Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-618/2025 28.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə (abonent kodu **********00000) 4536 m3 itirilmiş qaz sərfiyyatına görə cavabdeh tərəfindən tərtib olunmuş 09 sentyabr 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 905 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən avtomobil üzrə texniki xidmət obyekti 29 yanvar 1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. Həmin ünvana cavabdeh tərəfindən 07 sentyabr 2016-cı il tarixdə qaz sayğacı quraşdırılmış və **********00000 saylı abonent kodu iddiaçının adına qeydə alınmışdır. İddiaçı tərəfindən sayğac göstəriciləri əsasında hesablanan qaz sərfiyyatı üzrə ödənişlər vaxtı-vaxtında həyata keçirilmiş, son bir neçə ay ehtiyac olmadığı üçün qazdan istifadə dayandırılmışdır. Bu səbəbdən cavabdehin nümayəndələri tərəfindən 09 sentyabr 2019-cu il tarixdə tərtib olunmuş ******* saylı aktla quraşdırılmış qaz sayğacı sökülərək laboratoriyaya aparılmış və sayğac istismara yararsız hesab edilərək 4536 m3 itirilmiş qaz sərfinə görə 905 manat məbləğində cərimə hesablanmışdır. Sayğac xidməti obyektin çöl hissəsində yerləşdiyindən qaz sayğacına edilən müdaxilənin iddiaçı tərəfdən olunması barədə gəlinən qənaət tam əsassız olmuşdur. Belə ki, cavabdehin hərəkətləri qanunsuz olduğuna görə, onun tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 905 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, iddiaçının obyektinə cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş və sayğac şübhəli olduğu üçün çıxarılaraq laboratoriya yoxlaması üçün göndərilmişdir. Laboratoriya xidmətinin təqdim etdiyi rəyə əsasən, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Həmin rəyə əsasən, 2019-cu ilin yanvar ayı üzrə itirilmiş təbii qazın dəyərinin 907,2 manat məbləğində olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən laboratoriya rəyinin verildiyi tarixdən bu günədək hər hansı ödəniş edilməmişdir. Sayğacın çıxarılmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan X1 reyestri”ndə qeydiyyatdan keçirilməmişdir, çünki həmin vaxt bu tələb məcbur qaydada tətbiq edilmirdi. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 17 mart 2025-ci il tarixində keçirilmiş iclasında iştirak etmiş cavabdehin digər nümayəndəsi izahatında göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları 2019-cu ilin mart ayında iddiaçının mülkiyyətində olan avtomobillərə texniki xidmət obyektinə məxsus sayğaca baxış keçirmiş, sayğacda müdaxilə halı olduğundan həmin sayğacı yoxlama aparılması üçün laboratoriyaya göndərmişdirlər. Sənaye obyekti olduğu üçün yeni sayğacın alınması abonentin öz üzərinə qoyulmuşdur. Bununla bağlı akt tərtib edilmiş və itirilmiş qaza görə 907.2 manat məbləğində borc hesablanmışdır. 2019-cu ildə yoxlamalar aparılarkən foto, video görüntülər o qədər də mühüm əhəmiyyət kəsb etməmiş, bu səbəbdən hazırkı iş üzrə Cavabdeh İB-nin müvafiq elektron sistemində iş üzrə hər hansı məlumat yoxdur. Yalnız aktlar bölməsində itirilmiş qaza görə hesablanmış cərimə məbləği öz əksini tapmışdır. Faktiki olaraq isə bununla bağlı hər hansı sənəd yoxdur. Bu səbəbdən sayğaca edilən müdaxilənin nədən ibarət olması barədə hansısa məlumatı yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçıya məxsus olan qeyri-yaşayış obyektində quraşdırılmış “İtron” tipli G-4 markalı 1802AZ**********47 nömrəli sayğacı çıxarılmışdır. Həmin aktın “Sayğacın (plombun) çıxarılma səbəbi” qrafasında “Anbar Müvəqqəti sayğac çıxarıldı” qeyd edilmişdir. Aktın “İstehlakçının nümayəndəsi” qrafası iddiaçı tərəfindən imzalanmamış və həmin qrafada etiraz xarakterli qeydlər edilmişdir. İş materiallarında olan 19 noyabr 2019-cu il tarixli MSK-29/1640-02106 nömrəli Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri və Cavabdeh İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin böyük mühəndisi tərəfindən təsdiq edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin Socar**********31791640X02106 saylı, 18 sentyabr 2019-cu il tarixli məktubuna əsasən 05 oktyabr 2019-cu il tarixində BRQÖQXD-dən Dövlət Yoxlanmasına gətirilmiş G4 markalı smart-kart tipli qaz sayğacına 04 noyabr 2019-cu il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirildi və aşağıdakılar müəyyən edildi: sayğacın klapanı bağlıdır, ekranda bağlı işarəsi var, mənfi 17 m3, kart vasitəsilə klapan açıldı, sayğacın aktiv yaddaş proqramı oxundu, alarm 1 rejimi aşkar edilmədi, xətalar normaya uyğun deyil”. İş materiallarında olan 14 fevral 2025-ci il tarixli 14-2-2-6/2-T-57-5/2025 nömrəli müraciətin cavablandırılması barədə məktubdan görünür ki, iddiaçıya məxsus olan qeyriyaşayış obyektində quraşdırılmış “İtron” tipli G-4 markalı 1802AZ**********47 nömrəli qaz sayğacı çıxarılaraq Dövlət yoxlamasına göndərilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və həmin akt əsasında iddiaçıya 4536 m/kub itirilmiş qaz sərfinə görə 905 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş çap tarixi 28 aprel 2025ci il olan abonentin saldosu (abonent kodu: **********0000) ilə müəyyən edilir ki, istehlakçıya məxsus sahibkarlıq obyektinə 2019-cu il üçün qalıq və aktlar üzrə 907,2 manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin saldoda olan məlumatlarla müəyyən olunur ki, məlum sahibkarlıq obyekti təbii qazla təchiz edildiyi dövrlərdə quraşdırılmış sayğac vasitəsi ilə istifadə edilən qazın hesabatı aparılmış və istehlakçı tərəfindən aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər daxildir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Qaz təchizatı haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun istinad edilən normalarında göstərilən qayda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10 və 2.10-1-ci bəndlərində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur və yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X1 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X1 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X1 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X1 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il Fərmanının 1.2-ci hissəsində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmış, Fərmanın 2-ci hissəsinə əsasən isə sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə tədiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə (abonent kodu **********00000) baxış keçirilərək “İtron” tipli G-4 markalı 1802AZ**********47 nömrəli qaz sayğacı 09 sentyabr 2019-cu il tarixində cavabdehin nümayəndələri tərəfindən yerindən çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, həmin qaz sayğacına 04 noyabr 2019-cu il tarixində Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilmiş və sayğacın klapanın bağlı olduğu, ekranda bağlı işarəsinin göründüyü, mənfi 17 m3 , kart vasitəsi ilə klapan açıldığı, sayğacın aktiv yaddaş proqramının oxunduğu, alarm 1 rejiminin aşkar edilmədiyi, xətaların normaya uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, 09 sentyabr 2019-cu il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında iddiaçıya 907,2 manat məbləğində borc hesablanmışdır. Məhkəmə müəyyən etdi ki, iddiaçıya məxsus qaz sayğacına 09 sentyabr 2019-cu il tarixində cavabdehin nümayəndələri tərəfindən baxış keçirilərək onun yerindən çıxarılması və dövlət yoxlamasına göndərilməsi, həmin qaz sayğacına 04 noyabr 2019-cu il tarixində Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilməsi, yəni yoxlama tədbirləri - "X1 Reyestri"ndə qeydə alınmadan aparılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və qeyd edilən tarixlərdə aparılmış yoxlama tədbirlərinin həmin Reyestrdə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdehin səlahiyyətli nümayəndələri sahibkarlıq subyekti olan iddiaçıya məxsus qaz sayğacına 09 sentyabr 2019-cu il tarixində baxış keçirərək həmin sayğacı yerindən çıxararkən, o cümlədən sayğaca 04 noyabr 2019-cu il tarixində Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilərkən bu yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirməli idilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və onun əsasında qəbul edilmiş digər normativhüquqi aktların tələblərinin pozulması ilə “X1 Reyestri”ndə qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa, cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən iddiaçıya məxsus qaz sayğacı 09 sentyabr 2019-cu il tarixində yerindən çıxarılarkən tərtib edilmiş eynitarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın “Sayğacın (plombun) çıxarılma səbəbi” qrafasında “Anbar Müvəqqəti sayğac çıxarıldı” qeyd edilmiş, həmin akt iddiaçı tərəfindən imzalanmamış və aktın “İstehlakçının nümayəndəsi” qrafasında etiraz xarakterli qeydlər edilmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya göndərilmiş olan 14 fevral 2025-ci il tarixli 14-2-2-6/2-T-57-5/2025 nömrəli müraciətin cavablandırılması barədə məktubda qaz sayğacının çıxarılaraq dövlət yoxlamasına göndərildiyi, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın tərtib edildiyi və həmin akt əsasında iddiaçıya itirilmiş 4536 m3 qaz sərfinə görə 905 manat məbləğində dəymiş ziyan hesablandığı qeyd edilsə də, dəymiş ziyanın hansı müddətlər nəzərə alınmaqla və hansı qaydada hesablanması barədə məhkəməyə hər hansı sənəd (Dəymiş ziyanın hesablanması aktı və s.) təqdim edilməmişdir. Bununla əlaqədar məhkəmənin 17 mart 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş cavabdehin nümayəndəsi bildirmişdir ki, “2019-cu ildə yoxlamalar aparılarkən foto, video görüntülər o qədər də mühüm əhəmiyyət kəsb etmirdi, bu səbəbdən hazırkı iş üzrə Cavabdeh İB-nin müvafiq elektron sistemində iş üzrə hər hansı məlumat yoxdur. Yalnız aktlar bölməsində itirilmiş qaza görə hesablanmış cərimə məbləği öz əksini tapmışdır. Faktiki olaraq isə bununla bağlı hər hansı sənəd yoxdur”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 09 sentyabr 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 905 manat məbləğində cərimənin silinməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçın xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin **********00000 nömrəli abonent koduna 09 sentyabr 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 905 manat məbləğində borc silinməli və cavabdehdən 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin **********00000 nömrəli abonent koduna 09 sentyabr 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 905 (doqquz yüz beş) manat məbləğində borc silinsin və Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-618/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-618/2025
28.04.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver