Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-66/2020 08.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, X1 Cavabdehnə qarşı xx.xx.2017-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 2.469 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu Qaraçala qəsəbəsində həyətyanı sahəsində yerləşən istixanada qaz istifadə etmək üçün sayğac quraşdırmışdır. İstixanada 1 ədəd su qızdırıcı istifadə edilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2017-ci il tarixdə Salyan qaz idarəsinin işçiləri onun istixanasına gələrək sayğaca baxış keçirmişdirlər, sayğacın keçən qazı qeydə almadığını bildirib bu barədə akt yazmışdırlar. Akt qanunsuz yazıldığı üçün akta imza etməmişdir. Yanvar ayının sonunda sonunda ona bildiriş vermişdirlər və 2.469 manat cərimə edildiyini bildirmişdirlər. O Salyan regional qaz idarəsinə öz etirazını bildirmişdir, onlar cərimənin yanlışlıqla yazıldığın bildirib düzəliş edəcəklərini bildirmişdirlər. O, istixanada həmin sayğacla qaz istifadə etməyə davam etmişdir. 2018-ci ildədə istixanada qazdan istifadə eləmişdir və həmin cəriməni ondan tələb edən olmamışdır. İndiyenəistixanda əkin işləri aparmaq istəyir, lakin Cavabdeh İB-nin Salyan qaz idarəsi qanunsuz yazılmış cəriməni ondan tələb edir, istixanaya qaz vermirlər. O, məcburiyyət qarşısında qalaraq pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qaz sayğacı küçədə quraşdırılmışdır vəo, nəzarətçinin verdiyi bildirişə əsasən ödəniş edir. 2017-ci il ərzində 2.929,50 manat, 2018-ci il ərzində 2.725,60 manat, 2019-cu ilin yanvar-may aylarında 3.075 manat qaz işlətmişdir. Sayğac keçən qazı yazmırdısa bu qədər qazı necə qeydiyyata almışdır?! Bundan başqa cavabdeh sayğacda qüsur olmasın qeyd etsədə, sayğacı yoxlamaya aparmamış, həmin sayğaclada qazdan istifadə etmişdir. Qeyd olunanlar Cavabdeh İB-nin ******* saylı, xx xxxxxx 2017-ci il tarixli aktın, 2.469 manat cərimənin qanunsuz yazılmasının sübutudur. O mübahisənin məhkəməyədək həll olunması üçün pretenziya qaydasında müraciət etsə də, heç bir nəticəsi olmamışdır. “Qazdan istifadə qaydaları”nda cavabdehin hüquq vəzifələri tam aydın şəkildə qeyd olunmasına baxmayaraq onlar bu qaydalara məhəl qoymadan, hüquq və vəzifələrin icra etmədən, heç bir obyektiv araşdırma aparmadan səlahiyyətlərindən istifadə edərək bizlərə heç birəsası olmayan aktlaryazır, heç bir qaydalarla müəyyən olunmayan hesabatlar aparır, fikirlərindən keçən cərimələr hesablayırlar. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq X2 və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2017-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh nümayəndələri tərəfindən X4 məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda abonentə məxsus G-6, 28255746 saylı qaz sayğacının sayğacdan keçən qaz sərfini qeyd etmədiyi aşkar olunmuşdur. İş materillarında olan xx.xx.2017-ci il tarixli tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın həcminin 12.348 m3 müəyyən edilərək hesablanmış borc məbləğinin ödənilməsi və sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosunun təsdiq edilmiş surətindən görünür ki, X4 2017-ci ilin yanvar ayı üzrə akta əsasən 2.469,60 manat borc hesablanmışdır. Beləliklə məhkəmə müəyyən etdi ki, X3 istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacına Cavabdeh nümayəndələri tərəfindən X4 məxsus qeyriyaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda abonentə məxsus G-6, 28255746 saylı qaz sayğacının keçən qaz sərfini qeyd etmədiyi aşkar olunmuşdur. Bundan sonra iddiaçı barəsində xx.xx.2017-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və nəticədə ona 2.469,60 manat borc hesablanmışdır. İddiaçı hesablanmış borcla razılaşmır, aktın qanunsuz yazıldığını və akt əsasında hesablanmış borcun silinməli olduğunu bildirir. Cavabdeh isə öz növbəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın G-6, 28255746 saylı qaz sayğacının sayğacdan keçən qaz sərfini qeyd etmədiyi aşkar olunduğuna görə xx.xx.2017-ci il tarixli, ******* saylıakta əsasən 2.469,60 manat borc hesablandığını və tərtib olunmuş aktın qanuni olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə aşağıda qeyd olunanlara əsasən, iddianı əsaslı hesab etdiyindən onun təmin edilməli olması qənaətinə gəlir: Əvvəla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli, ******* saylı akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Ümumiyyətlə iş materiallarında olan və cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş hər-hansı sənəddə iddiaçının imzası yoxdur. Digər tərəfdən, xx.xx.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, itirilmiş qazın həcmi 7 ədəd dəmir soba üzrə 1,x7x14x90=12.348 m3 müəyyən edilərkən, hesabat müddəti 90 gün qəbul edilmişdir. Lakin bu müddətin nəyə əsasən qəbul edildiyi, yəni nəyə görə məhz 90 gün ərzində hesabat aparıldığı müəyyən olunmur. O cümlədən saldodan göründüyü kimi, aktın tərtib edildiyi xx.xx.2017-ci il tarixdən əvvəlki 90 gün (3 ay) ərzində iddiaçı tərəfindən mütəmadi olaraq qazdan istifadə edilmiş və müəyyən ödənişlər aparılmışdır. Lakin yuxarıda qeyd olunan 90 günlük hesabat müddəti üzrə hesablama aparılarkən, iddiaçının həmin müddətdə istifadə etdiyi qazın həcmi və dəyəri nəzərə alınmamışdır. Yəni, ən azından hesabat aparılarkən, əgər dəymiş ziyan mövcuddursa, iddiaçı tərəfindən həmin dövrdə istifadə edilmiş qazın həcmi və dəyəri ümumi dəymiş ziyandan çıxılmalı, bundan sonra dəymiş ziyan müəyyən edilməli idi. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur – istixana işlədir. Bu, cavabdeh tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 2.469,60 manat borc hesablanmışdır. Lakin iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən, aktın ləğv edilməsini və sözügedən akt əsasında hesablanmış 2.469 manat borcun (yəni akt əsasında hesablanmış məbləğdən 60 qəpik daha az) silinməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üzrə, tələbdən kənara çıxmamaqla qətnamə çıxarılmalı, xx.xx.2017-ci il tarixli, ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 2.469 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt əsasında X2na hesablanmış 2.469 (iki min dörd yüz altmış doqquz) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-66/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-66/2020
08.05.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver