Məhkəmə qərarları › İş №e-2-2(121)-584/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-584/2025

24.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-584/2025 24.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – 255.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə sahiblik və istifadəsində olan balıq yetişdirmə gölünü işlətmək üçün külli miqdarda vəsait versə də, cavabdeh nəticədə üzərinə düşən vəzifəni yerinə yetirməmiş, əksinə bir neçə il göllərdən təkbaşına bəhrələnmiş, iddiaçının verdiyi vəsaiti isə mənimsəmişdir. İddiaçı mübahisəli 60 ha heyvandarlıq, 40 ha süni balıq göllərinin yerləşdiyi torpaq sahəsi ümumilikdə 100 ha torpaq sahəsini etibarnamə əsasında faktiki olaraq əldə etmiş və sahiblik və istifadəsində olmaqla artıq bir neçə ildir ki, idarə edir. Bununla əlaqədar məsələnin qısa məzmunu ondan ibarətdir ki, həmin torpaq sahəsi və süni göllərin yerləşdiyi torpaq sahəsini iddiaçı 2016-cı ildən əvvəl, yəni 1 il qabaq özü istifadə edərək, Vüsal adlı şəxslə balıq saxlamaqla birlikdə işləmişdir. 1 il ərzində həmin təsərrüfatdan 46.000 manat məbləğində gəlir əldə etmişlər. 2016-cı ildən isə Zahir adlı şəxslə əlaqə yaradaraq həmin sahədə balıq saxlamağı davam etdirərək gəlir əldə etmək qərarına gəlmişdir. Zahir ona təklif etmiş ki, təsərrüfatı böyütsünlər və dövriyyəsini artırsınlar. Elçin adlı şəxsi də nəzarətçi qoyaraq, gəlirdən də 25 faizini ona versinlər. Bu qərara gələrkən Elçin adlı şəxs maddi vəziyyətinin olmadığını, heç bir pul məbləği qoya bilməyəcəyini və qazancın 25 faiz gəlirinə razılıq bildirmişdir. Bütün sərmayə və pul vəsaitləri isə iddiaçı tərəfindən təmin edilmişdir. 2016 və 2017-ci illərdə iddiaçı göllərə balıq təsərrüfatı üçün 250.000 manat məbləğində sərmayə qoymuşdur. Bu pulun içində həmçinin 5 ton balıq malyuku (balıq balası) və 10 tondan belamur, tolik, sazan leçinkaları yetişdirmiş və buna da 150.000 manatdan artıq vəsaiti Cavabdeh iştirakı ilə xərcləmişdir. İşi 2 il ərzində Elçinə öyrədəndən sonra 2018-ci ildə işlərin çoxluğu ilə əlaqədar iddiaçı balıq təsərrüfatı ilə artıq əvvəlki kimi məşğul ola bilməmişdir. 2018-ci ildə artıq göllərdə 150.000 manat məbləğində balıq var idi. Bundan sonra Elçin bildirmişdir ki, gələn gəlirləri təsərrüfatın genişləndirilməsinə sərf etsinlər və 1- 2 il ərzində daha çox gəlir əldə etsinlər və 2020-ci ildən gəlir götürsünlər. İddiaçı cavabdehin xoş niyyətinə inanaraq, bu təklifinə razılıq vermişdir. Lakin cavabdeh əvvəlcədən aldatmaq niyyətində olmuş və bu illər ərzində gəlirləri öz şəxsi mənafeyi naminə mənimsəyərək iddiaçıya ziyan vurmuşdur. 2020-ci ildən bu tərəfə isə iddiaçı cavabdehdən gəlir barədə hesabat tələb etsə də, müxtəlif bahanələrlə yubadaraq göllərdən külli miqdarda gəlir əldə etməyə davam etmişdir. Bu barədə Cavabdeh xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda verdiyi izahatından görünür ki, Elvin və Zahirlə 2016-cı ildə tanış olmuş, süni balıq gölünün Salyan rayonu, Babazanın asudə dövlət fond torpağında yerləşdiyini öyrənmişdir. O, həmin vaxt süni balıq gölünə pul qoymamışdır. Elvinlə süni balıq gölündən qazancın 25 faizi ona, 25 faizi Zahirə, 50 faizi isə Elvinə qalmaq şərti ilə razılaşmışlar. Bundan əlavə, 2018-ci ilə qədər cavabdeh 82.190 manat gəlir vermişdir. Bundan sonra, gələn gəliri bölməyərək yeni sərmayə kimi göllərin genişləndirilməsi və balıq təsərrüfatının artırılmasına sərf etməyi bildirmiş və iddiaçı da razılaşmışdır. 2 il bu minvalla cavabdeh iddiaçıya heç bir xeyir verməmişdir ki, gələn xeyiri yatırım kimi göllərə və balıq yeminin alınmasına sərf edir. Lakin 2020-ci ildən başlayaraq iddiaçı ondan hesabat tələb edən zaman o hər dəfə bir bahənələrlə ləngitməyə çalışmışdır. Nəticədə iddiaçıya heç bir məbləğdə pul verməmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçıya məxsus balıq təsərrüfatından əldə edilmiş gəlirlərlə cavabdeh varlanmış, Salyan rayonu ərazisində obyektlər əldə edərək icarəyə vermişdir. Həmçinin kirayədə yaşadığı evi də alaraq öz mülkiyyətinə salmışdır. İşə başlayan zaman, yəni 2016-cı ildə kasıb bir işçi kimi işləməyə başlayan cavabdeh iddiaçıya məxsus təsərrüfat nəticəsində artıq hazırda rayonda varlı və imkanlı bir şəxsə çevrilmişdir. İddiaçının etibarından sui istifadə etməklə onun pullarını mənimsəmişdir. Habelə, hazırda idarə etdiyi **-CC-*** dövlət qeydiyyat nişanlı Mitsubishi markalı avtomobili də təsərrüfatda istifadə etməsi üçün iddiaçı Zahirdən alaraq ona vermişdir. Həmin avtomobili hazırki günə qədər idarə edir. Elçin özü bildirir ki, ona verilən pullardan işçi işlədib, göldə qazıntı aparıb və yem almışdır. Habelə izahatından özü belə bildirmişdir ki, 50.000 manat məbləğində yem almış, bu məbləği isə gəlir hesabına ödəmişdir. Buradan görünür və sübut olunur ki, Elçin adlı şəxsin ümumiyyətcə pulu olmamış, onun balıqlara və qoyulan sərmayələrə aidiyyəti belə olmamışdır. Bütün sərmayə iddiaçı tərəfindən qoyulmuşdur. Elçin isə bir işçi kimi gələn gəlirdən maaş formasında faiz əldə etməli idi. Cavabdeh özü izahatlarında təsdiq edərək bildirmişdir ki, həmin torpaq sahəsi və süni göllər İddiaçı tərəfindən alınmışdır. O da orada yalnız işçi kimi fəaliyyət göstərmiş, həmin torpaq sahəsi və göllərə heç bir qarışacağı olmamışdır. Habelə, Cavabdeh təsdiq etmişdir ki, iddiaçı ona 170.000 manat pul və 100 ton çəkidə balıq yemi vermişdir. Bu bir daha onu təsdiq edir ki, demək həmin göllərdə küllü miqdarda balıq da olmuşdur ki, onların yemlənməsi üçün də 100 ton qida alınmışdır. İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Lakin cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına gələ bilmədiyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və onun nümayəndəsinin iclasa gəlməməkləri üzürsüz səbəblərlə əlaqədar olduğundan, habelə cavabdeh tərəf icraatı qəsdən yubandırdıqlarından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon Polis Şöbəsinin İB-nin müstəntiqi polis kapitanı X1 xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan görünür ki, toplanmış istintaq materiallarla müəyyən olunmuşdur ki, Salyan şəhəri T.Davudzadə küçəsi ev 7, mənzil 16-da yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə Salyan RPŞ-nə ünvanladığı ərizəsində qeyd olunan xüsusatda, yəni 2016-cı il tarixdən 2018-ci il tarixədək İddiaçı Salyan rayonu ərazisində Babazənən asudə dövlət fond torpağında yerləşən süni balıq gölünü işlətməsi üçün Cavabdeh 170.000 manat nağd pul və 80.000 manat dəyərində isə balıq yemi verməsi faktı öz təsdiqini tapmış, lakin Cavabdeh İddiaçı qarşı dələduzluq etməsi faktı öz təsdiqini tapmamışdır. Qeyd edilən qərardan eyni zamanda görünür ki, İddiaçı işlərinin çox olması səbəbi ilə Cavabdeh ona məxsus Salyan rayonu ərazisində Babazənən asudə dövlət fond torpağında yerləşən 40 hektar olan süni balıq gölünə baxması üçün razılaşmışlar, 2016-cı il tarixdən 2018-ci il tarixədək İddiaçı şəxsən Cavabdeh 30.884 manat pul vermiş, bundan başqa Elvin müəyyən vaxtlarda Zahir İbrahimə 111.080 manat pul vermiş, Zahir İbrahim də həmin pulları Elçinə vermiş, Zahir İbrahim istintaqa verdiyi izahatında qeyd etmişdir ki, süni balıq gölünə 25.000 manat pul qoyulmuşdur. Bu da o deməkdir ki, Zahir İbrahim istintaqa izahat verərək İddiaçı dediyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, Cavabdeh izahat verərək, İddiaçı dedikləri xüsusalı bir daha təsdiq edərək ona 170.000 manat nağd pul və 100 ton çəkidə balıq yemi verildiyini bildirmişdir. İş materiallarında olan Salyan rayon Polis Şöbəsinin İB-nin müstəntiqi polis kapitanı X1 xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, barəsində şikayət etdiyi Elçin Salyan rayon sakinidir. Onun Elçin ilə 2016-cı ildən tarixdən münasibəti vardır. Onların münasibətləri həmişə yaxşı olmuşdur. Onların aralarında heç bir ədavət və şəxsi düşmənçilik münasibətləri olmamışdır. 2016-cı il tarixdə o, heyvandarlığın və balıqçılığın inkişafı məqsədilə torpaq sahəsi almaq qərarına gələrək, Bakı şəhər sakini X3 istifadəsində olan Salyan şəhəri ərazisində yerləşən Babazənən asudə dövlət torpağında yerləşən 100 hektar torpaq sahəsini almışdır. Həmin vaxt o, həmin torpaq sahəsini tanışı X7 adına sənədləşdirmişdir. 2016-cı il tarixdə Gülbala Cəfərov həmin torpaq sahəsini Zahir İbrahimə etibarnamə əsasında vermişdir. Həmin 100 ha torpaq sahəsinin 60 ha heyvandarlıq üçün, 40 hektarı isə balıqçılıq üçün istifadə olunur. Onun işləri cox olduğu üçün süni balıq gölünə baxmaq üçün bir nəfər şəxs axtarmışdır. Tanışı Zahir isə bir nəfər dostu olduğunu va ona etibar etdiyini bildirmişdir. O da Zahirdən həmin şəxsin kim olduğunu va haralı olduğunu öyrənmişdir. Zahir həmin şəxsin Salyan şəhər sakini Elçin olduğunu demişdir. O, Elçin ilə görüşərək onunla danışıb razılaşmışdır. Həmin süni balıq gölünü tanışı Zahir ilə işlədirmişlər. 2016-cı ildə süni balıq gölünü alıb Elçinə təhvil verən zaman süni balıq gölündə 37000 manat dəyərində çəki, xanı və belamur balığı olmuşdur. 2016-cı il tarixdən 2018-ci il tarixədək o, Elçinə süni balıq gölünü inkişaf etdirməsi və nəzarət etməsi üçün ona pul, balıq malyuku ve balıq yemi vermişdir. Təxminən 2 il ərzində o, Elçinə 170.000 manat nağd pul və 80.000 manat dəyərində isə balıq və balıq yemi vermişdır. Ümumilikdə o, Elçinə süni balıq gölünü inkişaf etdirməsi 250.000 manat pul, 37.000 manat dəyərində çəki, xanı və belamur balığı təhvil vermişdir. Həmin vaxt ərzində onun başı digər işlərinə qarışdığı üçün Elçin ilə çox maraqlanmamışdır. 2016-2017-ci illərdə Elçin ona təxminən 40000 manata yaxın xeyir vermişdir. Bundan sonra Elçin işlərin yaxşı getdiyini, qazancın isə təsərrüfatın böyüdülməsi üçün xərcləmək istədiyini bildirmiş, həmin vaxtı o da Elçin ilə razılaşmışdır. Elçin 2016-cı il tarixdən 2017-ci il tarixədək ona 82.190 manat pul vermişdir. 2018-ci il 2021-ci il tarixədək Elçin ona hesabat verməmişdir. 2020-ci ildə o, Elçindən qazanc və hesabatı tələb etdikdə, Elçin yayınaraq ondan istədiklərini etməmişdir. 2021-ci ilin aprel ayında o, süni balıq gölünə baxmağa getmiş, Elçinin süni balıq gölündə olan balıqları ondan xəbərsiz satdığını və 23.000 manat dəyərində göldə başqa balıq olduğu aşkar etmişdir. Həmin vaxtı o, balıq götürə bilmədiyı üçün payız aylarında süni balıq gölünü təhvil almışdır. Elçinin ona verdiyi 82.190 manat pulun 250.000 manat pul ilə əlaqəsi yoxdur. Çünki Elçinin ona verdiyi pul qazanc puldan olmuşdur. Sonradan Elçinin onu aldatdığını başa düşmüşdür. Elçin ona qarşı dələduzluq edərək ona verdiyi 250.000 manat pulu və süni balıq gölündən götürdüyü dəqiq bilmədiyi gəliri öz şəxsi məsrəflərinə xərcləmişdir. Buna görə də o, 13.12 2021-ci il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Bildirmişdir ki, hazırda onun şikayəti əsasında Bakı şəhəri Səbail rayon prokurorluğunda Zahir barəsində cinayət işi başlanılmışdır. Buna görə də Şirvan Kommersiya Məhkəməsində olan mulki işi onun qazanmamağı üçün Elçin qərəzli olaraq şikayət edərək qərarı ləğv etdirmişdir. Qeyd edilən qərardan həmçinin görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, 2016-cı ilin mart ayından başlayaraq onlar 3 nəfər Zahir İbrahim, İddiaçı və o, şərik olaraq balıq gölündə balıq saxlanılması üçün razılığa gəlmişlər. Razılaşma əsasında əldə ediləcək qazancın 50 faizi İddiaçı, 25 faizi Zahir İbrahimin, 25 faizi isə onun payına düşməli idi. Əgər bu şəriklik davam etdirilə bilməyəcəyi halda göl satılaraq həmin qeyd etdiyi qaydada satışdan əldə ediləcək pul bölünməli idi. 2016-cı ildə Zahir İbrahim ona göldə qazıntı işləri görmək üçün ayrı-ayrı vaxtlarda 44.360 manat pul göndərmişdir. Həmin vaxtlarda Elvin 1 maşın 21 ton olmaqla taxıl göndərmişdir. Özü həmin vaxt 12.689 manat dəyərində 53 ton taxıl (buğda və arpa) alıb balıqlara vermişdir O, 23 ha ərazidə sıfırdan balıq gölü yaratmış, bu zaman 35.000 manat pul xərcləmişdir. 5.000 manat dəyərində 200 maşın dağ qumu gətizdirib gölün yollarını düzəltdirmişdir. 12.000 manata balıq gölünü qorumaq və orada təsərrüfat aparmaq üçun 4x12 olmaqla yaşayış binası tikmiş, 8000 manat xərcləyərək 6x20 metr ölçüdə qaz saxlanılması üçün dam tikmiş, 4000 manat xərcləyərək işıq dirəkləri və elektrik kabeli alaraq gölü işıqla təmin etdirmişdir. 2016-2017ci illərdə bir il üçün 4 nəfər işçiyə 16.200 manat olmaqla iki ilə 32400 manat işçilərə pul ödəmişdir. 2016-cı ilin qış ayında balıqları satmış və 56000 manat pul əldə etmişdir. Elvin ona zəng edərək ehtiyacı olduğunu bildirib, həmin pulu ondan istəmiş və 2017-ci ildə qaytaracağını bildirmişdir. O da həmin puldan 40.000 manat balıqları satdıqca hissə-hissə İddiaçı göndərmişdir. 3000 manat su pulu ödəmiş, yerdə qalan pulu sair xərclərə ödəmişdir. 2017-ci ildə ayrı tarixlərdə Zahir İbrahim 66720 manat pul göndərmişdir. Bu puldan 40000 manat 2016-cı ildə satdığı balıqların pulundan Elvindən alıb ona Zahir göndərmişdir. Həmin il 23 ha göldən əlavə olaraq 35 ha isə balıq gölündə əsaslı təmir işləri aparmışdır. Həmin vaxt ora 25.000 manat xərcləmişdir. 12000 manatlıq malyuk alıb gölə buraxmışdır. Həmin vaxt 14500 manatlıq 48232 kq taxıl almışdır. 2017-ci il üçün də 3000 manat su pulu ödəmişdir. İddiaçı həmin vaxt 27 ton buğda, 8 ton sümük unu göndərmişdir. 15000 manatlıq 6x14 metr ölçüdə besetka tikdirmişdir. Bayaq qeyd etdiyi kimi 16200 manat işçilərə pul ödəmişdir. 2017-ci ilin qış aylarında 66.000 manatlıq balıq satmışdır. Elvin yenə ona zəng edib ehtiyacı olduğunu bildirərək pulu istəmiş və ona 43000 manat balıqları satdıqca Elvinə göndərmişdir. Həmin pulu 2018-ci ilin əvvəlində qaytaracağına söz vermişdir. 2018-ci il üçün yenidən o, 17300 manatlıq malyuk alıb gölə buraxmışdır. İddiaçı 2017-ci ilin oktyabr və noyabr aylarında Füzuli rayonunda Haramı düzündə olan 200 ha torpaq sahəsinə taxıl əkəcəyini bildirmiş və ora çəkilən əlavə 20.000 manat xərclərin hamısını o, ödəmişdir. 2018-ci ildə taxılı biçdikdən sonra bütün verdiyi pulları qarşılığında 500 ton taxıl göndərəcəyini bildirsə də, həmin sözünü tutmamışdır. Zahir İbrahimlə birlikdə nəzarət üçün 2018-ci ilin mart və aprel aylarında Haramı düzündə olan 200 ha taxıl əkininə nəzarət üçün gedib baxdıqlarında normal taxıl yetişdiyinin şahidi olmuşlar. Həmin vaxtı onu haqq hesab etməyə çağırsa da, İddiaçı gəlməmiş və bildirdi ki, taxıl çıxmayıb. Ondan sonra ondan heç bir xəbər çıxmamışdır. Həmin vaxtı İddiaçı bu hərəkətlərinə görə onlar ziyana düşmüşlər. Bundan sonra təkbaşına özü gölü işlətməyə başlatmışdır. Göstərilən qərardan eyni zamanda görünür ki, X9 izahat verərək bildirmişdir ki, o, Elçin və Elvin ilə 2016-cı ildən göl yaratmaq və əkin əkilməsi üçün təqribən 140 torpaq sahəsini almışlar və onun adına sənədləşdirilmişdir. 2016-cı ilin mart ayından başlayaraq onlar 3 nəfər o, İddiaçı və Cavabdehlə şərik olaraq balıq gölündə balıq saxlanılması üçün razılığa gəlmişlər. O, Cavabdeh öz istəyi ilə Elvinə təklif etmiş və şərik olmalarına dəvət etmişdir. Razılaşma əsasında əldə ediləcək qazancın 50 faizi İddiaçı, 25 faizi onun, 25 faizi isə Cavabdeh payına düşməli idi. Əgər bu şərikliyi qazanc olmadığı halda davam etdirə bilməyəcəkləri halda Elvinin gölünü satılaraq həmin qeyd etdiyi qaydada gölün satışından əldə ediləcək pul bölünməli idi. 2016-cı ildə o, Elçinə balıq gölündə qazıntı işləri görmək üçün hissə-hissə olmaqla ayrı-ayrı vaxtlarda 44360 manat pul göndərmişdir. Bu pulu o, İddiaçı alaraq Elçinə göndərmişdir. Elçin 23 ha ərazidə sıfırdan balıq gölü yaratmışdır. Elçin dağ qumu gətizdirib gölün yollarını düzəltdirmiş, balıq gölünü qorumaq və orada təsərrüfat aparmaq üçün 4x12 olmaqla yaşayış binası tikmiş, 6x20 metr ölçüdə qaz saxlanılması üçün dam tikmiş, işıq dirəkləri və elektrik kabeli alaraq gölü və təsərrüfat işıqla təmin etdirmiş, işçilərə əmək haqqı kimi pul ödəmiş və balıqların yemini almışdır. 2016-cı ilin qış ayında balıqları satdıqdan sonra həmin puldan 40.000 manat balıqları satdıqca hissə-hissə İddiaçı göndərdiyini bildirmişdir. Hətta gölün su pulunu da Elçin ödəmişdir. 2017-ci ildə ayrı tarixlərdə o, Elçinə 66720 manat pul göndərmişdir. Həmin ildə Elçin 23 ha göldən əlavə olaraq 35 ha isə balıq gölündə əsaslı təmir işləri aparmışdır. Təmirdən sonra Elçin malyuk alıb gölə buraxmışdır. Həmin vaxt balıqları yemləmək üçün taxılı da Elçin almışdır. 2017-ci il üçün də su pulunu ödəmişdir. İddiaçı həmin il 27 ton buğda, 8 ton sümük unu göndərmişdir. Elçin orada 6x14 metr ölçüdə besetka tikdirmişdir. Əmək haqqı kimi işçilərə il ərzində pul ödəmişdir. 2017-ci ilin qış aylarında balıq satdıqdan sonra Elçin 43000 manat balıqları satdıqca Elvinə göndərmişdir. 2018-ci il üçün yenidən Elçin malyuk alib gölə buraxmışdır. İddiaçı 2017-ci ilin oktyabr və noyabr aylarında Füzuli rayonunda Haramı düzündə olan 200 ha torpaq sahəsinə taxıl əkəcəyini bildirmiş və ora çəkilən 20.000 manat xərclərin hamısını Cavabdeh ödəmişdir. O, bu xərci Elvin dediyinə görə etmişdir. 2018-ci ildə taxılı biçdikdən sonra Elçinə 500 ton taxıl göndərəcəyini İddiaçı bildirsə də, həmin sözünu tutmamışdır. O, Cavabdehla birlikdə nəzarət üçün 2018-ci ilin mart-aprel aylarında Haramı düzündə olan 200 ha taxıl əkininə nəzarət üçün gedib baxdıqda normal taxıl yetişdiyinin şahidi olmuşlar. Həmin vaxtı Cavabdeh İddiaçı haqq hesab etməyə çağırsa da, İddiaçı gəlməmiş və müxtəlif bəhanələrlə yayınmışdır. Elvinlə şəriklikdən aralanmağının səbəbi onun ticari qaydalara uyğun olmayaraq pulu vaxtında göndərməməyi idi. O, məcbur olub cibindən pul vermiş və beləcə işin düz olmadığını gördükdə onunla şərikli işi özü saxlamışdır. O da balıq gölünün gəlir gətirmədiyini görüb, İddiaçı görə ziyana düşdüyü üçün ondan aralanmışdır. Həmin vaxtı İddiaçı bu hərəkətlərinə görə onlar xeyli ziyana düşmüşlər. İş materiallarında olan X16, Cavabdeh, X4 və X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənən asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs Cavabdeh çəki balığı satılmışdır. İş materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-522/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı dəymiş maddi ziyana görə 177600 manat pul vəsaitinin, əldən çıxmış faydaya görə 107100 manat, cəmi 285.168 manat pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, həmçinin iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 468 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi, həmçinin iddiaçı tərəfindən ödənilməmiş 240.10 manat dövlət rüsumunun iddiaçı Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməsi, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasına sərf edilmiş 60 manat pulun cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilməsi qət edilmişdir. İşdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025ci il tarixli, 2(106)-217/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 2(057)-522/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdehlər İddiaçı və X6 qarşı “dəymiş maddi ziyana görə 177.600 manat pul vəsaitinin, əldən çıxmış 240.000 manat faydanın, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 manat dövlət rüsumunun, cəmi 418.068 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 60 manat ekspertiza xərcinin iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 468 manat və apellyasiya şikayət verməsi üçün ödənilmiş 355 manat dövlət rüsumunun onun özünə aid edilməsi, həmçinin iddiaçı tərəfindən ödənilməmiş 240.10 manat dövlət rüsumunun iddiaçı Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq cavabdeh tərəfindən ödənilmiş 290 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, iş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı gölü İddiaçı təhvil alarkən göldə 80.000 manatlıq balıq olmuş, 170.000 manat da maya verilmişdir. Belə olan halda iddiaçı cavabdehdən həm istehsal vasitəsi göllər, həm dövriyyə kapitalı almışdır. Həmçinin İddiaçı bildirir ki, Elçin ona 2016-ci il tarixdən 2017-ci il tarixədək ona 82190 manat pul vermişdir. Yəni burada mənfəətdən danışılır. Bu mənfəət məhz İddiaçıya təmin etdiyi dövriyyə kapitalının istismarından yaranmışdır. Beləliklə 2016-cı ildə 250.000 manat dəyərində dövriyyə kapitalı əldə edən iddiaçı 2017-ci ildən sonra illər boyu həmin kapitalın mənfəətini mənimsəmiş, əgər göllər üçün balıq və yem almışsa da, bunu cavabdehin ona verdiyi kapitalın izafi dəyəri hesabına etmişdir. Qətnamədən görünür ki, iddiaçı Cavabdeh kollegiyanın iclasında izahatında, həmçinin ona ünvanlanan suallara cavabında əlavə olaraq göstərmişdir ki, qeyd edilən göldə işləməyə onu Zahir 2016-cı ildə dəvət etmişdir. Sonra Elvinlə görüşərək onunla da danışaraq razılaşmışlar. Razılaşmalarına əsasən o göllərə baxmaqla iş icraçısı olmalı idi. Ona hər hansı əmək haqqı ayrılmamışdır. Onun qazancı balıqlardan gələn gəlirdən verilməli idi. Ora gələndə ərazidə 3-4 göl olmuşdur. İlk vaxtlarda göllərin vəziyyəti yaxşı deyildi. Belə ki, gölü qamış basaraq örtmüşdü. O, balıqçılıq təsərrüfatına maya qoymalı deyildi. Mayanı ilkin olaraq Elvin qoymuşdu. Belə ki, Elvin təsərrüfata ilk dəfə 80.000 manat vəsait qoymuşdu. Elvin ona demişdir ki, işləri yaxşı getsə ilə 500.000 manat qazanc əldə edə bilərlər. Sonradan Elvin gölə daha 25000 manat maya qoymuşdur. Bir dəfə də Zahir Elvindən 111.080 manat pul alaraq ona vermişdir. Elvin və Zahirlə birlikdə təsərrüfatı 2 il yəni, 2016-2018-ci illərdə işlətmişlər. 2018-ci ildən sonra Elvin təsərrüfata gəlməmişdir. Həmçinin həmin dövrdə təsərrüfat ziyanla işlədiyindən Zahir də oradan ayrılmış və başqa işlə məşğul olmuşdur. 2018-ci ildən 2021-ci ilədək balıqçılıq təsərrüfatını o özü tək işlətmişdir. Elvin təsərrüfata vəsait qoymadığından, məcburiyyət qarşısında qalaraq özünə məxsus mağazadan pul götürüb gölə maya qoymuşdur. Yəni, gölə balıq alıb buraxmış, yem almış, həmçinin təsərrüfatda bəzi tikililər tikdirmişdir. 2 il müddətində gölə 125.000 manat vəsait yatırmışdır. Mağazadan gələn gəlirlə 4 obyekt almışdır. Banklardan kredit götürüb balıqlar üçün yem almışdır. Qeyd etdiyi kimi ilkin vaxtlarda ərazidə 3-4 göl olmuşdur. Sonradan gölləri genişləndirməklə yanaşı, həmçinin göllərdən balıqların satışını da həyata keçirmişdir ki, əldə etdiyi gəlirlə orada işləyən işçilərin əmək haqqlarını vermişdir. Balıqları həm mağazasında həm topdan satışını təşkil etmişdir. Balıqların satışından əldə edilən gəlirdən Elvinə heç bir vəsait verməmişdir. 200-250 qramlıq balıqlar satış vəziyyətinə 7-8 aydan sonra gəlir. Elə olurdu balıqları 3 ildən sonra satışa çıxarırdılar. Təsərrüfat 2018-2021-ci illərdə ziyanla işləyib. 2018-ci ildən sonra təsərrüfatda balıqların kütləvi ölümü (qırğını) olmayıb. 2018-ci ildən sonra Elvinlə Zahir təsərrüfatda olmadıqlarından əldə edilən bütün gəlirin hamısı 100% ona çatmalı idi. Həmin qətnamədən həmçinin görünür ki, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə göstərmişdir ki, iddiaçı tərəfindən təsərrüfatda heç bir sənədləşdirmə və hesabat aparılmayıb. Elçinlə Elvin arasında heç vaxt guya Elçinin təsərrüftda 25% payının olması ilə bağlı hər hansı razılaşması olmamışdır. Elçin həmin təsərrüfatda özünün də dediyi kimi yalnız icraçı olub. Razılaşmaya əsasən o yalnız qazancdan gəlir götürməli idi. Elçin təsərrüfata heç bir vəsait qoymayıb. 177600 manat dəymiş ziyan və 240000 manat əldən çıxmışfayda tələbi absurd bir rəqəmdir. İddianın heç bir maddi hüquqi və prosessual əsası yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandığı "xxxx" MMCnin direktoru Niyazi Heybətov tərəfindən verilmiş “RƏY”-in isə heç bir hüquqi əsası yoxdur. Çünki həmin rəyın heç bir mötəbərliyi yoxdur. Bundan başqa rəydə “qiymət qoyulan” sayda, çəkidə və çeşiddə balığın göllərə iddiaçı tərəfindən gətirilib yerləşdirildiyi barədə heç bir sübut iş materiallarında yoxdur. İş materiallarında olan X16, Cavabdeh, X4 və X2 iştirakları ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənən asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs Cavabdeh 23500 manat məbləğində 5 ton (bir ədədinin çəkisi 1,6-1,7 olmaqla) çəki balığı satılmışdır. Lakin iddiaçı həmin alqısatıqnı təsdiq edən hər hansı mötəbər sənədlərini (qəbz (çek), kassa mədaxil orderi, qaimə) məhkəməyə təqdim etməmişdir. 01 iyun 2023-cü il tarixli Aktın özü baş vermiş alqı-satqıdan iki il sonra tərtib edilmişdir. Bu isə mötəbər sənəd sayıla bilməz. Qətnamədə eyni zamanda göstərilmişdir ki, həmçinin kollegiya iddiaçının apellyasiya şikayətini təmin etməzkən və cavabdehin apellyasiya şikayətini təmin edib iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır. Birincisi, iddiaçı Cavabdeh heç bir halda cavabdeh İddiaçıla mübahisəli təsərrüfatda şərik olmamışdır. Həmin təsərrüfatda iddiaçının guya 25% payının olmasına dair cavabdehlərlə aralarında hər hansı şifahi və ya yazılı razılaşma olmamışdır. İddiaçı həmin təsərrüfatda yalnız onun özünün də ifadə etdiyi kimi iş icraçısı olmuşdur. Yəni, razılaşma belə olmuşdur ki, təsərrüfatdan əldə olunacaq qazancdan iddiaçıya qazanc verilməli idi. İşin halları ilə müəyyən edilir ki, iddiaçı qeyd edilən mübahisəli təsərrüfatda 25% paya məxsus olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı kollegiyanın iclasında bildirmişdir ki, “qeyd edilən göldə işləməyə onu Zahir 2016-cı ildə dəvət etmişdir. Sonra Elvinlə görüşərək onunla da danışaraq razılaşmışlar. Razılaşmalarına əsasən o göllərə baxmaqla iş icraçısı olmalı idi. Ona hər hansı əmək haqqı ayrılmamışdır. Onun qazancı balıqlardan gələn gəlirdən verilməli idi.” Göründüyü kimi iddiaçının həmin təsərrüftda 25% paya məxsus olması ilə bağlı sübut yoxdur və iddiaçı özü də etiraf edir ki, o, həmin təsərrüfatda icraçı olmaqla oranı idarə etməli idi. Onun qazancı isə balıqların satışından gələn gəlirdən ibarət olmalı idi. İkincisi, iddiaçının 2018-ci ildən sonra həmin təsərrüfatda tək işləməsi, ərazidə olan gölləri öz vəsaiti ilə almış olduğu müxtəlif çeşidli körpə balıqlarla doldurması da hər hansı mötəbər sübutla sübuta yetirilmir. İşdə olan Salyan rayon polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarında iddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, o, İddiaçı tərəfindən ona 170.000 manat pul və 80.000 manat dəyərində balıq təhvil verildiyini etiraf etmişdir. Həmçinin iddiaçı kollegiyanın iclası zamanı izahatında bildirmişdir ki, “O, balıqçılıq təsərrüfatına maya qoymalı deyildi. Mayanı ilkin olaraq Elvin qoymuşdu. Belə ki, Elvin təsərrüfata ilk dəfə 80.000 manat vəsait qoymuşdu. Elvin ona demişdir ki, işləri yaxşı getsə ilə 500.000 manat qazanc əldə edə bilərlər. Sonradan Elvin gölə daha 25.000 manat maya qoymuşdur. Bir dəfə də Zahir Elvindən 111.080 manat pul alaraq ona vermişdir, o həmin pulları təsərrüfata xərcləmişdir.” Göründüyü kimi iddiaçı cavabdeh İddiaçı təsərrüfata ayrı-ayrı vaxtlarda 80.000 manat, 25000 manat və 111080 manat vəsait qoymaqla pul xərcləməsini etiraf edir. Bu isə onu deməyə əsas verir ki, təsərrüfat əsasən cavabdeh İddiaçı tərəfindən maliyələşdirilmişdir. Dördüncüsü, iddiaçını istinad etdiyi sübutlardan biri də “İş materiallarında olan X16, Cavabdeh, X4 və X2 iştirakları ilə tərtib olunmuş işin İ cild 184-cü səhifəsində olan xx.xx.2023-cü il tarixli aktdır. Həmin aktda qeyd edilmişdir ki, 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənən asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs Cavabdeh 23500 manat məbləğində 5 ton (bir ədədinin çəkisi 1,6-1,7 olmaqla) çəki balığı satılmışdır”. Lakin iddiaçı qeyd edilənlərlə bağlı alqı-satqıni təsdiq edən sənədləri, məsələn qəbz (çek), kassa mədaxil orderi, qaiməni akta əlavə etməmişdir. Belə olan halda həmin akt mötəbər sənəd kimi qəbul edilə bilməz. Həmçinin akta nəzər saldıqda müəyyən edilir ki, “akt” xx.xx.2023cü ildə tərtib edilmişdir ki, həmin tarixdə alqı-satqının reallaşdırıldığı vaxtdan 2 il əvvələ təsadüf edir. Belə ki, aktda həmin balıqların satışının guya 2021-ci ilin oktaybar ayında baş verməsi qeyd olunmuşdur. Kollegiya qeyd edilən akta da tənqidi yanaşır və onu təkzibedilməz sübut kimi qəbul etmir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-1954/2025 saylı qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-217/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(057)-812/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İşdən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)- 1584/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 255.000 manat məbləğində pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. İş materiallarından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(057)-1584/2024 saylı qərardadı ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-1584/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-1584/2024 saylı qərardadının qüvvəsində saxlanılması və həmin qərardaddan verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdən görürür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)- 1584/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-1584/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Salyan Rayon Məhkəməsinin 2(057)-1584/2024 saylı, xx.xx.2024-cü il tarixli qəraradadının iddia ərizəsinin məhkəmə aidiyyətinə əməl edilməməsi əsas ilə geri qaytarılması hissəsindən iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunmuş ********* saylı cinayət işi üzrə icraata xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.3cü maddəsinə əsasən xitam verilmiş və cinayət işi saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin arxivinə təhvil verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla xx.xx.2018-ci il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktub(ları)u göndərilmişdir. İş materiallarına əlavə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli “iddia müddətinin tətbiqinə dair” ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında ifadə verərək göstərdi ki, İddiaçı 2008-ci ildən müştərək işlərinin olması ilə bağlı, Cavabdeh isə yerlisi olaraq tanıyır. Onların birlikdə işlədiyi barədə məlumatı olmamışdır. Elvin Salyan rayonunda göl ərazi almışdır. 2021-ci ilin son aylarında göldə vəziyyətin pis olduğunu bildirmiş və onunla birlikdə gölə getmişlər. Bu zaman gölün Cavabdeh işlətdiyini bilmişdir. Elvin Elçinlə mehriban şəkildə ayrılmaq istəsə də, bu mümkün olmamışdır. Göl yararsız vəziyyətdə idi. Çünki Kür çayından lehmə su gəldiyi üçün göl təmizlənməlidir. Gölü təmizləmək üçün bir günü 70 manata olan texnika işlətmək lazımdır. İşçilər balığın olmadığını dedilər, bunu da yalnız göldə işləyən şəxslər bilə bilər, kənar şəxslər bunu anlaya bilməz. Elçin atası ilə birlikdə əvvəllər parça satırdılar. Elvinlə birgə işlədikdən sonra yaşayış şəraiti yaxşılaşmışdır. Əvvəllər qonşuluqda kirayədə qaldığı evi Elvinlə işlədikdən sonra almışdır. Elçin heç bir zaman Elvinlə münasibətlərinin pis olması barədə bir söz deməmişdir. İş üzrə şahid qismində dindirilmiş X13 məhkəmə iclasında ifadə verərək göstərdi ki, İddiaçı 2018-2019-cu illərdən, Cavabdeh isə 2019-cu ilin axırı 2020-ci ilin əvvəllərindən Elvinin işçisi olaraq tanıyır. Həmçinin İddiaçı qeyri-rəsmi mühasib işlərində köməklik etmişdir. İlk dəfə Elçini göldə gördükdə balıq olub-olmadığını soruşmuş, o isə balıqların olduğunu bildirmişdir. Lakin sonradan işçiləri balıqları satdıqlarını demişdir. 2019-cu ilin axırı 2020-ci ilin əvvəlində bunu Elvinə bildirmiş və onda şübhə yaranmışdır. Elvin Elçindən dəfələrlə hesabat istəmiş, zəng etmiş, Elçin isə cavab verməmişdir. Daha sonra onlar görüşmüş, Elçin bütün gəliri tonajı böyütmək üçün gölə qoyduğunu, buna görə də hesabatı vermədiyini bildirmişdir. Sonralar Elçin yenə aldadıcı ifadələrlə Elvini yubatmışdır. Elvin sonradan niyə qazanc olmadığını, ona pul verilməməsinin səbəblərini soruşduqda, Elçin azaldılmış rəqəmlərlə hesabat vermişdir. Bundan sonra polisə müraciət edildi. Elvin oranın təmiri üçün yüksək məbləğ xərcləmişdir. Borcu barəsində Elçin öz ifadələrində də polisə etiraf etmişdir. 2018-ci ilədək Elçin Elvinə 90.000 manat pul vermişdir. Elvinin özü də bunu təsdiq etmişdir. Lakin o işlədikdən sonra Elçin tərəfindən Elvinə heç bir ödəniş edilməmişdir. Göl işlətməyə yararsızdır, hələ də təmir gedir. Elçin heç bir zaman Elvinlə münasibətlərinin pis olması barədə bir söz deməmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, baxılan iş üzrə hər iki tərəfin iştirak etdiyi, başqa məhkəmə mübahisəsi üzrə qəbul edilmiş, qanuni qüvvədə olan məhkəmə akt(lar)ı ilə (Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-217/2025 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-1954/2025 saylı qərarı) müəyyən edilmişdir ki, Cavabdeh heç bir halda İddiaçıla mübahisəli təsərrüfatda şərik olmamışdır. Həmin təsərrüfatda cavabdehin guya 25% payının olmasına dair iddiaçı ilə aralarında hər hansı şifahi və ya yazılı razılaşma olmamışdır. Cavabdeh həmin təsərrüfatda yalnız onun özünün də ifadə etdiyi kimi iş icraçısı olmuşdur. Yəni, razılaşma belə olmuşdur ki, təsərrüfatdan əldə olunacaq qazancdan iddiaçıya qazanc verilməli idi. Bundan başqa, qeyd edilən məhkəmə akt(lar)ı ilə həmçinin müəyyən olunmuşdur ki, cavabdehin 2018-ci ildən sonra həmin təsərrüfatda tək işləməsi, ərazidə olan gölləri öz vəsaiti ilə almış olduğu müxtəlif çeşidli körpə balıqlarla doldurması da hər hansı mötəbər sübutla sübuta yetirilmir. İşdə olan Salyan rayon polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarında cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, İddiaçı tərəfindən ona 170.000 manat pul və 80.000 manat dəyərində balıq təhvil verildiyini etiraf etmişdir. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə akt(lar)ına əsasən hazırki iş üzrə tərəflərin mübahisəli təsərrüfatda şərik olmamaları, təsərrüfatda cavabdehin 25% payının olmasına dair iddiaçı ilə aralarında hər hansı şifahi və ya yazılı razılaşmanın olmaması, cavabdeh həmin təsərrüfatda yalnız iş icraçısı olması, aralarında olan razılaşmaya əsasən təsərrüfatdan əldə olunacaq qazancdan iddiaçıya qazanc verilməli olması, habelə, iddiaçının cavabdehə 170.000 manat pul və 80.000 manat dəyərində balıq təhvil verməsi (yəni, 250.000 manat məbləğində borcunun olması) müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən fakt hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu hal olması məhkəmə üçün məcburidir və göstərilən hal yenidən sübut edilməməlidir. Belə olan halda, tərəflər arasında müqavilə münasibətləri mövcud olmamışdır. Odur ki, cavabdehin qeyd edilən pul vəsaitinə dair nə qanuni, nə də müqavilə əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qeyd edilən Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göstərilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Yenə həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh 170.000 manat pul və 80.000 manat dəyərində balığı (ümumilikdə, 250.000 manat məbləğində pulu) iddiaçıdan hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan aldığından, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı pulunu tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qismən təmin edilərək, 250.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddianın qalan hissəsi əsassız olduğundan, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Ona görə ki, iddia tələbi əsassız varlanma ilə bağlıdır, yəni hazırki mübahisə üzrə əsassız varlanma ilə əlaqədar müddət şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. İş materiallarından aydın olur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-812/2024 saylı qərardadı və başqa qərardadları ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizə(lər)si dəfələrlə geri qaytarılmış və iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Digər tərəfdən, cavabdehin iş materiallarında olan Salyan rayon Polis Şöbəsinin İBnin müstəntiqi polis kapitanı X1 xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında olan izahatından görünür ki, yuxarıda sadalanan halları, yəni borcunu etiraf etmişdir. Bundan başqa, cavabdeh 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənən asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs Cavabdeh çəki balığı satılmasına dair xx.xx.2023-cü il tarixli aktı imzalamaqla borcun etirafı ilə əlaqədar hərəkətlər etmişdir. Cavabdeh borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmişdir. Belə ki, iddia müddətinin axımı həmin tarixdən yenidən başlandığından iddia müddəti iddiaçı tərəfinən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 250.000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar