Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-703/2025 21.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə Cavabdeh tərəfindən hesablanmış 1269 (min iki yüz altmış doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Ordubad kafesi) 07 mart 2024-cü il tarixdən etibarən iddiaçının mülkiyyətindədir. Bu müddət ərzində bütün kommunal xidmətlərdən, həmçinin təbii qazdan istifadəyə görə mütəmadi olaraq ödənişlər edilmiş və heç vaxt borc olmamışdır. Lakin 12 dekabr 2024-cü il tarixdə Cavabdeh dörd nəfər əməkdaşı qeyri-yaşayış sahəsinə gələrək iddiaçının və hal şahidlərinin iştirakı olmadan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı tərtib etmiş və həmin akta əsasən obyektin üzərinə əsassız olaraq 1269 manat məbləğində debitor borcu hesablanmışdır. Hazırda həmin məbləğin ödənilməsini iddiaçıdan tələb edirlər. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 06 may 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı mülkiyyətində olan sahibkarlı obyektinə quraşdırılmış sayğaca sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 12 dekabr 2024-cü il tarixdə qeydiyyatdan keçərək baxış keçirilmiş və aşkar olunan nöqsanlar barədə akt tərtib edilmişdir. Aktda müəssisədə istifadə olunan qurğuların saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması, mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6m3/saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatının 10.7 m3/saat olması qeyd olunmuşdur. Akta əsasən tələbnamə tərtib olunmuş və 5076 m3 itirilmiş qaz, mövcud qaydalara uyğun olaraq 0,25 qəpiklə 1269 manat hesablanmışdır. Tərtib olunan aktla abonent tanış olmuş və imza etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Abonent sənaye qaz istifadəçisi olduğundan mövcud nasazlığa görə məsuliyyəti özü daşıyır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarını işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Abonent sayğaca müdaxilə etməklə qazdan qeyri-qanuni istifadə etmiş, nəticədə qaz itkisinə yol verilmiş və dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan KY242261486 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Cavabdeh təfərindən İddiaçı məxsus sahibkarlıq obyektində başlama tarixi 12 dekabr 2024-cü il, qurtarma tarixi 14 dekabr 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi kimi qeyd edilmişdir. İş materiallarında olan 12 dekabr 2024-cü il tarixli yoxlama aktından görünür ki, Cavabdeh nümayəndələri İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən qeyri-yaşayış sahəsində (kafedə) yoxlama aparmış, müsəsisədə istifadə olunan qaz qurğularının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması müəyyən edilmiş, razılaşdırılmış qaz qurğularından əlavə quraşdırılmış qurğu xəttdən ayrılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda “G-4” markalı mexaniki tipli qaz sayğacının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması (sərfiyyat aşma 4,7 m3) qeyd olunmuşdur. Qazdan istifadə qaydalarının 4.1-ci bəndinin və paylayıcı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 2, 3, 5-ci yarımbəndinin pozulması nəticəsində itirilmiş qaz sərfinin hesablanması, ödənişin təmin edilməsi, razılaşdırılmış qaz qurğularından əlavə quraşdırılmış qurğunun xəttdən ayrılması tələb edilmişdir. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış, “G-4” markalı qaz sayğacının nominal qaz sərfi 6 m3 /saat, orta günlük və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 5076 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin dekabr ayında akt əsasında İddiaçı məxsus **********00000 nömrəli abonent koduna 1269 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 15 iyul 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, istehlakçının istifadəsində olan G-4 markalı qaz sayğacının maksimal ölçmə qabiliyyətinin 6 m3 /saat təşkil etdiyini nəzərə alaraq abonent saldosu təhlil edilmişdir. Məlum olmuşdur ki, müvafiq dövrlərdə kafedə ay ərzində maksimal 500 m3 (orta günlük 17 m3 ) olmaqla təbii qaz istehlak olunmuşdur. İstehlak olunan təbii qaz ayın günlərinə və günün saatlarına böldükdə qaz sayğacının hesablama qabiliyyətinin yuxarı ölçmə həddini (12(işləmə saatı) x 6(sayğacın maksimal ölçmə həddi) x 30 (gün)=2160 m3 ) keçmir. Eyni zamanda qaz sayğcına müdaxilə və ya qaz paylayıcı şəbəkəyə qeyri-qanuni qoşulma halları baş verdikdə dəymiş ziyanın hesablanması “Qazdan istifadə Qaydaları”nın 6.5- ci bəndinə əsasən hesablanır. Qaz sayğacının yuxarı həddinin keçməsi nəticəsində dəymiş ziyanın hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aprılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışda yoxlama suallarında qeyri-yaşayış sahəsinin mövcud qaz qurğularının yoxlanılması nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 19.6-cı bəndinə əsasən yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. Bu səbəbdən “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən hesablanmış dəymiş ziyan əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına baxış keçirilmiş, baxış zamanı həmin obyektdə quraşdırılan “G-4” markalı qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz işlədicilərinin maksimal sərfiyyatının 10.7 m3/saat olduğu müəyyən edilmişdir. Qaz sayğacının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması ilə əlaqədar iddiaçıya 1269 (min iki yüz altmış doqquz) manat məbləğində dəymiş ziyanla bağlı borc hesablanmışdır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyindən 15 iyul 2025-ci il mütəxəssis rəyi almış və və həmin rəydə “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən hesablanmış dəymiş ziyanın əsassız olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi əsas götürülərək Cavabdeh tərəfindən İddiaçınə məxsus sahibkarlıq obyektinə (abonent kodu **********00000) 12 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1269 (min iki yüz altmış doqquz) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçınə məxsus sahibkarlıq obyektinə (abonent kodu **********00000) 12 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1269 (min iki yüz altmış doqquz) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektinə (abonent kodu **********00000) 12 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1269 (min iki yüz altmış doqquz) manat məbləğində silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-703/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-703/2025
21.07.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver