1605AZ**********67 №-li sayğacın hesablayıcı mexanizmi, LCD ekranı, platası, element yuvası və plasmas qapağı sayğacın üzərində aşkar edilmədi” qüsuruna görə G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 2160 m3 həcmində müəyyən edilmişdir (əsas: - 30 iyun 2022-ci tarixli ******* nömrəli Akt). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00094) ilə müəyyən olunur ki, 30 iyun 2022-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən sahibkarlıq obyektinin hesabına 2022-ci ilin avqust ayında bir dəfəyə 540 (beş yüz qırx) manat məbləğində borc hesablanmışdır (abonent üçün “Elster G-6T” markalı 40380308 nömrəli mexaniki qaz sayğacı 11 fevral 2022-ci ildə quraşdırılmışdır). Beləliklə də, işin konkret halları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı X2 (VÖEN **********) məxsus Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində yerləşən sahibkarlıq obyekti (kafe) qaz paylayıcısı Cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı X2 **********00094 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada qaz sayğacı quraşdırılmışdır. Həmin qeyriyaşayış sahəsində quraşdırılmış G-6 markalı smart-kart tipli qaz sayğacı "Azəriqaz” İstehsalat Birliyinin 18 mart 2022-ci il tarixli məktubuna əsasən 13 may 2022-ci ildə Sumqayıt Qaz İstismarı İdarəsindən Cavabdeh Metrologiya Departamentinə Dövlət yoxlamasına gətirilmiş və yoxlama zamanı “sayğacın hesablayıcı mexanizmi, LCD ekranı, platası, element yuvası və plasmas qapağı üzərində aşkar edilmədi” qüsurları aşkar edilmişdir (03 iyun 2022-ci ildə təsdiq edilmiş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS - 29/1640-00743-29 nömrəli Akt). Bundan sonra isə Cavabdeh əməkdaşları tərəfindən 30 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib olunaraq, həmin Aktda - abonent kodu **********00094 olan istehlakçı X2 məxsus obyektdə (kafedə) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunmasının yoxlanıldığı və həmin yoxlamanın nəticəsi olaraq “Dövlət yoxlamasına göndərilmiş G-6 markalı 1605AZ**********67 nömrəli qaz sayğacın rəyə görə hesablayıcı mexanizmi, LCD ekranı, platası, element yuvası və plasmas qapağı sayğacın üzərində aşkar edilmədiyi” göstərilmişdir (yuxarıda qeyd olunan qüsurların olduğu smartkart tipli sayğac həmin yoxlamanın aparılması zamanı obyektdə mövcud olmamış və obyekt həmin vaxt 11 fevral 2022-ci ildən quraşdırılmış “Elster G-6T” markalı 40380308 nömrəli mexaniki qaz sayğacı vasitəsi ilə qazla təchiz olunmuşdur). 30 iyun 2022-ci tarixli ******* nömrəli Akta əsasən tərtib olunmuş 01 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə ilə yuxarıda qeyd olunan məlum qüsurlara görə G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 2160 m3 həcmində müəyyən edilmiş və bu hesabat əsasında da istehlakçı İddiaçı istifadəsində olan Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00094) 540 manat məbləğində “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan” hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00094) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış smart-kart tipli qaz sayğacına Cavabdeh Metrologiya Departamentində baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş 03 iyun 2022-ci ildə təsdiq olunmuş MS - 29/1640-00743-29 nömrəli Aktdan görünür ki, 13 may 2022-ci ildə Sumqayıt Qaz İstismarı İdarəsindən Dövlət yoxlamasına gətirilmiş G-6 markalı smart-kart tipli qaz sayğacına 22 may 2022-ci il tarixdə Metrologiya Departamentidə baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi “sayğacın hesablayıcı mexanizmi, LCD ekranı, platası, element yuvası və plasmas qapağı sayğacın üzərində aşkar edilmədi” qüsuru aşkar edilmişdir. Bundan sonra isə 03 iyun 2022-ci ildə təsdiq olunmuş MS - 29/1640-00743-29 nömrəli №-li Aktda qeyd olunan qüsur üzrə 30 iyun 2022-ci il tarixli ******* nömrəli Akt tərtib edilmiş (Aktda məlum yoxlamanın X4 Reyestrində qeydiyyata alınması barədə heç bir qeyd aparılmamış və bununla bağlı hər hansı bir məlumat göstərilməmişdir) və həmin Akt əsasında tərtib edilən 01 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə məlum qüsurlara görə G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 2160 m3 həcmində müəyyən edilərək, 540 (beş yüz qırx) manat məbləğində birdəfəlik borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh 30 iyun 2022-ci il tarixli ******* nömrəli Aktı əsasında hesablanmış həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, hazırkı mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora müraciət edilmişdir (mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 40 manat məbləğində xidmət haqqı ödənilmişdir). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X4 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X4 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X4 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X4 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00094) təbii qazla təmin olunması ilə əlaqədar “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı 2160 m3 həcmində müəyyən edilərək, 540 (beş yüz qırx) manat məbləğində birdəfəlik borc hesablanmış və istehlakçı (iddiaçı) İddiaçı qaz paylayıcısı (cavabdeh) Cavabdeh 30 iyun 2022-ci il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, 30 iyun 2022-ci il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 540 (beş yüz qırx) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 30 iyun 2022-ci ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00094) quraşdırılmış qaz sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri X4 Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, məlum sahibkarlıq obyekti ilə əlaqədar 30 iyun 2022-ci il tarixli ******* nömrəli Akt tərtib edilərkən həmin obyektdə mexaniki tipli qaz sayğacı mövcud olmuş olsa da, Aktda qeyd olunan nöqsanlar (qüsurlar) isə həmin yoxlama aparılan vaxt obyektdə mövcud olmayan və istifadə edilməyən smart-kart tipli başqa qaz sayğacına aiddir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X4 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X4 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Beləliklə də, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 30 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında 01 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə ilə Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00094) itirilmiş qaz sərfiyyatına görə 540 manat məbləğində borcun hesablanmasının əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Ona görə də, iddia tələbi Cavabdeh tərəfindən 30 iyun 2022-ci il tarixli ******* nömrəli Akt əsasında dəymiş ziyan (əlavə sərfiyyat) olaraq “hesablanmış 540 (beş yüz qırx) manat məbləğində borcun silinməsi” hissəsində əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Lakin, iddia tələbi “30 iyun 2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin Akt üzrə yazılmış 01 avqust 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin (qərarın) ləğv edilməsi” hissəsində əsaslı olmadığına görə təmin edilməməlidir. Qeyd etmək lazımdır ki, cavabdehin əməkdaşlarının müvafiq hərəkətlərin rəsmiləşdirilməsi ilə əlaqədar tərtib olunmuş həmin sənədlərin özü deyil, həmin sənədlərin əsasında qəbul edilmiş qərar (müəyyən məbləğdə borcun hesablanması və s.) iddiaçı üçün hüquqi nəticələr yaradır və hazırkı iddianın predmeti də həmin nəticə ilə əlaqədardır. Eyni zamanda, cavabdehdən “hüquqi yardımla bağlı ödənilmiş 25 manat məbləğində pulun tutulması” hissəsində də iddianın əsaslılığı müəyyən olunmamışdır. Çünki, belə bir iddia tələbi verilməsinə baxmayaraq, bu mübahisə üzrə hüquqi xidmət və yaxud yardımla əlaqədar hər hansı bir məbləğdə, o cümlədən də iddia tələbində qeyd olunan “25 manat” miqdarında pul vəsaitinin nümayəndəyə (vəkilə) ödənilmiş olmasını təsdiq edən heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə həqiqətən və zərurətlə xərcləndiyi müəyyən olunduğu halda, məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” tutulmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və 30 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00094) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 540 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, , “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün mediasiya ilə əlaqədar iddiaçı tərəfindən mediatora ödənilmiş 40 (qırx) manat məbləğində xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00094) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 540 (beş yüz qırx) manat məbləğində borc silinsin. Mediasiya ilə əlaqədar ödənilmiş 40 (qırx) manat məbləğində xidmət haqqı Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar