Məhkəmə qərarları › İş №e-2-2(121)-1754/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1754/2025

09.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1754/2025 09.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21580 manat borcun və hüquqi yardıma görə ödənilmiş 1000 manat pulun, cəmi 22580 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı heyvan saxlamaq məqsədilə bankdan 30000 manat kredit götürmüşdür. Daha sonra həmin pulla 2024-cü il tarixdə Cavabdeh 16 baş iribuynuzlu heyvan almışdır. Bu halları təsdiq edən diskdə səs yazıları da vardır. Lakin həmin heyvanlar xəstə olduğu üçün xx.xx.2024-cü il tarixdə geri qaytarmış və Cavabdeh ona bildirmişdir ki, bazar günü heyvanları satıb, Cavabdeh pulunu qaytaracaq. Daha sonra cavabdeh 4500 manat dəyərində iki baş iribuynuzlu heyvanı iddiaçıya verərək borcundan çıxmasını bildirmişdir. Yerdə qalan 21580 manat məbləğində pulunu isə İddiaçı Cavabdeh dəfələrlə tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. Buna görə İddiaçı Ağcabədi RPŞ-yə şikayət etmiş, orada onların izahatları alınmışdır. Belə ki, cavabdeh izahatında borcunu qismən etiraf etmiş, bildirmişdir ki, guya cavabdeh heyvanları iddiaçının qapısından gətirən zaman həmin heyvanlardan 6 başı tələf olmuş, yəni ölmuş, heyvanlar öləndə o, İddiaçı zəng edərək bildirmişdir ki, heyvanlar sənin qapından gələndən ölür, İddiaçı da ona demişdir ki, ziyanlığa məndə şərikəm, yəni 2500 manatına həmin pulu sənin mənə verəcəyindən siləcəm. Belə olan halda onun Qardaşxana 18680 manat pul borcu vardır. Həmin puldan guya 5000 manatlıq iri buynuzlu 2 baş heyvan vermişdir və onun iddiaçıya ümumilikdə 18680 manat pul borcu vardır. Həmin pulun bir hissəsini 2025-ci ilin yanvarın 20-də, 3000 min manatını yanvarın axırı, 5000 min manatını fevral ayının axırı isə yerdə qalan məbləği verəcəyinə söz vermişdir. Buna baxmayaraq cavabdeh yenə də borclu olduğu məbləği qaytarmaqdan yayınmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2010-cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda ünvan 1i ünvanı üzrə qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda Ağcabədi rayonu, Xocavənd kəndi ünvanı üzrə qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, İddiaçı şikayəti əsasında Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatları alınmışdır. İddiaçı izahatında Ağcabədi rayonu Xocavənd kəndində yaşayan Cavabdeh 16 baş heyvan aldığını, lakin həmin heyvanlar xəstə olduğu üçün onları xx.xx.2024-cü il tarixdə geri qaytardığını, heyvanları qaytardığı zaman Cavabdeh heyvanları satıb onun pulunu qaytaracağına dair vəd verdiyini, lakin həmin gündən bu günə qədər 21580 manat borcu müxtəlif bəhanələr gətirərək hələ də qaytarmadığını bildirmişdir. Cavabdeh izahatında göstərmişdir ki, 10 ildən artıq olar ki, heyvan alverilə məşğul olub ailəsini dolandırır. X1 tanıdığı üçün ona iri buynuzlu mal satanda o, Cavabdeh bildirmişdir ki, onlara iri buynuzlu mal lazımdı heyvan olsa ona məlumat verilsin. xx.xx.2024 cü il tarixdə həmkəndlisi Ehtiram adlı şəxsdən 16 baş iri buynuzlu heyvanı ümumi dəyəri 25800 manata almışdır. İddiaçı oğluna zəng etmişdir və həmin heyvanları xx.xx.2024 cü il tarixdə İddiaçı onun yaşadığı ünvana gələrək heyvanları 26080 manata razılaşmışlar. Həmin gün də 16 baş iri buynuzlu heyvanları Ateko markalı yük avtomobilinə yükləyərək Ağdam rayonun Üçoğlan kəndində Qardaşxanın həyətinə aparmışdır və heyvanları boşaltdıqdan sonra orada 26080 manat pulunu Qardaşxandan alıb geriyə qayıtmışdır. Həmin günün səhəri yəni xx.xx.2024 cü il tarixdə Qardaşxan ona zəng edərək bildirmişdir ki satdığı heyvanlar xəstədir, gəlib heyvanlarını aparsın. İddiaçı Cavabdeh heyvanları alıb apardıqdan sonra həmin heyvanlara iynə vurdurmuşdur. Həmin gün Cavabdeh rayondan kənarda olduğundan həmkəndlisi Arazın oğlu Abdulhüseyinə demişdir ki, Ağdam rayonun Üçoğlan kəndinə gedib heyvanları gətirsin. Həmin gün Qardaşxana bildirmişdir ki, heyvanları ver bazar günü satıb pulunu verəcəkdir. Cavabdeh heyvanları onun qapısından gətirdiyi zaman həmin heyvanlardan 6 başı tələf olmuşdur, yəni ölmüşdür. Heyvanlar öləndə Ağayev X6 bildirmişdir ki, heyvanlar onun qapısından gələndən olür. O da Cavabdeh bildirmişdir ki, ziyanlığa şərikdir, yəni 2500 manat pulu borcdan siləcəkdir. Belə olan halda Cavabdeh Qardaşxana 18680 manat pul borcu vardır. Həmin pulun əvəzi olaraq 5000 manatlıq iri buynuzlu 2 baş heyvan vermişdir. Cavabdeh ümumikdə 18680 manat pul borcu vardır. Həmin pulun bir hissəsini, 2025-ci ilin yanvarın 20 də 3000 manatını, yanvarın axırı 5000 manatını, fevral ayının axırı isə yerdə qalanını ödəyəcəyinə söz vermişdir. Məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına əsasən, tərəflər arasında iri buynuzlu heyvan (qaramal) alqı-satqısına dair şifahi razılıq əldə olunmuşdur və həmin razılığa əsasən iddiaçı şərtləşdirilmiş məbləği ödəyərək cavabdehdən 16 baş qaramal almışdır. Alqı-satqıdan sonrakı gün iddiaçı qaramalın xəstə olduğunu bildirərək onların geri qaytarılmasını cavabdehdən tələb etmişdir. Cavabdeh satdığı qaramalı iddiaçının ünvanından götürərək geri almışdır. İddiaçı aldığı qaramala görə cavabdehə ödədiyi 21580 manat məbləğində pulu cavabdeh tərəfindən geri qaytarılmadığını iddia edir, cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı münasibətini bildirməmişdir. Məhkəmə, işdə olan iddiaçıınn şikayəti əsasında polis araşdırması zamanı toplanmış materialla əsasən müəyyən edir ki, cavabdeh verdiyi izahatında iddiaçıya 18680 manat məbləğində borcunun qaldığını etiraf etmişdir və həmin borcunu qaytaracağına dair vəd vermişdir. Məhkəmə, işin faktiki hallarının təhlilini apararaq bu qənaətə gəlir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı və heyvanların alqısatqısına dair müqavilə münasibətlərini tənzimləyən 29-cu fəslinin 1-ci və 2-ci paraqraflarında nəzərdə tutulmuş normaları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar tətbiq edilir. 612.1-ci maddəsinə əsasən, heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məhkəmə, baxılan işin müəyyən edilmiş faktiki hallarını sadalanan maddi hüquq normalarının tələblərinə əsasən qiymətləndirərək bu nəticəyə gəlir ki, iddiaçı aldığı qüsurlu malın geri qaytarılmaqda və ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunmalıdır ki, cavabdeh də satdığı qaramalda qüsurların olduğunu təkzib etməmiş, iddiaçı ilə aralarında alqı-satqı münasibətlərinin xitamına etiraz etməmiş, eləcə də iddiaçıdan aldığı pulun bir hissəsinin tələf olmuş heyvanlara görə kompensasiya edildiyini, bir hissəsinin əvəzində isə iki ədəd qaramal verdiyini bildirmiş və iddiaçıya 18680 manat məbləğində borclu qaldığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin qarşılıqlı iradəsi ilə ləğv edilmiş alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul məbləğinin geri qaytarılmasına dair iddiaçının tələbi mahiyyət etibarı ilə əsaslıdır. Məhkəmə, iddia tələbini mahiyyətcə əsaslı hesab etməklə yanaşı, iddianın həcminin qismən əsaslı olduğu qənaətinə gələrək qeyd edir ki, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında cavabdehin iddiaçıdan aldığı pulun bir hissəsinin tələf olmuş heyvanlara görə kompensasiya edildiyinə dair iddiasını təkzib etməmişdir, borcun bir hissəsinin əvəzində isə iki ədəd qaramal verdiyinə dair iddiasını isə təsdiq etmişdir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş pul məbləğinin geri qaytarılması hissəsində iddia tələbi cavabdeh tərəfindən mübahisəsiz şəkildə qəbul edilən məbləğ həddində təmin edilməlidir. Məhkəmə, həmçinin vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 1000 manat məbləğində vəsait cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 18680 manat pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 1000 manat məbləğində pul və ödənilmiş 146,04 manat dövlət rüsumu olmaqla, cəmi 19826,04 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar