Məhkəmə qərarları › İş №e-2-2(121)-845/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-845/2020

13.07.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-845/2020 13.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, X1 Cavabdehnə qarşı iddiaçıya məxsus istixanaya 2016-cı ilin dekabr ayından 2017-ci ilin may ayınadək yazılmış 13.758 manat əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: X2 Cavabdehnə qarşı iddiaçıya məxsus istixanaya 2016-cı ilin dekabr ayından 2017ci ilin may ayınadək yazılmış 13.758 manat əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü və 150.0.7-ci maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, həmçinin müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. İddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısından, həmçinin əlavə olunmuş sənədlərdən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi və həmin sənədlərin cavabdeh tərəfindən alınması, o cümlədən cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi müəyyən edilmir. İddiaçı tərəfindən iddia ərizəsinə Elektron ünvan 1 elektron poçt ünvanından mailto:office.azerigas@socar.azElektron ünvan 2 elektron poçt ünvanına müəyyən faylların göndərildiyi (faylların adı pretenziya və iddia ərizəsi kimi qeyd olunmuşdur) barədə çıxarış əlavə olunsa da, həmin çıxarışdan göndərilən faylların nədən ibarət olması və həmin faylların cavabdehə göndərilməsi deyil, məhz çatdırılması müəyyən olunmur. Digər tərəfdən, iddia ərizəsinin çatdırılmasının və pretenziyanın göndərilməsinin e-mail vasitəsilə həyata keçirilməsi qanunvericilikdə müəyyən olunmamış, o cümlədən bu qaydada yazışmanın həyata keçirilməsi ilə bağlı tərəflər arasında hər-hansı razılaşmanın (müqavilənin) olmasına dair sənəd də iş materillarına əlavə edilməmişdir. Həmçinin sənədlərin göndərilmiş olduğu elektron poçt ünvanının məhz Cavabdehnə məxsus olmasını iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə güman edir ki, iddia ərizəsinə əlavə edilmiş yuxarıda qeyd olunan çıxarışla iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərinə riayət edildiyini bildirmək istəmişdir. Bununla bağlı məhkəmə bildirir ki, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması tələbi formal olaraq deyil, real olaraq həyata keçirilməlidir. Məsələn, iddiaçı cavabdehə müvafiq tələblə (təkliflə) müraciət edə, cavabdehə müəyyən işlərin görülməsi və ya müraciətə cavab verilməsi və s. üçün müəyyən vaxt verə, yalnız bundan sonra (cavabdeh tərəfindən verilmiş cavab iddiaçını qane etmədikdə, cavabdeh hərəkətsizlik göstərərək, pretenziyaya cavab vermədikdə və s.) məkəməyə müraciət edə bilər. Lakin iddiaçı pretenziyanı və iddia ərizəsinin surətini (əgər bu sənədlər həqiqətən də cavabdehə göndərilmişdirsə) eyni bir müraciətlə (e-maillə) cavabdehə göndərməklə, pretenziya qaydasını formal və əhəmiyyətsiz etmiş, cavabdehin qeyd olunan mübahisəyə münasibət bildirməsini gözləməyərək dərhal məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Cavabdehnə qarşı iddiaçıya məxsus istixanaya 2016-cı ilin dekabr ayından 2017ci ilin may ayınadək yazılmış 13.758 manat əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar