Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-60/2020 08.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 3.224,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ********** saylı VÖEN əsasında Salyan rayonu, Qarabağlı kəndində yerləşən istixanada **********00190 abonent kodu əsasında qazdan istifadə edir. 2019-cu il tarixdə Cavabdeh Salyan RQİİ-nin əməkdaşları tərəfindən onun iştirakı olmadan akt tərtib etmişdirlər. Sonradan smartpay.az saytında **********00190 abonent kodu əsasında qazdan borcunun olduğunu öyrənən zaman görmüşdür ki, Cavabdeh İB Salyan RQİİ- nin nümayəndələri tərəfindən3.224,60 manat borc hesablanmışdır. O, bunu dəqiqləşdirmək üçün Cavabdeh İB-nin Salyan rayon RQİİ-nin şöbəsinə müraciət etdikdə ona bildirmişdirlər ki, akt yazanlar burda deyil deyə heç bir köməklik göstərə bilmərik. Cavabdeh İB Salyan RQİİ-si tərəfindən yazılmış akta əsasən3.2240,60 manat borc hesablanmışdır. O, istixanada qaz sayğacı ilə qazdan istifadə edir. İstifadə etdiyi qazın dəyərini tam olaraq ödəmişdir. Cavabdehin işçiləri istixana mövsümü başladıqda müraciəti əsasında istixananın qaz təsərrüfatına baxış keçirmişdirlər və heç bir kənarlaşma olmadığı üçün istixanaya qaz vermişdirlər. Qaz idarəsinin işçiləri mütəmadi olaraq günün istənilən vaxtı və gecə saatlarında istixanasına baxış keçirmişlər və istixanada sayğacla qazdan istifadə etdiyini, heç bir nöqsan olmadığını görmüşdürlər. xx.xx.2019-cu il tarixdə cavabdehin nümayəndələri istixanasının yerləşdiyi əraziyə gəlmişlər və istixanada olan qaz işlədicilərinə və sayğaca onsuz baxış keçirmişdirlər. Sonra akt yazmışdırlar. Həmin vaxtı o kənddə olmamışdır. O gələndən sonra onlara etiraz edərək sayğacın layihəyə uyğun quraşdırıldığını, layihəyə heç bir dəyişiklik edilmədiyini bildirsə də, heç bir nəticəsi olmamışdır. Akta görə 3.224,60 manat cərimə hesablamaları ona müəyyən olmuşdur. Cavabdehin nümayəndələri tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və həmin akta görə hesablanmış cərimə tamamilə qanunsuzdur. Birincisi qaz sayğacı onun həyətində deyil, küçədə quraşdırılmış heç bir örtük qutu ilə təmin edilməmişdir. Cavabdehin istənilən vaxt sayğacın işləmə prinsipinə nəzarət etmək imkanı var. O 2018-cu ilin noyabr ayından istixanada qazdan istifadə etmişdir. Əgər istixananın layihəsində cihazlarında hər hansı qanunsuzluq varidisə qazın verilməsinə icazə verilməzdi. Bundan başqa o 2018-cu ilin dekabr ayında sayğacla qaz işlətmişdir. Onun sayğacı düz işləməsəydi o qədər qaz pulu yaza bilməzdi. Qeyd olunanlar cavabdehin xx.xx.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və həmin akt əsasında hesabladığı 3.224,60 manat cərimənin qanunsuz olduğunu birbaşa sübut edir. O bu qanunsuz aktın və cəriməni ləğv edilməsi üçün cavabdehlə danışıqlar aparsada, heç bir nəticəsi olmamışdır. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, ASX-Şirvan/090 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı X4 məxsus qeyri-yaşayış obyektini qazla təmin etməyi, istehlakçı X6 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı Cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşdürlər. Müqaviləyə əsasən, iddiaçıya məxsus sahədə 1 ədəd “L” şəkilli su qızdırıcıdan və 2 ədəd dəmir sobadan istifadə edilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh nümayəndələri tərəfindən X4 məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda abonentə məxsus yeraltı D63 mm-lik polietilen qaz xəttinin üzərində qanunsuz olaraq D20 mm-lik rezin borun birləşməsi aşkar olunmuşdur və rezin borunun üzərində krant aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın həcminin 16.800 m3 müəyyən edilərək hesablanmış borc məbləğinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosunun təsdiq edilmiş surətindən görünür ki, X4 2019-cu ilin yanvar ayı üzrə akta əsasən 3.360 manat borc hesablanmışdır. Məhkəmənin xx xxxx 2020-ci il tarixində keçirilmiş iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş özündə videgörüntünü əks etdirən diskə baxış keçirilmişdir. Diskdə olan videogörüntüdən görünür ki, torpaq sahəsi qazılmış, torpağın altından keçən qaz xəttinin üzərində rezin boru və krant vardır. Həmin rezin boru vasitəsilə X1 istixanası qazla təmin edildiyi, istixanada 2 ədəd su qızdırıcının və 1 ədəd dəmir sobanın quraşdırıldığı bildirilir. Məhkəmənin xx xxx 2020-ci il tarixində keçirilmiş iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, X2 onun atasıdır. 2018-ci ilin ortalarında cavabdehin nümayəndələri sayğacın altını qazmışdırlar, lakin sayğacın altından heç bir şey çıxmamışdır. 2019-cu ilin yanvar ayının 23-də cavabdehin nümayəndələri traktorla gəlmişdirlər və qazmağa başlamışdırlar və nəticədə qaz xətti deşilmişdir və qaz xəttdən çölə vurmağa başlamışdır. Qaz xətti deşilən zaman krant cavabdehin nümayəndələrinin əlində olmuşdur. Cavabdehin nümayəndələri krantın qaz xəttinin üzərinə qoyaraq şəklini çəkmişdirlər. O, qazıntıdan sonra gəlmişdir. Krantı sonradan qaz xəttinin üzərinə bağlamışdırlar. Atası həmin vaxt orada olmamışdır. O atası ilə birlikdə yaşayır. O, aktı imzalamaqdan imtina etmişdir. Krant kauçukdan olmuşdur. Səhəri gün isə cavabdehin nümayəndələri gəlmişdirlər və qaz xəttini birləşdirmişdirlər. Həmin boru ilə heç bir yerə qaz getməmişdir. O borunun necə çəkilməsini, necə montaj edilməsini özləri bilirlər. Beləliklə məhkəmə müəyyən etdi ki, X3 istifadəsində olan qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda abonentə məxsus yeraltı D63 mm-lik polietilen qaz xəttinin üzərində qanunsuz olaraq D20 mm-lik rezin borun birləşməsi aşkar olunmuşdur və rezin borunun üzərində krant aşkar olunmuşdur. Bundan sonra iddiaçı barəsində xx.xx.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və nəticədə ona 3.360 manat borc hesablanmışdır. İddiaçı hesablanmış borcla razılaşmır. Aktın qanunsuz yazıldığını bildirir. Cavabdeh isə öz növbəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanıldığını, aktda abonentə məxsus yeraltı D63 mm-lik polietilen qaz xəttinin üzərində qanunsuz olaraq D20 mm-lik rezin borun birləşməsi aşkar olunduğunu və rezin borunun üzərində krant aşkar olunduğuna görə xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 3.360 manat borc hesablandığını və tərəflərindən tərtib olunmuş aktın qanuni olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə aşağıda qeyd olunanlara əsasən, iddianı əsaslı hesab etdiyindən onun təmin edilməli olması qənaətinə gəlir: Əvvəla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylıakt cavabdehin nümayəndələri tərəfindən imzalanmış və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Ümumiyyətlə iş materiallarında olan və cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş hər-hansı sənəddə iddiaçının imzası yoxdur. Digər tərəfdən, xx.xx.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, itirilmiş qazın həcmi “L” şəkilli su qızdırıcı üzrə 6x20x84=10.080 m3, 2 ədəd dəmir soba üçün isə 2x2x20x84=6.720 m3, cəmi 16.800 m3 müəyyən edilərkən, hesabat müddəti 84 gün qəbul edilmişdir. Lakin bu müddətin nəyə əsasən qəbul edildiyi, yəni nəyə görə məhz 84 gün ərzində hesabat aparıldığı müəyyən olunmur. O cümlədən saldodan göründüyü kimi, aktın tərtib edildiyi xx.xx.2019-cu il tarixdən əvvəlki 84 gün (təqribən 3 ay) ərzində iddiaçı tərəfindən mütəmadi olaraq qazdan istifadə edilmiş və müəyyən ödənişlər aparılmışdır. Lakin yuxarıda qeyd olunan 84 günlük hesabat müddəti üzrə hesablama aparılarkən, iddiaçının həmin müddətdə istifadə etdiyi qazın həcmi və dəyəri nəzərə alınmamışdır. Yəni, ən azından hesabat aparılarkən, iddiaçı tərəfindən həmin dövrdə istifadə edilmiş qazın həcmi və dəyəri ümumi dəymiş ziyandan çıxılmalı (əgər dəymiş ziyan mövcuddursa), bundan sonra dəymiş ziyan müəyyən edilməli idi. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur – istixana işlədir. Bu, cavabdeh tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa, cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş və özündə videogörüntünü əks etdirən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, torpaq sahəsi qazılmış, torpağın altından keçən qaz xəttinin üzərində rezin boru və krant vardır. Həmin rezin boru vasitəsilə X1 istixanası qazla təmin edildiyi, istixanada 2 ədəd su qızdırıcının və 1 ədəd dəmir sobanın quraşdırıldığı bildirilir. Lakin həmin videogörüntüdə torpağın altından keçən qaz xəttinin üzərində olan rezin boru və krant vasitəsilə hər-hansı şəxsin, o cümlədən X1 istixanasına qazın verildiyi müəyyən olunmur. Həmin görüntülərdə rezin boru və krant istifadəsizdir. O cümlədən, həmin görüntüdə X1 yoxlamada iştirak etmədiyi görünür. Qeyd olunanları nəzərə alaraq, məhkəmə həmin videogörüntünü mötəbər sübut hesab etmir. Digər tərəfdən cavabdehin nümayəndəsi tərəfindən tərtib olunmuş akt və çəkilmiş videogörüntü ilə bağlı şahidlər dəvət ediləcəyi bildirilsə də və bununla bağlı məhkəmə iclası təxirə salınsa da, cavabdehtərəfindən hər-hansı şahid dəvət edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 3.360 manat borc hesablanmışdır. Lakin X2 hazırki iddia ilə məhkəməyə müraciət edərkən, bütün borcu deyil, sözügedən akt əsasında hesablanmış 3.224,60 manat borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üzrə, yəni tələbdən kənara çıxmamaqla qətnamə çıxarılmalı, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 3.224,60 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında X2na hesablanmış 3.224,60 (üç min iki yüz iyirmi dörd manat, altmış qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-60/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-60/2020
08.05.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver