Məhkəmə qərarları › İş №e-2-2(121)-549/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-549/2021

14.06.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-549/2021 14.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Salyan rayonu Qarabağlı kəndində yerləşən istixanaya ******* nömrəli, 19.03.2019-cu il tarixdə akt əsasında hesablanmış 2.556 manat borcun silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı X4 tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh tərəfindən 21.01.2019-cu il tarixli, ******* saylı və 19.03.2019cu il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 691,20 manat və 1.864,80 manat olmaqla, cəmi 2.556 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu, Qarabağlı kəndində istixana quraşdırmış, istixanaya qanuna uyğun qaydada layihə hazırlatdırmış və 2017-ci ilin dekabr ayında G 160 markalı qaz sayğacı quraşdırmışdır. Sayğacla qaz işlədib pulunu ödəmişdir. Hər şey qanunamüvafiq qaydada davam etmiş, heç bir narazılıq olmamışdır. 2018-ci ilin sonunda Salyan rayonu qaz xidmət sahəsinin işçiləri ona sayğacdan əvvəl qurulmuş tənzimləyicinin sayğacdan sonraya keçirməyini tələb etmiş, o, onlara etiraz edib qaz sayğacına külli miqdarda pul xərclədiyini, tənzimləyici olmasa sayğacın xarab olacağını bildirmişdir. Onlar tənzimləyicinin sayğacdan əvvəl heç bir rolunun olmadığını, cihazlara gedən qazın uyğunlaşdırdığını bildirmiş, tənzimləyicinin yerini dəyişməzsə qazı kəsəcəklərini bildirmişlər. İddiaçı onları mütəxəssis hesab etdiyi üçün və qazın kəsilməsindən qorxduğu üçün tənzimləyicini sayğacdan sonraya keçirtmişdir. 2018-ci illərdə hansı qazandan istifadə etmişdirsə, 2019-cu ildə də həmin qazanı işlətmiş, istixananın ərazisi böyüməmiş, bir sözlə heç bir dəyişiklik olmamış, yalnız tənzimləyici deyilən qurğunun yeri dəyişdirilmişdir. 2019-ci ildə Cavabdeh İB-nin Salyan RQİİ-nin əməkdaşları heç bir rəsmi sənəd olmadan özbaşına olaraq, aktlarda adı qeyd olunan əməkdaşların birinin iştirakı olmadan ona məxsus olan istixanaya gələrək baxış keçirmişlər. Bu barədə iddiaçıya heç bir xəbərdarlıq edilməmiş və onun iştirakı təmin edilməmişdir. Daha sonra X3 2.556 manat borc hesablanmaqla tam əsassız aktlar tərtib edilmişdir. Bundan əlavə onun barəsində yazılmış aktlara əsasən, nəzərdə tutulan dəymiş ziyanın hesablanması tamamilə şişirdilmiş və bilərəkdən qanunsuzluğa yol verilmişdir. İddiaçı qaz sərfiyyatı borcunun silinməsi üçün müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 dekabr 2018-ci il tarixli, ASX-Şirvan 2/018 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı X3 məxsus qeyri-yaşayış obyektini qazla təmin etməyi, istehlakçı X4 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı Cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. Müqaviləyə əsasən, iddiaçıya məxsus sahədə 1 ədəd su qızdırıcıdan və 2 ədəd dəmir sobadan istifadə edilməsi barədə tərəflər razılığa gəlmiş, iddiaçı üçün 28.12.2018-ci il tarixdə G-6T markalı, 28025958 nömrəli, üzərindəki plombun nömrəsi 05502455 olan sayğac quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş 21.01.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh nümayəndələri tərəfindən X3 məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, sayğac xronometraj olunduqdan sonra cihazın saatlıq qaz sərfiyyatının 18 m3/saat olduğu müəyyən olunaraq, dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 28.02.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən 21.01.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın həcmi 3.456 m3 müəyyən edilərək, hesablanmış borc məbləğinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş 19.03.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh nümayəndələri tərəfindən X3 məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, cihazların sayğacın sərfiyyatına uyğun olmadığı, həmçinin sayğac xronometraj olunduqdan sonra cihazın saatlıq qaz sərfiyyatının 24 m3/saat olduğu müəyyən olunaraq, dəymiş ziyanın hesablanması və istixanaya məxsus cihazların sayğaca uyğunlaşdırılması tələb edilmişdir. İş materiallarında olan 30.03.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən 19.03.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın həcmi 9.324 m3 müəyyən edilərək, hesablanmış borc məbləğinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, X3 2019-cu ilin fevral və mart ayları üzrə aktlara əsasən cəmi 2.556 (691,20 + 1.864,80) manat borc hesablanmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13.12.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, xətt mənbəyə qoşulmadığı üçün kipliyi yoxlamaq mümkün olmamışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 03.04.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğac növbəti dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan iddiaçının vəkili Nümayəndə tərəfindən məhkəməyə elektron qaydada ünvanlanan 13.06.2021-ci il tarixli ərizədə qeyd edilmişdir ki, iddia ərizəsində silinməsi xahiş edilən məbləğ əsassız hesablanmışdır. Odur ki, həmin borc “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli AR Qanunun tələblərinə riayət edilmədən yazılmış, debitor borcun yaranmasına əsas olan sübut məhkəməyə təqdim edilməmişdir. Həmin Qanunun 3.2 maddəsində göstərilir ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İddia ərizəsində göstərilən məbləğin borc olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və borcun yaranması əsası sübut edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02 iyul 2013-cü il tarixli AR Qanununda göstərildiyi kimi “bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələb olub ki, sahibkar kimi məcburiyyət qarşısında qalaraq borcu ödəmiş, bu isə həmin borcun qəbul edilməsi kimi qəbul edilə bilməz. Bəzən əvvəlcədən də müəyyən məbləğdə pulun balansda qalması üçün ödəniş aparıla bilər. Belə olan halda, Cavabdeh həmin ödənilən pulu öz mülkiyyəti hesab edə bilməz. Burada yaranan anlaşılmazlıq ondan ibarətdir ki, cavabdeh təşkilat həmişəki kimi istixanada yetişdirilən məhsulun qaz verilmədiyi halda məhv olacağını bildiyindən və planı doldurmaq üçün sahibkarın köməksiz vəziyyətindən istifadə etməklə ödənilməsinə nail olmuşdur. Sahibkar bilirdi ki, bir gün ərzində ona qaz verilməzsə, istixanada əkilən məhsul məhv olacaq. Belə olan halda, dərhal məcbur qalıb tələb olunan əsassız borcu ödəməli olur. Q.Kazımov tərəfindən istifadə edilməyən və özlərinin fikirlərinə uyğun borcun yazılması o demək deyildir ki, əsassız yazılmış borc ehtimallara əsasən göstərilmiş, real fakta əsaslanmamış, bununla da sahibkarın hüquqları pozulmuş, heç bir real əsas olmadan 2.556 manat borc hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin tam təmin olunması barədə qətnamə qəbul olunması xahiş olunmuşdur. Beləliklə məhkəmə müəyyən etdi ki, X1 fəaliyyəti ilə məşğul olur, istixana işlədir. X2 istifadəsində olan istixanada təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktlarda abonentə məxsus istixanaya quraşdırılmış sayğac xronometraj olunduqdan sonra, cihazların sayğacın sərfiyyatına uyğun olmadığı aşkar olunmuşdur. Bundan sonra iddiaçı barəsində 21.01.2019-cu il tarixli, ******* saylı və 19.03.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və nəticədə ona iki akt üzrə cəmi 2.556 manat borc hesablanmışdır. İddiaçı hesablanmış borcla razılaşmır. Tərtib olunmuş aktların qanunsuz yazıldığını borcun isə silinməli olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə aşağıda qeyd olunanlara əsasən, iddianı əsaslı hesab etdiyindən onun təmin edilməli olması qənaətinə gəlir: Əvvəla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.01.2019-cu il tarixli, ******* saylı və 19.03.2019-cu il tarixli, ******* saylı aktlar cavabdehin nümayəndələri tərəfindən imzalanmış və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Digər tərəfdən, iş materillarından görünüdüyü kimi, tərəflər arasında qazın alqısatqısı barədə müqavilə 28 dekabr 2018-ci il tarixdə bağlanılmış və müqaviləyə əsasən, iddiaçıya məxsus sahədə 1 ədəd su qızdırıcıdan və 2 ədəd dəmir sobadan istifadə edilməsi barədə tərəflər razılığa gəlmiş, iddiaçı üçün 28.12.2018-ci il tarixdə G-6T markalı, 28025958 nömrəli, üzərindəki plombun nömrəsi 05502455 olan sayğac quraşdırılmışdır. Bundan qısa müddət sonra, yəni 21.01.2019-cu il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş, sayğac xronometraj olunmuş və cihazın saatlıq qaz sərfiyyatının 18 m3/saat olduğu müəyyən olunaraq, nəticədə qeyd olunan akt üzrə iddiaçıya 691,20 manat (3.456 m3) borc hesablanmışdır. Lakin qeyd olunan aktdan göründüyü kimi, iddiaçı müqavilə üzrə nəzərdə tutulan sayğac və avadanlıqlardan istifadə etmiş, sayğaca müdaxilə, sayğacdankənar əlavə xəttdən istifadə olunması və hər-hansı digər neqativ halların aşkar edilməsi müəyyən edilməmişdir. Belə olan halda isə, cavabdehin quraşdırılmasına razılıq verdiyi, iddiaçı tərəfindən isifadə ediləcək avadanlıqlara uyğun hesab edilərək quraşdırdığı və saz vəziyyətdə olan sayğacın saatlıq qaz sərfinin düzgün qeyd etməməsində iddiaçı deyil, Cavabdeh məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hətta həqiqətən də, iddiaçıya məxsus sayğacın saatlıq qaz sərfinin düzgün qeyd etməməsi halı mövcud idisə, zərərin qarşısının alınması məqsədilə Cavabdeh tərəfindən iddiaçı üçün quraşdırılmış sayğac qısa zaman ərzində digər bir sayğacla, yəni iddiaçıya məxsus avadanlıqların istifadə edilməsi üçün məqsədəmüvafiq hesab edilən sayğacla əvəz edilməli idi ki, belə bir halın baş verməsi iş materialları ilə müəyyən olunmur (belə bir akt yalnız 09.04.2021-ci il tarixdə tərtib olunmuşdur). Bunun əksinə, Cavabdeh tərəfindən iddiaçı barəsində 19.03.2019-cu il tarixdə ******* saylı növbəti akt tərtib olunmuş, aktda cihazların sayğacın sərfiyyatına uyğun olmadığı, həmçinin sayğac xronometraj olunduqdan sonra cihazın saatlıq qaz sərfiyyatının 24 m3/saat olduğu müəyyən olunmuş, nəticədə qeyd olunan akt üzrə iddiaçıya 1.864,80 manat (9.324 m3) borc hesablanmışdır. 21.01.2019-cu il tarixli, ******* saylı aktın əsassızlığına dair yuxarıda qeyd olunanlar eyni ilə 19.03.2019-cu il tarixli, ******* saylı akta da aiddir. Hətta 19.03.2019-cu il tarixli, ******* saylı aktda əvvəlki aktdan fərqli olaraq, cihazın saatlıq qaz sərfiyyatının 24 m3/saat olduğu müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən tərtib olunmuş aktlar bir-biri arasında özüözlüyündə ziddiyyət təşkil edir. Cavabdeh əvvəlcə iddiaçı ilə müqavilə bağlayır, istifadə ediləcəyi avadanlıqlar razılaşdırılır, onun üçün G-6T markalı, 28025958 nömrəli, üzərindəki plombun nömrəsi 05502455 olan sayğac quraşdırılır, qısa müddət sonra isə iddiaçı barəsində, iddiaçının iştirakı olmadan ardıcıl 2 analoji akt tərtib edir, cihazların sayğacın sərfiyyatına uyğun olmadığını müəyyən edərək ona borc hesablayır, lakin sayğacı başqa yararlı sayğacla əvəz etmir ki, məhkəmə bu qaydada borcun hesablanmasını əsassız və qanunvericiliyin tələblərinə zidd hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, qeyd olunan borcun hesablanmasına əsas olan hallarla bağlı iddiaçının hər-hansı təqsiri müəyyən olunmadığından, iddiaçıya yuxarıda sözügedən aktlar əsasında hesablanmış borc silinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur – istixana işlədir. Bu, cavabdeh tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, 21.01.2019-cu il tarixli, ******* saylı və 19.03.2019-cu il tarixli, ******* saylı aktların, fotoşəkillər və videogörüntülərin və digər zəruri sənədlərin təqdim edilməsi ilə bağlı cavabdehə məhkəmə tərəfindən sorğular verilsə də, hazırki iş üzrə cavabdeh tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən X4 (abunə kodu **********00080) barəsində tərtib edilmiş 21.01.2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 691,20 manat və 19.03.2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 1.864,80 manat olmaqla, cəmi 2.556 manat borc silinməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən X4 (abunə kodu **********00080) barəsində tərtib edilmiş 21.01.2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 691,20 manat və 19.03.2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 1.864,80 manat olmaqla, cəmi 2.556 (iki min beş yüz əlli altı) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar