Məhkəmə qərarları › İş №e-2-2(121)-1382/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1382/2025

11.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1382/2025 11.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borcu üzrə 5000 manat, 1000 manat hüquqi xidmət üçün çəkilən xərclər,1000 manat maddi zərərə görə pul vəsaitinin və həmçinin ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə 2023-cü il tarixdə kommersiya işləri ilə əlaqədar tanış olmuşlar. Bir müddət sonra o, İddiaçı ilə işlətmək üçün borc pul verməyi xahiş etmişdir. İddiaçı cavabdehin səmimiliyinə inanaraq 5000 manat məbləğində ona borc vermişdir. Cavabdeh almış olduğu pulu xx.xx.2023-cü il tarixə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, o, borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən İddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Cavabdehlə sonuncu dəfə xx.xx.2023-cü il tarixə, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva 57A ünvanında Vəkil fəaliyyət göstərdiyi 12 saylı vəkil bürosunda görüşləri keçirilmişdir. Görüş zamanı Cavabdeh iddiaçıdan aldığı 5000 manat pulu xx.xx.2023-cü il tarixdə tam şəkildə qaytaracağına dair yazılı qəbz təqdim etmiş, həmçinin qəbz tərtib olan zaman onun öz razılığı (iradə ifadəsi) əsasında göstərilənlər video qeydiyyata alınmışıdır. Borc müqaviləsinin olması faktını təsdiq edən qəbz iş materiallarına əlavə edilir. Həmçinin borc öhdəliyinin icrası ilə əlaqədar İddiaçı əlavə olaraq hüquqi xidmət üçün 1000 manat xərc çəkmişdir. Tərəflər arasında yaranan pul mübahisəsi üzrə cavabehə verilmiş 5000 manat ilkin olaraq fayda əldə etmək məqsədi ilə verilmişdir. Lakin sonradan razılığın şərtləri cavabdeh tərəfindən pozulduğundan xx.xx.2023-cü il tarixdə öhdəlik borcla əvəzləşdirilmişdir. Cavabdeh 5000 manat vəsaitini əsasız olaraq özündə saxladığından iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, iddiaçı 5000 manat pulu vaxtında ödəmiş olsa idi, iddiaçı həmin vəsaitdən kommersiya məqsədiləri üçün istifadə edərək fayda götürə bilərdi. İddiaçı hesab edir ki, bu hissədə ona dəyən zərərin ağlabatan olması baxımından cavabdehdən əlavə olaraq 1000 manat pul da tutulmalıdır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdi və məhkəmənin suallarına cavabında əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasındakı şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə təxminən 2023-cü ilin fevral ayında 5000 manat pulu telefonların alqı-satıqısı məqsədilə borc vermiş, cavabdeh bu fəaliyyətdən əldə etdiyi qazancdan iddiaçıya da müəyyən pay verməli idi. Bir sözlə iddiaçı görüləcək işin maliyyə hissəsini öz üzərinə götürmüş, cavabdeh isə lazım olan telefonların alışını və satışı həyata keçirməyi öz üzərinə götürmüş, bununla da tərəflər öz aralarında şəriklə biznes işi təşkil etmişlər. Cavabdeh mobil telefonların alqı-alqı-satqısı üçün iddiaçıdan aldığı 5000 manat məbləğində puldan, 400 iddiaçıya ödəniş etmişdir. Cavabdehlə iddiaçı arasında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva 57A ünvanında onun vəkillik fəaliyyətini həyata keçirdiyi 12 saylı vəkil bürosunda görüşləri keçirilmişdir. Görüş zamanı Cavabdeh iddiaçıdan aldığı 5000 manat pulu xx.xx.2023-cü il tarixdə tam şəkildə qaytaracağına dair öz üzərinə yazılı surətdə öhdəlik götürmüşdür. Bu barədə cavabdehin şəxsən özü tərəfindən yazılmış “Qəbz” başlıqlı əlyazmanı məhkəməyə təqdim etmişdir. Qeyd olunan əlyazma tərtib olunan zaman cavabdehin öz razılığı (iradə ifadəsi) əsasında göstərilənlər video qeydiyyata alınmışıdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. “Elektron Məhkəmə” informasiya Sistemində vergi məlumatlarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə VÖEN: ********** verilmişdir.

9. “Elektron Məhkəmə” informasiya Sistemində vergi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixdə VÖEN: ********** verilmişdir.

10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Qəbz” başlıqlı əlyazmadan görünür ki, Cavabdeh, İddiaçı borclu olduğu 5000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürmüş, müddətin tamamında borcu qaytarmadığı təqdirdə qanunvericilikdə məsuliyyət daşımağa hazır olduğunu bildirmiş, qeyd olunanları öz imzası ilə təsdiq etmişdir.

11. İş materiallarında olan 01 ədəd CD diskə əlavə edilmiş video-görüntüdən görünür ki, Cavabdeh iddiaçıdan aldığı 5000 manat pul vəsaitini xx.xx.2023-cü il tarixədək tam şəkildə qaytaracağına dair yazılı qəbz vermiş, eyni zamanda borcun olduğu və qısa müddətdə qaytarılacağını, eyni zamanda şifahi olaraq da etiraf etmişdir.

12. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə iş üzrə cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsi üzrə 5000 manat pul vəsaitini 7 gün ərzində icra etmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır.

13. xx.xx.2023-cü il tarixli saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətə 130 manat məbləğində pul ödənilmişdir.

14. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 90 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. -329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. -337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -351.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. -337.3-ci maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -351.2-ci maddəsinə görə, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 37-ci fəslinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır -740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə № 02/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadı”nın:

13-cü bəndinə əsasən, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir (13. Bənd). 20-ci bəndinə əsasən, əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

-217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -17.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

20. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırkı kommersiya mübahisəsi, tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə bağladıqları borc (kredit) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərindən yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən, İddiaçı mobil telefonların alqı-satqısı həyata keçirməsi üçün Cavabdeh borc vermiş, cavabdeh isə, aldığı borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

21. Məhkəmə ilkin olaraq hesab edir ki, tərəflər arasında bağlanmış əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Bunun üçün isə, əvvəla tərəflər arasındaki mübahisəyə tətbiq edilməli olan maddi hüquq norması düzgün müəyyən edilməlidir. AR MPM-nin tələbinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin yaranması, 24 fevral 2023-cü il tarixli, 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiya verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin qüvvəyə minməsindən əvvəlki dövrə (Həmin qanunun 2-ci maddəsinə görə, bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.) düşdüyündən, hazırki mübahisəyə qeyd olunan qanunla edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 37-ci fəslinin müvafiq maddələrinin müddəaları tətbiq edilməlidir.

22. Tərəflər arasında bağlanmış əqdin etibarlı olub olmaması məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, tərəflər 5000 manat pulun borc verilməsi barədə əqdi şifahi formada bağlamaqla, əqdin formasına dair Mülki Məcəllədə müəyyənləşdirilmiş məcburi şərti pozmuşlar. Belə ki, iş materiallarından göründüyü kimi müqavilə iştirakçılarının hər ikisi fərdi sahibkar statusu olan fiziki şəxs olsa da, aralarındakı borc müqaviləsinin predmeti olmuş pul vəsaitinin məbləği 3000 manardan çox olduğundan, onlar bu müqaviləni yazılı formada bağlamalı olduqları halda, şifahi formada bağlamışlar. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh xx.xx.2023-cü il tarixdə imzalayıb tərtib etdiyi əlyazmada İddiaçı borclu olduğu 5000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü, müddətin tamamında borcu qaytarmadığı təqdirdə qanunvericilikdə məsuliyyət daşımağa hazır olduğunu bəyan etmiş, həmçinin iddiaçıya olan borcundan 400 manat ödəniş etmişdir. Məhkəmə, Mülki Məcəllənin 351.2-ci maddəsinin tələbindən çıxış edərək, cavabdehin öhdəlik götürmə və buna görə məsuliyyət daşımağa dair iradə ifadəsini yazılı surətdə bəyan etməkdən ibarət hərəkətlərini iddiaçı ilə aralarında forma tələbləri pozulmaqla bağlanmış əqdin təsdiq edilərək yenidən bağlanması kimi qiymətləndirir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlmiş etibarlı borc (kredit) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcuddur.

23. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

24. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, borc müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

25. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir. Lakin, nəhkəmə iddianı 4600 manat hissədə əsaslı hesab edir, çünki işin araşdırılan hallarına əsasən müəyyyən olundu ki, cavabdeh iddiaçıya olan 5000 manat məbləğində borcundan 400 manat ödəniş etmişdir. Qeyd olunan xüsusat iddiaçının nümayəndəsinin izahatı ilə təsdiq olunur.

26. Məhkəmə, iddianı “gecikdirilmiş pul vəsaitinə görə dəymiş 1000 manat məbləğində ziyanın cavabdedən alınaraq iddiaçıya ödənilməsi”nə aid hissədə mötəbər sübutlarla təsdiq olunmadığından əsassız hesab edir.

Məhkəmə xərcləri:

27. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuna görə 66 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 24 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

28. Məhkəmə, hüquqi yardımla bağlı çəkilən xərcə münasibətdə isə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən bu xərcin 130 manat olduğu müəyyən olunur ki, məhkəmə həmin məbləğin ağlabatan olmasını nəzərə alınaraq, hesab edir ki, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat əsas borc, vəkilə hüquqi yardıma görə ödənilmiş 130 (bir yüz otuz) manat xərc və ödənilmiş dövlət rüsumuna görə 66 (altmış altı) manat olmaqla, cəmi 4796 (dörd min yeddi yüz doxsan altı) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 24 (iyirmi dörd) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar