Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-114/2023 07.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı cavabdehlər Cavabdeh1nə və Nəxşicahan Holdinq LTD Şirkətlər qrupunun Culfa rayon "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı İddiaçı MMC-nin mülkiyyətində olan “Darıdağ” karbon qazı zavodunun cavabdehlərdən alınaraq iddiaçının mülkiyyətinə verilməsi” tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ASC-nin vəkili Vəkil 06 iyul 2023-cü il tarixdə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Darıdağ” karbon qazı zavodunun cavabdehlərdən alınaraq iddiaçının mülkiyyətinə verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, MPM-in 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Məhkəməyə təqdim edilən elektron iddia ərizəsində tərəflər haqqında məlumatların əks olunduğu bölmədə rekvizitlər tam şəkildə göstərilməyərək, iddiaçının və cavabdehlərin (hüquqi şəxsə münasibətdə olduğu yer) ünvanı, habelə iddiaçının vəkilinin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) qeyd olunmamış, bununla da iddia ərizəsinin məzmununa dair qanunla müəyyən edilmiş tələblərə riayət edilməmişdir. MPM-in 149.2-ci və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Eyni zamanda, həmin Məcəllənin 149.2-ci və 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericilik tələbin əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısını bir-birindən fərqləndirmişdir. Bu hal onu deməyə əsas verir ki, hazırki vəziyyətdə iddiaçı ərizəsində sadəcə ərizəyə əlavə edilmiş sənədləri göstərməklə kifayətləndiyindən və tələbin əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutların siyahısını qeyd etmədiyindən, qanunvericiliyin MPM-in 149cu maddəsi ilə müəyyən edilmiş, iddia ərizəsinin forması və məzmununa dair tələbləri, məzmun hissəsində pozulmuşdur. Bundan əlavə MPM-in 149.2-ci və 149.2.4-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Belə ki, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlərə İMS-nin keçirilməsi tələbinə riayət edilməsini tədiq edən sənəd qismində xx.xx.2023-cü il tarixli, R-768/2023 nömrəli “X2 iştirak edilməməsi barədə” arayış əlavə edilsə də, ərizənin məzmununda mediasiya prosesində iştirak edilməsi ilə bağlı tələbə riayət olunmasına dair məlumat qeyd olunmadığından iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən edilmiş məzmuna uyğun olaraq tərtib edilmədiyi müəyyən edilmişdir. Həmçinin, MPM-in; 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı iddia ərizəsinə əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilmədiyi, pretenziya məktubunun, o cümlədən iddia ərizəsinin surətinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdehlərə çatdırılmasını təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunmadığı müəyyən edilmişdir. Bununla bağlı, məhkəmə bildirir ki, MPM-in 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Qeyd edilən maddənin məzmunundan aydın olur ki, hazırkı iş üzrə qanunla pretenziya qaydası müəyyən olunduğundan, həmin hala riayət edilməsi də məcburi xarakter daşıyır. Belə ki, iddia ərizəsinin məzmununda “tələbin icrası üçün cavabdehlərə pretenziya məktubunun ünvanlandığı” barədə məlumat qeyd olunsa da, iş materiallarında olan sənədlərdən, xəbərdarlıq məktubunun məzmununa dair və onun MPM-in 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada cavabdehlərə çatdırılmasına dair sübutun əlavə edilmədiyi müşayiət edildiyindən, cavabdeh tərəfə barələrində iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq məktubu ilə tanış olmaq və mübahisənin məhkəməyə qədər həll edilməsi imkanının yaradılmadığı aşkar edilmişdir. (nümunə əlavə olunur) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.1-ci və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 151.1-ci və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 06 iyul 2023-cü il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə elektron qaydada daxil olmuş, İddiaçı cavabdehlər Cavabdeh1nə və Nəxşicahan Holdinq LTD Şirkətlər qrupunun Culfa rayon "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı İddiaçı MMC-nin mülkiyyətində olan “Darıdağ” karbon qazı zavodunun cavabdehlərdən alınaraq iddiaçının mülkiyyətinə verilməsi” tələbinə dair elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1nə və Nəxşicahan Holdinq LTD Şirkətlər qrupunun Culfa rayon "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı İddiaçı MMC-nin mülkiyyətində olan “Darıdağ” karbon qazı zavodunun cavabdehlərdən alınaraq iddiaçının mülkiyyətinə verilməsi” tələbinə dair elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-114/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-114/2023
07.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver