Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-605/2025 26.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən cavabdeh “İsko” X3 Cəmiyyətinin Bakı filialına qarşı verilmiş “malların və pul vəsaitinin qaytarılması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “İsko” X3 Cəmiyyətinin Bakı filialına qarşı “malların və pul vəsaitinin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 53-cü məhəllə, İnşaat materialları bazarında 95 saylı obyektdə İddiaçı2 MMC-yə məxsus olaraq saxlanılan dəyəri 51776 (əlli bir min yeddi yüz yetmiş altı) manat məbləğində olan 1387 ədəd MDF listinin və 14000 (on dörd min) manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınması haqqında müvafiq sənəd iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Halbuki mülki-prosessual qanunvericiliyin tələblərinə görə, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və həmin hərəkətlərin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməli olması hazırda Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsində imperativ qaydada təsbit olunmuşdur. Lakin bu sənədin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış və bununla da hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələblərinə riayət edilməklə verilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.4 maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddiaçı iş materiallarına iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınması haqqında müvafiq sənədləri əlavə etməməklə yuxarıda istinad edilən normaların tələblərini pozmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, mülki qanunvericiliyə əsasən, filiallar hüquqi şəxs olmadıqlarından və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərdiklərindən hazırkı iş üzrə cavabdeh qismində cəlb edilən “İsko” X3 Cəmiyyətinin Bakı filialının irəli sürülmüş iddiaya cavabdeh ola bilməsi və ya iş üzrə cavabdeh qismində cəlb edilmə imkanı onun əsasnaməsi (və ya hüquq qabiliyyətinin təsbit edildiyi digər sənəd) ilə müəyyən edilə bilər və həmin sənəd iş materiallarına əlavə edilmədiyindən, “İsko” X3 Cəmiyyətin Bakı filialının cavabdeh kimi işə cəlb edilə bilməsinin mümkünlüyünü müəyyən etmək mümkün deyildir. Bundan əlavə, iddia ərizəsinin məzmununda müvafiq prokurorluq orqanına şikayət edildiyi qeyd edilsə də, həmin şikayətin nəticəsi ilə bağlı müvafiq sənəd (qərar, məktub və s.) iş materiallarına əlavə edilməmiş, həmçinin ərizənin məzmununda X1 14000 manat məbləğində pul vəsaitini qanunsuz olaraq özündə saxladığının qeyd edilməsinə və ərizənin “Xahiş etdi” (“Nəticə”) hissəsində həmin pul vəsaitinin tutulmasının xahiş edilməsinə baxmayaraq, cavabdeh qismində ərizədə yalnız adı yuxarıda qeyd edilən hüquqi şəxsin filialı göstərilmişdir. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən cavabdeh “İsko” X3 Cəmiyyətinin Bakı filialına qarşı verilmiş “malların və pul vəsaitinin qaytarılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-605/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-605/2025
26.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver