Məhkəmə qərarları › İş №e-2-2(121)-397/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-397/2021

26.05.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-397/2021 26.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6, İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X7 cavabdeh “xxxx” ASC-yə qarşı – cavabdeh tərəfindən tərtib edilmiş 28.10.2020-ci il tarixli, AKT NQD № 008235 saylı aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış 14.113,44 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********7 abonent kodu ilə elektrik enerjisindən istifadə etmək üçün 8 il əvvəl Plasmas yaşayış massivində yerləşən politelin sexinə sayğac quraşdırılmışdır. Amma sex heç vaxt fəaliyyət göstərməmişdir. Daha öncə iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinin icraatında olmuş və ərizə onunla əsaslandırılmışdır ki, 05.09.2019-cu il ve 03.03.2020-ci il tarixlərdə “xxxx” ASC və Salyan EŞ-nin əməkdaşları tərəfindən əsassız 05.09.2019-cu il tarixli, AKT R № 024308 saylı və 03.03.2020-ci il tarixliAKT NQD № 007143 saylı aktlar onun iştirakı olmadan tərtib olunmuş və 14074,62 manat cərimə borcu yaranmışdır. Bundan elavə müəyyən olunmuşdur ki, 29.01.2019-cu il tarixdə də “xxxx” ASC tərəfindən icra vərəqəsi yazılmış və 17131 kvts elektrik enerjisinin dəyərinin ödənilməsi qərara alınmışdır. Bu da 1541.79 manat cərimə olunması deməkdir. Yazılmış aktlar üzrə 29.01.2019-cu il tarixdə 1541,79 manat, 07.11.2019-cu il tarixdə 432.09 manat və 12.03.2020-ci il tarixda 13.643,01 manat olmaqla cəmi 15616.89 manat əsassız cərimə borcu hesablanmışdır. “xxxx” ASC tərəfindən X4 29.01.2019-cu il tarixdə hesablanmış 1541,79 manat borcdan 1055,27 manatı; 07.11.2019-cu il tarixdə hesablanmış 432,09 manat; 12.03.2020-ci il tarixdə hesablanmış 13643,01 manat olmaqla cəmi 15130,37 manat məbləğində borc silinsin. Şirvan Kommersiya Məhkəməsinin 23.09.2020-ci il tarixli Qətnaməsi ilə “xxxx” ASC tərəfindən X4 29.01.2019-cu il tarixdə hesablanmış 1541,79 manat borcdan 1055,27 manatı; 07.11.2019-cu il tarixdə hesablanmış 432,09 manat; 12.03.2020-ci il tarixdə hesablanmış 13643,01 manat olmaqla cəmi 15130,37 manat məbləğində borc silinməsi qət edilmişdir. Hazırda iş Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Elektrik enerjisindən istifadə qaydalarına riayət olunması haqqında tərtib edilmiş 28.10.2020-ci il tarixli, AKT NQD № 008235 saylı akt əsasında yenidən əsassız hesablanmış 14.113,44 manat borcun olduğu ona məlum olmuşdur. Dərhal bu barədə 10.12.2020-ci il tarixdə “xxxx” ASC-yə və Salyan Elektrik şəbəkəsinə pretenziya göndərilmişdir. Cavab verilmədikdən sonra iddia ərizəsi də həmin qaydada “xxxx” ASC-yə göndərilmişdir. Akt barədə ona rəsmi olaraq heç bir bildiriş verilməmişdir. Bu akt da tamamilə əsassızdır. İştirakı təmin olunmamış, baxış barədə rəsmi məlumat verilməmiş, akt rəsmi olaraq ona göndərilməmiş, akt yazılarkən tutarlı sübutlar göstərilməmiş, obteyktdə elektrik enerjisindən istifadə olunmamışdır. Heç vaxt elektrik enerjisi istifadəsinə görə borcu olmamışdır. Amma sayğaca heç vaxt tərəfimizdən heç bir müdaxilə olunmamış, sayğac daim tam saz vəziyyətdə olmuşdur. Orada uzun illərdir ki istifadə olunmur. Onu da qeyd etmək istəyirəm ki, sayğaca baxış keçirilib akt tərtib edilərkən nə mənim, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin mənim tərəfimdən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bu halda əgər sayğaca hər hansı müdaxilə olmuş olsa belə bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Hesab edirəm ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 28.10.2020-ci il tarixli AKT NQD № 008235 saylı akt əsassızdır, həmin aktlar əsasında hesablanmış 14.113,44 manat məbləğ əsassız hesablanmışdır, ona görə də akt etibarsız hesab edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X8 məhkəmədə iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin, o cümlədən cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən “xxxx” ASC tərəfindən tərtib edilmiş NDQ AKT № 008235 saylı 28.10.2020-ci il tarixli aktın surətində qeyd edilir ki, sayğaca baxış keçirən zaman məlum oldu ki, sayğac sxemindən kənar xətt var. Belə ki, güc transformatorunun 0,4 kv-lıq tərəfində sayğac dövriyyəsində quraşdırılmış cərəyan transformatorlarından əvvəl, 0,4 kv-lıq şinin üzərinə sarınmış izolyasiyanı (“A”, “B”, “C” fazaları üzrə) pozaraq, en kəsiyi sahəsi S=3 x 50 özünü daşıyan izolyasiyalı naqillə sayğac sxemindən kənar xətt çəkilmiş, kənar xəttin en kəsiyi sahəsinə görə 108,9 kvt təşkil edir. Qoyulmuş güc cərəyan transformatorlarının birinci tərəf zolağının kominal cərəyanına görə 132 kvt təşkil edir. Obyektin daxilində yükü ölçməyə və işlədicilərin gücünü təyin etməyə icazə verilmədi. Kənar xətt ləğv edilsin. Güc transformatorunun 0,4 kv-lıq şin izolyasiyasının pozulmuş hissəsi yenidən lakparça ilə sarılıb möhürlənsin. İş materiallarında olan 11.11.2020-ci il tarixli icra vərəqinin surətindən görünür ki, NDQ AKT № 008235 saylı 28.10.2020-ci il tarixli akt əsasında satış sahəsi üzrə tələb olaraq qərar qəbul edilmişdir: 108,9 kvt x 12 saat x 120 gün = 156816 kvts ; tarof (0,08 man) – 156816 kvts x 0,09 = 14.113,44 man İşdə olan “Abunə haqqında” hesabdan çıxarışdan görünür ki, “xxxx” ASC tərəfindən X4 11.11.2020-ci il tarixdə NDQ AKT № 008235 saylı, 28.10.2020-ci il tarixli akt əsasında 14.113,44 manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qeyd edilən aktın etibarsız hesab edilməsinə dair 04.12.2020-ci il tarixli pretenziya məktubu göndərmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Şirvan filialının aparıcı müfəttişi X9 tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən X1 Agentliyinin Şirvan filialına daxil olmuş müraciətə baxılmışdır. Məlum olmuşdur ki, “xxxx” ASC-nin nümayəndələri tərəfindən, X4 məxsus obyektə baxış zamanı obyektin daxilində olan istehlakçıya məxsus güc transformtorunun 0,4 kV-luq şinlərinin üzərinə sarınmış lakparçaların izolyasiyasının pozularaq, cərəyan transformatorundan əvvəl sayğac sxemindən kənar xətdən istifadə olunması ilə bağlı akt tərtib edilmişdir. Aktda istehlakçının qardaşı X3 imzadan imtina etdiyi və aktın bir nüsxəsinin ona təqdim edildiyi qeyd olunmuşdur. Cərəyan transformatorları və 0,4 kV-luq şinlərin möhürləri 12.01.2021-ci il tarixli, 215757 nömrəli akta əsasən bərpa edilmiş, aktda nümayəndənin iştirakı barədə qeydiyyat aparılmamışdır. Hesabat 30.06.2020-ci il tarixindən pozuntu ilə bağlı akt tərtib edilən 28.10.2020-ci il tarixinədək olan 120 gün müddətinə istehlakçının işləmə saatları nəzərə alınmaqla, gücü akta əsasən 108,9 kVt götürülməklə aparılmışdır. Müəyyən edilmişdir ki, dövriyyə üzrə pozuntu ilə bağlı akt tərtib olunan 28.10.2020-ci il tarixinədək aylar üzrə sayğac göstəriciləri oxunmuş, sərfiyyatlar qeydə alınmış, obyektdə elektrik enerjisi olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş, “Elektrik enerjisindən istifadə Qaydalan”nın 7.7-ci bəndinin tələbinə əsasən hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Beləliklə, hesabat Qaydaların 8.17-ci bəndinin tələbinə əsasən aparılmışdır. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1 -ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən,dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1 -ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən,yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmçinin Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə yoxlama keçirilmiş və elektrik sayğac sxemindən kənar xəttin çəkilməsi aşkar olunaraq 28.10.2020-ci il tarixli, NDQ seriyalı 008235 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 28.10.2020-ci il tarixli, NDQ seriyalı 008235 saylı akta əsasən tərtib olunmuş 11.11.2020-ci il tarixli icra vərəqinə əsasən 14.113,44 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Cavabdehin həmin yoxlaması ilə əlaqədar, ilk öncə qeyd olunmalıdır ki, iddiaçı 14.01.2005-ci il tarixdə vergi ödəyicisi kimi reyestrdə qeydiyyata alınmış və ona ********** saylı VÖEN nömrəsi verilmişdir. Göründüyü kimi, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Belə olan halda, müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılmış sayğaca baxış keçirilərkən qanunvericiliyin aşağıda qeyd olunan bir çox tələblərinin pozulduğu müəyyən edilir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1-20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Beləliklə, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün müvafiq qanunvericilik aktlarının tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Bununla yanaşı, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin və vəkilinin məhkəmə iclasında verdiyi izahatında sexin işlək vəziyyətdə olmaması, yararsız halda olması qeyd olunmuşdur. Sexin işlək vəziyyətdə olmaması abunə haqqında saldodan da müəyyən olunur. Belə ki, abunə haqqında saldodan da görünür ki, iddiaçının sonuncu dəfə 01.02.2019-cu il tarixində 101,88 manat məbləğində enerji sərfiyyatı olmuşdur. Bununla belə, iddiaçının 11.09.2020-10.10.2020-ci il tarixədək olan dövr üzrə 7,20 manat, 10.10.2020-09.11.2020-ci il tarixədək olan dövr üzrə 7,20 manat məbləğində elektrik enerjisi sərfiyyatı olmuşdur. Qeyd olunan dövrlərə və məbləğlərə (aktdan əvvəlki və sonrakı) nəzər yetirildikdə iddiaçıya məxsus sexin işlək vəziyyətdə olmaması müəyyən olunur və məhkəmə oktyabr ayında tərtib olunan akt əsasında 14.113,44 manat məbləğində borcun hesablanmasını əsaslı və ədalətli saymır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş NDQ AKT № 008235 saylı, 28.10.2020-ci il tarixli aktda sayğac sxemindən kənar xətt çəkildiyi qeyd edilmişdir. Lakin həmin kənar xəttin mövcudluğunu təsdiq edən hər hansı bir sübut (foto və ya video çəkiliş və s.) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Beləliklə, iddia tələbi 14.113,44 manat borcun silinməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 28.10.2020-ci il tarixli, AKT NQD № 008235 saylı aktın etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin akt qüsurun aşkar edilməsini özündə əks etdirir. Aktın qüsurları özündə əks etdirməsi aktın düzgün tərtib edilməməsi və ya qüsurlu akt olması demək deyildir. Aktın düzgün tərtib edilməməsi və ya qüsurlu olması aktın etibarsız hesab edilməsinə əsasdır. Məhkəmə hesab edir ki, iddia tələbinin 28.10.2020-ci il tarixli, AKT NQD № 008235 saylı aktın etibarsız hesab edilməsi hissəsində iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “xxxx” ASC tərəfindən tərtib edilən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 28.10.2020-ci il tarixli, AKT NDQ № 008235 saylı akt əsasında hesablanmış 14.113,44 (on dörd min yüz on üç manat, qırx dörd qəpik) manat məbləğində borc X2 hesabından (abonent kodu **********11001) silinsin. İddia qalan hissədə rədd edilsin. 30 manat məbləğində dövlət rüsumu “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar