Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-463/2025 08.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının Cavabdeh qarşı qeyri-qanuni istismara son qoyulması və əmlakın qaytarılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı Cavabdeh qarşı qeyri-qanuni istismara son qoyulması və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon İstehsal X3 rayonunun 1-ci Şahsevən kəndində yerləşən anbar binasının həmin kəndin sakini Cavabdeh tərəfindən qeyriqanuni istismarına son qoymaqla, cavabdehin həmin binadan çıxarılması və əmlak üzərində Beyləqan Rayon İstehsal İstehlak Kooperativinin hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərtittifaqın Beyləqan Rayon Aqrokoopunun balansında olmuş rayonun 1-ci Şahsevən kəndində yerləşən anbar binası həmin kəndin sakini Cavabdeh tərəfindən zəbt edilmiş və hal-hazıra kimi bu bina onun tərəfindən qeyri-qanuni istismar olunur (X2 İdarə Heyətinin xx.xx.2014-cü il tarixli (pr.№06, m.1.14) qərarı ilə ləğv edilərək onun balans göstəriciləri üzrə dəyərliləri (əmlakları) Beyləqan RKC-nin (hazırki RİİK-nin) balansına birləşdirilmişdir). Cavabdeh anbar binasının Beyləqan Aqrokoopunun 27 mart 2006-cı il tarixli 04 №-li qərarı ilə ona satıldığını bildirir. Lakin Azərtittifaqın və Beyləqan Rayon İstehsal X1 görə Beyləqan Aqrokoopunun əmlak satmağa səlahiyyəti olmayıb. Belə ki, Azərtittifaqın Nizamnaməsinin 6.2.8-ci maddəsinə görə Azərtittifaqın üzvləri (rayon kooperativ təşkilatları) Azərtittifaqla müştərək olan əmlak barədə sərəncam verməzdən əvvəl bu barədə X5 bildirməli və İdarə Heyətinin razılıq qərarını almalıdır. Həmin nizamnamənin 15.3.11-ci maddəsinə görə Azərtittifaqın özünün və üzvləri ilə müştərək olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam verilməsi Azərtittifaqın səlahiyyətinə aiddir. Anbar binasının Cavabdeh tərəfindən qeyri-qanuni istismar edilməsi dəfələrlə rəsmi qaydada ona bildirilmişdir. Cavabdeh binanın istismarına Beyləqan RİİK ilə icarə müqaviləsi bağlanılması və ya həmin binanın qanuni şəkildə alınması, əgər bunlara razı deyilsə, binanı boşaldıb Beyləqan RİİK-nə təhvil verilməsi təklif olunub. Lakin, o, bundan imtina edib. Cavabdeh binanın boşaldılması rəsmi qaydada tələb olunduqdan sonra o, Azərittifaqda olmuş, X11 sədrinin müavini tərəfindən digər məsul şəxslərin iştirakı ilə qəbul edilmişdir. Ona izah edilmişdir ki, Aqrokoopun anbar binasının ona satılması barədə verilmiş sənədlər qeyri-qanunidir. Belə ki, Aqrokoopun rəhbərliyinin belə qərar vermək səlahiyyəti yoxdur. Ona bildirilmişdir ki, nə qədər ki, anbar binasının satılması barədə X7 razılıq qərarı yoxdursa, həmin obyektin dövlət qeydiyyatına alınması mümkün deyildir, obyekt Beyləqan RİİK-nin balansında olmuş sayılır və obyektin onun tərəfindən istismarı qeyri-qanunidir. Ona obyekti qanuni şəkildə almaq təklif olunmuşdur. Cavabdeh bu təkliflə razılaşaraq iki həftə vaxt istəmişdir. Lakin iki həftə ərzində o, obyekti almaq əvəzində respublikanın direktiv orqanlarına Azərtittifaqın məsul işçilərinin ünvanına şər və böhtan dolu müraciətlər etmişdir. İddiaçı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının nümayəndəsi X10 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X8 direktoru X14 ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2000-ci il və 02 yanvar 2001-ci il tarixli müqavilələrin surətlərindən görünür ki, həmin müqavilələrə əsasən X8 Daşburun stansiyasında olan anbar binalarından biri 1-ci Şahsevən kəndinin sakini Cavabdeh icarəsinə verilmişdir. İş materiallarında olan Beyləqan rayon X12 Sənaye Ticarət Birliyi üzrə xx.xx.2006cı tarixli, 04 nömrəli qərarından görünür ki, Cavabdeh X9 və Beyləqan rayon Tədarük Sənaye və Ticarət Birliyinin rəhbərliyinə müraciətinə baxılaraq, X6 xx.xx.2006-cı il tarixli Müh-365/5 saylı razılıq məktubuna əsasən təşkilatın Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən binanın Cavabdeh inşaat materialları qiymətləndirilib sökülmədən 400 manata satılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli qarşılıqlı razılaşma protokolunun surətindən görünür ki, Beyləqan Aqrokoopunun direktoru H.Qasımov, baş mühasib Ə.Rəhimov, komissiya üzvü təşkilatının işçisi M.Ələkbərov, iaşə idarəsinin direktoru B.Abdullayev, işlədiyi binanın alıcısı Cavabdeh Aqrokoop birliyinin 27 mart 2006-cı il tarixli 04 saylı qərarına uyğun olaraq 1-ci Şahsevən kəndində yerləşən 1949-cu ildə yerli inşaat materiallarından tikilmiş ilk balans dəyəri 10115 manat, qalıq dəyəri sıfıra bərabər olan binaya tərəflərindən texiniki baxış keçirilmişdir. Binanın ümumi görünüşü qənaətbəxş deyil, müsar tələbata cavab vermir, qismən “toyxana” kimi içi yararlı olduğu təsdiq olunmuşdur. Bina istismar müddətini başa vuraraq ləğv edilərək balansdan silinməsini yerli inşaat materiallarını qiymətləndirib sökülmədən satılmasına razılıq verilmişdir. Bina ərazidəki analoji binalara təklif olunan qiymətlərlə müqayisə edib-alıcı kooperasiyasının üzvü bu binada işləyən Cavabdeh 400 manata satılmasına razılıq vermişlər. İş materiallarında olan xx.xx.2006-cı il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Beyləqan Aqrokoopunun direktoru H.Qasımov, baş mühasib Ə.Rəhimov, 1-ci Şahsevən kənd sakini Cavabdeh, Cavabdeh 1-ci Şahsevən kəndində olan 1949-cu ildə yerli inşaat materiallarından tikilmiş, balans bərpa dəyəri 10115 manat, qalıq dəyəri sıfıra bərabər olan binanı almasını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan kassa mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə Cavabdeh tərəfindən Beyləqan Aqrokoopun hesabına 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna baxılması barədə məktubundan görünür ki, Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən “Aqrokop” binasının yerləşdiyi 4967 kv.m olan torpaq sahəsi barədə məlumat aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Beyləqan rayon X12 Sənaye Ticarət Birliyinə məxsus olmuş rayonun Birinci Şahsevən kəndində yerləşən, 1949-cu ildə yerli inşaat materiallarından tikilmiş anbar binası 01 avqust 2000-ci il və 02 yanvar 2001-ci ildə müqavilə əsasında Birinci Şahsevən kənd sakini Cavabdeh icarəsinə verilmiş, Birliyin 27 mart 2006-cı il 04 nömrəli Qərarı ilə həmin şəxsə satılmışdır və 28 mart 2006-cı ildə aktla Cavabdeh təhvil verilmişdir. Beləliklə, məhkəmə tərəfindən işdə olan sənədlərə və tərəflərin izahatlarına əsasən işin müəyyən edilmiş faktiki halları belədir ki, iddiaçı balansında olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt edilərək qanunsuz istifadə olunduğunu, təklif edilməsinə baxmayaraq cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinin istifadəsinə dair iddiaçı ilə müqavilə bağlamadığını, nəticədə iddiaçının hüquqlarının pozulduğunu iddia edir, cavabdeh isə mübahisəli qeyri-yaşayış sahəsini iddiaçının razılığı və yerli təşkilatının qərarı ilə satın aldığını, binanın qanuni əsaslarla onun istifadəsində olduğunu bildirir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını mübahisəli qeyri-yaşayış sahəsi üzərində tərəflərin qanunla müəyyən edilmiş hüquqlarının mövcud olub-olmaması təşkil edir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd edilən mübahisəli halının müəyyən edilməsi ilə baxılan işdə iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olub-olmaması, bununla da iddianın uğurluluq şərtlərinin mövcudluğu məsələləri həllini tapacaqdır. Məhkəmə ilk olaraq müəyyən edir ki, iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, qeyd olunan normanın əsas dispozisiya şərtləri tələb edənin mülkiyyətçi (və ya digər əşya hüququ sahibi) olması, həmçinin özgənin sahibliyinin qanunsuz olması şərtləridir. Məhkəmə hesab edir ki, iddianın uğurlu həlli baxılan işin müəyyən edilmiş faktiki hallarının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, mübahisə obyektinin daşınmaz əmlak olduğunu nəzərə alaraq ilk növbədə daşınmaz əmlaklar üzərində hüquqların yaranması və həmin hüquqların qorunmasına dair məsələləri tənzimləyən qanunvericilik normalarının təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Həmin Məcəllənin 43.6-cı maddəsinə əsasən, qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən, ictimai birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-cı maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1 və 67.4-cü maddələrinə əsasən, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinin birgə təhlilini apararaq qeyd edir ki, daşınmaz əmlak üzərində istənilən növ əşya hüququnun yaranması üçün onların dövlət qeydiyyatına alınması zəruridir. Həmin qeydiyyat müvafiq reyestrdəki qeydlə və həmin qeydə əsasən verilən çıxarışla rəsmiləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsi olan hüquqi şəxslərin ittifaqları onun təsisçilərinin (iştirakçılarının) ittifaqa verdikləri əmlakın mülkiyyətçisidir. Məhkəmə, qeyd edilən maddi hüquq normalarını baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək bu qənaətə gəlir ki, əvvəla iddiaçı mübahisə obyekti olan qeyri-yaşayış sahəsinin hər hansı bir hüquqla ona məxsus olmasını təsdiq edən sənədi və ya digər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, məhkəmənin sorğusuna reyestr idarəsi tərəfindən verilmiş cavabdan da mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi barədə reyestrdə məlumatın aşkarlanmadığı müəyyən edilmişdir. İddiaçının nümayəndəsi sözügedən qeyri-yaşayış sahəsinin onların balansında olmasına dair sənədləri məhkəməyə təqdim edəcəyini bildirsə və bu barədə yazılı ərizə versə də, bunu məhkəmə qərarı elan edilənədək həyata keçirməmişdir. Məhkəmə, yuxarıda şərh olunanları yekunlaşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı hazırki tələblə çıxış etməsi üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Belə ki, daşınmaz əmlaka dair vindikasiya iddiasının qaldırılması üçün ilk və başlıca şərt həmin daşınmaz əmlakın mülkiyyət və ya digər əşya hüququna əsasən iddiaçıya məxsus olmasına dair təkzibedilməz sübutların mövcud olmasıdır. Lakin qeyd edildiyi kimi iddiaçı tərəfindən belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, işin müəyyən edilmiş digər halları iddia tələbinin maddi hüquqi əsasının digər dispozisiya şərtini təşkil edən əmlaka özgəsinin qanunsuz sahibliyi şərtini ödəmir. Belə ki, iş materialları və işin müəyyən edilmiş halları ilə cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinə sahibliyinin qanunsuz hesab edilməsi təkzib edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının Cavabdeh qarşı qeyri-qanuni istismara son qoyulması və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-463/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-463/2025
08.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver