Məhkəmə qərarları › İş №e-2-2(119)-882/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-882/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-882/2024 15.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehə qarşı verilmiş “əmlakın geri qaytarılması və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “əmlakın geri qaytarılması və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçıya məxsus olan “DanfossV202” markalı Asqubosst seriya nömrəli cihazın kustar üsulla müdaxilə edilmədən işlək vəziyyətdə geri qaytarılması və 62200 (altmış iki min iki yüz) manat məbləğində maddi ziyan, həmçinin 276,60 (iki yüz yetmiş altı manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla cəmi 62476,60 (altmış iki min dörd yüz yetmiş atı manat, altmış qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin ünvanı “Abşeron rayonu, Bakı- Sumqayıt şossesi 6” kimi qeyd olunaraq Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilsə də, “Elektron məhkəmə” İnformasiya sistemində, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin elektron portalında olan məlumatlarla müəyyən edilir ki, cavabdehin hüquqi ünvanı “AZ1063, ünvan 2. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 04 nömrəli qərarının 20.4-cü bəndinə əsasən, Bakı şəhərinin Qaradağ rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan inzibati ərazi vahididir. Göründüyü kimi, cavabdehin ünvanının olduğu yer - Bakı şəhəri Qaradağ rayonu Sumqayıt Kommersiya Məhkəməsinin deyil, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan inzibati ərazi vahididir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin Sumqayıt Kommersiya Məhkəməsində məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “əmlakın geri qaytarılması və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət edilməsinə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar