Məhkəmə qərarları › İş №e-2-2(119)-821/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-821/2025

13.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-821/2025 13.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “əşyanın geri qaytarılması və pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 qarşı “əşyanın geri qaytarılması və pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X7 Agentliyi tərəfindən 30 mart 2023-cü il tarixdə verilmiş şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan “JCB 540V140” markalı (2018-ci il buraxılışlı, mühərrik nömrəsi: SL320/40925U2059618, şassi nömrəsi: JCB5A87GCJ2730090) teleskopik yükləyicinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X7 Agentliyi tərəfindən 30 mart 2023-cü il tarixdə verilmiş şəhadətnaməyə əsasən “JCB 540V140” markalı (2018-ci il buraxılışlı, mühərrik nömrəsi: SL320/40925U2059618, şassi nömrəsi: JCB5A87GCJ2730090) teleskopik yükləyici xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin teleskopik yükləyicini alqı-satqı əsasında satmaq barədə tərəflər arasına şifahi razılaşma əldə edilmiş və cavabdeh teleskopik yükləyicinin dəyərini hissə-hissə olmaqla, 1 il müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 və X1 Emin Yavər oğlunun işçiləri olduğundan, sonuncunun göstərişi ilə onlara yükləyicini idarə etmək üçün 16 aprel 2024-cü il tarixdə etibarnamə verilmiş, lakin Cavabdeh2 və Qeydar Ələkbərovla aralarında teleskopik yükləyicinin ödənişi ilə bağlı hər hansı razılıq olmamışdır. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, teleskopik yükləyicinin dəyərini razılaşdırılan müddətdə və qaydada ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı 27 fevral 2025-ci il tarixdə Cavabdeh2 və Qeydar Ələkbərova teleskopik yükləyicini idarə etmək üçün verdiyi etibarnaməni ləğv etdirmişdir. Buna baxmayaraq, xüsusi mülkiyyətində olan əmlak cavabdehlərin qanunsuz sahibliyində qalmışdır. İddiaçının cavabdehlər qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. İddiaçının xüsusi mülkiyyətində olan teleskopik yükləyici cavabdehlərin sahibliyində və istifadəsində olsa da, cavabdeh onun razılaşdırılmış dəyərini ödəməkdən yayınır. İddiaçının nümayəndəsi 03 iyun 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən sözügedən teleskopik yükləyicinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qeydar Ələkbərovun qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 iyun 2025-ci il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsinin yeni cavabdehin işə cəlb edilməsi barədə vəsatəti təmin edilərək Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi 06 iyul 2025-ci il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı Cavabdeh1lə arasında olan şifahi razılığa əsasən xüsusi mülkiyyətində olan teleskopik yükləyicini alqısatqı yolu ilə satmağa razılaşmış və Cavabdeh1 teleskopik yükləyicini 115000 manata almağa razılaşmış və dəyərini hissə-hissə olmaqla 1 il müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının cavabdehə digər görülmüş işlər müqabilində 6000 manat məbləğində borcu olduğundan, 115000 manat məbləğdən 6000 manat çıxılmaqla, iddiaçıya ödənilməli olan məbləğ 109000 manat məbləğində razılaşdırılmışdır. Teleskopik yükləyicinin dəyərini təşkil edən 109000 manat məbləğin bir hissəsinin əvəzi olaraq cavabdeh özünə məxsus olan “Mercedes-Benz GLS 450" markalı avtomobili idarə etmək səlahiyyətini iddiaçıya vermiş, həmin avtomobilin dəyəri 40000 ABŞ dolları (68000 manat) təşkil etmiş, həmin məbləğ 109000 manatdan çıxıldıqdan sonra cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 41000 manat təşkil etmişdir. Cavabdeh, həmçinin teleskopik yükləyicinin dəyəri 1 il müddətində ödənildikdən sonra avtomobili də iddiaçının adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, teleskopik yükləyicinin dəyərinin 1 il müddətində ödənilməsini təmin etməmiş, "Mercedes-Benz GLS 450" markalı avtomobilə dair iddiaçıya verdiyi etibarnamənin müddəti 22 dekabr 2024-cü il tarixində başa çatdığından avtomobili artıq idarə edə bilməmişdir. İddiaçı 2025-ci ilin fevral ayınadək Cavabdeh1 öz öhdəliklərini yerinə yetirməsini gözləsə də, öhdəliklərini yerinə yetirməmiş, nə teleskopik yükləyicinin geri qaytarılmasını, nə də dəyərinin ödənilməsini təmin etmişdir. Buna görə də 2025-ci ilin fevral ayında iddiaçı "Mercedes-Benz GLS 450" markalı avtomobili Cavabdeh1 geri qaytarmış və həmin avtomobil 2025-ci ilin fevral ayından hazırkı vaxtadək cavabdeh Emin Mustafyevin sahibliyində və istifadəsindədir. Cavabdeh1 sonuncu dəfə 2024-cü ilin oktyabr ayında olmaqla, ümumilikdə 24000 manat məbləğində ödəniş etmişdir. İddiaçı 16 aprel 2024-cü il tarixdə Cavabdeh2 və Qeydar Ələkbərova həmin teleskopik yükləyicini idarə etmək üçün etibarnamə versə də, hazırda teleskopik yükləyici Cavabdeh1 istifadəsində saxlanılmaqla, sürücüsü Cavabdeh2 tərəfindən "X9" MMC-də idarə olunur. İddiaçı teleskopik yükləyiciyə dair vermiş olduğu etibarnaməni ləğv etdirsə də, Cavabdeh2 etibarnamə olmadan iddiaçıya məxsus əmlakı idarə etməkdə davam edir. Teleskopik yükləyici "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə icarəyə verilmiş, həmin QSC teleskopik yükləyici vasitəsilə "X9" MMC-də tikinti işləri həyata keçirir və 7000 manat məbləğində icarə haqqını Cavabdeh1 ödəyir. Teleskopik yükləyicinin aylıq icarə haqqının nə qədər təşkil etməsi barədə mütəxəssis rəyi alınması üçün "xxxx" MMC-yə müraciət edilmiş və 21 iyun 2025-ci il tarixli 02-164/2025 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, 01 yanvar 2024-cü il tarixdən hal-hazırkı vaxtadək teleskopik yükləyicinin aylıq icarə dəyəri 6550 manat təşkil edir. Belə ki, teleskopik yükləyici Cavabdeh1 təhvil verilərkən, 5021 moto/saat olmuş və hal-hazırda 6694.5 moto/saat təşkil edir. Hər gün təxminən 5-6 moto/saat işləməsini nəzərə alaraq, onu demək olar ki, teleskopik yükləyici 17 aydır fasiləsiz olaraq işləməkdədir. 01 yanvar 2024-cü il tarixdən 17 aylıq müddət keçdiyini nəzərə alaraq, hazırkı dövrədək ümumi icarə dəyəri 111350 manat təşkil etmişdir. Cavabdeh1 teleskopik yükləyicini qanunsuz sahibliyində saxlamasaydı, iddiaçı 17 ay müddətində 111350 manat gəlir əldə edə bilərdi. Cavabdeh 17 ay müddətində ümumilikdə 24000 manat ödəniş etdiyindən həmin məbləğ 111350 manatdan çıxılmaqla, ümumilikdə əldən çıxmış fayda 87350 manat məbləğində təşkil edir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən teleskopik yükləyicinin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması, “Məhkəmə Ekspertiza Xidmətləri" MMCyə mütəxəssis rəyinin alınması üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının və 356 (üç yüz əlli altı) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçı izahatlarında bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixində Cavabdeh1lə şifahi razılaşma əldə edilmişdir. Həmin vaxtdan teleskopik yükləyicini cavabdehə təqdim etsə də, yükləyicinin idarə edilməsi ilə bağlı etibarnaməni həmin ilin aprel ayında vermişdir. Razılaşma 1 il müddətinə əldə edilmiş və Cavabdeh1 hazırkı vaxtadək ona 24000 manat məbləğində nağd ödəniş etmiş, 6000 manat məbləğində də onun Cavabdeh1 borcu oluğundan həmin məbləğ ümumi borcdan silinmişdir. Eyni zamanda, cavabdehə məxsus minik avtomobilinin teleskopik yükləyici ilə barter edilməsi barədə razılıq əldə edilmişdir. Həmin minik avtomobili 68000 manat məbləğində dəyərləndirilmiş və ümumi borcdan bu məbləğ də çıxılmışdır. Məhz bundan sonra cavabdehin iddiaçıya 17400 manat məbləğində borcu qalmışdır. Lakin cavabdeh müvafiq məbləği ödəməmişdir. Yalnız 2025-ci ilin fevral ayında artıq avtomobili geri qaytardığını və aralarında olan razılaşmanın pozulduğunu bildirdikdə Cavabdeh1 kart hesab məlumatlarını istəyərək ödənişi etməyə cəhd göstərmiş, bu zaman isə o, qəbul etməmişdir. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iddiaçı razılaşmaya uyğun olaraq 1 il müddətində avtomobili öz sahibliyində saxlamış və həmin müddətdə ödənişlərin icra edilməsini gözləmişdir. Hazırda isə iddiaçı Cavabdeh1 məxsus olan avtomobili qəbul etmir. Avtomobil iddiaçıya təqdim edilərkən zədəli vəziyyətdə olmuşdur, ididaçı avtomobili təmir etdirmiş və bununla bağlı 8000 manat məbləğində xərc çəkmişdir. Eyni zamanda, iddiaçı 2024-cü ilin dekabr ayından aprel ayına qədər, daha sonra isə hazırkı vaxtadək ödəniş edilməsini gözləmişdir. İddiaçı ona görə minik avtomobili ilə bağlı etibarnamənin uzadılmasını tələb etməmişdir ki, tərəflər arasında razılaşmaya uyğun olaraq artıq avtomobilin onun mülkiyyətinə keçirilməsini istəmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında Cavabdeh1 nümayəndəsi izahatlarında bildirmişdir ki, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılmasına dair ərizələri qəbul etmir. Cavabdeh hər bir halda teleskopik yükləyicini aldığını inkar etmir, yükləyici 2024-cü ilin fevral ayında cavabdehə təqdim edilmişdir. Cavabdeh qalıq borc məbləğini ödənilməsinin tərəfdarıdır və özünə məxsus "Mercedes-Benz GLS 450" markalı avtomobili də iddiaçıya geri qaytarmağa razıdır. Razılaşma da məhz belə olmuşdur. Öhdəliyin tam icra edilməsinə iddiaçı özü maneə törətmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş səs yazılarından da göründüyü kimi, Cavabdeh1 dəfələrlə borcun ödənilməsi ilə bağlı kart məlumatlarını iddiaçıdan istəsə də, iddiaçı müvafiq məlumatları cavabdehə təqdim etməmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin tələbləri pozulmuş, öhdəliyin icrasına şərait yaradılmamışdır. Hazırda cavabdeh avtomobili də nəzərə almaqla 78400 manat məbləğində ödənişi nağd formada iddiaçıya təklif edir. Tələb olunan əldən çıxmış fayda məbləğinə münasibətdə isə qeyd edilməlidir ki, müvafiq texnika cavabdehə satılmamışdan təxminən 1 il öncə iddiaçının mülkiyyətində olmuş, bu müddət ərzində iddiaçı bu texnikadan hər hansı gəlir əldə etməmişdir. Üstəlik ərizədə qeyd edilmiş motosaat göstəricilərinin məhz mübahisə predmeti olan yükləyiciyə aid olması sübut edilməmişdir. Cavabdeh1 nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X7 Agentliyi tərəfindən 30 mart 2023-cü il tarixində qeydiyyata alınmış şəhadətnamədən görünür ki, “JCB 540V140” markalı (2018-ci il buraxılışlı, mühərrik nömrəsi: SL320/40925U2059618, şassi nömrəsi: JCB5A87GCJ2730090) sarı rəngli teleskopik yükləyici İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli etibarnamələrdən görünür ki, İddiaçı X2 və Cavabdeh2 “JCB 540V140” markalı (2018-ci il buraxılışlı, mühərrik nömrəsi: SL320/40925U2059618, şassi nömrəsi: JCB5A87GCJ2730090) teleskopik yükləyicini idarə etmək səlahiyyətlərini etibar etmişdir və həmin etibarnamənin 16 aprel 2025-ci il tarixinədək qüvvədə olacağı qeyd edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış ərizənin məzmununda Cavabdeh2 verilmiş reyestrdə 7E- 16095 nömrə ilə qeyd edilmiş, X2 verilmiş reyestrdə 7E-16096 nömrə ilə qeyd olunmuş etibarnamələrin qüvvələrinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 İddiaçı "Mercedes-Benz GLS 450" markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətləri etibar etmişdir və həmin etibarnamənin 22 dekabr 2024-cü il tarixinədək qüvvədə olacağı qeyd edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ''Məhkəmə Ekspertizası Xidmətləri" MMC-nin 21 iyun 2025-ci il tarixli 02-164/25 nömrəli rəyində qeyd edilmişdir ki, 01 yanvar 2024-cü il tarixinə göstəricisi 5021 moto/saat, hazırkı tarixə 6694,5 moto/saat olan, İddiaçı məxsus, “JCB 540V140” markalı, 1**-FB-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018-ci il olan, JCB5A87GCJ2730090 şassi nömrəli teleskopik yükləyicinin həmin dövrdən hazırkı tarixədək orta aylıq icarə dəyəri 6550 manat, 01 yanvar 2024-cü il tarixdən hazırkı dövrədək (17 ay) 111350 manat məbləğində təşkil edir, eyni zamanda həmin teleskopik yükləyicinin hazırki tarixə bazar dəyəri 119500 manat məbləğindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təsvir olunanlara əsasən müəyyən edilir ki, satıcı qismində çıxış edən İddiaçı və alıcı qismində çıxış edən Cavabdeh1 arasında şifahi əqd - nisyə alqı-satqı müqaviləsi bağlanılmış, razılaşmaya əsasən, tərəflər iddiaçıya məxsus olan “JCB 540V140” markalı teleskopik yükləyicinin (bundan sonra - yükləyici) dəyərinin cavabdeh tərəfindən bir il ərzində ödənilməsi barədə razılığa gəlmişlər. İşin mübahisələndirilməyən faktiki halları aşağıdakılardır: - müqavilə predmeti olan yükləyicinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 115000 manat məbləğində müəyyən edilmişdir; - iddiaçının razılaşmadan əvvəl cavabdehə 6000 manat məbləğində borcu mövcud olmuş, həmin məbləğ yükləyicinin razılaşdırılmış dəyərindən çıxılmış və öhdəliyin ölçüsü 109000 manat məbləğində müəyyən edilmişdir; - cavabdehə məxsus olan "Mercedes-Benz GLS 450" markalı nəqliyyat vasitəsinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 68000 manat məbləğində müəyyənləşdirilmiş, həmin avtomobil 22 dekabr 2023-cü il tarixli etibarnamə əsasında iddiaçının sahibliyinə və istifadəsinə verilmiş, avtomobilin dəyərinin yükləyicinin dəyərindən çıxılaraq qalıq 41000 manat məbləğində borcun ödənilməsi razılaşdırılmışdır; - iddiaçı tərəfindən 16 aprel 2024-cü il tarixində yükləyicinin idarə edilməsi səlahiyyəti bir il müddətinə X2 və Cavabdeh2 verilmiş, iddiaçının müraciəti əsasında 2024-cü ilin fevral ayında həmin etibarnamələrin qüvvəsinə xitam verilmişdir; - cavabdeh tərəfindən 24000 manat məbləğində ödəniş edilmiş, qalan məbləğ ödənilməmiş, iddiaçı isə avtomobillə bağlı ona verilmiş etibarnamənin müddəti başa çatdığından onu 2024-cü ilin dekabr ayında cavabdehə qaytarmışdır. İşin mübahisəli halları isə şifahi qaydada nisyə alqı-satqı müqaviləsinin bağlanması vaxtı və bununla əlaqədar birillik müqavilə müddətinin hesablanmasının başa çatma vaxtı barədədir. İddiaçı yükləyicinin cavabdehə verilməsi ilə bağlı razılaşmanın 2023-cü ilin dekabr ayında əldə edildiyini, bununla əlaqədar cavabdehin özünə məxsus yuxarıda qeyd edilən avtomobili onun istifadəsinə verildiyini, yükləyicinin isə faktiki olaraq 2024-cü ilin yanvar ayında (daha konkret - xx.xx.2024-cü il tarixdə) qarşı tərəfə verildiyini bildirmişdir. Cavabdehin nümayəndəsi isə yükləyicinin 2024-cü ilin fevral ayında alındığını qeyd etmişdir. Avtomobilin yükləyicinin əvəzinə iddiaçıya verilməsi, o cümlədən məhz 2023-cü ilin dekabr ayında verilməsi işin mübahisəsiz halları olduğu üçün məhkəmə razılaşmanın da məhz 2023-cü ilin dekabr ayında əldə edildiyini, yükləyicinin isə bundan sonra təqdim edildiyini işin müəyyən edilmiş faktiki hallarına uyğun və daha inandırıcı hesab edir. Burada o da qeyd edilməlidir ki, artıq 2024-cü ilin dekabr ayında avtomobilə görə iddiaçıya cavabdeh tərəfindən verilmiş birillik etibarnamənin müddəti başa çatdığından, o, istifadə etmək imkanından məhrum olmuş və onu cavabdehə qaytarmalı olmuşdur. Göstərilənlər ona dəlalət edir ki, yükləyicinin dəyərinin bir il ərzində ödənilməsi ilə bağlı razılıq 2023-cü ilin dekabr ayında əldə edilmiş, növbəti ay yükləyici qarşı tərəfə təqdim edilmiş və cavabdeh onun dəyərini ən geci 2024-cü ilin yanvar ayınadək ödəməli idi. İddia tələbinin qanuni əsası Mülki Məcəllənin 600.1-ci, 600.4-cü, o cümlədən 427.3cü və 427.4-cü maddələridir: 600.1 - alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4 - əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 427.3 - əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.4 - ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. İşin faktiki hallarının istinad edilən mülki-hüquq normaları ilə birgə təhlili onu söyləməyə əsas verir ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə cavabdeh müqavilə öhdəliyini icra etməyərək yükləyiciyə görə ödəməli olduğu ödənişi müqavilədə nəzərdə tutulan müddətdə iddiaçıya ödəməmişdir (Mülki Məcəllə, 600.1). Tərəflər arasında yaranmış öhdəlik onun icra edilməli vaxt dövrünü (2024-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayındadək) nəzərdə tutmuş, lakin öhdəlik bu cür dövr ərzində istənilən an icra edilməli olsa da, icra edilməmişdir (Mülki Məcəllə, 427.3), eyni zamanda ağlabatan müddətdə icra edilməmiş öhdəliyi cavabdeh iddiaçının icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borclu olsa da buna da riayət etməmişdir (Mülki Məcəllə, 427.4). Belə olduğu halda isə iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən iki seçim imkanı yaranmışdır: verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yükləyicinin Cavabdeh1 geri alınaraq iddiaçıya qaytarılması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh1 nümayəndəsi Mülki Məcəllənin 425-ci maddəsinə istinad edərək öhdəliyin, məhz iddiaçının özü tərəfindən pozulduğunu, cavabdehin yükləyicinin dəyərini ödəmək niyyətinin mövcud olduğunu, lakin iddiaçının buna lazımi şərait yaratmadığını kart məlumatlarını cavabdehə təqdim etmədiyini qeyd etmişdir. Göstərilən dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə hər iki tərəfin qarşılıqlı razılığı ilə bağlanılmışdır, iddiaçının özünün öncədən cavabdehə müəyyən məbləğdə (6000 manat) borcunun olması, yüksək dəyərə malik yükləyicini yazılı müqavilə bağlanılmadan, şifahi əqd əsasında cavabdehə təqdim etməsi, ona verilən avtomobilin dəyəri çıxıldıqda, 41000 manat məbləğində pulun bir il ərzində ödənilməsinə razı olması kimi hallar onu göstərir ki, tərəflər arasında, həm də etibardan irəli gələn yaxın münasibətlər olmuşdur. Belə olduğu halda iddiaçı tərəfindən kart məlumatlarının təqdim edilməməsinə görə, müqavilənin icrasının mümkün olmaması əsaslı, ağlabatan və inandırıcı hesab edilə bilməz. Digər tərəfdən, öhdəlik razılaşdırılmış vaxtadək cavabdeh tərəfindən icra edilməmiş, üstəlik yükləyicinin dəyərindən 68000 manat məbləğində pul vəsaitinin çıxılması ilə bağlı iddiaçının istifadəsinə verilmiş avtomobilin idarə edilməsi üçün verilən etibarnamənin müddəti 22 dekabr 2024-cü il tarixində bitmiş, iddiaçı avtomobili də cavabdehə qaytarmalı olmuşdur. Yəni öhdəliyin icra edilməməsi nəticəsində onun pozulması bilavasitə cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində baş vermişdir. Belə olduğu təqdirdə, cavabdehin yuxarıda qeyd edilən dəlilləri əsaslı hesab edilə və iddianın əsassızlığına gətirib çıxara bilməz. İddia tələbinin 87350 manat məbləğində əldən çıxmış faydanın və yükləyicinin cavabdehin sahibliyindən geri alınaraq iddiaçıya qaytarılmasınadək aylıq 6550 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilmir. Belə ki, bu hissə ilə bağlı yükləyicinin cavabdeh tərəfindən "xxxx" QSC-yə icarəyə verilməsinə və yükləyicinin motosaat göstəriciləri üzrə ''Məhkəmə Ekspertizası Xidmətləri" MMC-nin rəyinə əsasən orta aylıq icarə dəyərinin 6550 manat məbləğində olmasına istinad edilmişdir. İlk növbədə, qeyd edilməlidir ki, məhkəmə baxışı yekunlaşanadək, məhz mübahisə predmeti olan iddiaçıya məxsus yükləyicinin icarəyə verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut (müqavilə, akt və s.) təqdim edilməmişdir. Digər tərəfdən, mütəxəssis tədqiqatında hesablama aparılaraq nəticəyə gəlinmiş motosaat göstəricilərinin də məhz iddiaçıya məxsus olan yükləyiciyə məxsus olması iş materialları ilə təsdiq edilmir. Yəni yükləyicinin hazırkı göstəricilərinin hansı qaydada əldə edilməsi qeyri-müəyyəndir, üstəlik ilk motosaat göstəricilərinin məhz yükləyici cavabdehə verilməmişdən mövcud olması, ən əsası əvvəlki və sonrakı göstəricilərin məhz mübahisə predmeti olan yükləyiciyə məxsus olmasının təsdiq edilməsi ilə əlaqədar mötəbər sübutlar təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Eyni zamanda məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (Mülki Prosessual Məcəllə, 80-ci və 88-ci maddələr). İddia göstərilən hissədə təmin edilmədiyindən iddia tələbinin mütəxəssis rəyinin alınması üçün ödənilmiş 500 manat məbləğində xidmət haqqının əvəzinin ödənilməsi hissəsi də təmin edilə bilməz və həmin xərc iddiaçının özünə aid edilməlidir. Qeyd edilməlidir ki, iddiaçının vəsatəti əsasında Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilsə də, iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması haqqında sonuncu ərizədə bilavasitə həmin cavabdehə qarşı hər hansı tələb irəli sürülməmişdir. Eyni zamanda, öhdəliyin tərəfi qismində bilavasitə Cavabdeh1 çıxış etdiyindən (Cavabdeh2 onun işçisi kimi təqdim edilmişdir) yükləyicinin qaytarılması öhdəliyini də bilavasitə o, özü daşıyır. Bundan başqa, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 1000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 27 fevral 2025-ci il tarixli ödəniş qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri 29 saylı Vəkil bürosunun hesabına 1000 manat məbləğində ödəniş olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 1000 manat məbləğində pul vəsaitinin əvəzinin Cavabdeh1 tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa, iş materiallarında olan 24 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə 100 manat, 23 iyun 2025-ci il tarixli **********60 nömrəli ödəniş qəbzi üzrə 257 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 100 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaitinin əvəzi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, yükləyici Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılmalı və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1000 manat məbləğində xidmət haqqının və 100 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1100 manat məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. “JCB 540V140” markalı (2018-ci il buraxılışlı, mühərrik nömrəsi: SL320/40925U2059618, şassi nömrəsi: JCB5A87GCJ2730090) Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılsın və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1100 (min yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar