Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-786/2025 21.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “əşyanın geri qaytarılması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əşyanın geri qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X3 Agentliyi tərəfindən 30 mart 2023-cü il tarixdə verilmiş şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 2018-ci il buraxılışlı “JCB 540V140” markalı mühərrik nömrəsi: SL320/40925U2059618 şassi nömrəsi JCB5A87GCJ2730090 olan teleskopik yükləyicinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyindən iddiaçıya qaytarılması, hüquqi yardıma görə ödənilmiş 1000 manat məbləğində xidmət haqqının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehlərə qarşı “əşyanın geri qaytarılması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə qeyd olunan sistem vasitəsilə Cavabdeh3 və Cavabdeh2 göndərilməsi nəzərdə tutulmuş pretenziyanı əlavə etmişdir. Lakin “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara əsasən müəyyən edilir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə malik deyildir. Belə olduğu təqdirdə qeyd olunan sənədlərin Cavabdeh3 və Cavabdeh2 tərəfindən elektron qaydada təhvil alınması öz təsdiqini tapmır. Bundan başqa, iddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 göndərilməli olan iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədlərin həmin cavabdehlər tərəfindən alınması haqqında sənədləri də iş materiallarına əlavə etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və həmin hərəkətlərin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 22 yanvar 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.12-ci bəndinə əsasən, həmin Məcəllənin 150.2ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, hazırda Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması - həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. Lakin yuxarıda qeyd olunan sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış və bununla da hazırkı iddia ərizəsi Mülki- Prosessual Məcəllənin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.4 və 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, həmçinin müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iş materiallarından görünür ki, pretenziya məktubu Cavabdeh1a 09 aprel 2025-ci il tarixdə göndərilmiş və cavabdehdən öhdəliklərin 10 gün ərzində icra edilməsi tələb edilmişdir, yəni mübahisənin məhkəməyə qədər həlli ilə bağlı 10 günlük müddət müəyyənləşdirilmişdir. Buna baxmayaraq, 16 aprel 2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı məlum mübahisənin məhkəməyəqədər həll edilməsi barədə vermiş olduğu pretenziya müraciətinin nəticəsini müəyyən etdiyi 10 gün müddətində gözləməyərək dərhal hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinin tələblərinə görə, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Bunlardan başqa, iddia ərizəsi iddiaçının vəkili tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş orderdən görünür ki, həmin orderin “tapşırığın yerinə yetirildiyi təşkilat” bölməsində Sumqayıt Şəhər Məhkəməsi qeyd edilmişdir. Halbuki hazırkı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Belə ki, həmin vəkilin hazırkı iş üzrə məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməmişdir. Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Bunlardan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd olunmuş 19 mart 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinin iddiaçı tərəfindən daha öncə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilən zaman istifadə edildiyi müəyyən edilmişdir. Aydınlaşdırılmışdır ki, iddiaçı daha öncə cavabdehlərə qarşı eyni məzmunlu tələb irəli sürərək iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2025-ci il tarixli e-2(060)-3000/2025 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə (əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə) əsasən iddiaçıya geri qaytarılmışdır. Eyni zamanda, həmin qərardadın məzmunundan görünür ki, məhkəmə tərəfindən iddiaçının məhkəməyə iddia ərizəsi təqdim edərkən ödədiyi 100 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə üzrə iddiaçı əvvəlcə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, bununla əlaqədar iddiaçının ödədiyi rüsumun da ona qaytarılması qərara alınmış, iddiaçı isə daha sonra eyni məzmunlu iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən yenidən dövlət rüsumu ödəməli olmasına baxmayaraq bunu etməmiş, Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərkən iddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzindən, yəni qüvvədə olan məhkəmə aktı ilə faktiki olaraq iddiaçıya qaytarılması nəzərdə tutulan məbləğin əks edildiyi ödəniş qəbzindən istifadə etmişdir. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə, iddiaçının cavabdehlərə qarşı “əşyanın qanunsuz sahiblikdən alınaraq geri qaytarılması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “əşyanın geri qaytarılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-786/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-786/2025
21.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver