Məhkəmə qərarları › İş №e-2-2(119)-751/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-751/2025

21.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-751/2025 21.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 17000 (on yeddi min) manat məbləğində borcun və 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü ilin fevral ayında Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən ona məxus “BMW” avtoshop ehtiyat hissələrinin satışı mağazasının qarşısında tanışı olan cavabdehə işlətdiyi tikintiyə pul yatırıb qazanc əldə edəcəyi adı ilə ümumilikdə 17000 (on yeddi min) manat pul vermişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə ona verdiyi pulu iddiaçıya qaytarmaqdan imtina etmişdir. Bu əməllə bağlı iddiaçı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət etmiş, Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 07 noyabr 2024-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul etmiş, tərəflər arasında yaranmış narazılıqla bağlı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh iddiaçıdan 17000 manat pul aldığını öz izahatında da açıq şəkildə etiraf etmişdir. Bu vaxta kimi cavabdeh borcdan heç bir ödəniş etməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sədi X2 Rüsif Vidadi oğluna işlətdiyi tikintiyə pul yatırıb qazanc əldə edəcəyi adı ilə ümumilikdə 17000 (on yeddi min) manat pul verməsi, lakin cavabdehin vədinə əməl etməyərək ona qarşı dələduzluq etməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 07 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət təqibi rədd edilmiş və tərəflər arasında yaranmış narazılıqla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Həmin araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ucuz qiymətə yeni mişar daşı və divar üzlüyü alınıb satılması ilə bağlı pul yatırımı etməsini, təxminən 3-4 ay ərzində yaxşı qazanc əldə edəcəklərini, ona öz pulundan da əlavə pul verəcəyini deyərək 2024-cü ilin fevral ayında müxtəlif vaxtlarda ondan hissə-hissə olmaqla ümumilikdə 17000 manat pul almışdır. Həmin pula yeni mişar daşı və divar üzlüyü alıb sataraq pul qazanmış, 15 günə pulunu çıxarmış və əldə etdiyi pulu maddi problemlərinə xərcləmiş, bu barədə Raufa bildirməmiş, başqa bir işdən əldə edəcəyi puldan Raufun pulunu qaytaracağını düşünmüşdür. Sonda həqiqəti Raufa danışmış və ondan borcunu ödəməsi üçün möhlət istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, Sədi X2 Rüsif Vidadi oğluna işlətdiyi tikintiyə pul yatırıb qazanc əldə etmək üçün ümumilikdə 17000 (on yeddi min) manat pul vermiş, sonuncu həmin pula yeni mişar daşı və divar üzlüyü alıb sataraq qazanc əldə etmiş, lakin həmin qazancdan iddiaçıya pul verməmiş, eyni zamanda iddiaçının ona verdiyi 17000 (on yeddi min) manatı geri qaytarmamışdır. Hazırkı məhkəmə araşdırması zamanı Cavabdeh iddianı etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 17000 (on yeddi min) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “141 (yüz qırx bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan 09 aprel 2025-ci il tarixli **********22 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi də, Cavabdeh tutularaq iddiaçı “İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17000 (on yeddi min) manat məbləğində borc və 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17141 (on yeddi min yüz qırx bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat məbləğində borc və 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17141 (on yeddi min yüz qırx bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar