Məhkəmə qərarları › İş №e-2-2(121)-157/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-157/2024

29.02.2024 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-157/2024 29.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyşəban-Lənkəran mənzilinin 152-ci km pk 2-də hərəkət artımı istiqamətinin sol tərəfində dəmir yolu xəttindən 3-4 metr aralı dəmir yoluna məxsus mühafizə zolağında Cavabdeh tərəfindən qoyulmuş metal konstruksiyalardan ibarət ticarət köşkü və çəpərin cavabdehin hesabına dəmir yolunun mühafizə zonasından götürülərək və cavabdeh tərəfindən düzülmüş metlaxlar isə cavabdehin hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) tərəfindən dəmir yollarının mühafizə zonasında qanunsuz tikinti işlərinin qarşısının alınması məqsədilə keçirilən tədbirlər çərçivəsində dəmir yolunun Göyşəban-Lənkəran mənzilinin 152-ci km pk 2- də hərəkət artımı istiqamətinin sol tərəfində dəmir yolunun mühafizə zolağında metal konstruksiyalardan ibarət iaşə xidmətləri göstərən ticarət köşkü və oturacaqların qoyulduğu, habelə ərazinin metal konstruksiya ilə çəpərlənərək, metlax düzüldüyü müəyyən edilmişdir. Məsələ ilə bağlı aidiyyəti üzrə İnfrastruktur departamentinin aidiyyəti struktur bölmələri tərəfindən sözügedən ticarət obyektinin sahibi Cavabdeh xəbərdarlıq edilmiş, eyni zamanda ərazi ilə bağlı müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinə və Şirvan Xətt polis bölməsinə aidiyyəti üzrə məlumat verilmişdir. Azərbaycan Respublikası DİN NBPİ DYNPİ-nin İnmişli st. Xətt polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-15-1-6/2- 407/2023 nömrəli məktubda, ərazidə görülmüş işlərlə bağlı obyektin sahibi Cavabdeh əməlində cinayət tərkibi olmadığı bildirilərək, məsələnin mülki qaydada həll olunması tövsiyə olunmuşdur. Eyni zamanda sözügedən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ADY-yə müraciət olunaraq, adıçəkilən şəxsin dövlət mülkiyyətinə aid təqribən 150,0 kv.m. torpaq sahəsini zəbt etdiyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 saylı qərarının icrası ilə əlaqədar tərtib olunmuş 2007-ci il tarixli sxematik planda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 521 nömrəli Fərmanında verilmiş tapşırığın icrası çərçivəsində "xxxx" ASC tərəfindən hazırlanmış aktual qrafik təsvirdə sözügedən ərazi üzrə dəmir yolu xəttinin mühafizə zonasının ölçülərinin 29 metr təşkil etdiyi qeyd olunmuşdur. Lakin sözügedən obyekt dəmir yolunun kənar xəttindən 3-4 metr məsafədə yerləşir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında, 2023-cü ilin may ayında dəmir yol xəttinin təxminən 4-5 metr məsafəsində dənizə tərəf hissədə daşına bilən 3x4 kv.metr ölçüdə dəmir köşk qoyduğunu, köçkün ətrafına metlax döşədiyini, əlavə olaraq dibçəklərdə palma ağacları əkdiyini, ağacların ərazidən daşına biləcəyini, həmin ərazidə təxminən 10-a yaxın stol qoyararaq mövsümi olaraq çayxana kimi fəaliyyət göstərdiyini, köşkü qoyarkən və ərazini abadlaşdırarkən hər hansı bir orqandan icazə almadığını, həmin əraziyə yaxın yerlərdə bir neçə obyektin fəaliyyət göstərdiyini, lakin iddiaçının yalnız ona qarşı iddia irəli sürdüyünü bildirmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli məlumat və aktdan görünür ki, Lənkəran dəmir yol məntəqəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir ki, 152 km. pk 2də artımı ilə hərəkət istiqamətinin sol tərəfində Lənkəran rayon sakini Cavabdeh tərəfindən metal konstruksiyadan ibarət çayxana köşkü qoyulmuşdur və edilən xəbərdarlıqlara baxmayaraq köşk oradan götürülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "xxxx" QSC-nə ünvanlanmış 18 yanvar 2023cü il tarixli “Torpaq qanunvericiliyinin tələblərinin pozulması barədə” məktubdan görünür ki, həmin məktubda Lənkəran şəhəri, Heydər Əliyev prospekti ərazisində (dəmiryolu xəttinin mühafizə zonasında) Cavabdeh tərəfindən dövlət mülkiyyətinə aid təqribən 150 kv.metr torpaq sahəsində aparılmış dəmir konstruksiyadan quraşdırma işlərinin və metlax düzülməsinin aradan qaldırılması xahiş olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, dəmir yol xəttinin təxminən 4-5 metr məsafəsində metal konstruksiyadan ibarət köşk qoyulmuş, ətraf ərazi qısa taxta hasarla çəpərlənmiş və dibçəklərdə bir neçə palma ağacı əkilmişdir. Beləliklə məhkəmə müəyyən edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan Göyşəban-Lənkəran mənzilinin 152-ci km pk 2-də hərəkət artımı istiqamətinin sol tərəfində dəmir yolunun Xəzər dənizinə tərəf hissəsində 4-5 metr məsafədə Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan metal konstruksiyalardan ibarət köşk qoyulmuşdur, habelə ətraf ərazi qısa taxta hasarla çəpərlənmiş və dibçəklərdə bir neçə palma ağacı əkilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilən ərazidə olan dəmir köşkün qoyulmasının və digər işlərin onun tərəfindən həyata keçirildiyini, bunun üçün hər hansı bir orqandan icazə almadığını etiraf etmişdir. Məhkəmə işdə olan fotoşəkillərə və tərəflərin izahatlarına əsasən köşkün qoyulmasının və aparılan işlərin dəmir yolunun təxminən 4-5 metr məsafəsində həyata keçirildiyinin müəyyən edildiyini, bu xüsusatın xüsusi bilik tələb olmadan aşkar edildiyini və bununla bağlı tərəflər arasında mübahisə olmadığını nəzərə alaraq, mübahisəli köşkün və aparılan işlərin dəmir yol xəttinin mühafizə zonasında yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədi ilə əlavə olaraq müvafiq ekspertiza təyin edilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq hesab edir ki, hazırki tələbi irəli sürməsi üçün iddiaçının subyektiv hüququ vardır və iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2 maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmununa əsasən mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Məhkəmə, iddianın 100 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini əsaslı hesab edərək qeyd edir ki, Cavabdeh qanunsuz hərəkətlərə yol verdiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən iddiaçı 100 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Göyşəban-Lənkəran mənzilinin 152-ci km pk 2-də hərəkət artımı istiqamətinin sol tərəfində dəmir yolu xəttinin mühafizə zolağında Cavabdeh tərəfindən qoyulmuş metal konstruksiyadan ibarət ticarət köşkü və çəpər cavabdehin hesabına dəmir yolu xəttinin mühafizə zolağından götürülərək, ərazi əvvəlki vəziyyətinə qaytarılsın. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 100 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar